Onu televiziyadan
izləyirdim, rol aldığı serialın əsas qəhrəmanı olmağı bacarmışdı. İnsanları
canlandırdığı obraza inandırmağı bacardığı üçün, rəğbətim yaranmışdı ona.
Öyrəndim ki, Akademik Milli Dram Teatrının aktrisasıdır. Onunla görüşüb fikir
və düşüncələrini öyrənmək istəyi yarandı. Müsahibimiz istedadlı gənc aktrisa Fəridə
Şahbazovadır. İlk olaraq özünü aparıcı kimi sınasa da, özünü bu sahədə görməyib.
- Avqustun 2-si milli
kinomuzun 121 illik tarixini qeyd etdik. Bu münasibətlə sizi də təbrik edir və fikirləriniz
eşitmək istərdik. - Azərbaycan kinosunun böyük
bir tarixi var. Azərbaycan kinosu illər ötdükcə daha da təkmilləşir və inkişafa
doğru gedir. Bu gün yeni seriallar, filmlər çəkilir, kinoteatrlarımızda yerli
filmlərimizin sayı günü-gündən çoxalır. Təbii ki, bu, çox gözəl haldır. Ancaq
yeni çəkilən filmlərimizə balta
vuranlarımız da az deyil. Cəmiyyətdə
bəzi insanlar tənqidlə təhqiri səhv salıb, yeni filmlər haqqında mənfi fikirlər
səsləndirirlər. Bəzən də filmlərdə yer alan neqativ halları göz önünə gətirmək
və onu ictimailəşdirmək üçün izləyirlər. Özlərini "ağıllı” göstərmək üçün
filmdəki fraqmentləri müzakirəyə çıxarırlar. Mən bunu düzgün hesab
etmirəm. Kino industriyası inkişaf edən hər bir dövlətdə keçid mərhələsi olub. Məsələn,
bir neçə il bundan əvvələ nəzər salsaq, görərik ki, türk filmləri dünya
bazarına çıxa bilmirdi. İndi isə dünya kino bazarında ən çox satılan və
izlənilən filmlər sırasında türk filmləri ön sıralarda yer alır. Filmlərimizdə daha yaxşı nüanslar tapsaq,
inanın ki, kinomuzu irəliyə doğru apara bilərik. - Yaradıcılığınıza nəzər
yetirdikdə, aparıcılıqdan başladığınızın şahidi oluruq. Niyə bu sənəti davam
etdirmədiniz? - Televiziyaya
gəlişim universitet həyatımdan başlayıb. Bu gün teatrda və televiziyada
olmağımın səbəbi müəllimim, Xalq artisti
Azər Paşa Nemətovdur. Azər Paşa müəllim məni birinci kursdan teatra
yönləndirdi. İkinci kursda artıq mən
televiziyada fəaliyyət göstərməyə başladım. Daha sonra özümü bu sahədə görmədim
və aktrisa olaraq yoluma davam etdim.
-
Fikrinizi dəyişməyə səbəb nə oldu? - Verilişlərin birində mənim üçün dəyərli olan Xalq artisti Məmməd
Səfa müəllimin belə bir fikrini eşitdim:
"Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”. Belə
qənaətə gəldim ki, aparıcılıq peşəsi mənim işim deyil. Buna görə də təhsil
aldığım və müəllimlərimin məni yetişdirdiyi aktyorluq peşəsinin arxasınca
getdim. Fikrimcə, insan hansı işlə məşğul olursa-olsun, əsas odur ki, öz işini
sevsin. - Aktrisanın aparıcı olması
çox çətin idi? - Hər işin öz çətin tərəfi var. Aparıcılıq da onun kimi. Ancaq mən
deyə bilmərəm ki, aktrisalar aparıcılıq edə bilməz. Bizim o qədər yaxşı aktrisalarımız var ki, televiziyada
çalışırlar, aparıcılıq edirlər. Tamaşaçı
onları olduğu kimi, səmimiyyətinə görə sevir. Onlar aktrisalıqla bərabər, bu
işin də öhdəsindən layiqincə gəlirlər. Lakin təəssüf hissi ilə qeyd edim ki, mən
bu sahədə yetərincə uğur əldə edə bilmədim.
- Müəlliminiz Azər Paşa Nemətovun çox sərt və
bir o qədər də kaprizli olduğunu deyirlər. Doğurdan da elədir? - Əsla belə deyil. Azər Paşa müəllim dörd il bizə dərs deyib. Bu dörd
ildə nəinki kurs rəhbərimiz olub, bir
çox işlərdə bizə yardımçı olmağa çalışıb. Tələbələri ilə yaxından maraqlanıb,
onların dərdinə şərik olmağa və problemlərini həll etməyə çalışıb. Mənim
fikrimcə, sərt insan heç vaxt bu cür
addım ata bilməz. O, rəhbər vəzifədə çalışır və bəlkə də buna görə zaman-zaman
sərt görünmək məcburiyyətində qalıb. Bəlkə də belə olmasa, işlər yolunda
getməz, böyük bir kollektivi idarə etmək çətin olar. - Sizi serial və filmlərdə,
eyni zamanda ana teatrın səhnəsində də görmüşük. Hansı sizin üçün daha
çətindir? - Ayrı-seçkilik etmək istəməzdim. Mənim üçün onların hər birinin öz
yeri var. Teatrdan başqa, serial və
filmlərdən isə tamam başqa zövq alıram.
- Ancaq serial sizin
simanızı daha tez məşhurlaşdırdı. - Elədir, bu fikirlə razıyam. "İmtahan” serialında tərəf müqabilim
Sənan Əlləzin də obrazımın sevilməsində
böyük rolu var. Çünki serialda bizdən bəhs edən xətdə mən tək
oynamırdım. O ki, qaldı teatra, tear canlı sənət növüdür. Burada insanın ruhu
qidalanır. Filmdə isə obraz
canlandırırsan, kadrlar montaj olunur və arxivdə qalır. Teatrda isə elə vaxtlar
olur ki, bir tamaşanı il boyu oynayırıq. Hətta elə tamaşamız var ki, 10 ildir
ki, onu səhnədə canlandırırıq. Heç vaxt da onu oynamaqdan yorulmuruq. Açıq deyəcəyəm,
serial çəkilişləri məni yorur, amma teatrdan yorulmaq mümkün deyil. Elə vaxtlar
olub ki, özümü yaxşı hiss etməmişəm. Hər hansı tamaşada rol ala bilməsəm də,
tamaşaçı qismində həmin tamaşanı izləməyə getmişəm. Həmin gün teatrdan evə
döndüyümdə, özümü çox yaxşı hiss etmişəm. Yəni deməyim odur ki, mən teatr
mühitində daha yaxşı oluram.
- Aktrisalıq peşəsinə yiyələnmək
istəyən gənclərə məsləhətiniz? - Gənclərə bu sənətlə bağlı tövsiyə verəcək qədər təcrübəli deyiləm. Əgər
bir insanın daxili aləmi zəngindirsə, başqalarına yol göstərməyə ehtiyac duymur.
İndi elə bir cəmiyyətdə yaşayırıq ki, nəinki tamaşaçını, heç azyaşlı uşağı belə
aldada bilmirik. Bu günün insanının gözü açıqdır. Efirdən, səhnədən insanları
aldatmaq mümkün deyil. Kənardan baxan insanlar özləri sənin necə aktyor
olduğunu görür və hər şeyi çox yaxşı qiymətləndirirlər.
- Həm də anasınız.
Övladınızın tərbiyəsində ən çox nələrə diqqət yetirirsiniz? - Çalışıram ki,
övladımın ruhunu incitmədən, onu istədiyim şəkildə yetişdirim. Bəzi valideynlər
övladlarını bolluq içində böyüdürlər. Bu günün uşaqları hər şeyə hazır şəkildə
nail olur. Heç bir çətinlik çəkmədən, yoxluğun nə olduğunu bilmədən inkişaf
edirlər. Mən bunun tərəfdarı deyiləm. Çünki illər keçdikcə, artıq övladına
nəyinsə yoxluğunu izah edə bilmirsən. Ona görə də, mən oğluma bütün bunları izah etməyə çalışıram ki, gələcəkdə
əziyyət çəkməsin.
-
Bəs ailə və sənəti eyni anda
necə idarə edirsiniz? - Düzünü desəm,
ikisini bir arada idarə etmək çox çətindir. Amma buna baxmayaraq, hər iki işin
öhdəsindən gəlirəm. Və buna görə, özümlə fəxr edirəm. Onu da deyim ki, bu
aralar başım çox qarışıqdır. Yeni bir layihə üzərində işləyirik. Bunu ilk dəfə
olaraq sizə açıqlayıram. Yeni layihəmiz ARB kanalında yayımlanacaq. Rol
alacağım serial dram janrındadır.
Serialın adı şərti olduğuna görə, açıqlaya bilməyəcəyəm.
- Sizi komediya janrında görə
biləcəyik? - Düzünü desəm, özümü komediya janrına uyğun olan bir aktrisa kimi
görmürəm. Bilmirəm, bəlkə də nə vaxtsa hansısa rejissor məni bu janrda görər və
həmin filmdə rol alaram. Amma hələ ki, belə bir fikrim yoxdur. Əslində
düşünürəm ki, yumor hissi hər insanda olmur. Bu, insandan dərin intellekt tələb
edir. Tamaşaçıları aldatmağı sevmirəm. Bunu özümə və tamaşaçılara hörmətsizlik
kimi qəbul edirəm. Yəni yalandan gülüb, tamaşaçını nəyəsə süni şəkildə
inandırmağa çalışmaq kimi bir vərdişim yoxdur. Əgər rol aldığım səhnədə
ağlamalıyamsa, bunu içdən edirəm. Bəzən də bu, içimdən gəlməyib. Həmin səhnənin
inandırıcı alınması üçün rejissor məni saatlarla gözləyib.
- Gələcəklə bağlı hansı
planlarınız var? - Düzünü deyim ki, gələcəyə dair yüksək hədəflərim, böyük iddialarım yoxdur.
Həyat mənə nə bəxş edəcəksə, onunla da kifayətlənəcəyəm. Mən bu günümlə yaşayan
biriyəm.
Fidan Salmanova
Bu yazı "İntellekt
Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı
ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV
və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.