• cümə, 26 Aprel, 18:51
  • Baku Bakı 22°C

Türkiyə-Ermənistan münasibətlərinin ana şərti

25.11.14 09:57 1523
Türkiyə-Ermənistan münasibətlərinin ana şərti
Qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər bu istiqamətdə növbəti kampaniyaya start veriblər. Bədnam “Sürix protokolları” iflasla nəticələndikdən sonra yaranmış süstlüyü bu dəfə də ermənilər və onların Türkiyədəki müəyyən havadarları pozublar. Qərbin müəyyən dairələrinin ayırdığı qrantlardan şirniklənən Türkiyədəki ermənipərəst qüvvələr prosesə dəstək vermək qərarına gəliblər. Bu işdə isə onlara bu yaxınlarda baş nazir Əhməd Davudoğlunun müşaviri təyin olunan Etyan Mahçubyan dəstək verib.
Artıq bir neçə gündür ki, türk və erməni mətbuatında İstanbulda ermənilərin keçirdikləri biabırçı tədbirdən bəhs edilir. Hrant Dink Vəqfinin təşkilatçılığı və dəstəyi ilə “Möhürlü qapı: Türkiyə - Ermənistan sərhədinin gələcəyi konfransı” adlanan forumun (Hrant Dink İstanbulda nəşr olunan “Aqos” ermənidilli qəzetin erməni redaktoru olub, 2007-ci ildə qətlə yetirilib) işində Türkiyə, Ermənistan, ABŞ və Fransadan tanınmış politoloq, konfliktoloqlar, iqtisadçı-ekspertlər, siyasətçilər iştirak edib. Tədbirin “bilim kurulu” (ekspert heyəti) isə aşağıdakı tanınmış və nüfuzlu şəxslərdən ibarət qurulub: Asaf Savaş Akat (Bilgi Universiteti, Türkiyə), Aleksandr İsgəndəryan (politoloq, Ermənistan), Əhməd İnsel (Qalatasaray Universiteti, Türkiyə), Raymond Geforkyan (Paris Universiteti, Fransa), Fuat Keyman (Sabancı Universiteti, Türkiyə), Jirayr Liparidyan (Miçiqan Universiteti, ABŞ), H.Neşe Özgen (Mimar Sinan Universiteti, Türkiyə), Volkan Vural (TÜSİAD, Türkiyə) –Aydın Doğanın köməkçisi, Tomas de Vaal (Karnegi Fondunun aparıcı eksperti, “Qara Bağ” kitabının müəllifi, ABŞ). Göründüyü kimi, burada Azərbaycandan bir nəfər də olsun dəvətli olmayıb.
Tədbirdə çıxış edənlər heç bir şərt olmadan iki ölkə sərhədlərinin açılmasının tərəfdarı olduqlarını xüsusi qeyd ediblər. Konfransla bağlı Hrant Dink Vəqfinin saytında yerləşdirilən məlumatda sərhədlərin bağlı qalmasının münaqişənin həllinə müsbət təsir göstərmədiyi, nizamlamanı daha da mürəkkəbləşdirdiyi iddia olunur. Bəzi məlumatlara görə, konfransa Türkiyənin ölkəmizdəki sabiq səfiri (2001-2004) Ünal Çeviköz də qatılıb. Bu yerdə yada salaq ki, tədbir ərəfəsində - ötən həftə Çeviköz “Hürriyet” qəzetindəki yazısında Ermənistan siyasi-ekspert dairələrində rəğbətlə qarşılanan fikirlər işlətmiş, Türkiyəni “Qafqazdakı lider rolunu bərpa etmək üçün yeni təşəbbüslə çıxış etməyə, situasiyanın dalandan çıxmasına yardım göstərməyə” çağırmışdı.
İstefada olan diplomat yazmışdı ki, bunun yolu Ermənistanla sərhədləri açmaqdan keçir. Məsələ ondadır ki, xeyli vaxtdır Birləşmiş Ştatların patronajlığı ilə Türkiyə ilə Ermənistanı barışdıracaq böyük anlaşmanın - “Yol xəritəsi”nin reallaşması yönündə cəhdlər edilir. Bundan ötrü hətta Türkiyə və Ermənistanda gizli təşəbbüs qruplarının yaradıldığı da yayılan xəbərlər sırasındadır. 2015-ci ilə hədəflənmiş bu planın qayəsində isə sərhədlərin saxta soyqırımın 100 illiyinədək (!) açılması, yəni 5 ildir dondurulan (2009) “Sürix protokolları”nın nəhayət ki, reallaşdırılması dayanır.
Ən önəmlisi odur ki, “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfransın keçirilməsinə münasibət birmənalı olmayıb. Əksər türkiyəli siyasilər bu tədbiri, ümumiyyətlə təşəbbüsü pisləyiblər. Türkiyə rəsmiləri Ankara-Yerevan münasibətlərinin Azərbaycanın maraqları nəzərə alınmadan normallaşmasının mümkünsüzlüyünü bildiriblər. Məsələn, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel konfransı türk millətinin yaddaşını unutdurmaq üçün atılan addım kimi qiymətləndirib. Bozyel Trend-ə verdiyi açıqlamasında qeyd edib ki, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: “Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil”.
Türkiyə baş nazirinin müavini Yalçın Ağdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkün olmadığını bildirib. Digər tərəfdən, qeyd edilir ki, Dağlıq Qarabağ problemi artıq Azərbaycan üçün nədirsə, Türkiyə üçün də o mənanı kəsb edir. Dolayısı ilə bu, Ankara üçün milli məsələdir.
Şübhəsiz ki, bu məsələdə bəzi dövlətlərin də təzyiqi var. Çünki Ermənistan deyilən dövlətin hansı dövlətlərin cəhdi nəticəsində yaradılması məlumdur və Ermənistan daim onların himayəsində olub, bu gün də onların himayəsindədir. Bu gün hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda Azərbaycana da təzyiqlər göstərirlər, təhrik edirlər ki, Ermənistanla əlaqə yaradın. Bu həmin dövlətlərin riyakarlığı, qeyri-səmimiliyidir. Ancaq bütün bunlara baxmayaraq, hər dövlətin özünəməxsus xarici və daxili siyasəti var. Kənardan kiminsə nəsə deməyi əsas deyil. Türkiyənin özünün öz yolu və siyasəti var.
“Türkiyədə heç bir “möhürlü qapı” yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri “soyqırımı” iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir”. Bunu isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu söyləyib. O bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı “soyqırımı”, torpaq iddiaları olduğunu xatırladan tarixçi, deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: “Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır”.
Beləliklə, göründüyü kimi, əksəriyyətin gəldiyi qənaət də budur ki, konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar məqsədi daşıyır. Onlar “unudurlar” ki, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqca, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə heç bir söhbət ola bilməz. Yəni Türkiyə bu istiqamətdə öz mövqeyini həmişə bildirib. Vaxtaşırı olaraq müəyyən qruplar, müəyyən siyasi dairələr, qeyri-hökumət təşkilatlar və ya mətbuat orqanları xüsusi tapşırıq ilə bu istiqamətdə fikir söyləyir, təkliflər verir. Ancaq bu, Türkiyə dövlətinin rəsmi mövqeyi olmayıb və ola da bilməz. Türkiyə heç vaxt belə yola getməz. Qardaş Türkiyə öz qardaşlıq, dostluq andına daima sədaqətli qalacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər