• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Xalqın iradəsini ifadə edən Komandan

30.10.20 15:37 2623
Xalqın iradəsini ifadə edən Komandan
Rəşadətli Azərbaycan Ordusu tarixi həqiqəti bərpa edir
Xalqın iradəsini ifadə edən hər bir lider, dövlət və hökumət başçısı şəffaf fəaliyyət göstərir, öz vətəndaşları qarşısında hesabat verməkdən çəkinmir. Prezident İlham Əliyevin nümunəsində Azərbaycanda da bu, belədir. Milli-dövlətçilik maraqlarını, vətəndaşlarının mənafeyini hər zaman üstün tutan dövlət başçısı? Nazirlər Kabinetinin rüblük yığıncaqlarında, əlamətdar günlərlə bağlı xalqa müraciətlərində, demək olar ki, əksər tədbirlərdə çıxış edərək ölkədə görülən işlərdən, qarşıda duran vəzifələrdən, başlıca hədəflərdən, həlli vacib problemlərdən geniş söhbət açır. Xarici ölkələrə səfərlərdə, beynəlxalq təşkilatlarda ən yüksək tribunadan Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya çatdıran Prezident İlham Əliyev xalqı qarşısında hesabat verərkən də gerçəkliyə söykənir, reallıqlar barədə ölkə vətəndaşlarını məlumatlandırır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indiyə qədər atılan addımlar, əldə edilən uğurlar və sair barədə də Ali Baş Komandan, Prezident İlham Əliyev daim xalqa hesabat verib.
"Azərbaycan xalqı hər şeyi bilməlidir”
Cari il sentyabrın 27-dən indiyə qədər ötən vaxt ərzində - döyüşlərin getdiyi bir zamanda dövlət başçısı onlarla xarici media qurumuna müsahibələr, açıqlamalar verib. Bu zaman da o, həqiqətləri dilə gətirməklə həm beynəlxalq auditoriyanı, həm də ölkə vətəndaşlarını məlumatlandırıb. Prezident İlham Əliyev oktyabrın 26-da Azərbaycan xalqına növbəti müraciətində bu məqama xüsusi diqqət çəkərək bir daha bəyan edib ki, ölkə rəhbəri olaraq ötən 17 il ərzində daim xalqa həqiqətləri çatdırıb, bundan sonra da bu, belə olacaq: "Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.
"Müharibənin dayandırılması üçün sadə bir formula var”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, dövlətimizin başçısı həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində, həm də oktyabrın 26-da Azərbaycan xalqına müraciətində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib: "Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan hərbi birləşmələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Ölkəmizin mövqeyi beynəlxalq hüquqa əsaslanır və biz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edirik. Cənab Prezidentin qeyd etdiyi kimi, biz ədalətin bərpa olunmasını, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini, faktiki olaraq pozub. Bu yaxınlarda isə Ermənistanın baş naziri Paşinyanın "münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi bir daha qarşı tərəfin təcavüzkar xislətinin göstəricidir”.
İşğalçı qoşunlar torpaqlarımızda olmayacaq
Millət vəkilinin deyib ki, dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında, vaxtilə işğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var. Ermənistanın işğalçı dövlət olduğunu və müharibəni də məhz onun başladığını bildirən S.Fətəliyeva vurğulayıb ki, bu faktı beynəlxalq birlik də yaxşı bilir: "Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir çərçivəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələbləri qarşı susqunluq nümayiş etdirənlər, indi sadəcə atəşkəs təklif edir. Əslində isə müharibənin dayandırılması üçün sadə bir formula var. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır. Belə olarsa, daha atəşkəsin pozulmasına da ehtiyac olmayacaq. Çünki işğalçı qoşunlar torpaqlarımızda olmayacaq və problem sülh yolu ilə həll olunacaq”.
"Düşmən, onların havadarları anlamışdılar ki...”
Milli Məclisin deputatı Naqif Həmzəyev də qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbə yürüşü davam edir, döyüş meydanında tarixi ədalət bərpa edilir. Onun sözlərinə görə, 1988-1993-cü illərdə erməni vandalları tərəfindən işğal edilmiş yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunur və dövlət başçısı hər dəfə xalqa müraciətində yeni yaşayış məntəqələrinin erməni silahlı birləşmələrindən təmizlənməsi barədə xoş xəbərləri çatdırır: "Beş ilə işğal olunmuş əzəli, əbədi torpaqlarımızın, yurd yerlərimizin, erməni vandalları tərəfindən təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaratdığı ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Bu gün xalqımızın böyük ruh yüksəkliyi, orduya inamı, qələbəyə əminlik hissi rəşadətli Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Artıq hər kəs, əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə sarsılmaz Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd əsgərləri tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq, xalqımıza illərdən bəri gözlədiyi Böyük Qayıdışın sevincini yaşadacaq. Hazırda Azərbaycanda – öz torpağımızda, dədə-baba yurdumuzda Vətən müharibəsi gedir. Müzəffər Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan ərazilərimizi azad edir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra dədə-baba torpaqlarımıza gətirilən, qonaqpərvərliyimizdən, böyük ürəyə sahib olmağımızdan istifadə edərək torpaqlarımıza sahib çıxmaq istəyən erməni tör-töküntülərindən, vandallarından doğma ocağımızı, yurd yerimizi qurtarırıq”.
Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında tarixi faktlara istinad edərək Qarabağ həqiqətlərini bütün dünyaya çatdırır: "Cənab Prezident bütün dünyaya bəyan edir ki, ermənilər torpaqlarımıza məqsədyönlü şəkildə gətirilib və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirilib. "Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsus ki, çatdılar”. Xatırladım ki, hələ ötən ilin oktyabrında "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, qəti fikrini bildirmişdi. Ölkə Prezidentimizin "Qarabağ Azərbaycandır” kəlməsi ilə yağı düşmən, onların havadarları anlamışdılar ki, Azərbaycanın səbir kasası artıq daşıb, illərdir torpaqlarını əsirlikdə saxladıqları ölkə Ermənistanın fitnəkar bəyanatlarına sözlə deyil, işlə cavab verməyə qərarlıdır. Bəli, bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Qarabağ Azərbaycandır!”
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər