• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Turizmin inkişafı kiçik biznes və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir

04.02.20 19:32 4637
Turizmin inkişafı kiçik biznes və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir
Ekspertlər hesab edir ki, bu sahədə sahibkarlara yaşıl işıq yandırılmalıdır
Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.
Prezident giriş nitqində söyləyib ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib: "Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm də siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılıb”.
Daha sonra isə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.
Nazir nitqinin davamında iqtisadiyyatın əsas sütunlarından olan turizm sahəsinin kiçik biznes və məşğulluğun genişlənməsinə göstərdiyi təsirdən də danışıb: "Kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amillərdən biri də turizm axınıdır. Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçik mehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialının maksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və hava nəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”.
Əslində, M.Cabbarovun qeyd etdiyi nüanslar illərdir ki, müzakirə edilir və əsas prioritet işlərdən sayılır. Amma nədənsə qeyd edilənlərin həyata keçirilməsi ləngiyir və ya müəyyən səbəblər buna əngəl törədir. Maraqlıdır, ekspertlər bu mövzuda nə düşünürlər?
Turizm üzrə ekspert Əhməd Qurbanovun sözlərinə görə, statistikaya baxdıqda, turizm əvvəlki illə müqayisədə kifayət qədər inkişaf edib: "Bunu isə ölkəmizi ziyarət edən turistlərin sayının 3 milyonu keçməsi ilə əlaqələndirmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, turizmdə daim inkişaf gedir. Amma bir məsələni də etiraf etmək lazımdır ki, turizmi inkişaf etdirmək üçün yalnız 5, 4, 3, 2 ulduzlu otellər yox, həmçinin kiçik hostellərin sayını artırmaq lazımdır. Ona görə ki, hər seqmentdən olan turistlər ölkəmizin turizm potensialından, xidmətindən istifadə edə bilsin. Düşünürəm ki, maarifləndirmə işini bir az geniş şəkildə aparmaq lazımdır. Kiçik biznes sahibləri ilə görüşümüz zamanı onlara investisiyalarını daha aşağı ulduzlu otellərə yatırmağı məsləhət görürük. Çünki bu, turist axınını daha da sürətləndirəcək. Düşünürəm ki, bu işi genişləndirmək üçün daha çox təşviqedici işlər görmək lazımdır. Məsələn, vergidə müəyyən güzəştlərin tətbiq edilməsi, torpaq sahələrinin verilməsi və s. kimi tədbirlər görülə bilər. Otellərin sayında artım məşğulluğun da genişlənməsi deməkdir. Çünki istər-istəməz, həmin otellərdə çalışacaq kadrlara ehtiyac olacaq. Ekoturizmə gəlincə isə, etiraf etməliyik ki, elə də yüksək səviyyədə inkişaf etməyib. Amma potensialı böyük olan turizm sahəsidir. Keçən ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə ölkəmizdə milli parklar qapılarını turistlərə açdılar. Bu sahədə ciddi quruculuq işləri gedir. Məncə, bu ilin yayından başlayaraq həmin milli parklara, qoruqlara turist səfərləri genişlənəcək. Bütün bunlar deməyə əsas verir ki, cari ildə turistlərin ölkəyə gəlməsində inkişaf gözlənilir. Xidmət keyfiyyətinin də yüksəldilməsi üçün kadr hazırlığına xüsusi önəm vermək lazımdır. Hava nəqliyyatı ilə bağlı da onu qeyd edim ki, AZAL keçən ildən səmanı bütün ölkələrə açdı və bu da onu göstərir ki, bu il müxtəlif ölkələrdən gələn turistlərin sayı daha da artacaq”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov işin kökündə maariflənmənin dayandığını bildirir: "Bunun üçün ilk olaraq regionlarda ucuz otellər inşa olunmalı, həmin otelləri inşa edən sahibkarlara güzəştlər edilməlidir. Sahibkarların bu sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradılmalı və yaşıl işıq yandırılmalıdır. Bundan başqa, sağlam rəqabət sistemi formalaşdırılmalıdır. Eyni zamanda bu sahədə çalışan kadrlara xüsusi treninqlər keçmək lazımdır. Bu, xidmət sektorunun inkişafına müsbət təsir edər. Yerli mütəxəssislərin işə cəlb edilməsi ilə istənilən nəticəni əldə etmək olar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər