• çərşənbə axşamı, 19 mart, 14:29
  • Baku Bakı 8°C

Yeni islahatlar paketi dövlət şirkətlərinin fəaliyyət səmərəliliyini artıracaq

07.08.20 20:35 2908
Yeni islahatlar paketi dövlət şirkətlərinin fəaliyyət səmərəliliyini artıracaq
Korporativ idarəetmə standartların tətbiqi kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da azalacaq, rəqabət qabiliyyətini gücləndirəcək

Avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Müşavirədə dövlətimizin başçısı bir sıra vacib məqamları, o cümlədən dövlət şirkətlərinin səmərəsiz fəaliyyəti ilə bağlı məsələləri diqqətə çatdırıb:
"Dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədə ödənilir? Narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma Zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir",- dövlət başçısı deyib.
Dövlət başçısı inkişaf etmiş ölkələri misal çəkib: "Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz. Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə mövzu ilə bağlı bildirib ki, bu müşavirə kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da azaldılması istiqamətində növbəti addım hesab edilməlidir. O, qeyd edib ki, dövlət şirkətlərində korporativ idarəetmə sisteminə və standartlarına keçid, iqtisadiyyatın liberallaşdırması, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da artırılması kölgə iqtisadiyyatının əhatə dairəsinin azalmasına yönələn addımdır: "Prezident İlham Əliyev dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi ilə bağlı mövzuya bir neçə dəfə toxunub və bu istiqamətdə xüsusi tapşırıqlar verib. Tövsiyə və tapşırıqlar əsasında dövlət şirkətlərində korporativ idarəetmə standartların tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası formalaşdırılıb”.
Nicat Hacızadə bildirib ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi qısa və orta müddətli dövrdə əmək haqlarının düzgün hesablanması və uçotu, tender və satınalmalarda şəffaflığın artırılması, fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ("Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi və s. məsələlərin həllinə birbaşa müsbət təsir edəcək: "Bundan əlavə, korporativ idarəetmə standartlarının tətbiqi ilə götürülən borcların səmərəli və nəticəəsaslı istifadəsinə şərait yaradacaq. Uzun müddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsisatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaq. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarəedilməsi istiqamətində hesabatlılığını artıracaq. Beləliklə, Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə aparılacaq islahatlar son nəticədə kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflədəcək, iqtisadi artımı dəstəkləyəcək. Bundan əvvəl aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyanetmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatının miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub. Büdcə gəlirlərinin artması ilə ölkəmizdə aparılacaq sosial layihələrin əhatə dairəsinin genişlənməsi üçün maliyyə mənbəyi formalaşacaq”.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, qeyd olunan şirkətlərin heç də hamısı subsidiya almır: "Yəni birbaşa olaraq subsidiya deyil də, dövlət dəstəyi alan şirkətlər də var. Məsələn AZAL üçün təyyarələrin, Xəzər Dəniz Gəmiçiliyi üçün gəmilərin alınması dövlət dəstəyi hesabına həyata keçirilir. Burada söhbət vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı islahatların genişləndirilməsindən gedir. Təbii ki aparılan islahatlar bu səmərəliliyi artıracaq. Eyni zamanda bu istiqamətdə ayrılan vəsaitlərin qənaət edilməsinə şərait yaradacaq. Bütün bunlar rəqabət qabiliyyətinin gücləndirilməsi və iqtisadiyyatın liberallaşdırılması baxımından da vacibdir. Yeni islahatlar paketi iqtisadiyyatda rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxaracaq. Bu da uzunmüddətli dövr üçün dayanıqlı inkişafın dəstəklənməsi baxımından vacibdir”.
İqtisadçı ekspert Ramin Rəhimov söylədi ki, dövlət şirkətlərinə dövlət tərəfindən dotasiya ayrılır və lazımi avadanlıqlar alınır. Bəzən xərclər düzgün qaydada tənzimlənmir və gəlirlər qeyri-səmərəli şəkildə bölünür: "Bu qeyri-səmərəli şəkildə bölüşdürülmənin nəticəsi olaraq bu şirkətlər ümumi gəlirliliklə təmin oluna bilmir. Həmçinin həmin şirkətlərin xərc istiqamətlərinə baxmaq lazımdır ki, onların balansında əlavə xərclər yaradan əlavə maddələr nələrdir. Hansı perspektivə görə bu şirkətlər gəlirliliklə təmin oluna bilmir? Şirkətlərin fəaliyyət sferalarını da nəzərə almaq lazımdır. AZAL digər şirkətlərlə müqayisədə yüksək tariflər nümayiş etdirir. Bunun qarşılığında gəlirlərinin formalaşmaması sullar doğurur. Burada söhbət real gəlirlərin şəffaflaşdırılmasının zəruriliyindən gedir. Dövlət başçısı bu məsələləri qeyd etdi. İslahatlara start verilməsi günün tələbidir. Amma qısa müddətdə dəymiş zərərin bağlanması və yüksək gəlirliliyin təmin olunması gözlənilmir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər