• şənbə, 29 Avqust, 02:54
  • Baku Bakı 26°C

Hər addım təhlükə, hər mərtəbə risk

29.08.26 01:43 27
Hər addım təhlükə, hər mərtəbə risk

İstismar müddətini başa vurmuş köhnə yaşayış binalarında lift problemi daha da kəskinləşib. İdarəetmə sistemindəki boşluqlar problemin həllini yubadır. Məsələ deputatların da diqqətindədir. 

Bakıda köhnə liftlərin yaratdığı təhlükəsizlik problemi yenidən gündəmə gəlib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov paytaxtdakı kooperativ yaşayış binalarında quraşdırılmış yüzlərlə liftin istismar müddətinin başa çatdığını diqqətə çatdıraraq bu istiqamətdə dövlət dəstəyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 35–40 il əvvəl tikilmiş bu binalarda quraşdırılan və hazırda köhnəlmiş vəziyyətdə olan təxminən 1000 liftin mərhələli şəkildə yenilənməsi üçün hökumət tərəfindən xüsusi proqram çərçivəsində vəsait ayrılması zəruridir.

Kooperativ liftlərə xidmət yoxdur

Araşdırmalara görə, paytaxtda bir çox kooperativ binalarda liftlərin yaşı artıq 40 ilə yaxınlaşır. Bu isə o deməkdir ki, həmin avadanlıqlar normativ istismar müddətini çoxdan başa vurub. Nəticədə bəzi binalarda liftlərin tez-tez dayanması, sıradan çıxması və ya uzun müddət işləməməsi halları müşahidə olunur. 

Bakı şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyindən “Kaspi”nin sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən kooperativ binalarda yerləşən liftlər dövlət mənzil fonduna aid deyil. Ona görə də “Lifttəmir” İstehsalat Birliyi tərəfindən onların dəyişdirilməsi və ya xidməti həyata keçirilmir.

Ekspertlər isə hesab edirlər ki, köhnəlmiş liftlər təkcə narahatlıq yaratmır, həm də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Mexaniki hissələrin aşınması, elektrik sistemindəki nasazlıqlar və texniki xidmətin çətinləşməsi qəza ehtimalını artırır. Bu baxımdan köhnə liftlərin mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyi, həm də şəhər infrastrukturunun yenilənməsi baxımından vacib hesab olunur.

Geniş monitorinqlərə ehtiyac var

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, hazırda paytaxtda bir sıra yaşayış binaları özünü maliyyələşdirmə prinsipi əsasında idarə olunur. Onun sözlərinə görə, belə binalarda liftlərin yenilənməsi birbaşa bina sakinlərinin və ya həmin binaları idarə edən mənzil-tikinti kooperativlərinin (MTK) məsuliyyət dairəsinə daxildir. Bununla belə, ekspert vurğulayır ki, məsələnin yalnız idarəetmə və maliyyə öhdəlikləri prizmasından qiymətləndirilməsi düzgün yanaşma olmaz. Çünki söhbət hər gün həmin liftlərdən istifadə edən minlərlə insanın təhlükəsizliyindən gedir.

V.Oruc əlavə edir ki, ölkədə lift təsərrüfatı ilə bağlı müəyyən idarəetmə strukturları mövcud olsa da, bəzi hallarda nəzarət mexanizmləri kifayət qədər effektiv işləmir və sistem daha çox formal xarakter daşıyır. Onun fikrincə, mövcud vəziyyətin real mənzərəsini müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumları tərəfindən xüsusi komissiya yaradılmalı və geniş monitorinqlər aparılmalıdır. 

Bir lift orta hesabla 20-30 min manata başa gəlir

V.Oruc deyir ki, hazırda bazarda liftlərin qiyməti istehsal ölkəsindən və texniki xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əgər söhbət təxminən 1000 liftin dəyişdirilməsindən gedirsə, bir liftin alınması və quraşdırılması orta hesabla 20–30 min manat civarında qiymətləndirilir. Bu məbləğ liftin Rusiya, Çin və ya Avropa istehsalı olmasından, həmçinin onun tutumundan və digər texniki göstəricilərindən asılı olaraq dəyişə bilər.

Ekspert hesab edir ki, yalnız sistemli və mərhələli yanaşma nəticəsində problemin effektiv həllinə nail olmaq mümkündür. Onun fikrincə, məsələ həm təhlükəsizlik, həm də sosial məsuliyyət baxımından son dərəcə aktualdır və bu səbəbdən aidiyyəti icra strukturlarının diqqət mərkəzində olmalıdır. Buna görə də yaxın vaxtlarda bu istiqamətdə konkret qərarların qəbul ediləcəyi və problemin həlli üçün müvafiq addımların atılacağı gözlənilir.

Köhnə binalar sahibsiz qalıb

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə vurğulayır ki, hazırda Bakıda təxminən 11 min istismar müddətini başa vurmuş köhnə çoxmənzilli yaşayış binası mövcuddur. Onun sözlərinə görə, lift problemlərinin yaranmasının əsas səbəblərindən biri əvvəllər JEK-lərin binalara nəzarət etməsi və xidmət göstərməsi, sonradan isə bu səlahiyyətlərin dayandırılmasıdır. Nəticədə köhnə binalar sahibsiz qalıb və liftlərin istismarı yalnız sakinlərin üzərinə düşüb.

Ekspert bildirir ki, yeni tikililərdə liftlərin istismarı daha sistemli həyata keçirilir: “Azərbaycan qanunvericiliyinə görə, çoxmənzilli yaşayış binalarında sakinlər öz idarəetmə sistemlərini qurmalıdırlar. Yeni binalarda sakinlər tərəfindən qurulan idarəetmə sistemi kommunal ödənişləri toplayaraq binaların saxlanılmasını və liftlərin texniki xidmətini təmin edir. Lakin köhnə binalarda müxtəlif idarəetmə strukturları mövcud olsa da, onların fəaliyyəti qənaətbəxş deyil və binalar baxımsız qalır. Bu, problemlərin həllini çətinləşdirir və gələcəkdə xərclərin artmasına səbəb olur”.

İdarəetmədə vahid quruma ehtiyac var 

E.Fərzəliyev hesab edir ki, Azərbaycanda yaşayış fondunun idarə olunması ilə bağlı vahid qurumun yaradılması vacibdir. Bu qurum vasitəsilə yığılan kommunal pullar səmərəli idarə olunar, gələcəkdə lazım olan xərclər planlı şəkildə qarşılanar və dövlət büdcəsinə əlavə yük düşməz.
Ekspert onu da deyir ki, dövlət büdcəsindən pul ayrılması indiki şəraitdə uzunmüddətli nəticə verməyəcək: “Hər dəfə lift dəyişdirildikdən sonra digər avadanlıqlar da sıradan çıxacaq və yenə maliyyə ehtiyacı yaranacaq. Vahid idarəetmə qurumu vasitəsilə yığılan pulların mərkəzləşdirilmiş idarəsi isə daha effektiv nəticə təmin edə bilər.

E.Fərzəliyevin sözlərinə görə, köhnə liftlərin dəyişdirilməsi mərhələli şəkildə aparılmalıdır: “Bütün liftləri birdəfəlik dəyişdirmək fiziki olaraq mümkün deyil və buna işçi qüvvəsi yetməz”.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər