Xarəzmdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub - Fotolar
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin və Xarəzm Vilayət hakimiyyətinin birgə layihəsi ilə bu ölkənin qədim
və zəngin mədəniyyətə malik Xarəzm vilayətində "Azərbaycan mədəniyyəti və ədəbiyyatı
günləri” keçirilir.
Qeyd edək ki, tədbir münasibəti ilə vilayətin böyük
şəhərlərində Azərbaycana aid banerlər quraşdırılmış, dörd gün müddətində Azərbaycan
mədəniyyəti, ölkəmizin turizm potensialı, elmi və ədəbi əlaqələrə dair silsilə
tədbirlər keçirilib.
"Özbəkturizm” Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Özbəkistandakı Səfirliyi, Azərbaycandakı "Kaspi” qəzeti və Təhsil
Şirkətinin dəstəyi ilə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin
rəsmi açılışı Xarəzm vilayətinin administrativ mərkəzi olan Urgənc şəhərindəki
Dövlət Dram Teatrında reallaşmışdır.
İlk öncə Urgənc Dövlət Dram Teatrının foyesində təşkil
edilmiş "Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimlərinin
moda sərgisi nümayiş olunmuşdur. Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən
Qarabağ şikəstəsinin sədası altında Azərbaycanın, habelə onun Qarabağ diyarına
aid milli qadın və kişi geyimləri nümayiş etdirilmişdir.
Vilayət şəhər hakimiyyəti, Azərbaycandan gələn
qonaqlar, vilayətin nüfuzlu elm, təhsil, mədəniyyət xadimləri, çoxsaylı mötəbər
qonaqların iştirak etdiyi rəsmi açılış tədbirində Xarəzm Vilayət hakimiyyətinin
rəhbəri Fərxad Ermanov açaraq bir milyon
səkkiz yüz min əhalisi, böyük tarix və mədəniyyətə malik vilayətdə Azərbaycan mədəniyyəti
və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu, iki ölkə arasında
münasibətlərin tarixi, yüksələn xətlə inkişaf edən Azərbaycan-Özbəkistan
dostluğu haqqında geniş məruzə ilə çıxış etmişdir. Vilayət rəhbəri dili, mədəniyyəti,
adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan
üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Bakıda Türk Şurası dövlət
başçılarının zirvə toplantısı çərçivəsində keçirdiyi görüşləri qeyd edərək,
vilayətin iki şəhərində Urgənc və Xivədə Azərbaycan mədəniyyəti və ədəbiyyatına
həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb.
Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin
birinci katibi Samir Abbasov hər il Özbəkistanın müxtəlif tarixi və böyük şəhərlərində
mədəniyyət günləri tədbirlərinin keçirildiyini və keçirilən tədbirin məqsədinin
dünyanı heyran qoyan zəngin mədəniyyətimizin, Azərbaycan xalqının yaratdığı mədəni
irs nümunələrinin, möhtəşəm poeziyamızın qarşı tərəfə çatdırılması və ikitərəfli
dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etmək olduğunu bildirib.
Diplomat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan
prezidenti ilə görüşü zamanı səsləndirdiyi fikri vurğulayıb: Ölkə başçısı qeyd
edib ki, xalqlarımız
arasında əlaqələr tarixin sınağından uğurla çıxmış, Özbək və Azərbaycan
xalqlarının əsrlər boyu həmrəylik və sülh şəraitində yaşamış, bir-birinə qardaş
münasibəti bəsləmiş və müstəqil dövlətlərimiz öz gələcəklərini çox möhkəm, çoxəsrlik
tarixi təməl üzərində qurmuşlar. Samir Abbasov xalqlarımız arasında oxşar,
ortaq dəyərlər haqqında danışaraq, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin,
Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim
tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdiridiyini söyləyib.
Azərbaycanın "Kaspi” qəzeti və Təhsil Şirkətinin rəhbəri,
filologiya elmləri doktoru Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq,
Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Çolpan, Hüseyn Cavid arasında ədəbi
əlaqələr, distluq münasibətlərindən danışaraq, xalqlarımızı birləşdirən dəyərlərin
çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan
dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.
Rəsmi açılışdan sonra Xarəzm Vilayət hakimiyyətinin
rəhbəri Fərxad Ermanov Azərbaycanlı qonaqlara və tədbir iştirakçılarına öz hədiyyələrini
təqdim etdi.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin
hazırladığı xüsusi bədii proqram təqdim olunub. Konsert proqramında Azərbaycan
Respublikasının əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov, Bəyimxanım
Vəliyeva Azərbaycan xalq mahnılarını, muğamlarımızı ifa ediblər.
Azərbaycanın Əməkdar artisti, Özbəkistanda keçirilən
2017 Şərq Təranələri Musiqi Festivalının qra pri mükafatı laureatı Sahib
Paşazadənin milli musiqimizin tarda ifası çoxsaylı tamaşaçılarının alqışları ilə
müşaiyət edilib.
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki
"Azərbaycan qızları” rəqs ansamblının milli rəqslərimizi ifası ilə davam edib.
Qədim mədəniyyət beşiyi Xarəzm vilayətində "Azərbaycan
mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində tədbirlər davam edir.