Vaqif Bəhmənli poeziyasında rənglərin naxışları
Vaqif Bəhmənlini
çağdaş poeziyamızın aparıcı nümayəndələrindən biri kimi oxucular, ədəbiyyatsevərlər
və tənqidçilər yaxşı tanıyırlar. Orijinal mövzular, fərqli poetik obrazlar, bədii
ifadə vasitələrindən yararlanma bacarığı onun bədiyyatımıza özəl naxışlar
vurmasına uğurlu imkanlar yaratmaqdadır. Vaqif nəyi mövzu olaraq çözmək istəyində
bulunduqda gözümüz qarşısında maraqlı poetik mənzərə dayanır. Burada sözlərin,
ifadələrin, deyimlərin düzümü assosiativ baxımdan tamamilə fərqlidir.
Masamın
üstündə Vaqifin 2019-cu ildə nəşr etdirdiyi "Qansız savaş.” (Ən yeni şeir)
kitabı var, vərəqləyirəm. Əvvəl sadəcə maraq üçün. Orada yer almış mövzuların
qeyri-adi adlar sırası diqqətimi çəkir. Sonra kommentariyalı oxumağa
başlayıram. Maraq və Heyrət! Şeirlərin özəl impulsasiyası, məsələn, "Bəhmənli
himni”, "Can otağı”, "Qardaşıma mesaj”, "Asilik”, "Otuz yeddi yaşında adam”,
"Havalı şeir”, "Səbzəli şeir”, "Şəhərli kəndçi”, "Məhəbbət fakültəsi”, "Sovqat
krossord”, "Üzü Xəyyama” (silsilə şeirlər), "Multikultural şeir”, "Qeyri-müəyyən
günah”, "Ömür testi”, "Gender bərabərliyi”, "Ay peyzaji”, "Bəndübənd-1” (silsilə), "Sevgi rədifləri”,
"Yuxuda yuxu”, "Cismin maye halı”, "Üzəçıxdı”, "Sevgi imtahanı”, "Eşqin şəkilləri”,
"Şübhəli şəxs qismində eşq”, "Hüceyrə”, "Dərsə gedən iki uşaq”, "Kül həkimi”, "Dilemma”, "Qansız savaş”, "Axirətdə
bəxtiyarlıq”, "Meşədə axşam”, "Gülməli gəraylı”, "Eşq gəraylısı”, "Mən gəraylısı”,
"Antiməhəbbət”, "Giley qoşması”, "Can gəraylısı”, "Ninbinlik qoşması”, "Bəndübənd
- 2”
(silsilə), "Evrika”, "Qonşu qafiyələri”, "Nicat nəğməsi”, "Təsəlli”, "Klassik
qoşma”, "Boş bulud”, "Antik şeir”, "Rabitəsiz bəndlər”, "Əlifba sırası”, "Acı
payız peyzajı”, "Nidalı qoşma”, "Haqq əfsanəsi”, "Adam ovu”, "Üç sirli bənd”,
"Bəndübənd - 3”
(silsilə), "Şəhriyar qafiyələri”, "Sözə dair qafiyələr”, "Bəndübənd - 4” (silsilə),
"Adaş”, "Qarabağ qıfılbəndi” (silsilə şeirlər), "Barelyef” və s.
Şeirlərin adlarını ona görə uzun-uzadı sadalamağı zəruri
hesab etdik ki, bu nümunələrdən hər biri bir tərəfdən xalq yaradıcılığı, digər
tərəfdən klassik şeir vəzninə, üçüncü tərəfdən isə postmodernist üsluba istiqamətlidir.
"Qansız savaş” məcmuəsi, doğrudan da, məzmun-məna, kompozisiya-struktur,
estetik effekt baxımından ən yeni şeirlərdir.
Müəllifin bu şeirləri özünün necə qruplaşdırdığını əldə
rəhbər tutsaq, buradakı əsərlər "Beş qat”da, dörd "Bəndübənd” də yerləşdirilmişdir.
Fəsillərin adları, struktur bölgü özəl və fərqlidir. Mövzular rəngarəng,
çoxçalarlı, çoxqatlı və altmənaları özündə ehtiva etməklə zəngindir. Yəni Vaqif
Bəhməlinin bu kitabdan iridən-xırdaya elə bir nümunə tapmaq mümkün deyil ki, o,
oxucunu düşündürməsin:
Çoban – çoluqlar qışqırıbhoylayır naxır – adamı.
Enir balta...
qan fışqırır,
Sümürür çuxur adamı!
Yonca dərd açır tək-tək;
Solur çiçək,
qoca fələk
quru yonca topası tək
yabaya taxır adamı!
Dost gözündə əyri oxsan,
Tək canınla yenə çoxsan...
Yad nə bilir varsan, yoxsan -
doğmalar yıxır adamı.
Bu bəndlər Vaqifin "Adam ovu” adlı şeirindəndir. Lakonizm burada şairin fikir
dünyasının kasadlığı ilə bağlı yox, hədəfə dəyən tutarlı, titrədici "baltanın
enməsi, qanun fişqırması, çuxurun adamı sümürməsi” kimi ifadələrlə əlaqədardır.
Siz çuxurun adamı sümürməsi” ifadəsi ilə haradasa rastlaşmısızmı?! Biz, təbii
ki, bu tipli ifadələri şairin tapıntısı kimi dəyərləndiririk.
Yaxud kitabın "İkinci qat. Səhra gözəli” fəslindəki
"Sevgi rədifləri” şeirindəki poetik sintaksisə nəzər salaq:Gülüşünə tay hanı? -
qəmzələrin süzgün ox,
qansız gözələ canım
qurban olsun, yoxsa yox?
Dərdin dəvəsi sinəm -
dartır həvəsi sənə...
Zınqırov səsi sənə
mehman olsun, yoxsa yox?
Zülm eylədin o ki var;
canda leysan yükü var -
göz yaşımdan səhralar
ümman olsun, yoxsa yox?
Bu qədər ağlarıqsa,
ağlayıb çağlarıqsa,
Dövran bizik...
varıqsa,
dövran olsun, yoxsa yox?
Çıxarı nəfdən baha
bir söz qalmadı daha...
Vaqif səntək dərgaha
qurban olsun, yoxsa yox?
Görürsünüzmü, klassik poetik deyimlər yeni qiyafədə, yeni biçimdə gözümüz önündə necə bərq vurur?! Məlumdur ki, poetik sintaksis nitqin elə bir xüsusi şəkildə qurulmuş vasitələridir ki, onlar obrazlı ifadəliliyi gücləndirməyə hesablanmışdır. Vaqifin poetik fiqurlarında cümlələrdəki sözlərin qeyri-adi sırası, poetik frazalar poetik ifadə rəngləri verir. Yəni bu şeirlərdə poetik lüğət öz zənginliyi və oynaqlığı ilə fərqlənir.
Vaqif şeirlərində nitqin poetik təşkilinin elə
xüsusi üsulunu tapır ki, o qeyri-tipik olmaqla gündəlik ünsiyyət üçün səciyyəvi
olan dil elementinin təqdimatı formasından imtina edir. Fikrimizcə, Vaqif bunu
da bilir ki, bədii nitq onun bütün element və nüanslarına diqqət tələb edir.
Eyni zamanda bu da var ki, poeziyada hər bir nitq elementinin poetik nitq
fiquruna çevrilməsi zəruridir. Çünki bədii nitqin obrazlılığı nəinki sözlərin
seçimindən, həm də bu sözlərin cümlədə və digər sintaktik konstruksiyalarda neçə
uzlaşması və onların hansı intonasiya ilə tələffüz olunmasından asılıdır.
Vaqifin "Bəlkə” şeiri müxtəsərliyinə baxmayaraq,
olduqca düşündürücüdür:Başım ağrıyır... Niyə?
Dişim ağrıyır ... Niyə?
Qolum, qanadım, dizim,
hər yanım ağrıyır... Niyə?
Hər şey cəhənməm, üstəlik
vicdanın ağrıyır... Niyə?
Göründüyü kimi, şair üçün başın, dişin, qolun, qanadın, dizin, hər yanın ağrıması onu, belə demək mümkünsə, ağrıtmır, amma vicdanının ağrıması çox narahat edir. Burada tanınmış romançı Ənvər Məmmədxanlının "həyatım ağrıyır” ifadəsi istər-istəməz təfəkkürümüzdə canlanır. Bu şeirdə də Vaqifin istifadə etdiyi sintaktik fiqurlar şairin nitqini fərdiləşdirməklə ona həm də özünəxas emosional rəng qatır. Müəllifin "niyə” sualını dəfələrlə təkrarlaması şeirin kompozisiyasının strofik quruluşu üçün böyük əhəmiyyət kəsb edir.
Vaqifin "Axşam” şeirinin isə başqa bir hüsnü var.
Onun da içimizdə necə bir aura yaratmasını oxucularla bölüşməyimiz yaxşı olar.
Cəmi iki bəndlik bu şeirin yaratdığı assosiasiyaya baxın:
Əridi, ömür bitdiFitili sap şam kimi
Gün kükürdlü kibritdi –
qaralır axşam kimi.
Sanalı anım qalıb –
babalı şama qalsın.
Yüz qıram canım qalıb,
o da axşama qalsın!..
Düzü, Vaqifin bu tipli şeirlərində biz haradasa
A.S.Puşkin, A.Blok, S.Yesenin, A.Axmatova, R.Rojdestvenski kimi rus şairlərinin
duyum tərzini, poetik fəlsəfəsini görürük. Vaqifin şeirləri sanki çiçəklər,
güllər, körpələr kimi ləçəklənir. Şairin xeyirxahlığa, gözəlliyə, sözə aydın və
müxtəsər münasibəti, obrazlarının orijinallığı sanki münbit məhsuldar torpağa
düşüb boy verən toxuma bənzəyir. "Xatirələr” şeirində sözlərin düzümünə diqqət
yetirək:
Xatirələr...əyri çəliyinə
söykənə-söykənə
bir sevimli qız gəlib
baş-başa durur səninlə -
üzü qırışmış,
saçları qurumuş
dişləri çürümüş,
kədərli arvad şəklində...
xatirələr...
Bu şeirdə Vaqifin poetik sərbəstliyi onun yaradıcı
bacarığının, hiss və həyəcanının təcəssümüdür. Şairin fantaziyasına bürünmüş
hisslərin özünəməxsus uçuşu təxəyyülün pərvaz etməsinə şərait yaradır. Bəs "Meşədə
axşam” şeirində nə görürük?
Hicran odunu udsan,dərə batar tüstümə.
Çaşıb adını tutsam
yarğan gülər üstümə ‒
pis yerdə axşamladım!
Əcinnə sürü-sürü;
Cin su verir qaşıqda,
Boş başımda tel hörür
hal qızlar sarmaşıqdan -
pis yerdə axşamladım.
Vaqif, məlum olduğu kimi, Füzulinin Bəhmənlisindədir.
Yəni kəndistan yerinin ruhuyla, düşüncəsiylə, elin-obanın nağıl dünyasıyla bir
yerdə olub, xalq təfəkküründən, onun mifik-əsatiri dünyasından, folklor aləmindən
yaxşı xəbərdardır. Elə buna görə də onun üçün dərələrin tüstüyə batması,
yarğanın üstünə gülməsi, əcinnələrin sürü-sürü gəzməsi, cinin qaşıqda su verməsi,
hal qızların başında sarmaşıqdan tel hörməsi mifik-dini düşüncə məhsulu kimi
ortadadır. Bəs şair "Gülməli gəraylı”da necə deyir:
Eyvan asdı özünü,Qapı çırpdı dizinə,
Güzgü yumdu gözünü –
Divar üstümə gəldi.
Vaqif şeir misralarını neçə hörür-hörsün orada onun
poetik dünyasını özünəxas koloritli bütövlüyü göz önündə canlanır. Çünki onun şeirləri informasiya verməyə yox, oxucu
təxəyyülündə assosiativ əlaqəli obrazlar canlandırmağa hesablanıb. Bəs "Evrika”
şeirində Vaqif hansı mətləblərdən danışmağı lazım bilib:
Sürətin ölçüləri başqalaşıb dünəndən,Doğmaların haqqından
üstündü yadın haqqı.
Sən məni sayıb, dostum,
maşınıma minəndən
Başqa adam olmuşam,
Allahın adı haqqı!
Vaqifin şeirləri mətləbin mətləbini açmağa
hesablanan nümunələrdir. Nümunədə eyni kökdən olan təkrarlanan sözlərin
kompozisiyanın tematik hərəkətində fəal rolu görünməkdədir. Burada "haqqı” ifadəsinin
təkrarının obrazın tematik əlamətinin mühüm elementi kimi çıxış etməsi, eyni
zamanda balaca bir həyat epizodunda şirin və yumorlu kolorit işığı diqqət çəkir.
"Nidalı qoşma” şeirində oxuyuruq:Tamah ov dalınca Günəşə gedər
ovçu namərəddisə, hər işə gedər...
Ürəyi partlayar atəşə qədər
ovun mindənbiri yaraqdan ölər.
Vaqifin bu tipli poetik misraları adət etdiklərimiz
yox, qavrayışımızı titrədənlərdir, qeyri-adilərdir. Bu şairin dil stixiyasının
zənginliyindən irəli gələn bir bədii hadisədir. Həm də bu, şairin sözlə oyun
qurmasından irəli gələn bacarıqdır. Elə "Söz oyunu” şeirində olduğu kimi:
Sözü sözə qatıram,min cürə yozum çıxır.
Sözü yolub atıram
böyründən sözüm çıxır.
Açılır bükdüklərim,
Yığılır tökdüklərim...
Bar verir əkdiklərim –
Dizimin duzu çıxır.
Vaqif bu şeirdə (əlbəttə, həm də digərlərində)
eksperimentator kimi çıxış edir. Şairin bu tipli düzümlərinin estetik
funksiyası ilk növbədə oxucuda emosional vəziyyət yaratmağa hesablanmaqla, onun
poetik diskursdakı estetik imkanlarını göstərir.
Vaqif Bəhmənlinin "Qansız savaş”ında ikinci sıraya
qoyulacaq nümunələr tapa bilmədik. Hər bir şeirin öz təkzibolunmaz sənət nümunəsi
olmaq iddiası var. Burada şairin keçib gəldiyi həyat yoluna nəzər "Vaqifdən
Vaqifə”, "Vaqif bayatıları”, "İki Vaqif”, ömür-gün yoldaşı Rəhilə xanıma həsr
etdiyi "Rəhilənin qocalığı”, "Bağban Rəhilə” və s.; qızlarına, oğluna, nəvələrinə,
atasına ("Otuz yeddi yaşında adam” – çox təsirli bir şeir) anasına, bacısına,
qardaşına, Bəhmənliyə və s. kimi şeirlərində, "Qarabağ qıfılbəndi”, "Şəhriyar
qafiyələri”, "Bəndübəndlər” və bir də Vaqif Səmədoğluna həsr olunmuş "Adaş”
poemasında Vaqif Bəhmənli obrazın mahiyyətinin alt qatına enməyi bacarıb,
oradan gövhər çıxarmağa müvəffəq olmuşdur. "Adaş” da Bəhmənli Vaqif elegiya
janrında Vaqif Səmədoğlunun 75-illik yubiley təntənəsinin aurası altında böyük
şairlə bağlı hiss və duyğularına qeyri-adi biçimdə pərvaz verib. Poemadakı təsvirlərdən
bəzilərinin şahidi həm də bu sətirlərin müəllifi olmuşdur. Çünki 5 iyun 2014-cü
ildə Milli Dram Teatrında keçirilən adı çəkilən yubiley təntənəsində biz də
iştirak edirdik. Vaqif Səmədoğlunun ovqatı, halı, hiss və duyğuları olduqca
üzgün idi və belə vəziyyət Vaqif Bəhmənli tərəfindən orijinallıqla və həqiqətə
uyğun fərdi cizgilərlə təsvir olunmuşdur...
Vaqif Bəhmənli "Qansız savaş.” (Ən yeni şeir)
kitabı ilə şəksiz ki, poeziyamıza yeni ruh, yeni nəfəs gətirib. Bu hələ azdır.
Mən müasir Azərbaycan və türkdilli xalqların poeziyasını sistemli şəkildə, diqqətlə
izləyirəm. Müşahidələrimə əsaslanıb tam yəqinliklə deyirəm ki, Vaqif Bəhmənlinin
yeni kitabı, təkrarən deyirəm, nəinki oxucular tərəfindən
həmişə sevilən istedadlı bir şairin fərdi uğurunu, eyni zamanda bütövlükdə
anadilli şeirimizin ən layiqli səviyyəsini
ifadə etmək gücünə malik poeziya toplusudur.
Nizami Tağısoy