Yalançı ədəbiyyat və ya ədəbiyyatın gücü

Yalançı ədəbiyyat və ya ədəbiyyatın gücü

06 Oktyabr 2019, 10:30 115
"Ədəbiyyat yalan üstündə qurulub", amma bu yalan bildiyimiz yalanlardan deyil və bu yalanın təhlükəsi demək olar ki, yoxdur. Adına "şirin yalan da" deyə bilərik. Hansı ki, bu, yalanlar bəşəriyyətə fayda verir. Onu da bilirik ki, ədəbiyyat reallığı əks etdirmir. Reallıqdan ədəbiyyat yaransa belə. Çünki istənilən bir real hadisəyə ədəbi müstəvidə şişirdilmiş, bəzədilmiş şəkildə baxılır. Yəni, belə də olmalıdır, məncə. Bəzən elə əsərlər də olur ki, orada baş verənlər insanı əməlli-başlı çaş-baş salır. Sən başqa şey düşünürsən, o başqa şey deyir. Bəzən bu fərdin özündən, intellektindən və sairə kimi məsələlərdən asılı olsa da, heç də həmişə belə olmur.
 
Mənə görə əsərlər, filmlər elə olmalıdır ki, oxucu və izləyici onu düşünə və şərh verə bilməsin. Ən azından çətinlik çəksin, çaşbaş qalsın. Oxuduğun əsərin təsirində olmalısan. Aydın məsələdir ki, hər əsəri buraya aid edə bilmərik və də gözləntilərimiz bu olmamalıdır. Məsələn, elmi-kütləvi ədəbiyyatlardan nə qədər təsirlənmə gözləyə bilərik ki? Əsər elə olmalıdır ki, səni paralel dünyalara aparsın və real olaraq nəyəsə inandırsın. Ən azı içindən bu hissləri keçirsin. Düşünürəm, məhz əsərlərin, filmlərin ümumilikdə sənətin gücü də elə bundadır. Oxuduğum əsərlər, baxdığım filmlər düşündüyüm sonluqla bitirsə, həzz ala bilmirəm. Yazıçı da, ssenarist də oxucunu daim fokuslandığı sonluqdan yayındırmalıdır. Ümumilikdə oxucuya adicə bir obraz belə sirli qalmalıdır. Onu da deyim ki, detektiv janrın bu məsələyə aidiyyatı yoxdur. Qeyd etdiyim məsələlərdə bir çox filmlərin adını çəkib, baxıb bunun şahidi ola bilərik. Mən  daha çox Onur Ünlü filmlərində müşahidə etmişəm bunu. Onur Ünlü filmləri, absurdizmi başdan-başa gözlənilməzlərlə doludur. Bulqakovun "Master və Marqarita" əsərinə baxaq. Oxuyanlar Volan personajını bilər. O, əsərdə müsbət obraz kimi verilir və hadisələrin gedişində yavaş-yavaş qəhrəmana çevrilir. Amma əslində isə, Volandın missiyası başqadır. Şeytandır, yoldan çıxarandır. Bu isə heç nəyi dəyişmir. İnsanlar onu mübarizə aparan, qəhrəman kimi görür.
 
Bulqakov ümumilikdə bir yazıçı kimi daim onu oxuyanları inandırmağı bacarıb. Müəllifi unutmuşam, kimsə deyirdi ki, "yazıçı birinci öz yazdığına inanmalıdır ki, onu oxuyanlar da inansın". Yəni hər nə qədər mətndə düzgünlük axtarmaq müsbət bir şey olmasa da, bu da vacibdir. Məsələn, başqa bir misal deyək.
O, "Ağ qvardiya" əsərində Kiyevdə yaşadığı evi təfərrüatı ilə təsvir edib. Bu, onun xəzinəsidir. Ev sahibi Bulqakovun əsərini oxuyandan sonra evin divarlarını uçurub, təməlini qazıb. Niyə görə? Romanda təsvir olunan xəzinəni tapması üçün. Amma gerçəkdə yazılanlar isə Bulqakovun yazıçı təxəyyülündən başqa bir şey deyildi. Bax, mən dediyim ədəbiyyatın, əsərin gücü də məhz bundadır. İndinin özündə belə bəzən bu kimi təsirlərə düşürəm. Hələ ta uşaqlıqdan. Heç kimdən gizli deyil, sizlərdən, ədəbiyyatdan nə gizlin olsun. 13 yaşımda baxdığım bir amerikan filmindən təsirlənib maşını gizlincə necə açmağı öyrənmişdim. Sonrası da məlum. Bir maşına oğurlaya girmək istəyəndə iş başında tutulmuşdum. Nədir nədir o filmdə gördüyüm kimi açacaqdım maşını.
 
Söz sözü çəkər. Bu yaxınlarda eyni hisslər ağlımdan keçdi. Oğurluq etmək yox. Bir növ nostalji yaşadım. "Lacasa de papel” serialına baxdıqdan sonra. Hətta bir neçə yazıçı dostlarla oturanda bunu müzakirə edib, bank soymaq istəyimizi deyib gülürdük.
Bu, qıraqdan nə qədər ötəri görsənsə də, əslində insanın bir növ içində olanları da aşkara çıxardır. Sənətin gücü, ədəbiyyatın sehri belə-belə məsələlərdədir həm də. Ədəbiyyat, sənət elə bir nəsnədir ki, ona görə sənə mükafat da verilər, cəzada. Ona görə sən yaşaya da bilərsən, oldürələ də.
Belə hadisələr istər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında baş verib. Ramiz Rövşən demiş, iki şair bir mövzuda şeir yazar. Birinə medal verərlər, birini edam edərlər.
 
Sovet dövrü Azərbaycan ədəbiyyatında bu kimi məsələlər daha qabarıq idi. Dünya ədəbiyyatında da bir zamanlar siyasi və başqa bir sıra motivlərə görə qadağan olunmuş kitabları da misal göstərə bilərik. Məsələn, Andrey Platanov yazdığı bir sıra əsərlər Sovet dövrü ideologiyasına uyğun olmadığına görə uzun müddət sıxışdırılmışdı.
 
1929-cu ildə "Şəkkak Makar"adlı hekayəsi ciddi etirazlarla qarşılandı. Stalin belə bu hekayəni ziyanlı adlandırmışdı . Sonradan başqa bir romanının çapına da qadağa qoyuldu. Onlarla bu cür kitablar , əsərlər saymaq olar ki, zamanında müəyyən məsələlərə görə qadağan olunmuş əsərlər olub. Məsələn,  "Farenqeytlə 451 dərəcə" - Rey Bredberi,  "Qərb cəbhəsində təbəddülat yoxdur" - Erik Mariya Remark, "Qəzəb salxımları " -Con Steynbek və.s
 
Düzdü, hər əsərin sosial gücü olmasa da, mesaj ötürməsə də, əslində, əsərlərdə belə məsələlərin olması da vacibdir. Bir əsər bir cəmiyyəti, fikri dəyişə bilər. Məsələn, mən ilk dəfə Harper Lee-nin "Bülbülü öldürmək " əsərini oxuyanda irqçiliklə bağlı fikirlərim yerlə bir olmuşdu . "Robinzon Kruzo” əsəri vaxtı ilə mənə ən çox təsir edən əsərlərdən olub.
 
Bu əsərdə mədəniyyətin ən üst səviyyəsini bilmişəm. Bir adada tək yaşamasına baxmayaraq həyatına inamı itirməyən Robinzon, məsələn, adicə zibili belə yerə atmaması ciddi məsələlərdən xəbər verir.
Onlarla belə misallar gətirə bilərik.
 
Məncə, ədəbiyyat hər zaman reallıq üzərində qurulmasa belə, ümumi anlamda həqiqəti əks etdirməlidir. Ədəbiyyat, bəzən bir əsər, bir şeir, bir cəmiyyətin, bir millətin, toplumun həyatını dəyişə bilir. Necə ki, dəyişib də. Ədəbiyyatla qalın!
 
Orxan Saffari