• şənbə, 29 Avqust, 02:55
  • Baku Bakı 26°C

Poliklinikalar birləşdirilir, narahatlıq artır

29.08.26 02:14 18
Poliklinikalar birləşdirilir, narahatlıq artır

Səhiyyə sistemində daha bir yeniliyə hazırlıq gedir. Paytaxtda fəaliyyət göstərən poliklinikaların birləşdirilməsi nəzərdə tutulur. Dövlət tibb müəssisələrində onsuz da pasiyent sıxlığının yüksək olduğu bir vaxtda atılacaq bu addım suallar doğurur. 

Bakıda 9, 21 və 27 saylı poliklinikaların birləşdirilərək vahid idarəetmə modeli əsasında fəaliyyət göstərməsi planlaşdırılır. TƏBİB bu addımı inzibati funksiyaların optimallaşdırılması və resurslardan daha səmərəli istifadə ilə əsaslandırır. Lakin hamının cavab axtardığı əsas sual budur: dövlət tibb müəssisələrində onsuz da uzun növbələrin və pasiyent sıxlığının yüksək olduğu bir vaxtda üç poliklinikanın birləşdirilməsi xidmətlərin əlçatanlığına və keyfiyyətinə necə təsir edəcək?

“Poliklinikaların birləşdirilməsi pasiyentlərin xeyrinə olmayacaq”

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova hesab edir ki, poliklinikaların birləşdirilməsi pasiyentlərin xeyrinə olmayacaq. Onun sözlərinə görə, belə bir dəyişiklik həm müayinənin keyfiyyətinə, həm də həkimlərin iş yükünə mənfi təsir göstərə bilər: “Sağlamlıq, müayinənin dəqiqliyi baxımından faydalı olmayacaq. İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrində yük artıb. Hər bir həkimin və laboratoriyanın xəstə qəbulu ilə bağlı limiti var. Hər pasiyentə 10-15 dəqiqə vaxt sərf olunması qeyd edilir. Amma elə pasiyentlər var ki, onlarla 30-40 dəqiqə söhbət edirsən. Xəstə robot deyil, biz onları diqqətlə dinləməliyik. Əgər pasiyent yüksək səviyyəli müalicə almaq istəyirsə, həkim də diqqətini ona cəlb edir. Çöldəki növbə isə gözləmir: biri qapını döyür, biri deyir işə gecikirəm, biri deyir məktəbə uşaq aparıram və s. Həkim də tələsir və diqqəti dağılır. Bu, marketdən mal almaq deyil. Mən həkimi də qınamıram. Çünki onu çöldə 30-35 xəstə gözləyir. Təəssüf ki, növbəli sistemi hələ də qaydaya sala bilməyiblər”. 

Konveyer üsulu ilə müayinə

Ş.Namazova bildirir ki, poliklinikalar hər bir yaşayış ərazisində əhalinin müraciət edə biləcəyi tibb müəssisələridir və ətrafdakı insanlar da həmin müəssisələrə gedə bilirlər: “Poliklinikalar birləşəndə isə digər ərazidə yaşayan insanlar məcbur olub uzağa getməli olacaqlar. Müraciət edənlərin sayı üç dəfə arta bilər. Həkimlərin bu yükü qarşılaması fiziki baxımdan mümkün deyil. Keyfiyyətli, peşəkar xəstə müayinəsindən danışırıqsa, bu cür onu reallaşdırmaq mümkün olmayacaq. Bu, konveyer üsulu ilə müayinə olacaq və xaos yaradacaq. Elə insan var ki, ürəyi xəstədir, təngnəfəsliyi var, ayağı ağrıyır, çəliklə gəzir və s. Onlar həmin ərazidən digər əraziyə necə gedəcəklər?” Həkimin sözlərinə görə, poliklinikaların tutumu da bu qədər insanı qəbul edə bilməyəcək: “Yeni Klinika” kimi şəraitli bir yer olacaqsa, ona söz yoxdur. Amma dövlət poliklinikalarının şəraitini hamımız bilirik. Dəhlizdə nə qədər adam gözləyə bilər? Həm müalicənin effektivliyi baxımından, həm də fiziki yük baxımından bu, ağlasığmaz bir işdir. Lap tutaq ki, növbəli sistem oldu. Saat 2-dən sonra işdə olan həkimin qəbuluna gələn problemli xəstə necə ac qala bilər? Tutaq ki, qalxanvari vəzidə problemi olan xəstə növbəli sistemə düşüb. O, saat 2-yə qədər ac qalsa belə, ondan analiz götürülə bilməz. Bu analiz saat 11-ə qədər verilməlidir. Elə analizlər var ki, gündüz saat 11-ə qədər verilməlidir”. Ş.Namzaovanın fikrincə, poliklinikaların birləşdirilməsi ixtisarlara da səbəb ola bilər: “Hər tərəfdən yanaşanda maneə ilə rastlaşırıq. Bu, bir tərəfdən pasiyentlərin həkim qəbuluna düşmə ilə bağlı vaxtını alacaq, keyfiyyətli müayinə olmayacaq, digər tərəfdən həkimlər də çox yüklənəcəklər. Həkimlərin ümumiyyətlə düşünməyə vaxtları qalmayacaq”.

“Tibbi personalın sayı azaldılmırsa, xidmətə çıxışda problem olmamalıdır” 

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov istənilən struktur dəyişikliyinin ilkin mərhələdə adaptasiya tələb etdiyini bildirir: “Bizim üçün əsas məsələ odur ki, bu inteqrasiya birbaşa xidmət keyfiyyətinin yüksəlməsində özünü göstərsin. Əgər binaların fəaliyyəti saxlanılırsa və fiziki məsafə dəyişmirsə, vətəndaş üçün mənfi hal yaranmamalıdır”. Pasiyentlərin gözləmə müddətinin uzanması və xidmətə çıxışın çətinləşməsi riskinə gəlincə, A.Hüseynov hesab edir ki, belə bir riskin yaranmaması üçün proses düzgün idarə olunmalıdır: “Tibbi personalın sayı azaldılmırsa, xidmətə çıxışda problem olmamalıdır. Əksinə, üç poliklinikanın imkanlarının (məsələn, laboratoriya və ya diaqnostik avadanlıqların) birgə istifadəsi pasiyentin lazımi müayinədən daha tez keçməsinə şərait yarada bilər. TƏBİB-in də bəyan etdiyi kimi, optimallaşdırma tibbi heyətə toxunmur, yalnız təkrarlanan inzibati funksiyaları əhatə edir. Bizim də gözləntimiz odur ki, mərkəzləşmə həkimlərin üzərindəki qeyri-tibbi və bürokratik yükü azaldacaq. Həkim inzibati işlərə az vaxt sərf edərək bütün diqqətini pasiyentə ayıra biləcək. Bu da nəticə etibarı ilə həm həkimin iş şəraitinin yaxşılaşmasına, həm də müayinənin keyfiyyətinin artırılmasına zəmin yaradacaq”.
Təşkilat rəhbərinin sözlərinə görə, səhiyyənin təşkilinin yüksək səviyyədə olması üçün pasiyentin qarşılaşa biləcəyi çətinliklər minimuma endirilməlidir: “Vacib addım səhiyyənin tam rəqəmsallaşması və davamlı maarifləndirmədir. Ən əsası, İctimai Monitorinq Qrupu yaradılmalıdır. Keçid dövründə vətəndaş şikayətlərini operativ həll etmək üçün Pasiyent Təşkilatı və TƏBİB nümayəndələrindən ibarət birgə işçi qrup təşkil olunmalıdır. Bunlar səhiyyənin idarə edilməsində yaranan çətinliklərin operativ və keyfiyyətli şəkildə həll olunmasına gətirib çıxaracaq”.

“Mərkəzləşmiş müəssisə olsa, xəstə, yəqin ki, vaxt itirməz” 

Həkim-terapevt Məlahət Abbasovanın da fikrincə, bu proses pasiyentləri nizamlaya bilər: “Ayrı-ayrı yerlərə paylaşmaqdansa, müraciətləri bir nöqtədə nizamlanar. Bəzən olur ki, hansısa bir tibb müəssisəsində xəstənin istədiyi prosedur icra olunmur. Pasiyent oradan çıxıb, yola pul xərcləməyə və başqa tibb müəssisəsinə getməyə məcburdur. Amma mərkəzləşmiş müəssisə olsa, xəstə, yəqin ki, vaxt itirməz və müayinəsi üçün lazım olan prosedurlar bir mərkəzdə daha əlçatan olar”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər