Xalqın xidmətçisi – qurucu Lider
Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini
yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi 90-cı illərin əvvəllərində
daha da aqressivləşmiş, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20
faizi işğal edilmiş, 1 milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə
çevrilmişdi. Eyni zamanda, SSRİ-nin süqutu ilə respublikanın ənənəvi iqtisadi
və ticarət əlaqələri pozulmuş, maliyyə-iqtisadi və siyasi böhran dərinləşmişdi.
Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan
sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli birlik
və vətəndaş həmrəyliyi yaradıldı, cəmiyyət həyatının bütün sahələrində
yenidənqurma prosesi başlandı. Müstəqil dövlətimizin qurucusu və banisi,
ümummilli liderimiz Heydər Əliyev 16 ildir ki, aramızda yoxdur. Lakin onun
ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik ənənələri, şah əsəri olan, uğrunda
mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və
mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan
Respublikası inkişaf edir və yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı
təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
2. Öz amalı və işi qarşısında məsuliyyət hissi daşımaq;
3. Yüksək daxili inam və təmkin qabiliyyətinə malik olmaq, reallıqların təsiri və təzyiqinə qarşı təmkinli davranmaq, hadisələrin fövqünə qalxa bilmək.
2. Lider-xidmətçi: bu tip liderlər öz ardıcıllarının maraqlarını dəqiq ifadə edərək, həmin maraqları məsuliyyətlə realizə etmək qabiliyyətinə malik olurlar.
Qeyd olunur ki, xidmətçi liderlər öz xalqının maraqlarının ardıcıl ifadəçisi kimi çıxış edərək, qətiyyətli və mütəşəkkil formada həmin maraqları müdafiə və təmin edirlər. Praktikada belə liderlər seçicilərinin ehtiyac və tələblərini, inamlarını və gözləntilərini daim öyrənir və nəzərə alaraq fəaliyyət göstərirlər. Məhz xalq-seçici və onun maraqları bu tip liderlər üçün əsas fəaliyyət istiqamətlərini və məqsədlərini formalaşdırır.
Əli Həsənov
tarix elmləri doktoru, professor
Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu yəqin
edən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu
siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək, 76,8 faiz səslə
Prezident seçdi. Bu tarix həm də ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən təməli qoyulan, 1991-ci ildən isə yenidən bərpa edilən
milli demokratik dövlətçilik tariximizin xüsusi mərhələsinin başlanğıcı kimi
xarakterizə oluna bilər.
İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq
nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara
söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi
"Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa
müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar
qazandırdı. Elə bu səbəbdən 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən
növbəti prezident seçkilərində də İlham Əliyev Azərbaycan xalqının böyük
dəstəyi ilə yenidən inamlı qələbə qazandı.Siyasətşünasların qənaətinə görə, Azərbaycanda Heydər Əliyev siyasi
kursunun davam etməsi və ölkənin onun müəyyənləşdirdiyi inkişaf yolu ilə
getməsinin qarantı rolunda məhz Ümummilli Liderin özü qədər inandığı və yüksək
liderlik keyfiyyətlərinə güvəndiyi İlham Əliyev çıxış edə bilərdi. Sonrakı
proseslər də sübut etdi ki, müasir Azərbaycan dövlətinin xilaskarı və banisi
Heydər Əliyev öz seçimində qətiyyən yanılmayıb və onun siyasi kursunun
davamçısı olan Prezident İlham Əliyev öz ölkəsini sonrakı dinamik inkişaf
yoluna çıxara bilmiş, yeni idarəçilik modeli ortaya qoyaraq AZƏRBAYCANIN QURUCU
LİDERİ kimi özünü təsdiq etmişdir.
Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, ilk növbədə,
ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi
platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi, siyasi plüralizmi,
demokratik təsisatları və vətəndaş cəmiyyəti institutlarını daha da
möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların hüquq və azadlıqlarının
qorunmasını və ölkənin əmin-amanlığını təmin etmişdir. Bununla yanaşı, haqqında
bəhs olunan dövrdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli
layihələrin reallaşdırılması, ictimai və mənəvi həyatın modernləşdirilməsi,
təsərrüfat və turizm sektorlarının genişləndirilməsi, şəhər və kəndlərin,
xidmət və infrastrukturların yenilənməsi və s. sahələrdə geniş yenidənqurma
işləri həyata keçirilmişdir. Görülən işlər qısa zaman kəsiyində vətəndaşların
rifah halının getdikcə yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə,
bazar iqtisadiyyatına çətin uyğunlaşan şəhid ailələrinə, müharibə veteranları
və əlillərə, qaçqın və məcburi köçkünlərə, elm və təhsil işçilərinə qayğının
artırılmasına, ordu quruculuğuna, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin
inkişafına, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq
ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə, gənclər və idman
siyasəti sahələrində yeni-yeni uğurların qazanılmasına şərait yaratmışdır.
Bununla yanaşı, İlham Əliyevin Prezident olduğu dövr ərzində digər əsas daxili
inkişaf parametrləri – makroiqtisadi sabitlik, iqtisadi islahatların
aparılması, sosial və mənəvi təminat sisteminin dinamikasının təmin edilməsi,
müsbət demoqrafik vəziyyətin qorunması, miqrasiya və urbanizasiya proseslərinin
dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin səmərəliliyi və
digər bir çox sahələr üzrə də Azərbaycan region ölkələri arasında ön sıralara
çıxa bilmişdir. Keçirilmiş islahatlar və qazanılmış uğurlar nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən də etiraf edilib və edilməkdədir.
İlham Əliyev bütün bu uğurlara necə nail olmuş, hansı şəxsi və siyasi
keyfiyyətləri onun QURUCU LİDER imici qazanmasına imkan vermişdir?
Bu məqalədə İlham Əliyevin 16 illik prezidentlik fəaliyyəti dövründə
onun bəzi siyasi portret cizgiləri haqqında şəxsi mülahizələrimi oxucuların
diqqətinə təqdim edəcəyəm.Əvvəlcə siyasi ədəbiyyatda lider təsnifatına qısa nəzər salmaq
istərdim. Görkəmli alman sosioloqu Maks Veberə görə, siyasi lider üçün üç əsas
xüsusiyyət həlledicidir:
1. Fədakarlıq (özünü işinə və amallarına həsr etmək);2. Öz amalı və işi qarşısında məsuliyyət hissi daşımaq;
3. Yüksək daxili inam və təmkin qabiliyyətinə malik olmaq, reallıqların təsiri və təzyiqinə qarşı təmkinli davranmaq, hadisələrin fövqünə qalxa bilmək.
Maks Veberin fikrinə görə, hər bir siyasətçi bu keyfiyyətlərə nə
qədər çox malik olursa, o lider mövqeyinə daha çox yaxınlaşır və yüksəlir.
Tanınmış amerikalı alim, dünyada siyasi psixologiya üzrə aparıcı
mütəxəssislərdən sayılan Marqaret C.Herman isə siyasi liderləri belə təsnif
edir:
1. Lider-bayraqdar: bu tip liderlərin öz orijinal siyasi hədəfləri
olur və həmin hədəflər naminə insanları öz arxasınca aparmaq bacarığına malik
olurlar;2. Lider-xidmətçi: bu tip liderlər öz ardıcıllarının maraqlarını dəqiq ifadə edərək, həmin maraqları məsuliyyətlə realizə etmək qabiliyyətinə malik olurlar.
Qeyd olunur ki, xidmətçi liderlər öz xalqının maraqlarının ardıcıl ifadəçisi kimi çıxış edərək, qətiyyətli və mütəşəkkil formada həmin maraqları müdafiə və təmin edirlər. Praktikada belə liderlər seçicilərinin ehtiyac və tələblərini, inamlarını və gözləntilərini daim öyrənir və nəzərə alaraq fəaliyyət göstərirlər. Məhz xalq-seçici və onun maraqları bu tip liderlər üçün əsas fəaliyyət istiqamətlərini və məqsədlərini formalaşdırır.
Siyasətşünaslıq və sosiologiya elmində əlavə olaraq, öz xalqının
tarixində xüsusi rol oynayan islahatçı və inqilabçı lider anlayışları da
mövcuddur. Belə liderlərə xalqlarının, dövlətlərinin gələcək taleyi üçün
dəyişikliklərin gərəkliliyini dərk edərək, ya inqilabi yolla, ya da inandırma
yolu ilə, tədrici islahatlar həyata keçirməklə, ictimai ideallara, milli-mənəvi
dəyərlərə söykənməklə hərəkət etmək xasdır.
Əlbəttə, politoloqlar bütün bu sıralamada qeyd olunan lider tiplərini
nəzəri baxımdan təsnif edirlər, lakin real siyasi müstəvidə isə bəhs olunan
liderlər bu və ya digər tiplərə aid edilsə belə, onlar başqa qrupa aid olan
liderlərin də müxtəlif keyfiyyətlərini az, yaxud çox formada özündə daşıyır,
sadəcə bu keyfiyyətlərdən hansının daha çox üstünlük təşkil etməsinə görə bu və
ya digər tipə aid edilir.
İlham Əliyevin ictimai-siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının
proporsional siyahısına rəhbərlik etməsi ilə başlayıb. Bu, artıq onun özünü
Heydər Əliyev siyasi irsinin davamçısı kimi gördüyünün açıq şəkildə ifadəsi
idi. Bununla da o zaman mediada İlham Əliyevin hakimiyyətə hansısa yeni partiya
və ya siyasi qüvvə ilə gələcəyi haqda spekulyativ müzakirələrin də
əsassızlığını nümayiş etdirdi.
Prezident kimi fəaliyyətə başladıqdan sonra da ilk çıxışlarında o,
Heydər Əliyevin daxili və xarici siyasət kursunu davam etdirəcəyini, ölkəni
tədrici, amma davamlı islahatlar yolu ilə irəli aparacağını bəyan etmişdi. Bu
vədə əməl olunduğunu biz keçən müddətdə təkcə siyasətə baxışda deyil, həyatın
bütün sahələrində siyasi varisliyə, milli ənənələrə və mənəvi dəyərlərə
münasibətdə müşahidə etdik. İlham Əliyev, eyni zamanda, təkcə Heydər Əliyevin
daxili və xarici siyasət kursunu davam etdirməklə kifayətlənmədi, korrektə və
islah edilməsi vacib olan bütün sahələrdə mütləq islahatlar apardı, müasir
dünya nizamının və transmilli tərəfdaşlıq əlaqələrinin yeni çağırışlarına
adekvat reaksiya verərək, inamla gələcəyə doğru irəlilədi.
İlham Əliyev Azərbaycanın inkişafını necə təsəvvür etdiyini 2019-cu
il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısında çıxışı zamanı yığcam olaraq belə ifadə
etmişdir: "Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş
addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, həll olunmamış
problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları
aradan götürək və bunu edirik...”.
Bu fikirlər İlham Əliyevin islahatçı yanaşmasını digər postsovet
ölkələrində, eləcə də 1990-cı illərin əvvəllərində Azərbaycanda müşahidə
etdiyimiz "rəngli inqilabi dəyişiklik” platforması tərəfdarlarının
yanaşmasından köklü şəkildə fərqləndirir. "Rəngli” – qanlı inqilabların
liderləri özlərinə qədər mövcud olan idealları, siyasi, bəzən də mənəvi irsi
inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, dinin, ölkənin
adının, əlifbasının dəyişdirilməsini, bir sözlə, hər şeyin məhv edilib sıfırdan
başlamasını məqsədəuyğun hesab edirlər. Prezident İlham Əliyevin islahatlar
kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer yoxdur. İslahatların
yeni mərhələsinə start verilməsi də "rəngli inqilab”ların təklif etdiyi yol
deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer
Almaniyasında, 1980-1990-cı illərin Məhazir Məhəmməd Malayziyasında, 1960-1970-ci
illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu
keçmiş digər ölkələrdə müşahidə etdiyimiz köklü islahatlar yoludur.Əlbəttə ki, biz bu yazıda qarşımıza dərin psixoloji-siyasi portret
yaratmaq məqsədi qoymadığımızdan liderlik haqda bu tanıtma ilə kifayətlənirik.
Prezident İlham Əliyevi xarakterizə edən keyfiyyətlər, əlbəttə, təkcə
bir lider tipinə xas deyil. Yuxarıda da qeyd edildiyi kimi, dünyanın müasir
siyasi səhnəsində yer alan liderlər adətən bir neçə siyasi portret tipinə aid
keyfiyyətlərin daşıyıcısı olur, lakin onlarda bu və ya digər lider obrazının
ümdə xüsusiyyətləri daha qabarıq nəzərə çarpır. İlham Əliyevin prezidentliyi,
daha əvvəl isə YAP-ın proporsional sistem üzrə seçki siyahısına və Azərbaycan
parlamentindəki YAP qrupuna, AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərliyi
və Azərbaycan Respublikasının Baş Naziri kimi fəaliyyəti onu QURUCU-İSLAHATÇI
LİDER tipinə aid etməyə əsas verir.
Bunu bizim İlham Əliyevin keçdiyi siyasi
bioqrafiyaya, fəaliyyətinin xarakteristikasına, özünəməxsus leksikonuna aid
təqdim etdiyimiz nümunələr də təsdiqləyir.
Azərbaycançılığı əvvəlcə qurucusu olduğu Yeni Azərbaycan
Partiyasının, daha sonra Azərbaycan dövlətinin əsas ideologiyasına çevirmiş,
dövlətçiliyimizin xilaskarı, dünya azərbaycanlılarına layiq olduqları
ucalıqların hədəflərini müəyyən etmiş Heydər Əliyevin timsalında Azərbaycan
siyasəti parlaq BAYRAQDAR LİDER tipinə şahidlik etmişdir. Məhz buna görə də biz
dövlətimizin xilaskarı olan Heydər Əliyevi ÜMUMMİLLİ LİDER olaraq qəbul edirik.
Adətən bayraqdar liderləri onların ideallarını yeni dövrə uyğunlaşdıraraq
ardıcıl həyata keçirən qurucu liderlər əvəz edir. İlham Əliyev də öz
çıxışlarında dəfələrlə "mən xalqın xidmətçisiyəm”, "hər bir məmur xalqının
xidmətçisi olmalıdır”, xalqın üzləşdiyi ən çətin anlarda – zəlzələ, təbii
daşqınlar vaxtı "sizə xidmət etməyə gəlmişəm” deyərək, hakimiyyəti xalqa
layiqli xidmət vasitəsi kimi dəyərləndirmiş, hökumətin öz fəaliyyəti ilə bağlı
mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə
ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin
zəruri tələbi kimi önə çəkmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bildirir ki, "mən son 15
il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan
sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi,
xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var:
güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.ABŞ-ın Berkli (Kaliforniya) Universitetinin sosiologiya və hüquq üzrə
professoru Filipp Selznik "İdarəçilikdə liderlik. Sosioloji interpretasiya”
əsərində qeyd edir ki, qurucu liderlik innovasiyalı ideyaların inkişafı naminə birgə
fəaliyyət konsepsiyasına əsaslanan liderlik üslubudur.
"The Servant Leader” (xidmətçi lider) kitabının müəllifləri Kennet
Hartli Blanşard (K.Hartley Bllanchard) və Fil Hodces ( Phil Hodges) hesab
edirlər ki, liderlik nə idarəçiliyə, nə gücə bağlı deyil; lider başqalarının
özləri üçün müəyyən etdiyi baxışlar çərçivəsində daha yaxşı yaşamasına çalışır,
onların baxışları isə bütövlükdə cəmiyyətin xoşbəxtliyini nəzərdə tutur. Qurucu
lider qısamüddətli deyil, uzunmüddətli hədəflər naminə çalışır, cəmiyyətə
davamlı faydası olacaq addımlar atır və bir qayda olaraq uğurlar qazanır, yeni
ideyaların, fikirlərin meydana çıxmasına şərait yaradır, ardıcıllarının,
seçicilərin, xalqın mənafeləri naminə çalışır, onun hakimiyyətinin əsas qayəsi
qurmaq, yaratmaq, insanlara xidmət etmək olur.
Azərbaycanda son on altı ildə reallaşdırılan regionların inkişafı,
yoxsulluğun azaldılması, xaricdə təhsil, transmilli enerji və nəqliyyat
dəhlizləri, qeyri-neft sektorunun inkişafı və s. sahələrdə qəbul edilib həyata
keçilmiş uzunmüddətli proqramlar, icra edilməkdə olan strateji transmilli
layihələr məhz qurucu və xidmətçi lider olan İlham Əliyevin xalqa xidmətinin
çox uğurlu nümunələridir.
Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident
seçilmiş İlham Əliyev "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”
deyərkən sadəcə vəd vermirdi, xalqa xidmətin gələcək strategiyasını nümayiş
etdirirdi. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev bu vədə, bu
strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı
olmayaraq Azərbaycanın hər bir vətəndaşının Prezidenti oldu. Xalqının
maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışdı, milli mənafelərimizin
müdafiəsi üçün beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz qurucu
mübarizəsindən geri çəkilmədi. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə
aparılan, reallaşdırılan bütün təşəbbüslərin önündə getdi.
Bu illər ərzində yenilənən Azərbaycanın iqtisadi bazisi köklü surətdə
dəyişdi, ölkədə böyük iqtisadi irəliləyişlərə nail olundu. Ötən müddət ərzində
iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb, ölkə
iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub, bu, müstəqillik
dövründə Azərbaycana qoyulan bütün investisiyaların 93 faizini təşkil edir və
onun təxminən yarısı daxili mənbələrin payına düşür. Valyuta ehtiyatlarımız 49
milyard dolları keçib. Ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb. Bu dövr
ərzində maaşlar və pensiyalar 10 dəfəyə qədər artıb. Biznes mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə
güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı
ötüb.
Ötən 16 il ərzində Azərbaycanın sosial-mədəni və təsərrüfat
infrastrukturu başdan-başa yenilənib. Paytaxt küçələrindən tutmuş ən ucqar bölgələrə
qədər nəqliyyat şəbəkəsi inkişaf edib. 15 min kilometrdən çox yol çəkilib,
450-yə yaxın körpü inşa olunub. Paytaxtda 4 yeni metro stansiyası istifadəyə
verilib, bir neçə stansiyada yenidənqurma işləri həyata keçirilib. Xəzər
dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı
fəaliyyətə başlayıb. Ölkədə 3100-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi
inşa edilib, yaxud əsaslı təmir olunub. İnfrastrukturun yenidən qurulması işi
yüzlərlə tarixi binalarda, teatr və muzeylərdə, o cümlədən bütün ali təhsil
ocaqlarında həyata keçirilib. Paytaxtda müasir tələbələrə uyğun inşa edilən
idman sarayları, stadionlar illərdir əhaliyə xidmət göstərir. Bunlarla yanaşı,
respublikanın bütün bölgələrində vətəndaşlara xidmət edən sosial mərkəzlər,
Olimpiya İdman kompleksləri istifadəyə verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli
energetika və nəqliyyat layihələri həyata keçirilib, 2006-cı ildə Xəzər və
Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri,
2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il
sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın
perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol
oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda
Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan
TANAP-ın rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü
ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Respublikada 7 hava
limanı yenidən qurularaq istifadəyə verilib. Bakının Heydər Əliyev Beynəlxalq
Aeroportu dünyanın "5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olub.
Beləliklə, ölkəmiz nəhəng enerji və nəqliyyat qovşağına çevrilmişdir.
Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub.
Dövlətimizin başçısı İlham Əliyev hakimiyyətinin ilk illərindən yerin
təkindəki "qara qızıl”ı yerin üstündəki milli sərvətə – insan kapitalına
çevirməyi hədəfləyən ciddi proqramlar qəbul edib və həmin proqramlar uğurla
icra olunmaqdadır.
Azərbaycan 2008-ci və 2015-ci illərin dünya böhranından minimal
itkilərlə çıxa bilib, bu böhranlar zamanı əhalinin iqtisadi kataklizmlərə
həssas, liberal iqtisadiyyata çətin uyğunlaşan qruplarının müdafiəsi üçün ciddi
addımlar atılıb. Son bir il ərzində həmin addımların ardıcıl olaraq xalqda,
cəmiyyətdə hansı ruh yüksəkliyi yaratdığını, cəmiyyətin İlham Əliyevin
ətrafında necə konsolidasiya olduğunu, xalq-dövlət vəhdətinin necə gücləndiyini
hər kəs müşahidə edir. Bir zamanlar hiperinflyasiya girdabında olan Azərbaycan
bu gün daha böyük fəlakətlər vəd edən, iqtisadi kollaps təhlükəsi yaradan
ümumdünya böhranlarından nəinki şərəflə çıxmış, həm də aztəminatlı təbəqəni
qorumaq, cəmiyyətin orta sinfinin genişlənməsi yönündə uğurlu tədbirlər həyat
keçirmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sadəcə xarici
sərmayələr üçün cəlbedici ölkə deyil, özü də yaxın ölkələrə və Avropa
dövlətlərinə sərmayə qoyur, transmilli nəqliyyat və enerji layihələrinin
təşəbbüskarı, sərmayəçisi kimi çıxış edir. Azərbaycanın qardaş Türkiyədə rekord
məbləğdə – 10 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihələrdə
həlledici söz sahibi olması qürurverici reallıqdır. "Müxalifətçilik missiyası
və Azərbaycanın milli maraqları” adlı bir az əvvəl dərc edilmiş yazımda son 16
ilin iqtisadi-sosial uğurları haqqında geniş bəhs edildiyindən bu
göstəricilərin üzərində təkrarən ətraflı dayanmaq istəmirəm. Sadəcə qeyd etmək
istərdim ki, qazanılmış bütün bu uğurlar, nailiyyətlər sözün mütləq mənasında
tarixi xidmət sayılmalıdır.
Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına,
mədəniyyətin və incəsənətin inkişafına konseptual yanaşma nümayiş etdirir və öz
rəhbər qayğısını əsirgəmir. Bu il martın 1-də Prezident İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir
qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürü idi.
Beləliklə, İlham Əliyevi mənsub olduğu xalqın və dövlətin liderinə
çevirmiş əsas fərdi keyfiyyətlər üzərində fikirlərimi cəmləşdirmək istəyirəm.
İlham Əliyev həddən artıq sədaqətli insandır; o öz əqidəsinə,
inandığı işə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara,
Ümummilli Lider tərəfindən ona əmanət edilmiş siyasi irsə, Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinə həmişə sədaqət nümayiş etdirib. Öz məsləkindən,
amallarından, davamçısı olduğu siyasi kursdan zərrə qədər geri çəkilməyib. Onun
Prezident kimi həyata keçirdiyi bütün işlər Ümummilli Liderin ideyaları,
Azərbaycan xalqının əsas maraq və mənafeləri üzərində qurulub.İlham Əliyev prezidentlik dövründə həmişə qlobal və sistemli düşüncə
tərzinə malik olduğunu nümayiş etdirib. Həm ölkə daxilində gördüyü işlər, həm
də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əksər əməkdaşlıq
platformaları, həyata vəsiqə alan beynəlxalq və regional layihələr qarşıdan
gələn on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda
gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcəkdir.
İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün
aydın hədəflər müəyyən edən, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə
nümayiş etdirən, çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edərək dinamik
və ardıcıl fəaliyyət göstərən, bacarıqlı təşkilatçı, aydın təfəkkürlü rəhbər,
məqsədyönlü və novator siyasətçi, uzaqgörən siyasi liderdir. Onun yüksək
intellektual potensialı, geniş təfəkkürü və dövlət idarəçiliyi sahəsində
çoxillik təcrübəsi dünyanın sürətlə dəyişən reallıqları şəraitində çevik və
optimal qərarlar qəbul etməyə imkan verir.Dünyanın bir çox ölkələrində neft ehtiyatları var, amma karbohidrogen
ehtiyatları ilə zəngin olan bütün ölkələr bu zənginlikdən öz ölkəsindəki
yoxsulluğu azaltmaq, ölkəni inkişaf etdirmək, insan kapitalı yetişdirmək naminə
istifadə edə bilməyib. Neft bəzən onun sahibi olan ölkələrə dağıntı, fəlakət və
vətəndaş müharibəsi gətirir. Azərbaycan isə neft amilindən istifadə edərək
özünün təhlükəsizliyini, inkişafını, vətəndaş məmnunluğunu təmin edib.
İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata
keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, fəaliyyətinin aydın
konturlarını cızır. Azərbaycan dövləti qısa və uzunmüddətli proqramlarla idarə
olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev müəyyən etdiyi
hədəfləri, verdiyi vədləri proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm,
qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf
edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə
yad xüsusiyyətlərdir. Dövlətimizin başçısı öz çıxışlarında populist vədlərin,
volyuntarist qərarların regionumuzdakı bəzi ölkələrin nümunəsində necə mənfi
fəsadlar verməsini daim qeyd edir. Beləliklə, İlham Əliyevin yürütdüyü
məqsədyönlü siyasət əhalinin rifah halının daim yüksəldilməsinə hesablanmışdır.
İlham Əliyev olduqca qətiyyətli və güclü siyasi iradəsi olan
liderdir. O, Azərbaycan naminə planlaşdırdığı siyasəti, proqram və layihələri
həyata keçirmək üçün böyük əzm, titanik iradə nümayiş etdirir, bəzən
qeyri-mümkün görünən ideyaları gerçəyə çevirməyi bacarır. Onun rəhbərliyi ilə
icra olunan strateji kurs Azərbaycanın beynəlxalq nüfuzunun və rolunun durmadan
yüksəldilməsinə yönəlib.
Prezident İlham Əliyevin liderlik keyfiyyətləri – dərin zəkası, böyük
erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərar qəbul etmək bacarığı
müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir.
İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici
investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb. Dünyada siyasi və
iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı
tərəqqi nümayiş etdirir.
Yüksək peşəkarlıq və diplomatik məharət İlham Əliyevin siyasi
karyerasındakı əsas fərqləndirici xüsusiyyətlərdən biridir. Soçidə
"Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar
sessiyasında və MDB dövlət başçılarının Aşqabad toplantısında səsləndirdiyi
beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli çıxışlar bir lider
olaraq İlham Əliyevin diplomatik məharətinin göstəricisi sayıla bilər.
Prezidentin öz dili ilə ifadə etsək: "bu gün regionla bağlı elə bir məsələ
yoxdur ki, o məsələdə Azərbaycanın rəyi, mövqeyi, rolu nəzərə alınmasın”.Dünyada elə liderlər var ki, yalnız idarə etdiyi dövlətin
qüdrətindən, fövqəl gücündən çıxış edərək, daim beynəlxalq təhlükəsizliyi
təhdid altında saxlayır, beynəlxalq ədaləti öz ölkəsinin, bəzən də ona yaxın
olan bu və ya digər transmilli qrupların xeyrinə pozmaqdan çəkinmir. Lakin elə
liderlər də var ki, idarə etdiyi ölkənin iqtisadi, hərbi, coğrafi və ya
demoqrafik resurslarından asılı olmayaraq öz liderlik keyfiyyətləri, siyasi
əzmi və qətiyyəti ilə dünyanın ədalət tərəzisinin şərin lehinə əyilməsinin
qarşısını alır, daha ədalətli qərarların qəbul edilməsinə nail olur. İlham
Əliyev məhz belə liderlərdəndir. Ərazicə və əhali resurslarına görə kiçik olan
Azərbaycan İlham Əliyevin siyasətinin gücüylə hazırda bütün dünyada öz
maraqlarını təmin etməyi bacarır. Onun səyləri, uğurlu diplomatik kursu
sayəsində, demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini
müdafiə edən qərar və qətnamələr qəbul etmişdir. Bəzən onun qətiyyətli
addımları opponentlər tərəfindən ciddi riskli mövqe kimi dəyərləndirilir.
Məsələn, Türkiyə ilə Ermənistan arasında Sürix protokolları ilə bağlı İlham
Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqeyin hədəfinə çatmayacağı iddia
olunurdu, çünki o protokolların arxasında həm ABŞ, həm Rusiya, həm də Avropa
İttifaqının müəyyən dairələri dayanırdı. Lakin İlham Əliyev Türkiyə elitasının,
Türkiyə ictimaiyyətinin rəyini düzgün dəyərləndirdiyindən, Ermənistan
rəhbərliyinin kiçik bir bəhanə ilə sazişdən geri çəkilməyə hazır olduğunu
hesablaya bildiyindən nümayiş etdirdiyi qətiyyətli mövqe həm də olduqca
rasional, soyuqqanlı hesablamalara söykənirdi.
Qeyd etmək yerinə düşər ki, belə uzaqgörənlik, yüksək siyasi fəhm
bacarığı Prezident İlham Əliyevə Ümummilli Liderdən miras qalmışdır. Vaxtilə,
onun BTC haqda qərarını istər ölkə daxilindəki, istərsə də xaricdəki
opponentlər kəskin tənqid edirdilər. Lakin zaman Ümummilli Liderin nə qədər
haqlı olduğunu ortaya çıxardı. Bu gün Azərbaycanı nəqliyyat-tranzit mərkəzinə,
Avropanın əsas alternativ enerji mənbəyinə çevirən, Türkiyə-Azərbaycan
dostluğunu "filoloji romantika”dan əsası Heydər Əliyevin zamanında qoyulmuş, bu
gün isə BTC, BTQ, TAP, TANAP, "Petkim” və s. layihələrlə real iqtisadi zəmin
üzərində "bərkimiş tərəfdaşlığa” çevirən İlham Əliyev siyasətidir.
İlham Əliyev islahatçı, novator liderdir. O, həyatımızın hər bir
sahəsində – təhsildə, iqtisadiyyatda, kənd təsərrüfatında, elmdə, mədəniyyətdə,
şəhərsalmada, Azərbaycanın xarici siyasətində yenilikçi, islahatçı yanaşma
tətbiq edir. Dünyada baş verən dəyişikliklərin, cərəyan edən proseslərin
məntiqindən çıxış edərək Azərbaycanın davamlı inkişafını, sabitliyin
qorunmasını təmin edən qərarlar qəbul edərək həyata keçirir.
Dünya praktikasından bilirik ki, aparılan islahatlar bir çox hallarda
sosial və siyasi gərginliklərlə müşayiət olunur. Bunun fəsadlarını bəzi qonşu
ölkələrdə, eləcə də Avropada müşahidə edirik. Azərbaycanda siyasi və iqtisadi
islahatlar əhalinin, xüsusən aztəminatlı təbəqənin mənafeləri nəzərə alınmaqla
həyata keçirilir, vergi islahatlarında, qiymət və tarif siyasətində bu
təbəqənin xeyrinə differensial yanaşma tətbiq edilir.
İlham Əliyev yüksək siyasi mədəniyyətə malik, hakimiyyətin əxlaqını
nümayiş etdirən humanist bir liderdir. Prezident olaraq ilk çıxışlarında qeyd
etdiyi kimi, aradan keçən müddət ərzində "hər bir azərbaycanlının prezidenti”
olmağı bacarmış, hər zaman siyasi rəqiblərinə qarşı yüksək əxlaqi davranış sərgiləmiş,
siyasi mübarizənin əxlaq çərçivəsində aparılmasının tərəfdarı olmuşdur.
Prezident seçkiləri zamanı siyasi rəqiblərinə üstün imkanlar təmin etmək üçün
hətta seçkiqabağı təbliğatdan da imtina etmişdir. Bu gün bəlli mərkəzlərin
təhriki ilə həm Azərbaycanın bəzi siyasi müxalif qüvvələri, həm xaricdə yaşayan
Azərbaycan əsilli antidövlət qrupları, həm də xarici nəşrlər vasitəsilə
aparılan qaralama, şər, böhtan kampaniyası qarşısında İlham Əliyevin nə qədər
yüksək ləyaqətlə və təmkinlə davrandığını hamı görür. Onun şəhid ailələri,
təbii fəlakətdən əziyyət çəkən vətəndaşlarla görüşlərdə nümayiş etdirdiyi
humanist davranış lider-xalq əlaqələrinin çox gözəl bir nümunəsidir.
Belə yüksək siyasi mədəniyyət Azərbaycan dövlətinin qonşularla
münasibətlərində də həmişə özünü büruzə verib. Bu və ya digər təşviq və
təzyiqlərə baxmayaraq, indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı
platsdarm rolu oynamamışdır. Ermənistanda baş verən son hakimiyyət
dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə, Azərbaycan
tərəfi fürsətcil davranışdan yayınmışdır. Nəticədə bu gün Azərbaycan regionda
sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın
artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya,
NATO və Rusiya hərbi rəhbərliklərinin görüşlərinin keçirilməsi ənənəvi hal
almışdır, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın
verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasətçiləri
tərəfindən dilə gətirilmişdir. İlham Əliyevin siyasi iradəsi təkcə Azərbaycanı
sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirməmişdir, bu gün
Azərbaycan həm də bölgədə sülhün, asayişin, bərabərhüquqlu tərəfdaşlığın
qarantıdır. Onun dünya miqyasında yürütdüyü uzaqgörən siyasət, Azərbaycan xalqının
maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi ölkəmizi regionda və beynəlxalq
aləmdə mühüm aktora çevirmişdir. Azərbaycanı daxildən təhdid edən heç bir
narahatedici məsələ qalmamışdır, dövlətimizin ətrafında formalaşmış xoşməramlı
mühit, yürüdülən komplimentar siyasət isə xaricdən gələn təhdidləri önləməyə
imkan verir.
İlham Əliyev həddindən artıq humanist və insansevər siyasətçidir.
Onun siyasətinin təməlində insan, vətəndaş amili, insanların firavan,
təhlükəsiz həyatı dayanır.
İlham Əliyev insanları sevir, insanlara xidmət
etməkdən zövq alır. Ümumbəşəri ədalətin, dünyada sülhün, təhlükəsizliyin təmin
olunması üçün gərgin mübarizə aparır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, onun təşəbbüsü
ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başladılmış "Bakı prosesi”,
Bakını "humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər
dövlətimizi beynəlxalq dialoqun, əməkdaşlığın və tərəfdaşlığın, sülhün və
təhlükəsizliyin əsas müdafiəçilərindən birinə çevirmişdir. 2019-2022-ci illərdə
dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də
Azərbaycan bu siyasətini davam etdirəcək.
Prezident İlham Əliyev bir siyasi lider və dövlət başçısı olaraq
opponentlərinin əksər hallarda qərəzli və əsassız səciyyə daşıyan
reaksiyalarına vaxt itirmir, ancaq milli hədəflərə yönəlmiş strategiyasını
maksimum effektlə gerçəkləşdirmək üçün çalışır, bu və ya digər addımların
zamanlanmasını dəqiq hesablamalarla həyata keçirir. Kreativ-qurucu liderliyin
əsas xüsusiyyətlərindən biri də elə budur.
Prezident İlham Əliyevin regionların inkişafı, gənclərin təhsili,
insan kapitalına dövlət sərmayəsi qoyması, vətəndaşın sosial haqlarını, sosial
müdafiəsini önə çəkməsi, onların sağlamlığının müdafiəsi ilə bağlı konseptual
siyasət, milli mənəvi dəyərlərin qorunması, yeni nəsillərin öz tarixi irsinə
sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirməsi, Azərbaycanın işğalçı
Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarışlıqlı faydalı əlaqələr
qurması Prezidentin uzaqgörən, müdrik, peşəkar siyasətçi xüsusiyyətini qabarıq
şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən geniş dəstəyə
malikdir. Yerli və ayrı-ayrı xarici qurumlar tərəfindən aparılan monitorinqlər,
keçirilən rəy sorğuları bu dəstəyin mövcudluğunu təsdiq edir. Ötənilki
prezident seçkilərinin nəticələri, eləcə də bu il Fransanın nüfuzlu "Opinion
Way” şirkətinin və Strateji Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğularının
nəticələri xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu.
Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, "siyasətçilərə ictimai
etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur. Bu, İlham
Əliyevin siyasətinə xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul
edilməlidir.
Əminəm ki, siyasi kursunun varisi olduğu ümummilli lider Heydər
Əliyev kimi İlham Əliyevin şəxsiyyəti, eləcə də xalqa, dövlətə xidmətə, onun
təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın
təmin olunmasına həsr edilmiş fəaliyyəti elmi-politoloji, tarixi-fəlsəfi
araşdırmaların obyektinə çevriləcək, dərindən tədqiq olunacaq. Onu xarakterizə
edən liderlik xüsusiyyətləri öyrəniləcək və gənc nəslə çatdırılacaq.
Əli Həsənov
tarix elmləri doktoru, professor