AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədən Senatın qərarına sərt etiraz

Türkiyədən Senatın qərarına sərt etiraz

Siyasət
13 Dekabr 2019, 17:35 1229
"Tarixdən siyasi məqsədlər üçün istifadə edənlər, həqiqətlərlə qarşılaşmaq istəməyən qorxaqlardır”

Birləşmiş Ştatlar və Avropanın Türkiyəyə qarşı təzyiqləri səngimir. Maraqlıdır ki, ABŞ və Türkiyə prezidentləri - Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Nyu-York görüşünün üstündən heç bir ay keçməmiş Senat da qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul etdi. Ondan əvvəl isə Nümayəndələr Palatası analoji qərar qəbul etmişdi. Beləliklə, çoxlarının ədalətinə güvəndiyi, demokratik və dost dövlət saydığı ABŞ-ın öncə Nümayəndələr Palatası, indi də Senatı qondarma erməni soyqırımını tanıdı. Qaldı bir Trampın buna reaksiyası. Çox güman ki, prezident qanunverici orqanın qəbul etdiyi qərara veto qoyacaq. Erməni faşizminin cəmi 18 il bundan əvvəl törətdiyi Xocalı soyqırımına reaksiya verməyən Birləşmiş Ştatlar qanunvericiləri nədən 100 il bundan qabaq baş verdiyi ermənilər tərəfindən uydurulan bir məzhəkəni faciə kimi tanıyır? Sözsüz ki, burada Ankaraya qarşı qərəzdən, təzyiqdən söhbət gedir. Görünür Ərdoğandan istədiyini ala bilməyən ABŞ yenə də erməni kartını işə salmaq qərarına gəlib.
Qeyd etdiyimiz kimi, ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini "soyqırımı” kimi tanıyan qətnaməni qəbul edib. Demokrat Bob Menendez və respublikaçı Ted Kruz bundan əvvəl bu qətnaməni dəfələrlə müzakirəyə çıxarsalar da, sənədin qəbulu ayrı-ayrı millət vəkilləri tərəfindən bloklanırdı. Son dəfə bunu bir həftə əvvəl senator Kevin Kramer etmişdi. Bu senator noyabrın 13-dən bəri sözügedən qətnaməni üçüncü dəfə idi ki, bloklayırdı.
Kramer demişdi ki, onun qətnaməni bloklamasına səbəb bu qanunvericilik aktının münasib vaxta düşməməsi və Türkiyəni qəzəbləndirə biləcəyidir. Qətnamənin qəbulunun Türkiyəni hiddətləndirəcəyi qaçılmazdır. Belə bir qətnamənin qəbuluna Ağ Ev də bir o qədər meyllənmirdi, lakin indi belə görünür ki, administrasiya geri çəkilməli olub.
Beləliklə, Birləşmiş Ştatların tarixində qondarma erməni soyqırımı ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu. Bir sıra təhlilçilərin fikrincə, sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub.
İki ölkə arasında münasibətlərin gərginliyi Türkiyənin Suriyaya müdaxiləsindən və Rusiyadan S-400 raketləri almasından sonra daha da artmışdı.
NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.
Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.
Yeri gəlmişkən, rəsmi Ankara dərhal Senatın qərarına reaksiya verib. Türkiyənin Xarici İşlər Nazirliyi qətnaməni hüquqi cəhətdən əsassız adlandırıb və əlavə edib ki, bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıyır. "ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir", - bəyanatda deyilir. Türkiyə XİN-dən bildirilib ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar. "Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək”, - nazirliyin yaydığı bəyanatda vurğulanır.
XİN rəhbəri Mövlud Çavuşoğlu sosial media hesabından yaydığı açıqlamada "tarixdən siyasi məqsədlər üçün istifadə edənlər, həqiqətlərlə qarşılaşmaq istəməyən qorxaqlardır” deyib. Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Sönmez də qərara münasibət bildirib. ABŞ-nın bu səhvdən imtina etməsini və iki ölkə arasındakı münasibətlərin arzu edilən səviyyəyə qalxmasını arzuladığını vurğulayıb.
Prezident aparatının sözçüsü İbrahim Kalın da ABŞ-nın qərarını pisləyib. O, bu cür addımların Türkiyənin mövqeyini dəyişməyəcəyini bildirib.
Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal başda olmaqla Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya Qrup sədrləri qanun layihəsini qanayıb.
Türkiyə Prezident Administrasiyasının təmsilçisi Fəxrəddin Altın isə layihənin qəbulunu iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün "Twitter” hesabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: "Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik”. 
Ədliyyə naziri Əbdülhəmid Gül Van şəhərində keçirilən tədbirdə deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir. "Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir”, - deyə nazir vurğulayıb.
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer də ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib. Səfir jurnalistlərə açıqlamasında deyib ki, məlum layihə qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, hökumət Administrasiyasının mövqeyini əks etdirmir. "Artıq bu barədə Senat öz fikirlərini tam və dəqiq şəkildə ifadə edib. Bu o deməkdir ki, artıq biz bunu nəzərə almalıyıq. ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, - deyə ABŞ səfiri qeyd edib.
 
Azər