AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xocalı cinayətinin günahkarları cəzasız qalmayacaq

Xocalı cinayətinin günahkarları cəzasız qalmayacaq

Siyasət
25 Fevral 2020, 17:35 837
Millət vəkillərinin fikrincə, diaspor və qeyri-hökumət təşkilatları, dövlət, hökumət qurumları, KİV daha da fəal olmalıdır
 
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı faciəsindən 28 il ötür. Ötən müddət ərzində bu soyqırımının dünyada tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildikdən sonra faciənin dünyada tanıdılması üçün Azərbaycanın xarici siyasətində prioritet istiqamət müəyyənləşdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsi olaraq dünyanın bir çox dövlətlərinin parlamentləri, habelə Amerikanın 20-dən çox ştatı Xocalı hadisələrini soyqırımı kimi tanıdı.
Bu faciənin və erməni vəhşiliyinin tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Məhz fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan və davam etdirilən "Xocalıya ədalət” kampaniyası soyqırımı haqda məlumatların daha geniş yayılmasında mühüm rol oynadı. Eləcə də mütəmadi olaraq qeyri-hökumət təşkilatları, diaspor təşkilatları və media nümayəndələri tərəfindən beynəlxalq tədbirlər keçirilir, sənədli filmlər hazırlanır və kitablar nəşr olunur. Bütün bunların məqsədi isə Xocalı faciəsinin soyqırımı kimi tanıdılması ilə yanaşı, bu qətliamı həyata keçirənlərin cəzalandırılmasına nail olmaqdır. Lakin təəssüflər olsun ki, hələ də bu cinayətin iştirakçısı olan ermənilər cəzasız qalıblar. Bəs görəsən Xocalı qatillərinin cəzalandırılması, habelə soyqırımının daha çox ölkədə tanıdılması üçün hansı addımlar atılmalıdır?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayət soyqırımıdır: "Məhz etnik, dini mənsubiyyətinə görə ermənilər Xocalıdakı insanları qətl etdilər. Hesab edirəm ki, Xocalı soyqırımının əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində çox ciddi işlər görülüb. Xüsusilə də, ölkə Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bütövlükdə siyasətinin əsas istiqaməti kimi müəyyən edib. Bu kontekstdə heç şübhəsiz ki, Xocalı həqiqətlərinin çatdırılması ən mühüm məsələdir. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox geniş fəaliyyəti var. Xüsusilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün dünyaya məhz Xocalı həqiqətlərini çatdırır. Düşünürəm ki, 2008-ci ildə əsasi qoyulan və Leyla xanım Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət” kampaniyası, demək olar ki, dünyanın bütün qitələrində təbliğ olunur və çoxsaylı konfranslar, sərgilər keçirilir, filmlər çəkilir. Artıq bu görülmüş işlər real nəticələr verib. Təxminən 10-dan artıq dövlətin parlamenti, ABŞ-ın 20-dən çox yaxın ştatı Xocalı hadisələrini məhz soyqırımı kimi tanıyıb və bu proses davam etməkdədir”.
E.Nəsirov hesab edir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəallıq bir an belə dayanmamalıdır: "Heç bir zaman imkan vermək olmaz ki, bu hadisə yaddaşlardan silinsin. Bu istiqamətdə ideoloji işi, xüsusilə də təbliğat işini daha da gücləndirmək lazımdır. Dünya bilməlidir ki, 28 il öncə bir bəşəri cinayətə imza atılıb və bu soyqırımı cinayətidir. Hesab edirəm ki, Azərbaycanın diplomatik xidmət orqanlarının bu sahədə üzərinə çox böyük iş düşür və ona görə də bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin bu sahədə fəaliyyəti qənaətbəxşdir, ancaq bu istiqamətdə daha da fəallıq olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı Xocalı soyqırımının tanıdılması istiqamətində öz gücü, potensialı çərçivəsində işlər görməlidir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hələ də Xocalını soyqırımını törədənlər öz layiqli cəzalarını almayıblar. Elə buna görə də düşünürəm ki, Xocalı soyqırımının dünyaya çatdırılması ümummilli məsələdir. Bu gün biz qeyd edə bilərik ki, məhz ulu öndər Heydər Əliyev təkcə Azərbaycan dövlətçiliyini xilas etmədi, eləcə də onun rəhbərliyi ilə Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildi. 1994-cü ildən üzü bəri Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində çox ciddi işlərin əsası qoyuldu. İçimizdə bir əminlik var ki, tezliklə Xocalı soyqırımını həyata keçirən şəxslər öz layiqli cəzalarını alacaqlar. Məhz onda Xocalı şəhidlərinin ruhu şad olacaq”.
Millət vəkili, tarixçi alim Musa Qasımlı bildirdi ki, Xocalıda Ermənistan dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib: "Bu soyqırımı həyata keçirilmə üsullarına, məqsəd və mahiyyətinə görə insanlığa qarşıdır. Son iki yüz ildən çox müddətdə uydurma erməni təbliğatına qarşı Azərbaycan tərəfi həqiqətləri ortaya qoya bildi və bir çox platformalarda erməni yalanlarını alt-üst etdi. Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, heç şübhəsiz, cənab Prezident İlham Əliyevin hücum diplomatiyası taktikasından sonra həyata keçirilən tədbirlər mühüm rol oynadı. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri başlıca rol oynadı, "Xocalıya ədalət” kampaniyası öz nəticəsini verdi. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin məktəb dərsliklərinə bu soyqırımı barədə məlumatlar daxil edildi və bir sıra ölkələrdə tanıdıldı. Hesab edirəm ki, bundan sonra bizim diaspor təşkilatlarımız, qeyri-hökumət təşkilatlarımız və dövlət, hökumət qurumlarımız, kütləvi informasiya vasitələrimiz daha da fəal olmalıdırlar”.
 
BƏXTİYAR