AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xaosla üz-üzə

Xaosla üz-üzə

Cəmiyyət
13 Noyabr 2020, 17:58 2121
Siyasi və humanitar böhranla üzləşən Ermənistan vətəndaş müharibəsinin astanasındadır
 
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istiqamətində apardığı 44 günlük müharibə proqnoz edildiyi kimi, Ermənistanda ciddi problemlərə yol açıb və proses davam edir. Ölkə faktiki olaraq xaosla üz-üzədir və proses günbəgün güclənir. Rusiyanın nüfuzlu "Lenta.ru” nəşri yazır ki, Qarabağ müharibəsində erməni qüvvələrinin tam məğlubiyyəti ilə nəticələnən kapitulyasiyası siyasi böhrana gətirib çıxarıb. Müəllif yazır ki, Yerevanda etirazlar səngimir, baş nazir Nikol Paşinyan faktiki olaraq xalqdan gizlənir, baş verənlərdə ətrafındakıları ittiham edir. Müxalifət də bütün gücü ilə onu silməyə çalışır, lakin Paşinyanın tərəfdarları hakimiyyəti təhvil verməyə tələsmir. Etirazçıları qovur, həbs edir, bütün səviyyələrdə təmsil olunan rəhbərlər isə susmağa, yaxud da bəyanat verəndə günahkarları axtarmağa çalışırlar. Beləliklə, ölkə vətəndaş müharibəsinin astanasındadır.

Reportajda bildirilir ki, "baş nazir Dağlıq Qarabağla bağlı imzalanan sazişi nizamlanma sənədi yox, atəşkəs kimi qələmə verməyə çalışır. Onun sözlərinə görə, Qarabağ məsələsi həllini tapmayıb. Lakin aydındır ki, erməni lider manipulyasiya etməyə çalışır: axı üçtərəfli bəyanat sülh müqaviləsi və yaxud razılıq qüvvəsinə malikdir, bölgəyə sülhməramlılar yerləşdirilib. Azərbaycan dərhal geri qaytardığı ərazilərin yenidən qurulmasına başlayıb. 

Müəllif yazır ki, Ermənistanda imzalanan sənəd tam məğlubiyyət kimi qarşılanır və bu da ayıq başla edilib. Ən əsası, hər hansı bir revanşdan söhbət gedə bilməz. Ermənistan 45 gün ərzində rəqibi tərəfindən güclü bir zərbə almış oldu. Ermənistanda faktiki olaraq döyüş qabiliyyətli ordu qalmayıb. Paşinyan Yerevanda düşmənə qarşı güclü zərbə vurulacağı barədə danışanda onun "qarabağlı həmkarı” Araik Arytunyan Rusiya prezidenti Vladimir Putindən kömək istəyirdi. İndi isə etiraf edir ki, Yerevandan onlara kömək üçün gələn xüsusi təyinatlılar onun əmrlərinə qulaq asmaqdan imtina ediblər. Hətta yalvarışları belə kömək etməyib. Təşkilatçılığın olmaması, daxili ziddiyyətlər və hərbi komandanlığın yarıtmazlığı 1302 nəfərlik heyətin dağıdılması və məhvi ilə nəticələnib. Hərbi texnika faktiki olaraq məhv edilib. Bütün bunlar da Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini heç edir. Bundan əlavə, erməni revanşına qarşı indi Türkiyə-Azərbaycan tandemi, eləcə də, rus sülhməramlıları dayanır. Başqa sözlə, revanş ideyası başdan ayağa cəfəngiyatdır. Lakin Paşinyan hələ də insanları özünü təmizə çıxarmağa hesablanmış bəyanatları ilə doydurmağa çalışır”.  

Müəllif yazır ki, üçtərəfli bəyanata qədər baş nazir xalqa müraciətlər hazırlamaqla məşğul idi. "Gah könüllülər döyüşə getməkdən imtina etdi, gah satqınlar bütün işləri korladı, başqa yol yox idi deyirdi. Bununla da o, sadə bir həqiqətdən qaçmağa çalışır – siyasətçi kimi yarıtmaz biridir, Qarabağı təhvil verib. Bunu isə Ermənistanda heç kim bağışlamayacaq. Çevriliş qorxusu baş naziri hərbi vəziyyəti ləğv etməkdən çəkindirir. Artıq Paşinyanın "facebook”dakı izləyicilərinin sayı da xeyli azalıb. Əksinə, küçələrdə insanların sayı artıb, baş nazirin proseslərə təsir etmək imkanları məhdudlaşıb. Hərbi vəziyyət rejimi hakimiyyət tərəfindən siyasi alət kimi istifadə edilir. Mitinqləri dağıdırlar, çünki qanunla onlar qadağan edilib. Lakin Paşinyan burada da özünü çamura atıb. Üçtərəfli saziş imzalanan zamanı tərəfdarlarını mitinqlərə çağırıb. Polis mitinqləri dağıdır, lakin küçələrə çıxmaq istəyənlərin sayı azalmır. Nümayişçilərin bir tələbi var - Paşinyanın istefası. Mahiyyət etibarilə bu, bütövlükdə hakimiyyətin dəyişməsi deməkdir, çünki, Paşinyan mərkəzi fiqurdur. Hakim elitada yerdə qalan şəxslər deputatlar, bütün nazirlər, məmurlar onun tərəfdarlarıdır. İndi onun tərəfdarlarının hamısı susur, bu səbəbdən də Paşinyan özünün şəxsi media resursunu sərf edir, xalqa atdığı addımın mahiyyətini başa salmağa çalışır. Lakin bu hələ ki, effekt vermir. Nümayişçilərə qarşı sərt metodlar dərhal onun onsuz da azalan nüfuzunu məhv etmiş olacaq. Nikol da bunları başa düşərək, əks zərbələrə hazırlaşır, Milli Təhlükəsizlik Xidmətini siyasi repressiyalar həyata keçirməyə cəlb edir. Bunu birbaşa efirdə MTX-nin bu yaxınlarda vəzifəsindən gedən rəhbəri Mikael Ambarçumyan da təsdiq edib. Polkovnik bildirib ki, əlini çirkli işə bulaşdırmamaq üçün vəzifəsindən gedib”. 

Müəllif ardınca başqa bir məsələyə toxunur. Döyüş bölgəsindən geri dönən şəxslərin Ermənistan üçün yaradacağı problemlərdən danışır. Hakimiyyət hazırda həmin şəxslərin nəyin bahasına olursa-olsun Yerevana daxil olmamış silahsızlaşdırılmasına çalışır. Əgər buna nail olmasalar, onda ölkədəki kütləvi etirazlar prinsip etibarilə başqa müstəviyə keçəcək. Güc strukturları da müharibədən yeni dönmüş insanların qarşısında durmaq istəməzlər. O ki qaldı Nikola - baş nazir "məxməri tac”da uzun müddət otura bilməyəcək. O, artıq milli lider yox, satqın kimi qəbul edilir. Döyüş bölgəsindən dönənlər MTX rəhbəri kimi siyasi rəhbərliyi ittiham edirlər. Paşinyan da onların hamısını susdura bilmir. Onun tezliklə gedəcəyinə heç kim şübhə etmir Lakin məsələ ondadır ki, onu kim əvəz edəcək. 17 siyasi partiya Paşinyana qarşı çıxıb, lakin orada mahiyyət etibarilə heç nə yoxdur. Heç onların tərkibi də bəlli deyil. Partiya kimi heç kim tanımır, siyasi proqramları belə mövcud deyil. Hazırda müxalifət cəbhəsində iki ciddi oyunçu var. Biri Edmon Manukyanın lideri olduğu "İşıqlı Ermənistan”dır. Bu partiya özünü liberal qərbyönümlü partiya hesab edir. Vaxtilə Paşinyanla bir yerdə olsalar da, sonradan yolları ayrılıb. İkinci siyasi qurum "Çiçəklənən Ermənistan”dır. Onun lideri ölkənin ən varlı şəxsi Qaqik Çarukyandır. Sovet dövründə Çarikyan qrup halında zorlama maddəsi ilə ittiham olunub. Lakin indi siyasi partiya lideridir.
Belə bir vəziyyətdə hakimiyyətin yeganə çıxış yolu müdafiəyə çəkilməkdir.


Məqalənin yekunda ermənilərin azərbaycanlılarla çiyin-çiyinə yaşamaq istəmədiklərinə toxunulur. Vaxtilə işğal edib girdikləri ərazilərdəki evləri indi yandırıb çıxdıqları bildirilir. Hətta qondarma qurumun rəhbəri Araik Arutunyan onlara bunu etməməyi desə belə, ona qulaq asan yoxdur. "Onların taleyinin necə olacağı bəlli deyil. On minlərlə insan Ermənistan üçün əlavə problemlər yaradacaq. Beləliklə, siyasi böhranla yanaşı, Ermənistanı humanitar böhran da gözləyir. Koronavirus pandemiyası da odun üzərinə yağ çiləmiş olur. Xəstə sayı durmadan artır. Yerevan nümayişlərində də kimsənin maska taxmadığı görünür. Beləliklə, Ermənistanda hazırda vəziyyəti bir sözlə xarakterizə etmək olar – xaos. Bu hal məntiq qanunlarına tabe deyil, qeyri-rasionaldır. Tam əminliklə bir şeyi demək olar – Ermənistanda təlatümlər gözlənilir. Ermənilər təkcə hakimiyyət dəyişikliyi ilə nəticələnəcək siyasi böhranla üzləşməyiblər. Ölkədə dövlətçilik böhranı başlayır və bunu ancaq şahmat çuqçvanqı (hər bir gediş yalnız vəziyyəti daha da ağırlaşdırır) ilə müqayisə etmək olar. Bundan pisi isə yoxdur”, deyə məqalənin sonunda bildirilir.

Azər NURİYEV