• çərşənbə axşamı, 23 aprel, 19:45
  • Baku Bakı 20°C

Xoşbəxtlik kitabları

27.10.19 12:00 1657
Xoşbəxtlik kitabları
Ədəbiyyatın populyar janrları siyahısında sarsılmaz mövqeyə yiyələnmiş özünüinkişaf kitabları, həqiqətən də, insanların inkişafına təsir göstərə bilirmi? Mütəxəssislər deyir ki, bu kitabların aludəçisi olmaq oxucunun reallıq hissini itirməsi ilə nəticələnir. "listlist.com”-da yayımlanmış məqalədə son səkkiz ildə inkişaf kitablarının sayındakı sürətli artımın müsbət bir nəticə vəd etmədiyi, yararları, zərərləri, çoxoxunma səbəbləri haqqında danışılır.
"8 dəqiqədə milyarder olmaq istəyirsiniz?”, "Qadınlarla ünsiyyət qura bilmirsiniz? Tanışlıq məqsədilə çıxdığınız tətillərdən də əliboş qayıdırsınız? 12 hiylə ilə Adriana Lima belə divanəniz olacaq”, "Dostlarınız sizi yaxın çevrələrində görmək istəmir? Əyləncəli məkanların arzuolunmazısınız? Artıq dəyişmək vaxtıdır”. Daxili problemlərinin öhdəsindən heç bir üsulla gələ bilməyənlər üz qabığında bu sualları gördükləri kitabları bir ümidlə alır və ilk səhifədən etibarən həyatlarından dəyişiklik gözləyirlər. Amma bu kitabların vəd etdikləri sadaladığımız qədər sadə problemlərin həllindən ibarət deyil. Çox vaxt oxucuya utopik dəyişikliklərin, uğurların vədi edilir. Populyar mədəni təbəqənin də "balon” effektilə bu nümunələrin satış göstəriciləri zirvəyə dirənir. Alıcı isə əlindəki kitabın 300000 ədəd satıldığını görəndə 300000 nəfərin işinə yarayan kitabın ona da kömək olacağına inanır. Halbuki bu nümunələrdə verilən vədlər zəif xarakterli, psixoloji eniş-yoxuşlarda olan oxucu üçün ən böyük stress mənbəyidir. Belə ki, birdən-birə həyatın sirrini çözmüş, yüz minlərlə insan tərəfindən "müdrik” qəbul edilmiş, özünü Zərdüşt, Freyd nəzəriyyələri ilə "bəzəmiş” yazarın tövsiyyə etdiyi "gedişlər” oxucunun işinə yaramadıqda, onsuz da ümidsizliyə düçar olmuş psixoloji, mənəvi statusu daha dərindən sarsılır. Bu vədləri olduqca ciddi qəbul edib, sözün əsl mənasında "mədət uman”-lar 300000 nəfərdə özünü doğruldan sistemin ona gəldikdə iflasa uğramasını yenə birbaşa "bəxtsizliyi”, "müflisliyi” ilə əlaqələndirir. Beləcə, peşəkar psixo-nevropotoloqun və ya maliyyə məsləhətçisinin köməyi ilə düzə çıxması mümkün olan vəziyyət labirintə düşür. Bəs, bu kitabların həqiqətən işə yaradığını iddia edənlərdə proses necə gedir? Bu kitablar həqiqətən də problemlərdən çıxış yolu, fərdi inkişaf proqramıdırmı? Suallara cavab vermək üçün satış rəqəmlərinə yox, elmin iddialarına qulaq vermək lazımdır.
Hər bazar ertəsi pəhrizə başlamaq kimi geniş yayılmış, yarımçıq qalmaqla məşhurlaşmış, nəticə verməyən vərdiş var. Bizə sədaqəti və iradəni unutduran, verdiyimiz sözləri pozdurmağa and içmiş yeni il planları var. Hər ad günündə arzuladığımız nəsnələrin mahiyyətinin kiçilməsinə səbəb olan mistik atmosfer var... Ədəbiyyat adamları iddia edir ki, uğur, yeni başlanğıc, mənəvi dinclik tapmaq, başqa bir insana çevrilmək vədi verən özünüinkişaf kitablarında da, əslində, belə qara magiya var. Bu kitablar magiyadır, yoxsa mafiyadır ona özünüz qərar verin.
Mütaliə vərdişinin 1-5 illik keçmişi olanlar bu auranın təsirinə daha tez düşürlər. Bu mərhələdə oxuduqca dayanıb, ruhən dincəlmək istəyəcəyi kitablar axtarışına çıxır və gözünə daha tez-tez dəyən bu "inkişafetdirici” mafiyanın caynağına keçir.
İliona Universitetinin sosioloqları da məsələ ilə bağlı 2018-ci il Frankfurt Kitab Festivalında açıqladıqları hesabatda müasir elmin "qətilikdən uzaq durmaq” əmrinə tabe olaraq, bu kitabları birmənalı şəkildə yararlı və ya zərərli elan etmədi. Bu, professional etik norma kimi qəbulediləndir. Amma bəzi suallar konkret cavablar istəyir və bu mübahisəli məsələlərdə elmin yekun qərar verməsi gözlənilir. Elm isə belə ikibaşlı davranmağı seçəndə ehtimallar sıralanır. Çünki araşdırma qruplarının da bir hissəsi bu kitabların yararlı olduğu, digər bir qismi isə tamamilə zərər verdiyi nəticəsini açıqlayır.
Bu kitabların ən çox satan müəllifləri isə problemin özünüinkişaf prosesində yox, verilən vədlərdə olduğunu iddia edirlər. "Emosional Beyin” kitabının müəllifi Danile Qoleman: "Mən marketinq mütəxəssisi deyiləm, psixoloqamsa, deməli, mən işim haqqında kitab yazmalıyam. Burada əlbəttə ki, araşdırmalardan, nəticələrdən, nəzəriyyələrdən, pasiyentlərim arasında rast gəldiyim maraqlı patologiyalardan və illərdir topladığım təcrübənin qənaətlərindən danışmalıyam. Eyni problemlə müalicə alan 20 nəfərin 18-də eyni nəticə alıramsa, deməli, mən bunu mənə əli çatmayan başqa bir 18 nəfərlik qrup üçün bölüşə bilərəm. Yəni, sizin özünüinkişaf kitablarında axtardığınız zərərli cəhətlər mənim peşəm və təcrübələrimlə əlaqəli deyil. Özünüinkişaf kitablarında müəlliflər tərəfindən verilən birmənalı vədlərdir. Biz isə hətta yuxarıda qeyd etdiyim 20 nəfərlik qrupun 21-ci pasiyentində belə xəstəyə əlimizdəki nəticələrə görə yox, onu dərindən müşahidə etdikdən sonra yol göstəririk. Elmdə fərdilik bütün ümumiləşdirmələrin və istisnaların üstündədir”.
Əslində alimlər də hardasa elə məhz bu iddianın üzərində dayanırlar. Yəni, problem kitabların oxucuya vəd etdiyi "Sindirella sindromu” – yəni, arzulanan şeyin 10 dəqiqədə, 10 addımda, 6 dəqiqə 31 saniyədə və s. baş verəcəyinə inandırmaqdadır. Elm birmənalı şəkildə xarakter analizi, yolagətirmə, başdançıxarma, liderlik, maaş artımı, sosial düha olmaq kimi fəaliyyətlərin vəd edildiyi kimi 10 dəqiqədə reallaşmasının qeyri-mümkünlüyünü təsdiqləyir. Bəli, bəlkə də müəyyən addımları, tövsiyələri izləyərək, qeyd olunan hədəflərə çata bilənlər çoxdur. Amma bu qətiyyən 10 dəqiqə, 10 gün içində baş vermir: "Bu bir mərhələdir və bütün planların reallaşması müəyyən mərhələ və zaman tələb edir”. Alimlər özünüinkişaf kitablarının mahiyyətindən çox, mexanizminin yanlış olduğu qənaətindədir. Çünki insan beyninin hansısa bir yeni fikrə, ideyaya, duyğuya uyğunlaşması üçün belə bəzən aylar lazım olur. Qəti, kəskin dəyişikliklər birinci elə beynin funksionallığı ilə tərs mütənasibdir. İnsan orqanizmi isə beynin komandaları ilə işləyir.
Qolemanın əksinə, həmkarı "BetterHelp” onlayn psixoloq xidməti proqramının tərəfdaşı Ceyson Adams isə bu nümunələrin təcrübəsiz və ya zədəli psixoloji vəziyyətdə olan oxucudan birdən-birə, yəni, qeyri-sağlam və müvəqqəti şəkildə "eqoist” yaratdığını iddia edir: "Bu sahədə yazılan kitablarla beynini, emosional stabilliyini alt-üst edən çox pasiyentlə rastlaşmışam. İş o həddə gəlib çıxırdı ki, bunların çoxunu özüm də oturub oxuyurdum ki, xəstəyə yaxınlaşa bilim. Bu kitabların çarə, çıxış yolu kimi təklif etdiyi üsullar insanı sosial-mədəni çevrədən qopub, ancaq özü ilə maraqlanan, özünə qayğı göstərən, özünə qapanan, yaxın çevrənin yaxşı-pis tövsiyələrinə qulaq verməyən, asosial üzvə çevirir. İnsanlar isə çox qəribə formada həkim resepti kimi burada yazılanları dərhal tətbiq edirlər. İctimai məsuliyyətini unudan insan nə qədər sağlam, uğurlu ola bilər?! Bu kitablar sehirli deyil, sadəcə qısamüddətli xoşbəxtlik hormonlarıdır. Əminəm ki, bu müəlliflər xeyir verdikləri insanları sahibləndikləri qədər, zərər vurduqlarına da cavabdeh dursalar, ikinci dəfə bu tip kitab yazmazlar. Süni özünəinam, süni uğur vədi, süni xoşbəxtlik duyğusu, süni mənəvi arınma – insanı nəinki psixiloji olaraq, sarsıdır, onu fizioloji mütənasiblikdən də çıxarır”.
Məsələdə mütəxəssislərin də rəylərini nəzərə alsaq, yekun nəticə olmadığı qənaətinə gəlirik. Lakin bütün günahı müəlliflərdə axtarmaq da tərəzinin bir gözünü bilərəkdən ağırlaşdırmaq olar. Özünə kömək olacaq üsullar axtaran hamı əvvəlcə problemini və həll üçün nəyə ehtiyacı olduğunu bilməlidir. Əgər sizi bir boşanma sarsıdıbsa, qarşı tərəfi peşman eləmək yolları axtarmaqdansa, özünüzü bu sarsıntıdan xilas etməklə məşğul olun. Bu halda elə özünüz də özünüzə kömək etmiş olacaqsınız. Ən azından ilkin tibbi yardım göstərəcəksiniz. Bir sözlə, bütün tövsiyə yazılarında dediyimiz kimi – məlumatlı oxucu olmaq şərtdir.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər