AZE | RUS | ENG |

UEFA-nın saytı Azərbaycan paytaxtının əsrarəngiz gözəlliyindən yazdı

UEFA-nın saytı Azərbaycan paytaxtının əsrarəngiz gözəlliyindən yazdı
Məqalədə Bakı dünyanın ən təhlükəsiz və gözəl şəhərlərindən biri kimi təqdim olunur

May ayının sonunda milyonlarla insanın diqqəti yenidən Azərbaycana yönələcək. Tək ingilis azarkeşləri deyil, əksər futbolsevərlər mayın 29-da Bakıdakı məşhur Olimpiya Stadionunda baş tutacaq oyunu səbirsizliklə gözləyir. Məlum olduğu kimi, həmin tarixdə Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Yarışma dünyaca məşhur iki ingilis komandası -"Arsenal” və "Çelsi” futbol klubları arasında baş tutacaq. Dünya və Avropa futbol çempionatlarından sonra UEFA finalı həmişə ilin, hətta dünyanın əsas futbol hadisəsi hesab edilir. Bir faktı da qeyd etmək yerinə düşər ki, bundan əvvəl də ölkəmiz dünyaca məşhur mədəni, siyasi, ən müxtəlif idman yarışlarına ev sahibliyi edib. Və bu tədbirlərin təhlükəsizliyi tam təmin olunub, hər şey yüksək peşəkarlıq səviyyəsində baş tutub. Yeri gəlmişkən, həmin tədbirlərin beynəlxalq standartlara uyğun keçirilməsi dünyanın aparıcı media qurumları, təşkilatları tərəfindən dəfələrlə yüksək səviyyədə qeyd olunub. Budəfəki final yarışması ilə bağlı dünya şöhrətli futbol təşkilatı – UEFA öz saytında geniş informativ məqalə yerləşdirib. Azərbaycan paytaxtının dünyanın ən təhlükəsiz və gözəl şəhərlərindən biri olduğu xüsusi vurğulanıb. "Bakı - Azərbaycanın paytaxtı. Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən bir şəhər. Küləklər şəhəri adını alan paytaxt öz adını Badukube sözündən götürüb”, - deyə təşkilatın saytında yerləşdirilən material bu sözlərlə başlayır. Qeyd edilir ki, Azərbaycan paytaxtı 19-cu əsrdə neftin çıxarılması üzrə mərkəzlərdən biri olub: "Bakı dünyanın ən məşhur şəhərləri – Dakar, Neapol, Hyuston, Bordo, Kiyev, Hayfa və Rio-de-Janeyro şəhərləri ilə qardaşlaşıb”. Daha sonra Azərbaycan paytaxtında 17 yaşlı gənclər, eləcə də qızlar arasında futbol üzrə Dünya Çempionatının keçirildiyi vurğulanır. Milyonlarla izləyicisi olan saytın oxucularının diqqətinə o da çatdırılır ki, 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin bir neçə oyunu da burada keçiriləcək. Məqalədə izləyicilərə Bakı şəhərinin harada yerləşməsi barədə də ətraflı məlumat verilir. Bakı Qafqazda və Xəzər dənizində ən böyük şəhər adlandırılır - bu şəhər Moskva və İstanbuldan 2000 km uzaqlıqda, Nyu-Yorkdan 9000 km şərqdə və Pekindən 5500 km qərbdə yerləşir.
Daha sonra saytda Bakı Olimpiya Stadionundan söhbət açılır və buranın tamaşaçı tutumunun 70 minə çatdığı vurğulanır. Stadionun 2015-ci ilin fevral ayında istismara verildiyi, bir neçə il əvvəl Avropa oyunlarının da burada keçirildiyi bildirilir. Xatırladılır ki, Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi 6 iyun 2011-ci ilə, yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib. Stadion 2015-ci il martın 6-da istifadəyə hazır vəziyyətə gətirilib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilib. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, o vaxtkı FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, dünya futbol ictimaiyyətinin görkəmli simaları, futbol veteranları və bir sıra digər qonaqlar iştirak edib. Azərbaycanda futbolun inkişaf etdirilməsi məqsədilə xeyli işlər görüldüyü bildirilir. Böyük-Şor gölü (Böyük duzlu göl) yaxınlığında yerləşən stadion Heydər Əliyev aeroportundan 20 km məsafədə yerləşir. Məqalədə qeyd edilir ki, Bakı şəhərində iki metro xətti fəaliyyət göstərir. Şəhərdə ictimai nəqliyyat və taksi xidməti baha deyil. Son onilliklər ərzində şəhər sürətlə inkişaf edir. Turistlərin sayı durmadan artır və Bakıda müasir otel və mehmanxanaların sayı kifayət qədərdir. Daha sonra şəhərin görməli yerləri barədə turistlərə ətraflı məlumat verilir. Qeyd edilir kİ, Bakıdakı bir sıra mədəni, tarixi abidələr YUNESKO-nun mədəni irs siyahısına salınıb. Məşhur Qız Qalası, Şirvanşahlar sarayı da burada yerləşir. UEFA-nın saytında izləyicilərə şəhəri gecə vaxtı gəzmək də məsləhət görülür. Şəhərdə göz oxşayan binalar, işıqlandırma sistemi, o cümlədən məşhur "Alov qüllələri”nin olduğu vurğulanır. Bununla yanaşı, şəhər bulvarının da gözəlliklər içində olduğu, Dənizkənarı bulvarın Bayraq Meydanından Azadlıq Meydanına kimi uzandığı bildirilir. Burada çoxsaylı attraksionlar və əyləncə mərkəzlərinin olduğu vurğulanır. Səyahət edənlər Azərbaycan, Türkiyə və İran mətbəxləri arasında yaxınlıqların olduğunu müşahidə də bilərlər. Əsas təamlar - plov və kababın onlarla növüdür. Bundan əlavə, çoxsaylı şirniyyat növləri də mövcuddur. Sonda isə Azərbaycan futbolundan bəhs edilir və onun yüksəliş mərhələsində olduğu vurğulanır. Üç futbol klubu – "Qarabağ”, "Neftçi” və "Qəbələ”  UEFA liqalarında çıxış ediblər. 2017-ci ildə isə "Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində ölkəni təmsil edib. 1937-ci ildə əsası qoyulan "Neftçi” futbol klubu uzun müddət ölkənin ən titullu komandası olub. Onun "Xəzər Lənkəran”la qarşıdurması isə əsl milli yarışa çevrilib. Bundan əlavə, "Keşlə” (keçmiş İnter) və "Zirə” klubları da populyardır.
Sonda isə Azərbaycanın "Odlar diyarı” adlandırılmasının səbəblərinə toxunulur: "Bilmək istəyirsiniz nə səbəbdən Azərbaycanı Odlar Yurdu adlandırırlar - şəhər kənarından 25 km ətrafda yerləşən Yanardağa gedin. Hətta yağışlı havada belə orada dağdan od çıxır. Qobustan qoruğundakı rəsmlərin yaşı isə 40 mini keçir. Elə burada daha bir geoloji fenomen – palçıq vulkanları yerləşir”
Sonda bir məsələyə də toxunmaq istərdik. Ən acınacaqlısı odur ki, hər dəfə olduğu kimi, bu dəfə də xaricdəki anti-Azərbaycan dairələri bu idman hadisəsi fonunda ölkəmizə qarşı növbəti məkrli kampaniyaya başlayıblar. Həmin kampaniyanın təşəbbüskarları və iştirakçılarının taktikası dəyişməyib, onlar beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa çalışır ki, UEFA Avropa Liqasının finalı kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi düzgün deyilmiş. İddia edirlər ki, Azərbaycanda insan haqları və s. sahələrdə problemlər yaşanır. Halbuki, dəfələrlə şahidi olmuşuq ki, analoji yarışların keçirildiyi ölkələrin şəhərlərində polislə qarşıdurma, zorakılıq halları baş verib.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946