• şənbə, 20 Aprel, 13:46
  • Baku Bakı 23°C

Yeni dramaturqların meydana gəlməsi və teatra yol tapmasını hədəfləyən müsabiqə

11.03.20 10:00 3711
Yeni dramaturqların meydana gəlməsi və teatra yol tapmasını hədəfləyən müsabiqə
İsmayıl İman: "Yeni nəsli ənənəvi mövzu və problematika o qədər də maraqlandırmır”
Azərbaycan Teatrının yaranmasından 147 il keçir. 147 yaşlı teatrımızın ən başlıca problemlərindən biri müasir, yeni dram əsərlərinin yazılmaması və yazılan əsərlərin də səhnəyə yol tapa bilməməsidir. Amma deyəsən bu məsələ də həllini tapmağa başlayır. Belə ki, "Yeni dudman" Müasir Dramaturgiya Müsabiqəsi ilə səhnədə yeni əsərlər izləmək imkanı əldə edəcəyik.Müsabiqənin adı bu il 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman” əsərindən götürülüb. Müsabiqənin ideyası da bu paradoksda – "yeni” və arxaik "dudman” sözlərinin vəhdətindədir. Layihə ilə daha yaxından tanış olmaq və bu ümidverici müsabiqənin şərtlərinə bələd olmaq üçün müsabiqənin bədii rəhbəri, dramaturq İsmayıl İmanı redaksiyamıza dəvət etdik. Müsahibimiz bizimlə söhbətində müsabiqənin Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və "British Council Azərbaycan”ın dəstəyi ilə keçirildiyini bildirdi. O, "Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin yazarların və pyes yazmaq, yazdığı pyeslərin səhnə təcəssümünü görmək istəyində olan insanların arzularına uyğun olduğunu dilə gətirdi.

- "Yeni dudman" müsabiqəsi hansı zərurətdən yarandı? Ümumiyyətlə, belə bir layihənin hazırlanmasına ehtiyac var idimi?
- Bu müsabiqə pyes yazmaq istəyən, özündə dramaturji potensialı görən və əsərinin səhnələşdirilməsini istəyən insanlar üçün yaranan şansdır. Tez-tez mətbuatda, tədbirlərdə rejissorlarımız "yeni əsərlər yazılmır", "yeni müəlliflər yoxdur" kimi fikirlər səsləndirirlər. Pyes yazan müəlliflər isə bildirirlər ki, onlara əsərlərini teatra təqdim etmək üçün şərait yaradılmır. Belə çıxır ki, müəlliflərlə teatrlar arasında koordinasiya problemi mövcuddur. "Yeni dudman" müsabiqəsi bu problemin aradan qaldırılmasını hədəfləyir.
- İstərdik, bu layihə ilə bizi yaxından tanış edəsiniz.
- Bu müsabiqə yeni dramaturqların meydana gəlməsi və teatra yol tapması üçün gözəl vasitədir. Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə, yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən çağdaş dram əsərlərinin yazılmasıdır."Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsitədris proqramını, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunuözündə ehtiva edir.Tədris proqramıçərçivəsində aprel-may aylarında yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaqlar. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks-əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmaq üçün müəyyən vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.Dramaturgiya müsabiqəsimərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Onu da qeyd edim ki, pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Bu isə həm Azərbaycan, həm rus, həm də ingilisdilli müəlliflərin müsabiqəyə qatılmasına imkan yaradır. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək. Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim edilən pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur. "Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.

- Yaş məhdudiyyəti varmı?
- 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı bu layihədə iştirak edə bilər.

- İştirakçılar mövzu seçimində sərbəst olacaqlar?
- Biz iştirakçılara hansı mövzuya müraciət edə biləcəklərini deməyəcəyik. Bacardığımız qədər müəlliflərə çərçivə qoymayacağıq. Yəqin ki, müsabiqəyə qatılan iştirakçılar aktual mövzulara toxunacaq. Çünki yeni nəsli ənənəvi mövzu və problematika o qədər də maraqlandırmır, onlar aktual mövzulara meyllidirlər. Nəticədə onlarla yeni pyes yazılaraq, teatr ictimaiyyətinin diqqətinə təqdim ediləcək. Ən uğurlu üç pyes isə səhnə həllini tapacaq. Tamaşalar 2021-ci ildə səhnələşdiriləcək. Əsas yaradıcı proses isə 2020-ci ildə görüləcək.
- Sizcə, bu layihə teatr üçün yeni nəfəs ola biləcəkmi?
- Əlbəttə, müasir əsərlərin, gündəmdə olan problemlərin teatra ayaq açması üçün gözəl zəmin yaranacaq.

- Layihənin şərtlərində qeyd olunur ki, pyesi tamaşaya qoyulan şəxslər burada yenidən iştirak edə bilməz. Düşünürsünüz ki, yenə eyni insanlar qalib olar?
- Biz istərdik ki, bu sahəyə yeni simalar gəlsin. Ola bilər ki, hansısa müəllif indiyə qədər heç zaman pyes yazmayıb. Fərqli sahələrdə çalışıb, ancaq özündə belə bir potensial hiss edir. Bu layihədə olan tədris proqramı onları doğru istiqamətdə yönəldəcək.
- Ustad dərslərində, yəni treninqlərdə kimlər iştirak edəcək?
- Müsabiqədə xarici ölkələrdən olan 4 nəfər tanınmış mütəxəssis ustad qismində çıxış edəcək. Onları yaxın zamanda elan edəcəyik. 5 xarici, 2 yerli mütəxəssisimiz isə ümumi olaraq teatra aid mövzularda mühazirə oxuyacaqlar. Treninqlər 5 günlük nəzərdə tutulub. İştirakçılar ustadlardan pyesin yazılma qaydalarını öyrənib, bilavasitə praktiki işə tətbiq edəcəklər. Yay tətilində onlar öz pyeslərini yazacaqlar. Payızda isə yenidən təlimçilərlə görüşəcəklər. Yekunda hazır pyeslər müsabiqəyə təqdim olunacaq. Münsif heyətimizin üzvləri isə üç qalib pyesi seçəcək. Qaliblərin mükafatı onların əsərlərinin dövlət sifarişi yolu ilə tamaşaya qoyulmasıdır. O iştirakçılar artıq teatrda əsərlərinin səhnə həllini görə biləcəklər. Bunun özü böyük bir addımdır. Çünki hər yazarın əsəri teatr tərəfindən qəbul edilmir. Misal üçün, mənim pyeslərim dövlət teartlarında tamaşaya qoyulmayıb.

- Niyə ?
- Bunu teatrlardan soruşmaq lazımdır. Ancaq bildirim ki, yaxın vaxtlarda pyeslərimdən birinin səhnəyə qoyulması gözlənilir. Lakin bunun "Yeni dudman"la heç bir bağlılığı yoxdur.

- Sizin əsərlərinizlə maraqlanmayıblar?
- Əslində, maraqlanırlar. Amma o əsərlər kiməsə maraqlıdır, kiməsə yox.

- Doğrudanmı, teatrın təməli dramaturgiyadır?
- Birinci addım pyes, dramaturji materialdır. Yaxşı dramaturgiya olmadan yaxşı teatr yaratmaq istəyi təməlsiz bina inşa etmək kimidir.

- Sizcə, teatr üçün ayrıca pyes yazılmalıdırmı?
- Teatra başqa prizmadan yanaşmaq lazımdır. Daha çox xarici müasir müəlliflərin pyeslərini oxuyuram. Onların prinsipi tamamilə fərqlidir. Yəni, yazı formatı bir az başqadır. Dünya dramaturgiyası kanonik formalardan çox uzaqdır.
- Bu gün teatrlarımızın repertuarı sizi qane edirmi?
- Hər teatrın spesifik xüsusiyyətləri var. Ancaq buna baxmayaraq, teatrın repertuarı rəngarəng olmalıdır. Təəssüf ki, bizim teatrlarımızın repertuarında klassik əsərlər üstünlük təşkil edir. Demirəm ki, klassik əsərlər səhnələşdirilməməlidir, ancaq hər teatrın repertuarında klassik əsərlə yanaşı, müasir dövrdə aktual mövzulardan bəhs edən pyeslər də olmalıdır. Təkcə klassikaya köklənməyin tərəfdarı deyiləm.

- Ancaq rejissorlar da deyir ki, klassik əsəri bu günümüzlə səsləşdirmişik. Siz bizim teatrlarımızda klassik əsər əsasında hazırlanmış müasir tamaşa görmüsünüzmü?
- Mən elə müasir bir tamaşa izləməmişəm. Əslində, klassik əsəri rejissor tam yeni formada təqdim edə bilər. Məlum əsərə başqa prizmadan baxmaqla ona müasirlik gətirmək mümkündür. Ancaq mən yerli teatrlarımızda bununla rastlaşmamışam. Əslində, müasir bir mövzuya toxunub onu gözəl şəkildə səhnələşdirmək mümkün olduğu halda, keçmişdən hər hansı əsərin səhnələşdirilməsi bir qədər insanları teatrdan uzaqlaşdırır. Gündəmimiz o qədər zəngindir ki, teatr bu sahədə geridə qalır. Gənclər üçün teatr toz yığınını xatırladır və elə təsəvvür yaranır ki, teatr köhnənin qalığıdır. Düzdür, teatrların tamaşaçısı var, ancaq istərdim ki, gənclər daha çox gəlsin.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər