• şənbə, 20 Aprel, 05:49
  • Baku Bakı 15°C

Türkiyə mediası Bakı keçirilən Türk Şurası sammitindən yazır

15.10.19 17:01 684
Türkiyə mediası Bakı keçirilən Türk Şurası sammitindən yazır
Bu gün türk dünyasının diqqəti Suriyada aparılan antiterror əməliyyatı və Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşünə yönəlib. Bəlli olduğu kimi, neçə gündür ki, qardaş Türkiyə ordusu terrorçulara qarşı önəmli əməliyyata start verib. Və bu günlər ərzində yüzlərlə terrorçu məhv edilib. İkili standartlardan çıxış edən Qərb ölkələrinin təzyiq və hədələrinə baxmayaraq, türk ordusu inamla irəliləməkdə və uğurlar əldə etməkdə davam edir. Ölkəmizin Xarici İşlər Nazirliyi "Sülh bulağı” adını alan əməliyyatın ilk günündən bəyanat verərək qardaş ölkənin yanında olduğunu bəyan edib. Bu diqqət, dəstək qardaş ölkənin mediasında xüsusi qeyd edilməkdədir. Xüsusən də, Türkiyə siyasətində mühüm rola malik köşə yazarları bu dəstəyi xüsusi qeyd etməkdədir. Onların bəzilərinə nəzərə salaq. Məsələn, Türkiyənin nüfuzlu "Sözçü” qəzetinin köşə yazarı Can Ataklı yazır ki, "bir-iki müsəlman ölkə - Azərbaycan, Pakistan, Qətər istisna olmaqla heç bir ölkə Türkiyəyə dəstək vermədi”. Qəzetin başqa bir yazarı Ümit Zileli də bu dəstəyə toxunaraq yazır ki, "Azərbaycan və s. dövlətlərdən başqa bir kimsənin dəstək vermədiyi bu əməliyyat sözsüz ki, türk xalqının qələbəsi ilə yekunlaşacaq”. "T24” ün yazarı da təəssüf hissi ilə yalnız dörd ölkə - Azərbaycan, Qətər, Pakistan və Macarıstanın Türkiyəyə qardaş dəstəyi verdiklərini bildirib. "Yeni cağ” qəzetinin köşə yazarı Arslan Bulut və "Evrensel” qəzetinin köşə yazarı İhsan Çaralan da Azərbaycanı nəzərdə tutaraq yazırlar ki, "terrorçular "altı dövlət, bir millətə” heç nə edə bilməz”. Öz növbəsində "Yeni akit” qəzetinin köşə yazarı, professor Ahmat Maranki yazır ki, "azərbaycanlı, pakistanlı, qətərli, somalili dostlarımıza da salam deyirik, ordumuzun şanlı qələbəsinə inamımız artır. Bu "Sülh bulağı” əməliyyatı zəfərlə nəticələnəcək”. "Hirriyet”in yazarı Hande Firat və "Habertürk”ün yazarı Murad Bardakçı də Azərbaycanın dəstəyindən bəhs ediblər. Murad Bardakçı yazır ki, dost və düşmən belə günlərdə bəli olur: "Türk dünyasından Azərbaycan Türkiyənin yanında olduğunu bəyan edib. Qəzetin başqa bir yazarı Güntay Şimşək də türk xalqının birliyindən bəhs edib. "Posta”nın yazarı Candaş Tolga Işık isə müsəlman dünyasının Azərbaycan istisna olmaqla Türkiyəyə dəstək verməməsindən təəssüflə yazıb. "Sabah”ın məşhur köşə yazarı Mehmet Barlas yazısında "azərilər yanımızda” deyə yazır. Onun sözlərinə görə, "Sülh bulağı”nin diplomatik cəbhəsi hərbi cəbhədən daha mürəkkəb inkişaf edir: "Dost və həqiqi müttəfiq olaraq gördüyümüz ölkələr heç bir tərəddüd etmədən dəstək olduqlarını bildirirlər. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Türkiyəyə dəstəyini ifadə edib”. "Haber7.com”un yazarı Arif Altınbaş "dostlarımız Azərbaycan, Pakistan və Qətərdən ibarət imiş” deyə təəssüflə yazır.
Yeri gəlmişkən, Türkiyə mediası Bakıda keçirilən türk dünyasının toplantısına da geniş yer ayırıb. Qardaş ölkənin mediasında bununla bağlı saysız-hesabsız məqalə, reportaj və informasiyalara rast gəlmək mümkündür. Məsələn, "Sabah” qəzetində dərc olunan "Başkan Erdoğan'a Azerbaycanda sıcak karşılama!” başlıqlı məqalədə iki qardaş ölkə arasında münasibətlərin pik həddə olmasından bəhs edilib. Ardınca da "Türkiyə” qəzeti Ərdoğanın Bakıda səsləndirdiyi bəyanatı xüsusi yer ayırıblar. "Əməliyyatımızı sona çatdırmaqda qərarlıyıq. Başladığımız işi bitirəcəyik. Bir dəfə yüksələn bayraq bir daha enməz "deyə qəzet Ərdoğanın fikirlərinə yer verib. "Milliyet”ə dərc olunan "Cumhurbaşkanı Erdoğan'ndan Arap Birliği'ne sert tepki!” başlıqlı məqalədə də bu məsələdən bəhs edilib. Bildirilib ki, Ərdoğan və İlham Əliyev arasında söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub və bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulanıb.
Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
"Haberturk” isə "Azerbaycan cumhurbaşkanı başyardımcısı Hasanov'dan barış pınarı harekatı'na destek” başlıqlı məqalədə prezidentin köməkçisi Əli Həsənovun fikirlərinə yer ayırıb. "A24”də dərc edilən Erdoğan: Yükselen bayrak inmez!” və "CNN TURK” "Son dakika: Cumhurbaşkanı Erdoğan Azerbaycan'da” məqalədə Ərdoğanın fikirlərinə yer verilib. "Başda Azərbaycan olmaqla "Sülh bulağı” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm”, - deyə Ərdoğan bəyan edib. Ərdoğan onu da deyib ki, Türkiyə "Sülh bulağı” əməliyyatı ilə Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki miqrantların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sona qədər davam etdirəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər