• cümə, 29 Mart, 04:26
  • Baku Bakı 7°C

Türk ədəbi dil məktəbinin elmi nəzəri əsasları: “Mühakimət ül- lüğətyn” əsəri

13.01.20 11:00 2669
Türk ədəbi dil məktəbinin elmi nəzəri əsasları: “Mühakimət ül- lüğətyn” əsəri
Əlişir Nəvainin eyni zamanda, gəncliyə - gələcəyə mesaj olaraq yazdığı "Mü­­ha­kimət ül-lüğə­teyn” ["İki dilin müqayisəsi”] əsəri Mahmud Kaşğarlının "Divani lü­ğət-it-türk” əsərindən son­ra türk dilinin qorunması və formalaş­ması, mahiyyəti və zənginliyi haqqında yazılmış ən önəmli bir əsərdir.
Türk dünyası ədəbi dil tarixi, dil nəzəriyyəsi mütəxəssisləri üçün klassik tədqiqat nümunəsi olan "Mühakimət ül-lüğəteyn” ["İki dilin müqayisəsi”] əsəri bu gün də gərəkli və dəyərli elmi mənbədir. Əsər türk dilinin fars dili ilə müqayisəli təhlilindən bəhs edir.
Məlumdur ki, ərəb istilasından sonra şərq ədəbiyyatı tarixində hələ də açılmamış çox-çox səhifələr vardır. Əvvəlcə ərəb, sonra fars dilində yazıb-yaratmaq artıq rəsmi qanun halını almışdır. Lakin Əmir Teymur hakimiyyəti qurulandan sonra türk dilində yazışmalar, müxtəlif əsərlər əlyazmalar halında nisbətən geniş yayılmağa başladı. Və nəhayət, Sultan Hüseyn Bayqaranın hakimiyyəti zamanında türk ədəbiyyatı, türk ədəbi dili türkcənin qızıl dövrünə çatdı. Əlişir Nəvai qüdrəti, fitri istedadı, milli düşüncəsi, milli ruhu bu zirvəni fəth etdi. Artıq türk dilində "Divan”, "Xəmsə” yaradan Əlişir Nəvai türk dilinin böyüklüyünə, zənginliyinə hələ də həzm edə bilməyənlərə cavab olaraq daha bir neçə elmi-nəzəri əsərlər yazdı.
Haqqında bəhs edəcəyimiz "Mühakimət ül-lüğəteyn” ["İki dilin müqayisəsi”] əsərində Nəvai qeyd edir: "Uşaqlığın möcüzələri”, "Gəncliyin qaş-daşları”, "Orta yaşın gözəllikləri”, "Qocalığın faydaları - bu "dörd "Divan”ın şöhrətini çün dünyanın dörd yanına yaymışam, "Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə, "Möminlərin təşvişi” ("Heyrət ül-əbrar”)” bağında təbim güllər açıbdır ki, ona "Sirlər xəzinəsi”ndən ("Məxzən ül-əsrar”) Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır. Elə ki, xəyalım "Fərhad və Şirin” şəbistanına yol tutdu, Əmir Xosrovun nəfəsi ("Şirin və Xosrov”) odundan çırağımı yandırdı. Eşqim "Leyli və Məcnun ("Leylavü Məcnun”) vadisinə baş vuranda, Xacə Himməti (öz) "Gövhər­namə”sindən yoluma gövhərlər səpibdir. Qəlbimə "Yeddi səy­yarə” ("Səbai səyyarə”) hakim olanda, Əşrəfin "Yeddi gözəl”in­dəki ("Həft peykər”) yeddi hurisima peşkəşimdə yaraqlanıb dur­du. "İskəndərin divarları”nın ("Səddi İskəndər”) xatirim mühən­disi əsasını salıbdır ki, onda da möhtərəm Cami öz "Hikmətlər kitabı”ndan ("Xiradnamə”) yardım və imdad təbilini çalıbdır. Bu "Xəmsə” məşğuliyyətindən farağat tapandan sonra təxəyyülü­mün yüyrək atını sultanların tarixi çölünə çapmışam. Çün namələrin qaranlıq zülmətindən "Seçilmiş salnamələr” ("Zəbdət üt-təvarix”) ifadəsini düzmüşəm, sultanların ölgün adlarını bu dirilik suyu ilə durğuzmuşam. "Sevgi mehləri”nin ("Nəsaim ül-məhəbbət”) xoş ətrinin bəyanından … , quş dilinə ("Lisan üt-teyr”) işarət ilə həqiqət əsrarın məcaz surətindən, "Mirvari dənələri”nin ("Nəsr ül-ləli”)in tərcüməsindən "Daş-qaşın sapa düzülməsi” ("Nəzm ül-cəvahir”) ilə onun məna incilə­rindən… yazan müəllif "təbinin daim türk dilinə meyliliyini” sevgi ilə etiraf edir. Özü də bu etiraf, ümumiyyətlə əsər nəsrlə yazılsa da, nəzm kimi qulaqlarda nəğmə ruhunu anladır.
Əsərin girişində müəllifin yazdığı kimi, "təkəllüm əhli xırmanının sünbül yığanı və qiymətli söz dürləri xəzinəsinin sədaqətli gözətçisi, nəzm gülüstanının şirin nəğməli bülbülü, Nəvai təxəllüslü Əlişir, – Allah onu hər dərd-bəladan və pis əməldən hifz eləsin, – belə ərz edir ki, söz dürdür, onun dəryası isə könüldür. Və könül irili-xırdalı cəmi fikirlərin mədənidir. Necə ki, dərya­dan gövhəri qəvvas çıxarır və onun qiyməti cövhərinə görə bilinir, könüldəki söz dürrü və nitq şə­ra­fətinə sahib olanın dilində üzə çıxarır və zinətini göstərir”.
"Mühakimət ül-lüğəteyn” ["İki dilin müqayisəsi”] əsəri Nəvainin digər əsərlərində, orta şərq ədəbiyyatı ənənələrinə uyğun olaraq, həmd, nət, minacat və sultanı mədhiyyə ilə başlayır:
"Şükür olsun Allaha ki, insanı nitq və dil şərəfi ilə digər məxluqlardan üstün tutdu, onun dilinin şirinliyini, sözünün şəkərliyini izhar etdi, onun təşəkkürünə, minnətdarlığına və şəhadətinə layiq oldu” – uca Allahın insana verdiyi bu lütfünü şair şükranlıqla yazır.
Onun yaratdığı ilk bəni insanı – Adəmi nət və islam dünyasının ilk ayaq açdığı xalqı mədh edir.
Daha sonra bu əsəri yazana Allahdan dua edir ki, işini ləyaqətlə, tarixi missiyasını başa çatdırsın.
Bunun ardınca, söz haqqında, sözün dəyəri, sözün xisləti haqqında, sözün "əqlə və təsəvvürə” sığmaz çeşidlərindən, dərin­liklərindən, zinyətindən, bəzək-düzəyindən dürlü ifadələr oxu­yuruq. Sözün səs və avazından başqa onun məna tutumundan bəhs edilir. Onun "yetmiş iki növündən bəhs etməklə kifa­yətlənmək olar” – deyə yazaraq Adəmdən sonra ilk yaranışdakı yetmiş iki millətə - xalqa işarət edir. Və bu yetmiş iki dilin – xal­qın içində onun mənsub olduğu türk dilinin incəlikləri, zəngin­liyi, çoxçalarlılığı, çoxmənalılığı, bir sözlə, türkçülük ideolo­giyası, türk ədəbi dil fəlsəfəsi məsələsini təfərrüatı ilə diqqətə yetirməyi qarşısına məqsəd qoyur. Səbəb, yuxarıda da qeyd etdiyimiz kimi, islamın yaranışı, formalaşması ərəb dilinə, daha sonralar fars dilinə meydan verilməsi ilə türkcənin, türk dilinin meydanı bütünlüklə sıxışdırılmışdı. Zaman hər şeyi nizama qoyduğu kimi, böyük və zəngin keçmişi – tarixi olan bir xalqın ədəbiyyatını (tarixin amansız zülmü olaraq yandırılıb məhv edilsə də), fəlsəfəsini, düşüncəsini öz dilində yazmağa fürsət yaratdı. Əmir Teymurun tarixi siyasət meydanında yetişən, milli intibah üçün doğulan Əlişir Nəvai fitrətən fazilliyi ilə qələmini bu yolda məşələ çevirdi. Övliyya ədəbli, kübar ədəbiyyatın nümayəndəsi Nəvai bu əsəri ilə təkcə bir dilin haqqını özünə qaytaran şair, filosof kimi yox, eyni zamanda siyasət meydanında nüfuz sahibi olan dövlət xadimi kimi söz sahibi oldu. Sözünü, fikrini, düşüncəsini, məqsədini açıqladı və bir ömrü bu dilin ədəbiyyatını yaratmaqla məşğul oldu. Dünya malı başından aşıb daşsa da, onda gözü olmadı. Allahın ona nəsib etdiyi var-dövlətini, ruzi-bərəkətini də xalqının gənc övladlarının təhsilinə xərclədi (məktəblər, mədrəsələr, camilər, xeyriyyə evləri – şəfa ocaqları, sufilər ocağı və s. açdı). Türk dilində ədəbi nümunələrin inkişafı, formalaşması və yayılması yönündə böyük işlər gördü. Təkcə qələmlə yox, həm də ictimai-siyasi həyatında türk dilinin ədəbi dil meydanında yerini möhkəmlətdi: cahana sığmayan bədii əsərləri və elmi-nəzəri yaradıcılığı ilə.
Ə.Nəvai ərəb dilindən başqa üç dilin mötəbərliyindən söz açır: türk, fars və hind. Bu dillərin mənşəyinin Huh peyğəmbərin oğlanlarına (Yafəs, Sam və Ham) gedib çatdığını və Nuh pey­ğəm­­bər Yafəsi – türklərin ulu babasını Çinə, Samı – farsların ulu babasını İrandan Turana qədər, Hamı isə Hindistana göndərdiyini yazır. Sonralar hind dili uğursuz və mənasız nitq kimi uğur qazanmayaraq sıradan çıxdığından, onun yerinə ərəb dili və yazısı Allahın kəlamına söykənərək yayıldı. Çünki Allahın kəla­mı və rəsulu, peyğəmbərin hədisləri bu dildə yaradıldı. Türk və fars dili isə öz tarixi taleyini sözünün cövhəri, məqsəd ifadəsi ilə tarixin səhifələrində yüksək yerini tutdu. Şairin bu nəzəriyyəsini 1925-26-cı illərdə böyük türkoloq alim Bəkir Çobanzadə "Nəvai-dilçi” və "Nəvainin dili və dilçiliyi haqqında” adlı məqalələrində şərh etmişdir.
Ə.Nəvai "Mühakimət ül-lüğəteyn”də yazır ki, türk sartdan (şəhərdə yaşayan farslara sart deyilib) daha fəhmli və aydın id­rak­lı, xilqəti daha saf və pak məxluqdur. O, türk qövmünü, türk dilinin ilahidən gəlmə - bəxtinə yazılan əqli və elmi düşüncəsin­dən bəhs edəndən sonra fars sözünün də gücündən, Ə.X.Dəhləvi sözünün, Ə.Caminin ruh oxşayan lətafətli sözləri və ruhu yaşadan zərif kəlamlarından da söz açır.
Amma, bu iki dilin müqayisəsində türk dilinin üstünlüyünü - məziyyətlərini nədə görür? Bu məntiqinə sübut üçün 100 sözü - feili misal gətirir: bu sözlərin hər biri iki, üç, dörd, bəzən beş məna daşıdığını izahlarla müqayisə edir.
Həmin sözləri – feilləri diqqətinizə çatdırmaq istədik: Qu­var­maq, quruqşamaq, üşərmək, cıcaymaq, önqdəymək, çiqrəy­mək, dumsaymaq, umunmaq, osanmaq, iqirmək, iqər­mək, oxran­maq, tarıqmaq, aldamaq, arğadamaq, işənmək, iqlənmək, aylan­maq, irikmək, igrənmək, avunmaq, qıstamaq, qınamaq, quzğal­maq, savrulmaq, çayğalmaq, devdəşimək, qımsanmaq, qızğan­maq, nikəmək, sılanmaq, tanlamaq, qımırdamaq, sirpmək, sirmə­mək, kənərgəmək, sığrığmaq, sığınmaq, qılımaq, yalınmaq, mun­q­lan­maq, indəmək, tirgəmək, tivremək, kınqqaymaq, sağal­damaq, sinqrəmək, yaşqamaq, ısqarmaq, günqrənmək, soxran­maq, sıpamaq, qaralamaq, sürgənmək, güymənmək, inqranmaq, töşəlmək, munğaymaq, tançqamaq, tançqalmaq, görüksəmək, buşurğanmaq, boxsamaq, kirkinmək, sögədəmək, busmaq, bür­mək, türmək, tamşımaq, qahamar, sıpqarmaq, çiçərgəmək, cür­gənmək, örtənmək, sızğurmaq, körpəkləşmək, çubrutmaq, çırğa­mağ, bıçımaq, qınqranmaq, sinqürmək, kündələtmək, kömür­mək, jik/girmək, küngürdəmək, kinergəmək, gizərmək, doptul­maq, cıdamaq, tözmək, qazğanmaq, qıcıqlamaq, cımdıalamaq kən­girəmək, yadamaq, qadamaq, çıqanmaq, köndürmək, söndür­mək, suqlatmaq.
Əlişir Nəvai bu sözləri yazandan sonra qeyd edir ki, bu sözlərin heç birinin fars dilində nəinki qarşılığı, heç bu sözlər onlarda yoxdur. Halbuki bunlar hamısı vacib işlək sözlərdir – həm yazı üçün, həm də danışıq üçün.
Əlişir Nəvai əsərində xüsusi vurğulayır ki, söz və ifadə ya­rat­maqda türk sartdan daha mahirdir və öz sözlərində sart ibarələri ilə müqayisədə daha üstün məziyyətlər göstəriblər.
Dahi mütəfəkkir bu sözlərin çoxunun nəzmi misallarla iza­hı­nı verir. Ona görə şeirlə verir ki, adi danışıq üçün sadə cümlə ilə də misal çəkə bilər, amma şeir dilinin zənginliyini, ifadəliliyini, məna çalarlığının gözəlliyini vermək – göstərmək üçün poetik nümunə göstərir. Bu nümunələrin hamısı, sözsüz ki, türkcə yazdığı şeir nümunələridir.
Əlişir Nəvai əsərdə dörd misralıq yeddi rubai, iki misradan otuz üç beyt, iki misralıq üç nəzm, dörd misralıq iki qitə nümunə əsasında türk dilinin – türk şeir dilinin, ədəbi dilinin fars dilindən üstünlüyünü göstərir. Həmin nümunələrdən bir neçəsini diqqətə çatdırmaq istədik: Məsələn, meyin tərifinə aid "sıpqarmaq” – sö­zünü incə mübaliğəsiz ötürmək olmur. Türk şeirində belə bir beyt var:
Saqiya, tut badə kim, bir ləhzə özümdin baraj,
Şərt bu kim, hər neçə tutsanq ləbaləb sıpqaraj.
(Ey saqi, şərab ver, bir anlığa uyum,
Şərab ver, nə qədər versən,
bir qurtuma boşaldacam onu)

Nəvai belə yazır "Buradakı "sıpqaraj” sözünə çatanda fars şeirində nə əlac etsinlər? (çünki farsda belə bir ifadə-söz yoxdur), yaxud "Tamşımaq” ("tamsınmaq”) sözü hədsiz zövq almaq mə­na­sını daşıyır, yəni şərabı başa çəkib tez içmək yox, ləzzət tapa-tapa, az-az içməyə deyilir –

Saqi çu içib, manqa tutar guş,
Tamşı-tamşı anı kılay nuş.

(Saqi sərxoş olub, mənə iki dəfə artıq süzəndə,
Şərabı dadından ləzzət ala-ala içəcəyəm).
(bu söz də farsda yoxdur)
Fikir verin, Nəvai görün, nə qədər gözəl, nə qədər şirin, nə qədər təəssübkeşliklə şərh edir ki, insan sevginin heyrətindən nə deyəcəyini kəsdirə bilmir.
Və yaxud farsca danışan türk bəyləri və əmirzadələri fars dilində "buxsamaq” sözünü versinlər, görüm necə verirlər!”
Nəvai eyni tonla, oxucusu ilə sanki, üzbəüzə danışırmış sayağı daha 70-ə qədər sözlərin əksəriyyətini belə misallarla izah edir.
Həmin sözlər bunlardır: sıpqarmaq, sıprapay, tamşımaq, buxsamaq, yığlamsınmaq, inqrəmək, sinqrəmək, sıtqamaq, ögür­mək, inckirmək, hey – hey, qımsanmaq, qızğanmaq, xor, çökür, til­mürmək, yasanmaq, arəstə, arayış, bizənmək, qabaq (göz qapa­ğı), ah (çəkmək), isıq dəm (yanğılı nəfəs almaq), çakın (şimşə­yə), ildırım, berk, saika, minq, at, it (it, itmək, itələmək), tüş (yan, yak), bar, sağın (beş mənası göstərilir – A.Ü.), tüz, kök, bab, yə, xod, dul, zor, nur, pir, şir, ot, od, öt, ut, üt, top, tur, töp, tür, türləmək, yə, bez, kudud, biz, ma, nəhnu, biyz, dərəfş, tər, ter, apak, xoy (tər), tir.
Təkrar bir misal da göstərmək istəyirəm: "kök” (göy) sö­zü­nü götürək: biri asimandır, biri ahəngdir (musiqidə), bitkilərin göyərməsi, biri dəyənəyə deyilir, göyərtinin, çayırın da adı "kök” (göy)dür. Türk dilində belə sözlər çoxdur, amma fars dilində belə sözlər yoxdur.

Almaz Ulvi (Binnətova)
filologiya elmləri doktoru

banner

Oxşar Xəbərlər