Vətəndaşlar dövlətimizin başçısına yazırlar: “Siz bütün cəbhələrdə qalibsiniz”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların
bir neçəsini təqdim edir.
Astaradan Qarabağ qaziləri dövlətimizin başçısına
yazırlar: "Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasından
xalqımızı qorumaq üçün atdığınız qətiyyətli addımlar biz Qarabağ qazilərini Sizə
minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi. Biz müharibə
od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş
insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz
düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz
böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə
böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi
itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin
vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu
qorxunc xəstəliyə qalib gələcəkdir. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və
biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli
fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini
gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə
min artır. Cənab Ali Baş Komandan, inanırıq ki, işğal altında olan
torpaqlarımız dönməz iradəniz və qətiyyətinizlə tezliklə azad ediləcək, müqəddəs
bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq. Biz qazilər hər an
Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq. Allah Sizi və ailənizi
qorusun!”.
Polşanın Varşava şəhərində təhsil alan Mehrac Məmmədov:
"Hörmətli cənab Prezident, mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından
biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata
keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz
maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş edib. Ölkəmizin
hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah
körpüsüdür. Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və
ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi
naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm”.
Bakı şəhərindən Naib Rzayev: "Möhtərəm cənab
Prezident, Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür və cansağlığı arzu edirəm.
Bizə etdiyiniz yaxşılıqlar heç vaxt unudulmayacaq. Mən fəxr edirəm ki, Sizin
kimi Prezidenti olan dövlətin vətəndaşıyam. Tanrı Sizi qorusun!”.
Paytaxtımızın daha bir sakini Gülnaz Kərimova:
"Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə gətirən koronavirus xəstəliyinin
respublikamızda doğurduğu həyəcan Sizin uzaqgörən siyasətiniz sayəsində daha
tez aradan qalxdı. Başqa ölkələrlə müqayisədə Azərbaycan daha az itkiyə məruz
qalıb. Sizin insanları qorumaq məqsədilə verdiyiniz qərarlar öz bəhrəsini
verdi. Yaşlı insanları qorumaq Ulu Öndərdən Sizə qalan ən qiymətli sevgidir.
Tanrım Sizi Azərbaycan xalqına çox görməsin! Xətai rayonu M.Hacıyev adına 116
nömrəli məktəbin kollektivi adından Sizə və Mehriban xanıma dərin təşəkkürümü
bildirirəm”.
Astara rayonundan Amid Fərzəliyev: "Möhtərəm cənab
Prezident, bu gün bütün dünyada, o cümlədən ölkəmizdə ciddi siyasi və iqtisadi
proseslər gedir. Dünyanı lərzəyə salan pandemiya, sözün əsl mənasında, bütün
dövlətlər üçün imtahan kimi qiymətləndirilir. Belə bir həssas dövrdə Sizin qətiyyətli
və sistemli addımlarınız xalqımızı və dövlətimizi bu bəladan qorudu, iqtisadi
dayanıqlılığımızı daha da gücləndirdi. Bu dövrdə ən mühüm addımlarınızdan biri
də əhalinin sosial müdafiəsinin sistemli şəkildə təşkil edilməsi oldu. Bütün
dövlət və özəl müəssisələrə yardımlar olundu, insanların iş yerlərini itirməmələri
üçün proqramlar qəbul edildi, eyni zamanda, bütün növ kreditlərin ödəniş şərtləri
yumşaldıldı, müxtəlif güzəştlər tətbiq edildi. Sevindirici haldır ki, bir çox
müəssisələr, özəl şirkətlər Sizin çağırışınıza qoşularaq kredit ödənişlərini
dondurdular, faizləri ləğv etdilər, işçiləri işsiz qoymadılar. Biz Sizdən güc
alırıq, bizim güclü liderimiz”.
Bakı şəhərinin sakinləri Bilal Zeynalov və Həyat
Zeynalova: "Möhtərəm cənab Prezident, dünyada kütləvi hal alan COVID-19
pandemiyası başlayanda mən həyat yoldaşımla Rusiya Federasiyasının Yessentuki şəhərində
müalicə alırdıq. Sizin xaricdə qalmış azərbaycanlıları diqqət mərkəzində
saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək
qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu ahıl
yaşımızda tam təhlükəsiz və sağlam şəkildə evə dönməyimiz dövlətimiz tərəfindən
təmin edildi. Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin siyasi
kursunun layiqli davamçısı kimi "Biz birlikdə güclüyük!” çağırışınızla xalqa dəstək
olduğunuza, xalqımızın sağlamlığı üçün yorulmadan çalışdığınıza görə Sizə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmizin
adından dərin minnətdarlığımızı bildiririk”.
Cəlilabad rayonunun Günəşli kəndindən Cavanşir
Bağırov: "Çox hörmətli və əziz Prezidentimiz, biz həmişə Sizin daxili və xarici
siyasətinizi ürəkdən bəyənmişik və dəstəkləyirik. Ulu öndərimiz Heydər Əliyevin
və Sizin sayənizdə Azərbaycan xalqı firavan yaşayır. Ölkəmizdə olan sabitlik, əmin-amanlıq
digər ölkələrə nümunə göstərilir. Biz başqa ölkələrin sakinlərinin və bir çox
ölkələrdən olan miqrantların necə dəhşətli vəziyyətdə yaşadıqlarının şahidiyik.
Bəşəriyyəti dəhşətə gətirən təhlükəli koronavirus xəstəliyindən xalqımızın
Sizin və Mehriban xanım Əliyevanın diqqəti, nəzarəti və qayğısı sayəsində necə
qorunması göz qabağındadır. Əlinizdən gələni edirsiniz ki, Azərbaycan xalqı
sağ-salamat və yüksək rifah içərisində həyat sürsün. Əməkhaqlarını
artırırsınız, işsiz insanları işlə təmin edirsiniz. İndiki çətin vəziyyətdə işə
gedə bilməyən insanlara yardımlar edir, aztəminatlı ailələrə ərzaq ayırırsınız.
Hörmətli cənab Prezident, bu yüksək qayğı və diqqətə görə ailəmizin,
qohumlarımızın, yaxınlarımızın və kollektivimizin adından Sizə minnətdarlığımı
bildirirəm. Allah Sizi və ailənizi həmişə qorusun!”.
Gəncə şəhərindən Gülnar Qaraxanova: "Möhtərəm cənab
Prezident, dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya
çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən
gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına
vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını
aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər
hansı təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə
xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş
etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan
diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin
inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı
bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə
güclüyük”.
Gəncə şəhərinin Nizami rayonundan Zaman Əsgərov və
Anar Savadov dövlətimizin başçısına yazırlar: "Hörmətli cənab Prezident, bu
ağır pandemiya günlərində xalqımızın yanında olduğunuza, qayğımıza qaldığınıza,
əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə hər cür tədbirlər
gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!
Sizin bu gün respublikamızın inkişafı, dünya səviyyəsində yaxşı mənada tanınması,
ölkəmizdə apardığınız quruculuq və abadlıq işləri, aztəminatlı ailələrə göstərdiyiniz
qayğı və diqqət, müharibə veteranları və şəhid ailələrinə, ümumən xalqımıza
göstərdiyiniz yüksək diqqət və qayğı üçün təşəkkür edirik. Belə bir dövrdə
Sizin yorulmadan və dönmədən ölkənin inkişafına əngəl olan neqativ hallara,
korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız
kimi bizim ailələrimizi də sevindirir, qürurlandırır. Hər birimiz Sizin daxili
və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq.
Biz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini həmişə bəyənib dəstəkləmişik.
Sizin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir.
Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim
Prezidentimizsiniz. Allah Sizə cansağlığı, ailə səadəti və işlərinizdə yeni,
böyük müvəffəqiyyətlər nəsib etsin! Amin!”.
Ağdam rayonundan Əməkdar müəllim Eliza İsayeva:
"Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirus epidemiyası ilə çalxalandığı
bir dövrdə bizim ölkəmiz də bundan kənarda qalmadı. Vəziyyətin belə ağır
vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az
itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss
etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul
qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla
mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi,
həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda
daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarıdır. Bunu da Siz öz
xeyirxah əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş
kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət
rəhbəri kimi Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik.
Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz
birlikdə güclüyük! Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan
sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram”.
Bakının Nizami rayonundan şəhid övladı Arzu
Bayramova: "Möhtərəm cənab Prezident, Sizin kimi ölkə başçımız olduğu üçün
qürur duyur və fəxr edirəm. Hər zaman ölkəmizin, xalqımızın rifahı üçün
dayanmadan çalışırsınız. Bu gün güclü Azərbaycan Ulu Öndərimizin davam
etdirdiyiniz siyasətinin nəticəsidir. Mən də bu ölkənin vətəndaşı olduğum üçün
qürur duyuram. Bu minnətdarlıq məktubunu yazmağı bir şəhid övladı olaraq özümə
borc bildim. Təəssüf ki, dünyada baş verən koronavirus pandemiyası ölkəmizdən də
yan keçmədi. Bütün dünya kimi, ölkəmiz də bu çətin dövrlə üzləşməli oldu. Cənab
Prezident, Siz son zamanlar çıxışlarınızda daim vurğulayırsınız ki, Azərbaycan
pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məncə,
bu, Sizin uzaqgörən siyasətiniz sayəsindədir. Azərbaycanın bütün dünyanı cənginə
almış pandemiyaya qarşı mübarizəsi bu gün bir çox ölkələrə nümunədir. Bu çətin
zamandan Sizinlə birgə səbir və təmkinlə çıxacağımıza əminəm. Allah dünyamızı və
ölkəmizi tezliklə bu bəşəri bəladan xilas etsin. Fürsətdən istifadə edib Sizi
Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və ölkəmizin,
xalqımızın rifahı üçün gördüyünüz bütün işlərdə Sizə möhkəm cansağlığı
arzulayıram”.
Paytaxt sakini Nərminə Mansurova: "Hörmətli cənab
Prezident, ölkəmizin sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan
vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu. Hörmətli
cənab Prezident, Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya
dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına
ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir.
Yasamal sakini olaraq, Sizin Sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin
sosial işçisi kimi Sizə xalqımıza, millətimizə bu qədər diqqət və qayğınız üçün
minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan
Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı
qorusun!”.