AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalqın rifahının qorunması, özəl sektora fəal dəstək

Xalqın rifahının qorunması, özəl sektora fəal dəstək

Siyasət
02 Aprel 2020, 17:13 3457
Ekspertlər pandemiyanın zərərli təsirlərinin minimuma endirilməsini nəzərdə tutan tədbirlər planını yüksık qiymətləndirirlər

Yeni növ koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası hər keçən gün genişlənməkdə davam edir. Bu infeksiya insanların səhhətində ciddi problemlər yaratmaqla yanaşı, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə də mənfi təsir edir. Belə ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və sair sahələrdə xüsusi iş rejimləri tətbiq olunr, əhalinin sosial təcrid olunması təmin edilir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq hər bir ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Ona görə də mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlığını təmin etmək hər bir dövlətin əsas qayğısıdır. Məhz bu qayğıdan irəli gələrək, Prezidenti İlham Əliyev martın 19-da "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. Bunun ardınca İqtisadiyyat Nazirliyi sözügedən proqramların əsas istiqamətlərini, əhatə dairəsini, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu proqramın mahiyyətini şərh edərək bildirib ki, Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülüb, orta və uzun müddətə əsaslanıb. O, İqtisadiyyat Nazirliyi tərəfindən dəstək proqramının istiqaməti və əhatəsi ilə bağlı təkliflər hazırlandığını, proqramın təxminən 600 minə yaxın insanı əhatə edəcəyini diqqətə çatdırıb: "Dünyada koronavirus pandemiyasının yayılması, neftin qiymətinin düşməsi, eyni zamanda, Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşə bilməz. Ölkəmizdə dörd işçi qrupun yaradılması, sahibkarların bu problemdən minimum zərərlə çıxması, həmçinin vətəndaşlar üçün bu proseslərin mənfi təsirinin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramının hazırlanması kimi qabaqlayıcı tədbirlər görülür. Proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri çərçivəsində bu qədər insanın əməkhaqqı almasında və sahibkarlar tərəfindən əməkhaqqının ödənilməsində müəyyən çətinliklər var. 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışanların təxminən 45 faizindən bir az artıqdır. Eyni zamanda, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki xüsusi karantin rejimi həm də fərdi sahibkarların, xüsusən də xidmət sahəsindəki sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarıb. Vergi güzəştləri ilə bağlı müəyyən imtiyazların verilməsi, sahibkarların banklardan götürdükləri kreditlərə dövlət dəstəyi mexanizminin hazırlanması kimi istiqamətlər mövcuddur. Tələbələrin təhsil haqqının ödənilməsi və ipoteka ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar nəzərdə tutulub. Bundan başqa, kommunal ödənişlərdə insanlara ediləcək güzəştlərlə bağlı da dəstək proqramında müddəalar öz əksini tapıb. Dövlət başçısının tapşırığı, ilk növbədə, vətəndaşların sağlamlığını qorumaq, sonra isə sahibkarlara kömək və sonrakı dövrlərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün qısa, orta və uzunmüddətli proqramların hazırlanmasıdır. Bununla Azərbaycan sahibkarları dövlət başçısının dəstəyini hiss edəcəklər”.
 
 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı bildirib ki, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün Azərbaycan Prezidenti sərəncam imzalayıb, bu dövlət sənədindən irəli gələrək dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb: "Artıq pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupun rəhbəri – iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 10 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, 10 proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunun 3 faizinə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir”.
 


İqtisadçı ekspert F.Yusifov deyib ki, digər sahələrlə yanaşı, sahibkarlığın hər bir istiqamətinə dəstəyi hədəfləyən bu proqramlar ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyini, 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyini nəzərdə tutur: "Bunlarla bərabər, koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi nəticəsində bəzi zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin, imtiyazların və tətillərin verilməsi, sahibkarlıq subyektlərinə yeni verilən və mövcud bank kreditləri üzrə kredit-zəmanət  dəstəyi, vətəndaşların maddi vəziyyətinin dəstəklənməsi üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək, həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi də nəzərdə tutulub. Müvafiq proqramla əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinin dəstəklənməsi də proqnozlaşdırılır. Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.
 
 

Sonda bir daha vurğulayaq ki, Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.

Rufik İSMAYILOV