Toylarımızı “zəhərləyən” səbəblər

Toylarımızı “zəhərləyən” səbəblər

İqtisadiyyat
28 Avqust 2019, 19:30 4472
Bu günlərdə İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər, həkimlərə bildiriblər ki, İsmayıllının Qəzili kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra özlərini pis hiss ediblər. Bu hadisədən bir gün əvvəl isə Şəkidə keçirilən toyda kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Şəkidə toyda iştirak edən 21 nəfər zəhərlənib. Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan sonra Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Toylarda kütləvi zəhərlənmə faktı demək olar ki, artıq adi hadisəyə çevrilib. Bəs görəsən bu zəhərlənmələrin səbəbi nədir? Ümumiyyətlə, bu məsələyə nəzarət edilirmi?

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov deyir ki, hələlik bu haqda araşdırma aparılır: "Adətən kənd yerlərində toylarda toy sahibləri yeməkləri ev şəraitində hazırlayırlar. Yəqin ki, bu dəfə də zəhərlənmənin səbəbi məhz bundan qaynaqlanır. İndi yay fəslidir. Qidalar tez bir zamanda xarab olur. Bildiyiniz kimi, bütün ərzaq məhsullarında bağırsaq çöpləri olur. Çox vaxt belə yerlərdə gigiyenik qaydalara lazımınca riayət olunmur. İcarəyə götürülən şadlıq evlərində hazırlanan yeməklərin tərkibində bağırsaq çöplərinin miqdarı həddindən artıq çox olur. Bu yeməkləri qəbul edənlərdə yüngül formada qida zəhərlənməsi baş verir. Belə zəhərlənmələr zamanı tez bir zamanda xəstələr sağalır. Amma istənilən halda bu zəhərlənmələrin orqanizm üçün müəyyən təhlükəsi var. Xüsusilə, natamam müalicə olunduğu zaman bu problem gələcəkdə daha da dərinləşə bilir. Belə hallara zaman-zaman rast gəlinir. Məhsulların düzgün şəraitdə saxlanılmaması, xüsusilə, salatların hazırlanma texnologiyasına əməl edilməməsi belə zəhərlənmələrə gətirib çıxarır. Ona görə də, isti aylarda bu məsələlərə ciddi diqqət edilməlidir”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovölkənin əmtəə bazarında olan təhlükəli və mənşəyi məlum olmayan məhsullar satıldığını vurğuladı: "Belə təhlükəli malların sayı çoxdur. Həmin məhsullardan şadlıq evlərində, restoranlarda geniş istifadə olunur. Qida Təhlükəsizliyi Agentliyi belə məsələlərə çevik reaksiya bildirməlidir. Şadlıq evləri, restoranlar insanların təhlükəli qida ilə qidalandığı yerlərdir. Orada, adətən ev şəraitində hazırlanan içkilərdən istifadə edilir. Bu məsələdə ictimaiyyət də böyük rol oynayır. Əhali bilməlidir ki, vaxtı keçmiş və mənşəyi məlum olmayan qidalardan istifadə etmək olmaz. Xüsusilə, riskli qidalardan uzaq durulmalıdır. Bizdə əksinə olaraq, belə məhsullara tələbat daha çoxdur. Bu məsələlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Azad İstehlakçılar Birliyi olaraq biz həmin qurumlarla əməkdaşlıq etməyə çalışsaq da, hələlik bu, mümkün olmayıb. İctimai rəyin yaradılması bu məsələdə böyük rol oynayır. İctimai dəstək olmadan nəzarət gücləndirilə bilməz. Hər kəs bilməlidir ki, onun hüquqlarını qoruyan qanun var. Qidanın son istifadə müddəti, saxlanma şəraiti üzərində qeyd olunur. Amma şadlıq evlərində bu qaydalara əməl edilmir. Elə məhsullar var ki, günlərlə açıq şəraitdə saxlanılır. Ona görə də, bu məsələ ilə bağlı xüsusi mexanizm yaradılmalı və zəhərlənmə zamanı çevik reaksiya verilməlidir”. 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Kaspi”yə bildirildi ki, hər iki məsələ ilə bağlı araşdırma aparılır: "Şəkidə baş verən hadisə qida zəhərlənməsi deyil. Bu, disbakteriozdur. Yəni qida zəhərlənməsindən söhbət gedə bilməz. İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub. Hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək”.

"Sağlam Toplum” İctimai Birliyinin rəhbəri Lalə Mehralı qeyd etdi ki, yay aylarında qida zəhərlənmə hallarına çox rast gəlinir: "Adətən bu zəhərlənmələr salatların tərkibinə vurulan xamadan və mayonezdən qaynaqlanır. Qeyd olunan rayonlardakı toylar mağar toylarıdır. Belə yerlərdə məhsulların saxlanma şəraiti əlverişli deyil. Amma şadlıq evlərində, restoranlarda belə bir problem olmamalıdır. Çünki onların məhsulları saxlamaq üçün əlverişli şəraiti var. Təəssüf ki, zəhərlənmələrin çoxuna elə restoranlarda rast gəlinir. Deməli, burada problem təkcə qidaların saxlanması ilə bağlı deyil. Yəni qidaların tərkibi də bu zəhərlənmələrdə mühüm rol oynayır. Elə qidalar var ki, onlar maksimum bir gün saxlana bilər, növbəti gün həmin qida vasitələrini istifadə etmək olmaz. Amma toylarda salatlar axşamdan hazırlanır. Belə olan təqdirdə, zəhərlənmə qaçılmazdır. Həmçinin yağların, meyvə sularının da tərkibi qaneedici deyil. Belə halların qarşısını almaq üçün nəzarət daha da gücləndirilməlidir. Şadlıq evlərinin zirzəmilərində saxta spirtli içkilər hazırlanır. Ucuz başa gəlsin deyə, xüsusi menyu tərtib edilir. Restoranlarda keyfiyyət tərkibi aşağı olan məhsullara daha çox üstünlük verilir. Belə məsələlərə nəzarət edilmir. İsti aylarda balıq məhsullarına diqqət edilmir. Bu aylarda balıq yemək xüsusilə təhlükəlidir. Qidadan əlavə, qabların təmiz yuyulmaması faktına da rast gəlinir. 9-10 il əvvəl Qazaxda sırf bu səbəbdən kütləvi zəhərlənmə olmuşdu. Səbəblər araşdırıldıqda məlum oldu ki, aşpaz qazanı göy sabunla yuyub. Nəticədə toya gələn qonaqların demək olar ki, hamısı qidadan zəhərləniblər. Gigiyena məsələlərinə diqqət edilmir. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı xüsusi nəzarət mexanizmi təşkil etməlidir”.  
 
Şəbnəm Mehdizadə