• cümə axşamı, 28 mart, 23:22
  • Baku Bakı 13°C

Yeni teleölçmə platforması işə başlayacaq

15.10.16 09:00 1605
Yeni teleölçmə platforması işə başlayacaq
Ənənəvi analoq yayımın seyrçilərindən başlayaraq kabel şəbəkələri və OTT platformalarındakı rəqəmli abunəçilərə qədər bütün televeriliş tamaşaçılarının ölçülməsini əhatə edəcək yeni teleölçmə platforması KATV1 SMART-ın myvideo.az ilə birgə əməkdaşlığı çərçivəsində işə başlayacaq.Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Fins.az-averilən məlumata görə, KATV1-dən verilən məlumata əsasən, yeni platformanın işə başlaması Azərbaycanda fəaliyyət göstərən teleölçmə avadanlığının yalnız analoq yayımını dəstəkləməsi və 1 dekabr tarixindən həmin avadanlığın istifadəsinin qeyri-mümkün olacağı ilə bağlıdır.Yeni platforma 5 min ev təsərrüfatında seyr edilən 100 xarici və 12 milli telekanalı təhlil etməyə imkan verəcək. Sözügedən platforma kabel operatorun (OTT daxil olmaqla) Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki abunəçilərini əhatə edəcək.
İstifadəçinin demoqrafik təsvirini yaratmaq üçün əlavə olaraq sosial sorğulardan, anketləşmədən, həmçinin KATV1-in müasir çağrı mərkəzinin yardımı ilə müvafiq telefon sorğularından istifadə olunacaq. Daha dəqiq məlumat əldə etmək üçün bütün bu üsullar birlikdə istifadə olunur.İzlənmə monitorinqi KATV1 şirkətinə öz operator xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin abunəçilərin tələblərinə əsasən teleproqram paketlərinin yenilənməsi üçün gərəkdir.Artıq bu gün myvideo.az-da real zaman rejimində statistikaya əsasən bu və ya digər resursun məşhurluğunu dəqiqliklə müəyyənləşdirmək və onun kontentinin tələb səviyyəsini qiymətləndirmək olar. Əldə edilmiş məlumat seyrçilərin tələbatını qarşılayan TV paketlərin formalaşdırılması üçün istifadə olunur.
KATV1-in teleölçmə qərarı daim şübhə doğuran reytinqləri daha dəqiq müəyyən etməyə imkan verəcək.
Bəs görəsən, yeni platforma həqiqəti olduğu kimi əks etdirə biləcəkmi? Ümumilikdə bu platformaya keçid lazımdırmı? Mövzu ilə bağlı rəyini soruşduğumuz ekspertlər bu barədə müxtəlif fikirlər səsləndirdilər.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, bu təşəbbüs alqışlanmalıdır: "Reytinqlərin ölçülməsi üçün dünyada mövcud bir sistem var. Bir neçə məşhur şirkət var ki, onların sınaqdan çıxmış obyektiv nəticələri var və onlara etibar edilir. Ümumilikdə bütün televiziyaların reytinqi də məhz bu sistemlə ölçülür. Azərbaycanda da iki belə şirkət mövcuddur. Reallıq budur ki, beynəlxalq sınanmış metodlardan başqa metodlar o qədər də obyektiv deyil. Həmçinin burada əhəmiyyətli olan məqamlardan biri də reytinqi kimin ölçməsidir. Reytinq ölçmə metodlarının sınaqdan çıxmış olması çox önəmlidir. Bu aspektdən yanaşdıqda düşünürəm ki, yerli təşəbbüslər şəffaflığın qorunması üçündür və alqışlana bilər. Amma bu, etibarlılıq baxımından şübhə yarada bilər. Çünki Azərbaycanda bundan öncə də müxtəlif qurumların həyata keçirdiyi nəticələrə baxdıqda 97, yaxud 98 faiz nəticə əldə olunduğunu görə bilərik. Reallğa gəldikdə isə əslində 10 adamdan 9-u prosesi dəstəkləmir”.
Ekspert sosioloji sorğunun obyektiv olacağını düşünmür: "Reytinqölçmə cihazlarının yerləşdirilməsi ilə bağlı əhalinin xəbəri olmur. Bu da onların özünün rəyi olmadan meylinin ölçülməsidir. Amma kimdən soruşsan ki, filan kanala baxırsan, o da problem yaranmasın deyə, obyektiv cavab verməyəcək. Əslində buna daha çox infrastrukturla bağlı yeni sistem demək olar. Bildiyiniz kimi, noyabr ayından etibarən artıq paytaxtda analoq yayımından imtina edilir, dekabr ayından etibarən isə bütün ölkə üzrə analoq yayım dayandırılır və sadəcə, rəqəmli yayım qəbul ediləcək. Yayımda olan bu qərar yayıma nəzarət edən infrastrukturu və o cümlədən reytinqində yeni rəqəmli mühitə keçidi məcbur edir”.
Ə.Məmmədli deyir ki, bu, mahiyyətcə heç də əsaslı dəyişiklik demək deyil. Yeni platformaya keçid daha çox texniki dəyişiklik kimi qəbul edilə bilər: "Reytinqin hansı metodla ölçülməsindən asılı olmayaraq əgər obyektiv nəticə əldə olunacaqsa və nəticələr gerçəkliyi əks etdirəcəksə, bunu müsbət mənada qarşılamaq olar. Lakin reytinqin ölçülməsi cəmiyyət üçün bir o qədər də önəmli deyil. Burada əsasən reklamverənlərin inandırılması önəmlidir. Onlar hansı verilişin və yaxud kanalın reytinqi yüksəkdirsə, öz reklamını da orada yerləşdirməyə meyillidir. Reklamverənlərin özünün də xüsusi qiymətləndirmə metodları var. Onlar nəyin doğru, nəyin yanlış olduğuna əmin olmasalar, boşuna pul sərf etməzlər. Düşünmürəm ki, burada məsələ birtərəfli olacaq. Eyni zamanda onlar da cəmiyyətdə alternativ sorğular keçirəcəklər”.
Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova isə deyir ki, burada qeyd olunan 5 şəhərin hansı kateqoriya üzrə seçilməsi sual yaradır: "Fikrimcə, yeni platformanın daha geniş bir ərazini əhatə etməsi məqsədəuyğun olardı. Bundan başqa, düşünürəm ki, 5 min ev təsərrüfatı obyektiv nəticə üçün azdır. Normativ kimi götürdükdə buradakı rəqəm hansı seqmentləri əhatə edir? Həmçinin reytinqölçmə cihazlarının hansı zonalarda yerləşdirilməsi də sual altındadır. Çünki Azərbaycan auditoriyası homogen deyil. Burada müxtəlif sosial statusu, gəlirləri və maraqları olan insanlar var. Bu auditoriyaların hər birinin ayrılıqda əhatə olunması da məsələnin başqa tərəfidir”.
A.Kərimova bildirdi ki, sosial sorğu əsasında konkret analizin araşdırılması əslində yaxşı metodikadır: "Burada, sadəcə, gerçəkliyin nə dərəcədə əks etdirilməsi əsas faktdır. Lakin həmin sorğuların sonradan data-bazasını yaradan və onu emal edən analitiklər varmı, yoxsa bütün bunlar hansısa kompüter proqramı ilə idarə olunacaq, bu da hələlik bilinmir. Hesab edirəm ki, bu sistemin mükəmməl olması üçün bir neçə şərtin olması vacibdir. İlk növbədə auditoriyanin çoxçeşidli olması və yaş, cins, gəlir kateqoriyaları mütləq nəzərə alınmalıdır. Digər bir tərəfdən, bu reytinqölçmə daha geniş arealı əhatə etməlidir. Üçüncü bir məqam isə odur ki, yeni platformaya keçid zamanı mediada onun təbliğatı mütləq aparılmalıdır. Məsələn, yeni platforma nəyə xidmət edir, bununla bağlı hansı nailiyyətlər əldə ediləcək və s. kimi faktlarla bağlı əvvəlcədən təbliğat aparılmalıdır. İstənilən halda ümid edirəm ki, daha geniş və obyektiv bir sistem yaradılacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər