Xaricdə nə olursa yaxşıdır məntiqi

Xaricdə nə olursa yaxşıdır məntiqi

Siyasət
05 Sentyabr 2019, 18:51 941
Ukrayna Ali Radası sentyabrın 3-də keçirilən iclasında deputat toxunulmazlığının ləğv olunması barədə qanun layihəsini qəbul edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək bu qanun deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunmasını, saxlanmasını, yaxud həbs edilməsini qadağan edən müddəaların konstitusiyadan çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar. Ukraynada qəbul edilən bu qanun layihəsi Azərbaycan cəmiyyətində də müzakirələrə səbəb olub. Xüsusilə radikal müxalifət cameəsində sözügedən qanun layihəsinin ölkəmizin parlamenti tərəfindən də qəbul edilməsinin vacibliyi önə çəkilib.
 
 
 
Ümumiyyətlə, harada qeyri-ordinar bir addım atılırsa, radikal müxalifət dərhal ona demokratiya donu geyindirir və Azərbaycanda tətbiq edilməsini istəyir. Belə olan halda haqlı sual yaranır ki, əgər deputat toxunulmazlığının ləğv edilməsi mütərəqqi addım, demokratiyanın göstəricisidirsə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bunu niyə etmirdilər? Yaxud, özlərini siyasətçi, jurnalist, bloqqer, qeyri-hökumət təşkilatı sədri, dindar kimi qələmə verən hər kəsə radikal müxalifət funksionerləri toxunulmazlıq tələb etdikləri halda, deputatların toxunulmazlığının ləğvini istəmək hansı məntiqə söykənir?
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan siyasi şərhçi Aydın Quliyevbildirib ki, müxalifətin radikal düşərgəsində təmsil olunanların davranışlarında, fikirlərində zaman keçdikcə artan məntiqsizlik, rabitəsizlik özünü açıq şəkildə büruzə verir. Onun sözlərinə görə, indiyə qədər ölkədə keçirilən seçkilərdə məğlub olan, xalqın etimadını itirən radikallar nəyin bahasına olursa-olsun mövcud iqtidarın siyasətini gözdən salmaq, qaralamaq yolunu tutublar: "Bu, ilk növbədə siyasi perspektivlərinə olan inamın zəifləməsi, onlar tərəfindən atılan addımlara hər hansı ictimai dəstəyin verilməməsi, beynəlxalq əlaqələrin, beynəlxalq dəstəyin olmaması ilə əlaqədardır. Radikal düşərgənin növbəti məntiqsizliyi deputatların toxunulmazlığı barədə ortaya atdıqları mülahizələrdə də görünür. Millət vəkillərinin toxunulmazlığının ləğvi, onlar barəsində ictimai tənbeh tədbirlərinin görülməsi və sair bu kimi məsələlər küçələrdə, meydanlarda həll olunmur. Bu kimi hallara Azərbaycan qanunvericiliyində, Konstitusiyada əksini tapmış normativlər çərçivəsində münasibət sərgilənir. Əgər ölkədə deputat toxunulmazlığının ləğvinə ciddi ehtiyac yaranacaqsa, bu, Milli Məclisin müzakirələri, Azərbaycan Prezidentinin rəyi vasitəsilə tam qanuni əsasda həllini tapacaq. Bunun üçün hansısa xarici ölkədə baş verənlərin nümunə göstərilməsinə, küçə və meydanlarda bu barədə çıxışlar edilməsinə, kənardan müdaxilələrə ehtiyac yoxdur. Azərbaycan hüquqi dövlətdir və bu ölkədə bütün məsələlər qanun çərçivəsində həllini tapır”. 
 


"Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov qəzetimizə açıqlamasında bildirib ki, radikal müxalifətin 26 illik uğursuzluqlarının əsas səbəblərindən biri məhz hər şeyi inkar etmək, uğurlara kölgə salmaq, xaricdə baş verən hansısa hadisəni təqlid etmək vərdişləridir. QHT sədrinin sözlərinə görə, əgər Ukraynadan öncə Azərbaycanda deputat toxunulmazlığı barədə qanun qəbul olunsaydı, radikallar dərhal bu addımı tənqid atəşinə tutacaq, bunu qeyri-demokratik hadisə kimi qələmə verəcək, əksini tələb edəcəkdilər: "Azərbaycanda Milli Məclis seçkili orqandır və parlamentə deputatlar gizli səsvermə ilə xalq tərəfindən seçilir. Hər bir millət vəkili ən azı 25-30 min seçicinin yaşadığı dairəni əhatə edir. Fikrimcə, bu qədər vətəndaşın, seçicinin etimad göstərdiyi şəxsin toxunulmazlığının kənardan kiminsə istəyi ilə, heç bir əsaslandırma aparılmadan ləğv edilməsi, düzgün yanaşma olmaz. Bu, həmin deputatın seçicilərinə hörmətsiz yanaşmadır. Digər tərəfdən, Azərbaycan Konstitusiyasının "Qanunvericilik hakimiyyəti” adlı V fəslində millət vəkili olmağa dair tələblər, vəzifə öhdəlikləri, deputatlıqdan məhrumetmə, toxunulmazlıq və onun hansı hallarda ləğvi məsələləri aydın şəkildə əksini tapıb. Konstitusiyaya görə, millət vəkili cinayət başında yaxalanarsa tutula bilər və belə olduqda deputatı tutan orqan bu barədə dərhal Baş prokurora xəbər verir. Baş prokurorun təqdimatı əsasında Milli Məclisinin qərarı ilə deputatının toxunulmazlığına xitam verilir və sair. Yəni, demək istədiyim budur ki, deputatların hüquq və səlahiyyətləri, toxunulmazlığının ləğvi və sair məsələlər qanunvericiliklə tənzimlənir. Ona görə də radikal müxalifətin deputat toxunulmazlığının ləğvi barədə müzakirələr açmasına ciddi yanaşmıram. Onların həyat tərzi, "siyasi mübarizə” adı altında ortaya qoyduqları "fəaliyyət” dünyanın harasında baş verməsindən asılı olmayaraq, bütün neqativ hallara görə Azərbaycan iqtidarını günahkar görməkdir”.
 
Rufik İSMAYILOV