Yeni serial mövsümü başlayır

Yeni serial mövsümü başlayır

Mədəniyyət
02 Sentyabr 2015, 13:48 5937
İstirahət bitdi. Artıq qolları çırmalayıb işləmək vaxtıdır. Əməkdaşları istirahətdən qayıdıb, işindən ikiəlli yapışmağa çalışan televiziyalarımızın əsas yaralı yeri isə seriallarımızdır. Kimisində bu sahə daha uğurlu, kimisində isə uğursuz alınır. Müşahidələrimiz onu göstərir ki, komediya janrında çəkilən əksər seriallar daha çox baxımlı olur.

Ötən mövsümdən istirahətə çıxan seriallar artıq çəkilişlərə start veriblər. Hər mövsümdəki kimi, seriallarda köklü dəyişikliklər edilib. Bir neçə serial var ki, onlar uzun illərdir efirlərdə yer alsalar da, reytinq baxımından heç də digər seriallardan geri qalmır, əksinə, daha çox reytinq gətirirlər.

Biz də yeni mövsümün ilk iş günündə oxucularımız üçün ötən mövsüm ən çox reytinq verən seriallardakı yeniliklərdən xəbər aldıq. Öyrəndik ki, bu mövsüm də yerli seriallarımız öz ampluasında davam edəcək. Belə ki, sadəcə olaraq obrazlarda və ssenaridə bir qədər dəyişikliklər baş verəcək.

“Serialın ümumi gedişatı dəyişəcək”

“Eks Bacanaqlar” serialının baş rejissoru Ramin Hacıyev “Kaspi”yə açıqlamasında sözügedən serialda gözəçarpan dəyişikliklər olacağını bildirdi. Belə ki, bu mövsüm serialın ümumi gedişatı dəyişəcək. Öyrəndik ki, bu mövsüm serialın əsas qəhrəmanı olan Taleh hər kəsdən gizlin iki qadınla evlənəcək. Anası Bəsti xanım isə yeni ailə həyatı quracaq. Taleh arvadlarını çevrəsindəki insanlardan gizlədəcək və bundan da maraqlı süjetlər meydana gələcək. Talehin anası olan Bəsti xalanın hay-küyü isə artıq ötən mövsümdə qalacaq. Digər bacanaq olan Qismət isə ailə həyatı qursa da, bu dəfə də bəxti gətirməyəcək. Belə ki, yenicə ailə qurduğu həyat yoldaşı içki düşkünü olacaq və onu aldadaraq tez-tez evdən qaçacaq. Bütün problemlər məhz bu içkiyə görə onun ətrafında cərəyan edəcək. Serialın sevilən obrazlarından olan Məhəbbəti isə yenə də aldadacaqlar. Onun qaynanası olan Bəsti qızı ilə barışdırmaq üçün əkiz övladının olduğunu deyərək Məhəbbətə kələk gələcək. Bəsti iki oyuncağı göstərərək Məhəbbətin övladları olduğuna inandıracaq. Məhəbbət uşaqlarını görmək üçün vəkil tutsa da, yenə bəxti gətirməyəcək.

Bizə verilən məlumata görə, vəkil rolu “Lider” televiziyasında çalışan aparıcı Zemfira Adıgözəlovaya həvalə olunub. Zarina obrazı ilə komandaya daxil olan Zemfira Məhəbbəti sevəcək. Məhəbbət isə ondan kənar gəzir. Səbəb Zarinanın 25 illik ipoteka ilə ev götürməsidir. Serialda aşpaz rolunu canlandıran Abbas Qismətin bacısından boşanacaq. Bu mövsüm serialın tanınmış simaları olan Abbas, Xansuvar, Dilbərin hekayələri bitdiyi üçün serialda görünməyəcəklər.

Serialın baş rejissoru bildirdi ki, “Eks Bacanaqlar” serialı həftənin şənbə günü saat 21:00-da 283-cü bölümü ilə efirdə yayımlanacaq. Ramin Hacıyev yeni mövsümdə də baxımlı olacaqlarına əmindir: “Tamaşaçılara bu mövsüm bizimlə əylənməyi və bizə baxmağı tövsiyə edirəm. Çünki biz çox maraqlı olacağıq. Şirkətimizin uğurunu bir daha tamaşaçılara çatdırmaq üçün “Qardaşlar” serialının çəkilişlərinə start verdik”.

“Qardaşlar” gəlir

Yeni mövsümdə ATV telekanalında yayımlanacaq serialın quruluşçu rejissoru Ramin Hacıyev, ssenaristi isə Ənvər Abbasovdur. Rejissorun sözlərinə görə, bir neçə həftədən sonra “Qardaşlar” serialı izləyicilərə təqdim olunacaq. Sözügedən serialda baş rolları Ənvər Abbasovla (Bayram) Fərda Xudaverdiyev (Novruz) canlandırır. Novruz çox imkanlı oğlandır. O, qayınanası Naibə Allahverdiyevanın hesabına varlanıb. Novruzun həyat yoldaşı isə aparıcı kimi tanıdığımız Vüsalə Əlizadədir. Bayram çox kasıbdır. O, toylarda klarnet çalır. Məsələ burasındadır ki, heç klarnet də çala bilmir. Problemlər də məhz buradan başlayır. Onun həyat yoldaşı Toppuş bacı kimi tanıdığımız Tünzalə Əliyevadır.

Serialın yaradıcı heyəti çəkilişlərin uzunmüddətli olacağına inanır və rol aldıqları serialın baxımlı olacaqlarını vəd edirlər. Məlumat üçün bildirək ki, “Qardaşlar” serialı şənbə günləri 20:00-da nümayiş olunacaq.

“Artıq onların serialdakı hekayələrinə son qoyulub”

“Bir ailəm var” serialının baş rejissoru Rüfət Şahbazov bizimlə söhbətində bildirdi ki, hazırda serialın anons çəkilişləri gedir. Üçüncü mövsümdə “Xəzər” televiziyasında təqdim olunacaq seriala yeni xarakterlər daxil olacaq. Rejissorun sözlərinə görə, hazırda seriala əlavə olunan aktyorlarla müqavilələr hazırlanır: “Sountrekimiz Xalq artisti Flora Kərimovanın ifa etdiyi “Səni gözləyəcəm” mahnısı olacaq. Bundan başqa, serialda gənc müğənni Nihat Məlikin də ifasını eşidəcəyik, özü də fərqli ampluada. Belə ki, bir mahnının gitara, pianino və digər musiqi alətlərində ifası serialda səslənəcək”.

R.Şahbazov deyir ki, bu mövsümdə bir neçə aktyorla iş birliyinə son qoyacaqlar: “Bəzi aktyorlarla iş birliyimizə son qoyacağıq. Artıq onların serialdakı hekayələri bitib. Bunlardan hələ ki Rəşad Kəsəmənli və Səfurə rolunu oynayan Gülşənin adını çəkə bilərəm. Artıq onların hekayəsi bitdi”.

“Xəzər” telekanalında yayımlanan serial sentyabrın 15-dən sonra efirdə yayımlanacaq. Hazırda serialın anonsları və reklam PR çəkilişləri aparılır. Bir neçə gündən sonra çəkilən anonslar efirlərdə görünəcək.

“Qız atası” Vidadi müəllim havalanacaqmı?

ATV telekanalının sevilən serialı olan “Qız atası”nda isə bu mövsüm problemlər çoxalacaq. 33-cü bölümlə efirdə nümayiş olunacaq serialda bu mövsüm də qızların problemləri bitib-tükənməyəcək. Qızların atası Vidadi müəllimin bu mövsüm də başı bəlalar çəkəcək. Komediya janrında çəkilən serialın qəhrəmanlarından olan, elçilikdən boyun qaçıran Səbinə qaçırılacaq. Onu aktyor Əkbər Əlizadə kimi tanıdığımız Alik qaçıracaq. Beş il nişanlı olan Mədinə isə bu mövsüm evlənir. O, bir şərtlə evlənir ki, ata evindən ayrılmasın. Azər Axşamın canlandırdığı Çingiz isə qayınatasının evindən getməmək üçün özünə sanballı bir bəhanə tapacaq. O, bütün ailə üzvlərinə yalandan ölümcül xəstə olduğunu bildirəcək.

Qeyd edək ki, “Qız atası” serialı şənbə günü saat 21:30-da başlayacaq.

“Arka sokaklar” yerli telekanalımızda

Yerli seriallarla bərabər, başqa ölkələrin telekanallarında yayımlanan bir neçə serial tərcümə olunaraq yerli telekanallarda nümayiş olunacaq. Belə ki, Türkiyənin bənzərsiz seriallarından olan “Arka sokaklar” növbəti mövsümdən yeni telekanalda yayımlanacaq. Bəzi media qurumları tərəfindən serialın bu mövsüm final edəcəyi və “Kanal D” ekranlarında son dəfə yayımlanacağı iddia olunurdu. Məsələ ilə bağlı serialın istehsalçı şirkəti “Erler Film” rəsmi açıqlama yayaraq bütün söz-söhbətlərə son qoyub. Türkiyə KİV-lərinə istinadla məlumat veririk ki, rəsmi açıqlamada “Arka sokaklar”ın növbəti mövsümdən başqa bir televiziya kanalında yayımına davam edəcəyi bildirilir. Eyni zamanda, seriala yeni tanınmış aktyorların da dəvət olunacağı nəzərdə tutulur. Macəra-komediya janrında çəkilən bu film yeniliklərlə yenidən tamaşaçıların qarşısına çıxacaq.
Xatırladaq ki, “Arka sokaklar” 9 ildir ki, “Kanal D” ekranlarında yayımlanırdı. Böyük bir komandanın ərsəyə gətirdiyi serialın bu günə kimi 376 seriyası çəkilib. Bu seriyaların hər biri böyük maraq doğurub. Nə deyək, bizə yalnız uğurlar arzulamaq qalır. Bu mövsümdən yalnız və yalnız baxımlı, eləcə də sosial yükü dərin olan seriallar gözləyirik.

Xəyalə Rəis