Xan qızının rənglər aləmi
"Xan qızı” adı
ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan
görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi
tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası
olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür
etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən
bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o
qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən
sənət nümunələri kimi qəbul olunurlar. Tarix onun Qafqazda, o cümlədən Bakıda səfərdə
olan məşhur fransız yazıçısı Aleksandr Dümaya özünün qonağı heyrətə gətirən
tikmələrini bağışladığı faktını yaşatmaqdadır.
Ziyadxan Əliyev
Şairənin rəssamlıq irsi də
olduqca maraqlıdır. Belə ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan
təsviri sənətinin inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirib.
Bu yerdə əlavə edək ki, orta əsrlərdə duyulası tərəqqi mərhələsini yaşayan Azərbaycan
miniatür rəssamlığı tədricən qazandığı özünəməxsus bədii-estetik məziyyətləri
artıq XİX əsrdə özündə Qərb və Şərq bədii ənənələrini birləşdirən yeni əlamətlərlə
zənginləşməyə başlamışdı. Bu prosesdə Naxçıvan və Şuşa rəssamlıq məktəbi nümayəndələrinin
aparıcı rol oynadıqlarını vurğulamaq lazımdır.
Əgər bilavasitə
Şuşada gedən bədii proseslərə nəzər salsaq, onda rəssamlığın müxtəlif sahələrində
Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği, onun qardaşı Səfər
və oğlu Şükürlə yanaşı Xurşudbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini
qeyd etməliyik. Onun çəkdiyi rəsmlər bədii həllinə görə o dövrdə yaradılan təsviri
sənət nümunələri arasında özünəməxsusluğu ilə seçilir.Şairənin 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda (hazırda M.Füzuli adına
Əlyazmalar İnstitutunda saxlanılır) onun bənzərsiz gözəllik duyumu ilə tanış
olmaq mümkündür. Mütəxəssislərin həm də "Gül dəftəri” adlandırdıqları bu
albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və
karandaşla çəkdiyi müxtəlif güllər – qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən,
lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında mənzərə və müxtəlif
bitkilərin təsvirinə də rast gəlmək mümkündür. Onların sayı otuza çatır.
Bütünlükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng
çalarlarında ifadə olunan təsiredici ovqat şairənin poetik irsinin daşıdığı
lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifəsində yanaşı
yerləşdirilmiş şeir və təsvirin oxuciua-tamaşaçıya aşıladığı bədii-psixoloci əhvali-ruhiyyə
də təsdiqləyir.
Yuxarıda qeyd
etdiyimiz kimi, Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan
təsviri sənətinin yeni bədii-estetik məziyyətlərlə yeniləşməsinə xidməti ilə
diqqət çəkir. Əgər M.M.Nəvvab bunu daha çox Şuşada, Usta Qəmbər isə Şəkidə gerçəkləşdirdikləri
divar rəsmlərində ifadə etmişdisə, Natəvan ifadə vasitələrinin özünəməxsusluğunu
qrafika sahəsində reallaşdırmışdı. Əlavə edək ki, şairənin rəssamlıq sahəsindəki
adlarını çəkdiyimiz kişi həmkarlarının müxtəlif funksiyalı binaların interyerinə
gözəllik bəxş edən divar rəsmləri daha çox bədii ifadənin monumental-dekorativ
xüsusiyyətinin qabardılmasına istiqamətlənmişdisə, onun özü əsərlərinin lirik
duyğu daşıyıcılığına yüksəlməsinə çalışmışdı. Bu mənada Natəvan ünvanlı bədii
irsdə gerçəkliyin fərqli bədii görkəm alması məsələsini qiymətləndirməli olsaq,
onda bu fərdi bədii xüsusiyyətin özündə ənənə və müasirliyi birləşdirdiyini vurğulamalıyıq.
Belə ki, görüntüyə gətirilənlər duyulası qədər real görkəmə malik olmaqla
yanaşı, həm də bədii stiləzəyə məruz qalmış lakonik biçimdədir. Başqa sözlə desək,
işıqlı yerlikdə gerçəkləşməyi ilə qədim Çin-uyğur bədii ənənələri ilə, bədii
ümumiləşdirmələri ilə Təbriz miniatür məktəbi nümunələri ilə səsləşən, onlarla
anım yaradandırsa, Natəvan rəsmləri eyni zamanda həm də bədii şərhinə görə
kifayət qədər realdırlar. Onun naturadan çəkildiyi şübhə doğurmayan "Üzüm
salxımı”, "Lalə”, "Gül”, "Çiçək”, "Süsən”, "Qərənfil” və s. rəsmləri Azərbaycan
təsviri sənətində sonradan geniş yayılacaq natürmort janrının ilkin işartısı
olması baxımından da əhəmiyyətlidir. Bilərəkdən təsvirin diqqətçəkənliyini şərtləndirən
neytral fon-yerlikdə görüntüyə gətirilən "cansız əşyalar” Natəvan təqdimatında,
onun bədii təfsirində cəlbedici olmaqla yanaşı, həm də dəyişkən rəng həllinə
görə duyğulandırıcı və yaddaqalandırlar. Bununla da Azərbaycan poeziyasında dərin
iz saldığını bənzərsiz qəzəlləri ilə təsdiqləyən şairə o vaxta qədər ki, milli
təsviri sənətimizdə yer almış əfsanəvi-mifik obrazlar dünyasına yeni motivlər gətirib.
Xurşiubanu Natəvan haqqında söz açdığımız alboma çəkdiyi "Bülbül”, "Bənövşə”,
"Gül”, "Qərənfil” və "Pərvanə” təsvirlərinin yanında bu zərif və incə varlıqlara
həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin
yaddaqalan sintezini yaratmağa nail olub. Əslində, bunun özü də zəngin tarixə
malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani
nümunəsi sayıla bilər…
Xan qızının "Gül dəftəri”, yeri gəlmişkən bu rəsmlərin toplandığı 227 səhifəlik
albomun zahiri bədii tərtibatından söz açmasaydıq, yəqin ki, onu görənlər bizi
haqlı olaraq diqqətsizlikdə günahlandıra bilərdilər. Belə ki, albom ilk növbədə
cildindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək
elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi
tarixlə "1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri
tarixlə "1304-cü il” toxunub…
Natəvanın çəkdiyi bülbül at, pərvanə və digər varlıqların təsvirlərində
də onun gerçəkçi sənətin bədii ənənələrinə bələdçiliyi duyulur. Bütün bədii
yaradıcılığı boyu özünün fitri istedadını sərgiləyən Xan qızı nəbati motivli rəsmlərində
olduğu kimi fauna aləminə həsr etdiyi əsərlərində də həm qədim milli bədii ənənələrə,
həm də artıq Azərbaycan bədii məkanında özünü "qonaq” hesab etməyən Avropa
realist-gerçəkçi sənətinin ifadə xüsusiyyətlərinə bələdliyini nümayiş etdirməyə
nail olub. Onun artıq Azərbaycan təsviri sənətində möhkəmlənməkdə olan Qərb rəssamlığına
xas ifadə vasitələrindən geniş istifadə etməsini çəkdiyi mənzərələrdə izləmək
mümkündür. Natəvanın bədii ifadə tərzində müəyyən qədər primitiv sənət prinsiplərinin
mövcudluğu isə bütünlükdə kompozisiyalara xoşagəlimlilik bəxş edib, desək,
yanılmarıq. Bu mənzərələr özündə həm ayrı-ayrı təbiət detallarını, həm də şəhər
və dəniz mənzərələrini əhatə edir. Əgər o, gözəgəlimli ağacları və ifadəli
siluetə malik budaqları bilavasitə doğma Qarabağ təbiətində aşkar edib bədiiləşdirmişdisə,
şəhər və dəniz mənzərələrini Bakı və Tiflisə səfərləri zamanı çəkmişdi. Mənzərə
janrında çəkilmiş bu əsərlərin zamanına görə diqqətçəkən bədii məziyyəti
onlarda perspektivin və fəza dərinliyinin özünəməxsus tərzdə ifadə olunmasıdır.
Qeyd etdiyimiz bu məziyyətləri Natəvanın çəkdiyi Qarabağ ünvanlı lövhələrlə
yanaşı, "Bakı mənzərəsi”, "Dağlara yol”, "Dəniz kənarı”, "Məscidli qala”,
"Sahil kənarında körpü” və s. mənzərələrində müşahidə etmək olar.
Tarixdən şairə-rəssamın Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən bir-neçə
gözoxşayan mənzərələr işlədiyi də məlumdur. Onun "Metex qalası”, "Şeyx Sənan
dağı”, "Narınqala”, "Kür qırağı” və "Müctəhid bağı” mənzərələri bu gün bədiiliyi
ilə yanaşı Gürcüstan paytaxtının XIX əsr görkəminin necəliyini yaşatdığından həm
də tarixi əhəmiyyət kəsb edir. Natəvanın bədii yaradıcılığını görən müasirləri
həmin əsərləri yüksək dəyərləndirmişlər. Şair Həsən Yüzbaşının Natəvanın mənzərələri
barəsində dilə gətirdiyi "Bunu nəinki adi bir insan, hətta Şərqin məşhur rəssamlarından
olan Mani və Behzad da yarada bilməz” sözlərində müəyyən qədər mübaliğə olsa
da, hər halda şairə-rəssamın əsərlərindəki yüksək sənətkarlığın hələ zamanında
müasirlərinin diqqətini cəlb etdiyini və heyrətləndirdiyini təsdiqləyir.
Xurşudbanu Natəvanın "Gül dəftəri”nə daxil edilmiş bədii yaradıcılıq nümunələri
arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında
məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək
olar ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə
Dağıstana səfərləri zamanı çəkilib…Natəvanın C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan dörd rəsm əsəri
də gül-çiçək motivli olmaqla, özünün ifadəli görünüşünə və incə rəng həllinə
görə maraq doğurur.
Yəqin ki, lirik duyğulu şairənin həm də incə zövqlü qadın olması qarşılığında
muncuqlu tikmə üsulunda gözoxşayan tikmələr ərsəyə gətirməsini təbii saymaq
olar. Yaxşı haldır ki, belə nümunələrin bəziləri vaxtı ilə dövlət muzeyləri üçün
alınıb. Bu səbəbdən də bu gün bizim onları görmək, bu milli dekorativ-tətbiqi sənət
nümunələrini dəyərləndirmək imkanımız yaranıb. Məlumat üçün bildirək ki, məişətdə
istifadəsi nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan Tarixi və Milli Azərbaycan
İncəsənəti Muzeylərində saxlanılır. Əlavə edək ki, muncuqlarla bəzədilmiş belə
nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı X.Usmiyev 1858-ci ildə Bakıya
gəlmiş məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşündən sonra, qonağa ona
bağışlanan silaha cavab olaraq ərməğan edib. Yeri gəlmişkən, Natəvan bəzilərinin
iddia etdiyi kimi Dümanın Qafqaz səfəri zamanı onunla Qarabağda yox, bilavasitə
Bakıda – İçərişəhərdə görüşüb. Deyilənə görə azərbaycanlı şairənin həmin əl işi
bu gün də Dümanın Fransadakı ev muzeyində saxlanılır.
Yekun olaraq demək olar ki,
Xurşudbanu Natəvanın özündə qrafika və dekorativ-tətbiqi sənət sahəsində
yaratdığı əsərləri əhatə edən bədii irsi daşıdığı yüksək bədii dəyərə görə XIX əsr
Azərbaycan incəsənətinin inkişafında yaddaqalan mərhələ olmaqla yanaşı, öz
yaradıcılığında poeziya ilə təsviri sənəti uğurla qovuşdurmağı bacaran incə
zövqlü bir sənətkarın gözəllik duyumunu əks etdirən, qədim və tutumlu bədii
saxlancımızı zənginləşdirən bədii-tarixi əhəmiyyətli milli sərvətdir. Odur ki, əslində
çoxdan zamansızlaşdığını təsdiqləyən belə irsin bundan sonra da bütün məkanlarda
xalqımıza başucalığı gətirəcəyi birmənalıdır…
Ziyadxan Əliyev