Xilaskar mayor - FOTOLAR
Şəhid Elnur Quliyev 6 nəfərlik qrupla düşmən mühasirəsini yararaq, 30-a yaxın hərbçimizi xilas edib
Vətən Müharibəsi başlayanda mayor Elnur Quliyev
kəşfiyyat tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini daşıyıb.
Xidməti vəzifəsindən irəli gələrək o, təxliyə rəisi təyin olunub. Bilavasitə
işi, yaralıları hospitallara, şəhid olmuş hərbçilərimizin meyitlərini aidiyyəti
üzrə rayon hərbi komissarlıqlarına təhvil vermək, döyüşə cəlb olunan şəxsi
heyətlə mənəvi-psixoloji söhbətlər aparmaq, onların döyüş ruhunu artırmaq olub.
Əgər bu işlərlə məşğul olsaydı, bəlkə də, indi həyatda olardı. Amma Elnur bu
rahatlığı özünə rəva bilmədi. Kəşfiyyat tabor komandirinə müraciət edərək Vətən
Müharibəsinin ilk günlərindən döyüşlərə atıldı. Təcrübəli zabit kimi əldə
etdiyi kəşfiyyat məlumatları ilə ordu birləşmələrimizin irəliləməsinə öz
dəstəyini verdi. Müharibə günlərində 30 nəfərə yaxın şəxsi heyətin mühasirəyə
düşdüyünü öyrənən Elnur Quliyev, tabor komandiri, bir gizir və müddətdən artıq
xidmət edən 3 hərbi qulluqçu ilə birlikdə hərbçilərimizin köməyinə yollanıb.
Mühasirəni yarıb şəxsi heyəti xilas edə bilsələr də, özləri geri çəkilməyib,
sona qədər mövqelərini qoruyub, müqavimət göstəriblər. Bu 6 nəfər xilaskar, o
cümlədən mayor Elnur Quliyev qeyri-bərabər döyüşdə son damla qanına qədər
vuruşub, oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Məcburi
köçkün həyatının yaşatdığı sarsıntılar
Məlumat üçün qeyd edək ki, şəhid zabitimiz Elnur
Eldar oğlu Quliyev 25 iyul 1984-cü ildə Füzuli rayonunda anadan olub. 1990-cı
ildə Füzulidə birinci sinfə gedən E.Quliyev Ermənistanın işğalçılıq siyasəti
nəticəsində məcburi köçkünə çevrilib. Orta təhsilini Beyləqan rayonunun
Qəhrəmanlı qəsəbəsindəki məktəbdə davam etdirib. 2001-ci ildə orta məktəbi
bitirən E.Quliyev, bir il sonra Heydər Əliyev adına Ali Hərbi
Məktəbə qəbul olub. 2006-cı ildə hərbi təhsilini başa vuraraq
artilleriyaçı ixtisasına yiyələnib. 26.07.2006-22.06.2007-ci il tarixdə Silahlı
Qüvvələrin Təlim Tədris Mərkəzində yerüstü artilleriya taqım komandiri kursunu
bitirib. 2007-ci ildə Gəncə şəhərindəki "N” saylı hərbi hissəyə təyinat alıb və
leytenant hərbi rütbəsi ilə xidmətə başlayıb. 2013-2015-ci illərdə Gədəbəy
rayonundakı "N” saylı hərbi hissədə bölük komandiri olub. 2015-2019-cu illərdə
Ağstafa rayonundakı "N” saylı hərbi-hissədə maddi-texniki təminat bölüyü
komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini daşıyıb. 2019-cu ildə
Beyləqan rayonundakı hərbi hissələrdə xidmətini davam etdirib. O, hərbi xidmət
dövründə mayor rütbəsinə qədər yüksəlib. Divizion komandirinin şəxsi heyətlə iş
üzrə müavini vəzifəsində çalışıb. Sonuncu xidmət yeri Beyləqan rayonundakı "N”
saylı əlahiddə kəşfiyyat taboru olub. O, tabor komandirinin şəxsi heyətlə iş
üzrə müavini vəzifəsini icra edib. E.Quliyev xidmət illərində Azərbaycan
Prezidentinin adından Müdafiə Nazirinin 7 mart 2013-cü tarixli əmri ilə
"Silahlı Qüvvələrin 90 illiyi”, 24 iyun 2013-cü ildə "Silahlı Qüvvələrinin 95
illiyi” yubiley medalları, 26 iyun 2015-ci ildə "Qüsursuz Xidmətə Görə” III, 26
iyun 2020-ci tarixli əmri ilə "Qüsursuz Xidmətə Görə” II dərəcəli medalları ilə
təltif edilib. Mayor E.Quliyev şəhidlik zirvəsinə ucalandan sonra Prezident
İlham Əliyevin imzaladığı Sərəncamlarla "Azərbaycan Bayrağı” ordeni, "Vətən
uğrunda” və "Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif
olunub.
Özünü
uşaqlıqdan döyüşçü kimi yetişdirmişdi
Qardaşı Nicatın söylədiyinə görə, Elnur Quliyev
hələ uşaq vaxtlarından müharibə zorakılığına məruz qalıb, öz evindən didərgin
düşüb, məcburi köçkünə çevrilib, məhrumiyyətlər, sarsıntılar yaşayıb. Həm bu
hadisə, həm də bölmə komandiri olmuş əmisi Nazim Məiş oğlu Quliyevin birinci
Qarabağ müharibəsində qəhrəmancasına şəhid olması Elnurda düşmənlərimizə qarşı
sonsuz nifrət formalaşdırıb. Elə hərbçi olmasına, hərb elminə yiyələnməsinə
səbəb də bu hadisələr olub: "Qardaşım olduqca nizam-intizamlı, tərbiyəli,
dərslərinə diqqət yetirən idi. Məcburi köçkünə çevrilməyimiz, rayonumuzun
işğalı ona çox pis təsir etmişdi. Atam Eldar Məyiş oğlu Quliyev, əmim Nazim
Quliyev və dayım Sehran Surxay oğlu Həsənov birinci Qarabağ müharibəsində
iştirak etdiyindən, onların da hər bir xəbərini böyük həyəcanla qəbul edirdi.
Nazim əmim şəhid olandan sonra elə hey deyirdi ki, böyüyəndə hərbçi olub onun
qisasını alacam, rayonumuzu, evimizi işğaldan azad edəcəyəm. Onda ermənilərə
qarşı böyük nifrət, güclü intiqam hissi var idi. Rəsm albomlarına çəkdiyi
şəkillərin, asfalt və ya torpaq üzərindəki cizgilərinin məzmunu döyüş
səhnələrindən, erməni qəsbkarlarını məhv etməkdən ibarət idi. Deyərdim ki, o,
lap uşaq yaşlarından özünü bu müharibəyə hazırlamışdı. Özünü döyüşçü kimi
yetişdirmişdi. Yaş üstünə yaş gəldikcə, böyüyüb dünyanı dərk etdikcə,
biliklərini artırdıqca, hərbçi olmaq istəyi daha da artırdı. Qarabağ qazisi
olan atamın və dayımın müharibə xatirələrini, döyüşlər barədə söhbətlərini
dinləməkdən yorulmazdı. Böyüdükcə, onun Vətən sevgisi də artırdı və o, sadəcə
öz evimizi, rayonumuzu deyil, bütün işğal altında olan torpaqlarımızın azadlığı
barədə düşünür, mənən bütün qaçqın və məcburi köçkünlərin qayğısını çəkirdi. 20
Yanvar, 20 Noyabr faciələrinin, Xocalı soyqırımının, həmçinin rayonlarımızın
işğal tarixlərinin ildönümlərində qaş-qabağı açılmaz, üzü gülməzdi. "Şəhidlərimizin
qisasını almalıyıq, torpaqlarımızı azad etməliyik, özümüzdən sonrakılara belə
faciələrlə dolu tarix qoyub getməməliyik” deyərdi”.
Əsgərlərinin
böyük qardaşı idi
N.Quliyev qardaşı Elnurun çətinlikdən qorxmadığını,
Silahlı Qüvvələrimizin peşəkar zabiti kimi ən müxtəlif hərbi hissələrdə xidmət
etdiyini, vəzifəsinin öhdəsindən şərəflə gəldiyini bildirdi: "O, öz peşəsini
sevirdi. Buna görə də hansı rayonda, hansı hərbi hissədə xidmət etdiyinin bir
önəmi yox idi. Əsas bu idi ki, o, sevimli peşəsi ilə məşğul olur, bilik və
bacarıqlarını, təcrübəsini gənc əsgərlərə həvəslə öyrədirdi. Baxmayaraq ki,
ailəli idi, Eldar və Dəniz adlı iki körpəsi var idi,
Elnur ailə qayğısından daha çox işinin qayğısını çəkirdi. Əsgərlərinin böyük
qardaşı idi. Müharibənin başlamasını səbirsizliklə
gözləyirdi. Onun sonuncu iş yeri əlahiddə kəşfiyyat taboru olub. Bu, bir növ,
ayrıca bir hərbi hissə idi. Elnur bu taborda komandirin şəxsi heyət ilə iş üzrə
müavini vəzifəsini daşıyırdı. Şəxsi heyəti mənəvi-psixoloji cəhətdən
hazırlamaq, onlar arasında ictimai-siyasi iş aparmaq, bu çərçivədə əsgərlərin
biliklərini artırmaq, ruhlandırmaq idi vəzifəsi. Vətən Müharibəsi başlayanda isə ön cəbhədə təxliyə
rəisi vəzifəsinə təyin olunmuşdu. Əsas işi geridə təxliyə prosesini idarə etmək
idi. Yəni arxa cəbhədə hospitallarda olmalı, yaralıları, huşunu itirənləri,
şəhidləri ayırd etməli, onları müvafiq ünvanlara göndərməli idi. Amma o, arxa
cəbhədə olmağı özünə sığışdırmadı. Vətən Müharibəsinin ilk günlərindən kəşfiyyat
qrupları ilə birlikdə döyüşlərə qatıldı. Füzuli və Cəbrayıl rayonlarında bir
sıra yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad edilməsində iştirak
etdi. Sonuncu dəfə Füzuli döyüşlərinin birində mühasirəyə düşən şəxsi heyəti
xilas etmək üçün tabor komandiri - polkovnik-leytenant Orxan Əkbərov, bir gizir
və müddətdən artıq hərbi xidmət edən 3 əsgərlə birlikdə düşmənlə qeyri-bərabər
döyüşə girib. Məqsədləri mühasirəyə düşən 30-a yaxın şəxsi heyəti xilas etmək
olub. Onlar düşmən səngərinə keçərək ermənilərin xeyli sayda canlı qüvvəsini
məhv edib öz hərbçilərimizi xilas ediblər. Uzun müddət döyüşərək düşmənin
irəliləməsinin qarşısını alıblar. Lakin qeyri-bərabər döyüşdə qardaşım Elnur və
tabor komandiri Orxan Əkbərov, eləcə də digər silahdaşları qəhrəmancasına həlak
olublar. Yalnız Elnurla deyil, bütün şəhidlərimizlə, qazilərimizlə qürur
duyuram. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında onlar, 30 ilə
yaxın müddətdə mümkün olmayanı etdilər. Bütün şəhidlərimizin qisasını aldılar,
torpaqlarımızı azad etdilər. Necə deyərlər, qisas qiyamətə qalmadı”.
Rufik
İSMAYILOV