• çərşənbə, 08 May, 21:17
  • Baku Bakı 18°C

Uşaqların Gülzar nənəsi

14.01.19 15:15 2226
Uşaqların Gülzar nənəsi
Gülzar İbrahimova artıq Gülzar Nənə kimi tanınır. Otuz ildən çoxdur ki, bu xanım uşaqlar üçün nağıllar, şeirlər, hekayələr yazır. Azərbaycanda uşaq ədəbiyyatının inkişafında Gülzar Nənənin ardıcıl fəaliyyəti göz qabağındadır. O, on ildən artıqdır rəngli, tərtibatı göz oxşayan "Sehrli dünya” adlı jurnal nəşr edir. Heç kimə dil-ağız eləmədən həm öz vəsaiti, həm də jurnalların satışından əldə etdiyi vəsaitlə başa gəlir bu jurnal. İndiyə kimi jurnalın 60-dan artıq sayı çapdan çıxıb. Vaxt olub ki, bu jurnalın abunəçilərinin sayı on mini keçib. Gülzar Nənə indiyə kimi 52 kitab nəşr edib, 40 elektron kitabı da bura əlavə etsək, doğrudan da bu xanımın gördüyü işlərə heyrətlənməmək mümkün deyil. Hələ bu harasıdır, Gülzar Nənə istedadı olan, bədii yaradıcılığa balaca yaşlarından həvəsi olan uşaqları başına toplayıb, Mirzə Şəfi Vazeh ədəbi məclisini təsis edib, o məclisdə uşaqlar şeirlərini, hekayələrini oxuyur.
Mən onu ilk növbədə, müasir uşaq nağıllarının müəllifi kimi tanıyıram.
Nağıl şifahi xalq ədəbiyyatının-folklorun ən qədim janrlarından biridir və bu barədə söhbət açmağa elə bilirəm, ehtiyac duyulmur. Biz hamımız uşaqlıqdan nağılları sevmişik, onların qanadında dünyanı gəzib-dolanmışıq. Biz nağıllarda qara qüvvələrlə çarpışan qəhrəmanların ağlına, igidliyinə heyran qalmışıq, özümüzü onlara bənzətmək istəmişik. Div, Zümrüd quşu, Xızır peyğəmbər, uçan xalça, qurd, ilan, əfsanəvi quşlar… uşaqlıq illərində anamızdan, nənəmizdən eşitdiyimiz nağıl tipləri olub.
Nağılları kimlər yaradıb? "Xalq”. Amma hər halda hər hansı bir folklor nümunəsinin ilk yaradıcısı olub, sadəcə olaraq, yazı meydana çıxmadığından bu nümunələr ağızdan-ağıza dolaşaraq kollektivin malına çevrilmişdir.
XX əsrdə (elə indinin özündə də) ayrı-ayrı müəlliflər özləri nağıllar yazmağa başladılar. Təbii ki, bu nağıllar öz kökündən, ənənəsindən ayrıla bilməzdi. Amma yeni və müasir nağıllarda çağdaş dövrümüzün təfəkkürü, günümüzün reallıqları da öz əksini tapır.
Gülzar Nənə də belə müəlliflərdən biridir. Onun uşaq ədəbiyyatının təbliğatçısı kimi fəaliyyəti bizdə, geniş oxucu kütləsində ancaq fərəh hissi doğurur. Öncə qeyd etməyi unutdum, Gülzar xanım "Bala dili” adlı jurnal nəşr edir, hələ məktəb yaşı çatmamış uşaqlar üçün "Elli boya” silsiləvi rəngli kitablarla onları sevindirir. Həm də bütün bunlarla kifayətlənməyib özü də nağıllar, tapmacalar, kiçik həcmli hekayələr qələmə alır.
Təbii ki, bütün bunları qiymətləndirmək, dəyərləndirmək lazımdır və bizim məqsədimiz də budur ki, bu fədakar xanımın müasir uşaq ədəbiyyatı naminə gördüyü işlərə münasibət bildirməkdir.
Uşaqlar üçün yazmaq böyüklər, yaşlılar üçün yazmaqdan çox çətindir deyirlər. Bu fikirdə müəyyən həqiqət vardır. Uşaqlıq dövrünü çoxdan keçirmiş yaşlı bir sənətkar üçün öz mühitindən, yaşıdlarından, onların həyat tərzindən yazmaq çətin deyil. Amma bu yaşlı sənətkar uşaq dünyasından yazanda təbii ki, müəyyən çətinliklərlə qarşılaşacaq. O gərək uşaqların, balacaların dünyasına yol tapa, onları maraqlandıran suallara onların öz diliylə cavab verə, körpələrin psixologiyasını yaxşı bilə. Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı ki: "Uşaq şairi olmaq yox, doğulmaq lazımdır”.
Gülzar Nənənin nağıllarını və hekayələrini oxuyanda da hiss edirik ki, o, balacaların dünyasına yaxşı bələddir, onlarla öz dillərində söhbət etməyi bacarır, uşaqları maraqlandıran suallara cavab tapa bilir və ən başlıcası, kiçik yaşlıların istəyi, arzusu ona yaxşı tanışdır. Gülzar Nənənin bir neçə il bundan öncə nəşr edilən "Mən uşaq deyiləm” kitabına toplanan nağıllar və hekayələr də dediklərimizə sübut ola bilər.
Onun adını çəkdiyimiz bu kitabında toplanan yazılar ilk növbədə, öz dilinin sadəliyi ilə seçilir. Gülzar Nənə mürəkkəb cümlə qurmağı sevmir, belə olan hallarda da mürəkkəb cümlələrin nisbətən sadəsini seçir. Çünki yaxşı bilir ki, uşaqlar onlarla sadə dildə danışan həmsöhbətini sevirlər. Yazıların ikinci bir məziyyəti yığcam süjetə malik olmasıdır. Əlbəttə, Azərbaycan nağıllarının əksəriyyəti mürəkkəb süjet quruluşuna malikdir. Amma unutmayaq ki, Gülzar Nənənin təqdim etdiyi nağıllar azyaşlı oxucular üçün qələmə alınıb. Üçüncü bir məziyyəti də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, Gülzar Nənənin hər bir nağılı, mövzusundan asılı olmayaraq bir və ya bir neçə xarakterik obrazla yadda qalır. Nəhayət, ən vacib olan bir məziyyət də nağılların və hekayələrin mövzusu ilə bağlıdır. Müəllif öz qəhrəmanlarını bir neçə məkanda təsvir edir: ailədə, uşaqlar aləmində və təbiətlə, quşlar, heyvanlar aləmi ilə ünsiyyətdə. Ona görə də mövzular tanışdır: uşaqların bir-biri ilə dostluğu, valideynə, xüsusən, nənəyə, babaya ehtiram, onları maraqlandıran nə varsa, bu barədə bilgi əldə etmək səyi, quşlara, heyvanlara qayğı və s. Bunlar kiçik hekayələrin əsas mövzularıdır. Yəni belə demək mümkündürsə, sırf azyaşlıların aləmi. Təbii ki, bu hekayələrdə qoyulan qayə uşaq tərbiyəsinin müxtəlif komponentlərini də əhatə edir.
Budur, ərköyün bir qız… "Biri vardı, biri yoxdu, Şamaxı şəhərinin Sulut kəndində Nisə adlı qəşəng bir qız vardı. Hamı bu qıvrım saçlı dəcəl qızı əzizləyir, sevirdi. Dəjəl qız da hamının sevgisini hiss etdikcə daha da ərköyünləşirdi. Artıq Nisə elə ərköyünləşmişdi ki, hətta onu sevib-əzizləyənə, öpənə əl qaldırır, sillə vururdu”.
Buna inanırıq. Ailələrdə belə ərköyün balalar az deyil. Bu ərköyün bala o qədər şıltaqdır ki, heyvanları, quşları, hətta böcəkləri də incidir. Və günlərin bir günü həyətlərinə uçub gələn bir ala-bəzək kəpənəyin ardınca qaçıb onu tutmaq istəyir, tərsliyindən əl çəkməyib onu axıracan qovur və meşədə azır. Ata-anası, bütün kənd onu axtarmağa başlayır. Və gəlib görürlər ki… bir ayı Nisənin həndəvərində dolanır, heç kəsə ona yaxınlaşmağa imkan vermir ki, qıza yaxın dursun. Bəs necə olub ki, Nisə ayıya rast gəlib? "Nisə meşədə azanda qaranlığa düşdü, nə qədər axtardısa, evlərinin yolunu tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi, yorulub bir ağacın altında oturdu. Elə orada da yuxuya getdi. Ayılanda isə balaca qız dəhşətli bir hadisənin şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək istəyir, ayı isə onları qovur, yaxına qoymurdu”.
Nəhayət, ayı canavarları qovur, Nisə isə ayı ilə dostlaşır, onunla bir gəzir, giləmeyvə yeyir, bulaqlardan su içirdi. Ovçular gəlib ayını vurmaq istəyəndə Nisə qışqırır ki, o, mənim dostumdur, ona toxunmayın, məni canavarların əlindən xilas etdi. Və hekayənin sonluğu belə bitir ki, bundan sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri incitmədi, ərköyünlük eləmədi.
Bu balaca hekayə həm tərbiyəvi-didaktik əhəmiyyətinə, həm də bədii təsir qüvvəsinə görə əsl uşaq hekayəsidir.
Uşaqlar üçün yazanda ilk növbədə, müasirlik amili ön planda olmalıdır. Yəni o yazı həm müasir həyatdan alınmalıdır, həm də bir yazı etibarilə müasir olmalıdır. Sadə həqiqətlər müasir bədii biçimdə uşaqlara çatdırılmalıdır.
Gülzar İbrahimova həm də şeirlər yazır və bu şeirlər də uşaqlarındır, yenə sadəlik, təbiilik və uşaq dünyasına bələdlik bu şeirlərin də məziyyətinə çevrilir. Məsələn, küsəyən bir uşağın obrazı necə təbii verilir:

Mən küsmüşəm anamdan,
O, məni çox istəmir!
Hamı oturub axşam,
O mənə "durr-yat” deyir.

Dur gəl, kuklam, yanıma,
Bir bax mənim halıma.
Az qalıram ağlayam
İstəmirəm mən yatam!

Kinoya baxmamışam,
Evcik oynamamışam.
Kuklamın saçlarını
Yuyub daramamışam.

Başım qarışıb yaman,
Ac qalmışam bayaqdan!
İşim yaman dolaşıb
Çantamı yığmamışam!

Mən hamıdan küsürəm
Məni çox istəmirlər!
Stol üstündə nabat
Mənə deyirlər: "Sən yat!”

Yaxud, Qar haqqında, yaz fəsli barədə yazılan şeirlər də belə sadə, anlaşıqlıdır. Hiss olunun ki, Gülzar nənə təbiəti, heyvanlar aləmini uşaqlara sevdirə bilir. Ən əsası odur ki, Gülzar Nənə uşaqlara uşaq dilində, onların anlayacağı tərzdə yazır. Uşaqlar arasında dostluğu təbliğ edir şeirlərində ("Evcik-evcik” şeirində olduğu kimi).Bu şeirlərdə babalar da, nənələr də iştirak edir, onların öyüdləri, nəsihətləri, nümunəvi həyat tərzləri tərbiyəedici mahiyyət daşıyır.
Yenə qayıdıram Gülzar Nənənin nağıllarına. Mən bu yazıda müəllifin bədii fantaziyasının, təxəyyülünün balacaların maraq dairəsinə hesablandığını görürəm. Müəllif Azərbaycan nağıllarına, xüsusilə, heyvanlar haqqında nağıllara yaxşı bələddir. O nağıllardakı obrazların cizgiləri, xarakter xüsusiyyətləri onun nağıllarında da bariz nəzərə çarpır.
Müasir nağıl yaratmaq mədəniyyətini biz Gülzar xanımın «Dəniz balası» və «İlham və Fərizənin nağılı» yazılarında da görürük. Birincisini hətta miniatür nağıl-povest də adlandırmaq olar. Bu nağılda təsvir olunan hadisələr, təqdim edilən obrazlar, çoxşaxəli süjet onu göstərir ki, müəllif janra, onun prinsiplərinə yaxşı bələddir. Nağıl içində nağıl yaratmaq, sonra buqları məntiqi şəkildə bir-birilə əlaqələndirmək bacarığı "Dəniz balası”nda aydın nəzərə çarpır.
Bu məqamda mən də Gülzar İbrahimovanın hekayələri, nağılları və ilə bağlı qeydlərimi bitirir, müasir uşaq ədəbiyyatının inkişafında müəyyən rolu olan bu xanıma yeni yaradıjılıq uğurları arzulayıram…Onu da qeyd edim ki, bu günlərdə Gülzar İbrahimovanın-Gülzar Nənənin 60 yaşı tamam oldu…

Vaqif Yusifli
banner

Oxşar Xəbərlər