• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Vaşinqton “Şimal axını-2” layihəsinə qarşı

14.06.19 17:29 642
Vaşinqton “Şimal axını-2” layihəsinə qarşı
"Şimal axını-2” layihəsi ətrafında müəmma və gərginlik səngimir. Layihənin reallaşmasına qarşı çıxan Birləşmiş Ştatlar, hər vəchlə ona problemlər yaratmağa çalışır. Bu dəfə bir qrup respublikaçı senator Kremlin qaz kəməri layihəsinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. Vaşinqton bununla avropalı müttəfiqlərini, Rusiyanın enerji təchizatından asılılığı azaltmağa sövq etməyə çalışır. "ESCAPE” adlı layihə qəbul olunarsa, "Şimal axını-2” layihəsinin tamamlanmasını yubada bilər. Kreml bu layihə ilə Almaniyaya dənizin dibi ilə qaz göndərməyi, Şərqi Avropadan tranzitdən yan keçməyi hədəfləyir.
Layihədə enerji ixracı layihələrini asanlaşdırmaqdan ötrü, Rusiyaya investisiya, məhsul, xidmət təklif edən fərdlərə sanksiyalar nəzərdə tutulur. Layihəni senatorCon Barrassotəqdim edib. Rusiyanın "Qazprom” qaz nəhənginin tikdiyi 11 milyard dollarlıq kəmər Almaniyaya ildə 55 milyard kubmetr qaz daşıyacaq. Rusiya ötən həftə bildirib ki, ilin sonunadək layihənin tamamlanacağını gözləyir.
Tənqidçilər bu kəmərin Avropanı Rusiya enerjisindən daha asılı edəcəyini deyirlər. "Qazprom” ötən il Avropaya 200 milyard kubmetrədək qaz göndərib və bu, regionun qaz istehlakının üçdə birindən azacıq çoxdur. Bu kəmər həm də Rusiyaya Ukrayna ərazisindən qaz göndərişlərini azaltmaq imkanı verəcək. ABŞ-ın müttəfiqi olan Ukrayna şərq vilayətlərində rusiyapərəst separatçılarla mübarizə aparır. Rusiyadan gələn qaz tranzit haqları Ukrayna hökumətinin gəlir mənbələrindən biridir.
Barrasso, qanun layihəsini təqdim etməzdən bir gün öncə prezidentDonald TrampAlmaniyanı "Şimal axını-2” kəmərini dəstəklədiyinə görə tənqid edib. Tramp deyib ki, Birləşmiş Ştatlar Almaniyanı müdafiə etməkdən ötrü milyardlar xərcləyir, Rusiya isə Almaniyadan milyardlarla dollar alır. "Pis şeylər baş verərsə, Almaniya həqiqətən də Rusiyanın girovuna çevrilər”,– Tramp deyib. Onu da açıqlayıb ki, Polşa özünü Rusiyadan gələn enerji təchizatından uzaqlaşdırmaq məqsədilə Birləşmiş Ştatlardan daha 8 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz alacaq. Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft”in rəhbəriİqor Seçinötən həftə Birləşmiş Ştatları nəhəng enerji ehtiyatlarından siyasi alət kimi istifadə etməkdə suçlayıb.
Az əvvəl ABŞ Xarici İşlər Nazirliyi də təbii qaz boru kəməri layihəsinin iştirakçısı olan Qərb şirkətlərinə sanksiyalar tətbiq ediləcəyi barədə məlumat yayıb. XİN bəyan edib ki, Rusiyanın layihəsinə investisiya qoyan Qərb şirkətlərinin sanksiyalarla qarşı-qarşıya qalma riskləri var: "Rusiyanın layihəsində çalışan şirkətlərin sanksiya riski daşıyan fəaliyyət həyata keçirdikləri barədə qərarlıyıq. Biz, bu boru kəmərinin Avropanın ümumi enerji təhlükəsizliyi və sabitliyinə mənfi təsir edəcəyinə inanırıq. Rusiya layihənin Avropanı "parçalamaqda” olduğunu başa düşür və bundan öz lehinə istifadə edir”. Qeyd edək ki, beynəlxalq enerji şirkətləri "Wihtershall”, "Uniper”, "OMV”, "Shell” və "Engie” "Şimal axını-2” layhəsinə investisiya yatırıb. "Nord Stream II AG” konsorsiumunun məlumatına görə, "Şimal axını - 2” təbii qaz boru kəmərinin inşası üçün hazırlıq işləri Almaniyanın Baltik dənizi sahilindəki Qreysvald körfəzində başlanılıb. Marşrut boyunca digər üç ölkədə - Rusiya, İsveç və Danimarkada müvafiq icazələrin alınması prosedurlarına başlanıb. Yanvarda Almaniya tərəfindən "Şimal axını - 2” qaz boru kəmərinin inşasına icazə verilib. "Qazprom” şirkəti "Şimal axını - 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını bildirib. Ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı "Şimal axını - 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. ABŞ-ın energetika naziri Rika Perri də bildirib ki, ABŞ administrasiyası "Şimal axını-2” layihəsinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır. R. Perri Kiyevə səfəri zamanı çıxışında deyib ki, ABŞ "Şimal axını-2” layihəsinə qarşı yaxın vaxtlarda sanksiya tətbiq edə bilər. O bununla əlaqədar "Şimal axını-2” layihəsi ilə əməkdaşlığı məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlana biləcəyini qeyd edib. Nazir onu da bildirib ki, ABŞ, Ukrayna nın qaz nəqli stansiyalarından keçməməklə Rusiya qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinin tikintisinin əleyhinədir.
Almaniya hakimiyyətinin də Birləşmiş Ştatların mövqeyinə münasibəti bəli olub. Alman hökumətinin nümayəndəsi Şteffen Zaybertin sözlərinə görə, ölkəsi, ABŞ-ın təzyiqinə baxmayaraq "Şimal axını-2” layihəsi ilə bağlı mövqeyini dəyişməyəcək. Almaniya Energetika Nazirliyindən də bildiriblər ki, 2019-cu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan layihə özlüyündə korporativ layihə kimi nəzərdən keçirilir. Nazirliyin mövqeyinə görə, layihənin reallaşmasında bütün maraqlı tərəflərin, o cümlədən Ukraynanın mövqeləri nəzərə alınmalıdır. Belə ki, layihə reallaşacağı təqdirdə, Ukrayna tranzitə görə ona verilən vəsaitdən məhrum olacaq. Eləcə də, qaz nəqliyyatı sistemini tam şəkildə istismar edə bilməyəcək.
Ekspertlər hesab edirlər ki, ABŞ və Almaniya arasında münasibətlərdəki gərginlik ticarət müharibəsində yeni cəbhənin açılmasına gətirib çıxara bilər. Amerikalı qanunvericilər ehtiyat edirlər ki, boru xətti Rusiyanın avropalı enerji istehlakçıları üzərində nəzarəti gücləndirə, onun qitə üzərində nüfuzunu möhkəmləndirə və Ukrayna ərazisindən nəql olunan qazın nəqlini kəsməsinə gətirib çıxara bilər.

Azər
banner

Oxşar Xəbərlər