• çərşənbə axşamı, 19 mart, 15:45
  • Baku Bakı 8°C

VII Qlobal Forumun Azərbaycan və region üçün əhəmiyyəti böyükdür

26.04.16 10:46 3446
VII Qlobal Forumun Azərbaycan və region üçün əhəmiyyəti böyükdür
Dünəndən etibarən Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Paytaxt Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başlayıb. “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə, ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Üç gün davam edəcək bu beynəlxalq əhəmiyyətli tədbirdə 195 ölkə və 26 beynəlxalq təşkilatdan 3 min nəfərdən çox nümayəndə iştirak edəcək. Onlar arasında dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər yer alacaqlar. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq Forum ərzində ümumilikdə 40 tədbir keçiriləcək. Forumun sonunda beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə beynəlxalq tədbir haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq. Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək.
Azərbaycanda keçirilən VII Qlobal Forumun həm ölkəmiz, həm də ümumilikdə region üçün əhəmiyyəti, dünyaya verdiyi mesaj barədə fikirlərini “Kaspi”yə bölüşən millət vəkili, politoloq Hikmət Məmmədov deyib ki, belə bir Forumun Bakıda baş tutması Azərbaycanın regionda müxtəlif qlobal tədbirlərin keçirildiyi mərkəz olduğunu, dialoq və mədəniyyət məkanı sayıldığını bir daha sübut edir: “Nəzərə alsaq ki, Forumun gündəliyi inklüziv cəmiyyətlərdə birgəyaşayış qaydaları kimi müəyyən edilib, bu, tədbirin əsas çağırışıdır, onda biz yeni bir məsələnin də şahidi olacağıq. İnklüziv cəmiyyət o cəmiyyətlərə deyilir ki, burada bütün maddi və mənəvi sərvətlər cəmiyyət üzvlərinin hər biri üçün əlçatan və paylaşılan olur. Dolayısı ilə inklüziv cəmiyyət bir vətəndaş cəmiyyətinin, hüquqi cəmiyyətin mövcudluğundan xəbər verir. Yəni, cəmiyyətin bütün üzvlərinin mövcud sərvətlərə əli çatır. Bu isə əslində postmodernist cəmiyyətlərin tolerantlığını və multikultural olmasını şərtləndirir. Heç şübhəsiz ki, Azərbaycan cəmiyyəti də bu keyfiyyətlərə sahib olmasaydı, belə bir əhəmiyyətli tədbir ölkəmizdə keçirilməzdi”.
Millət vəkili hesab edir ki, bu tədbirin Azərbaycanda keçirilməsi eyni zamanda dünyaya, o cümlədən Qərbə, Avropaya, eləcə də Şərqə yaxşı bir mesajdır: “Biz bilirik ki, istər Avropa coğrafiyasında, istərsə də klassik Şərq məkanında əksər hallarda inklüziv cəmiyyət modeli iddia olunsa da, əslində görünmür, yoxdur. Misal üçün, Qərbi Avropa cəmiyyətlərində tez-tez belə bir fikrin şahidi oluruq ki, multikulturalizm iflasa uğrayıb. Əgər multikulturalizm iflasa uğrayıbsa, deməli, inklüziv cəmiyyət də yoxdur. İnklüziv cəmiyyət yoxdursa, deməli, həmin cəmiyyətdə yaşayanlar üçün müəyyən məhdudiyyətlər var. Çünki ortaq sərvətlərə cəmiyyət üzvlərinin heç də hamısının əli çatmır. Lakin Azərbaycanda inklüziv, tolerant cəmiyyət modeli var. Bunun özü bir nümunədir. Xüsusən də indiki mürəkkəb beynəlxalq şərtlər içərisində bu cür modelin qorunub saxlanılması klassik Qərb və Şərq cəmiyyətlərinə xüsusi mesajdır. Yəni, ən mürəkkəb şərtlər içərisində belə, bu dəyərləri qorumaq olar. Bu dəyərlər qlobal, humanist dəyərlərdir. Bu dəyərlərə sahib çıxmaqla, dünya özünün sabit, müharibəsiz, sülhpərvər gələcəyini formalaşdıra bilər”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, beynəlxalq əhəmiyyətli istənilən forum, istənilən konfrans ona ev sahibliyi edən ölkənin imicinə, nüfuzuna müsbət təsir edir. Onun sözlərinə görə, bu cür qlobal tədbirləri sıradan dövlətlərin ərazisində keçirmirlər: “VII Qlobal Forumun Azərbaycanda keçirilməsi barədə qərar xeyli müzakirələrdən sonra qəbul olunub. Tədbirin adından da görüldüyü kimi, sivilizasiyalararası dialoqun araşdırılması, bu istiqamətdə çox ciddi müzakirələr keçiriləcək. Təbii ki, burada əsas amillərdən biri Azərbaycanın özünün çox tolerant ölkə olması, çoxetnoslu mədəniyyətə sahib olması, bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşmasıdır. Bunu sadəcə mən və digər azərbaycanlılar deyil, bütün dünya deyir və qəbul edir. Bir çox hallarda Azərbaycan nümunə kimi göstərilir. Bu tədbirin digər əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bu çərçivədə də bir çox tədbirlər keçirilir ki, VII Qlobal Forumu da onların sırasında görmək olar. Ümumiyyətlə, bu Forum Azərbaycanın haqq etdiyi bir tədbirdir”.
Partiya sədri deyib ki, VII Qlobal Forumun müzakirə mövzusu olan birgəyaşayış və dialoq əslində Azərbaycanın həyat tərzidir, dünyaya örnək göstəriləcək bir məsələdir: “Heç şübhə etmirəm ki, Forumda təhlükəsizlik məsələləri, bu yanaşmaya mane olan ekstremizim hallarının aradan qaldırılması da geniş müzakirə mövzusu olacaq. Forumun tərkibi də olduqca zəngindir. Azərbaycan Prezidentinin, BMT-nin Ali nümayəndəsinin, Türkiyə Prezidentinin, İspaniya xarici işlər nazirinin və eləcə də digər yüksək səviyyəli rəsmi şəxslərin Forumda çıxış etməsi bu tədbirin əhəmiyyətini bir daha ortaya qoyur. Bir sözlə, Forumun ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada yerinin nədən ibarət olduğunu nümayiş etdirir. İnanıram ki, tədbirdə əldə edilən nəticələr də Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycanın özü ilə əlaqədar problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi, İşğalçı Ermənistan və onun arxasında dayanan qüvvələr ilə bağlı məsələlər də Forumda gündəmə gətiriləcək. Bu işğal faktının tolerantlığa, birgəyaşayışa, mədəniyyətlərarası dialoqa, ümumiyyətlə, regiondakı sülhə, barışa mane olduğu diqqətə çatdırılacaq”.
Siyasi şərhçi Qabil Hüseynli də bildirib ki, qlobal forumların Bakıda keçirilməsi Azərbaycanın, eləcə də paytaxt şəhərimizin dünyada daha da tanınmasına səbəb olur. Bununla yanaşı, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Politoloq deyib ki, artıq Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin keçirildiyi şəhərə çevrilib: “VII Qlobal Forum olduqca lazımlı bir vaxtda keçirilir. Bu gün sivilizasiyalararası münasibətlər, dialoq ciddi böhran dövrünü yaşayır. Söhbət dinlər, konfessiyalar arasındakı qarşıdurmadan, gərginlikdən, hətta vəziyyəti müharibə həddinə çatdıran müxtəlif proseslərdən gedir. Bu gün Yaxın Şərq ümumi konfessial zəmində ciddi problemlərlə baş-başa qalıb. Bu kimi problemləri Cənubi Qafqazda da müşahidə edə bilərik. Dünyanın bir çox yerlərində dini siyasətə alət edib öz məqsədlərini həyata keçirmək istəyən müxtəlif cərəyanlar meydana gəlib. Belə bir şəraitdə sivilizasiyalararası dialoqun, əlaqələrin yaradılmasına, onlar arasında fikir mübadiləsi aparılmasına, ortaq inancın salamat saxlanılmaqla beynəlxalq qarşıdurmaların qarşısının alınmasına ciddi ehtiyac var. Bu ehtiyacın ödənməsi üçün uyğun yolların aranmasında VII Qlobal Forum kimi tədbirlər böyük əhəmiyyət daşıyır. İnanıram ki, bu Forum Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də öz töhfəsini verə biləcək”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər