AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tornado kimi pandemiya

Tornado kimi pandemiya

Cəmiyyət
21 Noyabr 2020, 12:55 836
 
Baş infeksionist: "Koronavirus xəstəsi mütləq həkim nəzarətində olmalıdır”

Boğaraq öldürən, yaşlı və cavan arasında seçim etməyə məcbur edən, gözəgörünməz düşmənlə mübarizəmiz davam edir. Üstəlik, müharibənin ən şiddətli dövrünə qədəm qoyuruq. Biz təkik, düşmən isə qış fəslini də arxasına alıb hücuma keçir. Qarşıdan gələn qış, o qışdan deyil. Təsəvvür etmədiyimiz qədər ağır keçəcək. COVİD çox şiddətlə artır, xəstəxanalar dolur, reanimasiyalar yeni ailə faciələrinə şahidlik edir. Özümüzü qorumasaq, dəhşətli müharibədən məğlub çıxacağıq. Boğaraq öldürən, gözəgörünməz düşmən isə qalib...

Ölkəmizdə yoluxma hər gün iki mini keçir. Lakin hələ də yoluxanlar yoluxmayanları inandırmağa çalışır. Azərbaycanda koronavirusa yoluxma sayının hər gün artması narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, xəstəliklə mübarizə istiqamətində dövlət tərəfindən bütün lazımi addımlar atılır. Amma vətəndaşlar qoyulan karantin qaydalarına tam şəkildə əməl etmirlər. Nəticədə də virusa yoluxma halları çoxalır. Bu səbəbdən Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi dekabrın 28-dək uzadıldı. Ölkəmizdə yenidən müəyyən məhdudiyyətlər tətbiq olunur.

Tək çıxış yolu...

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, koronavirusun geniş vüsət alması fəsil dəyişikliyi ilə əlaqədardır və dünyanın bütün ölkələrində yoluxma çoxalır: "Artıq bir aydan çoxdur ki, virusla bağlı mənfi dinamika müşahidə olunur. İnsanların təmasları artıb, ara məsafəsi gözlənilmir. Bu da yoluxmaya təsir edən amildir. Tək çıxış yolu koronavirusa qarşı dünyanın apardığı mübarizə vasitələrindən - tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, şəxsi gigiyena qaydalarına əməl etməkdir”. 

Baş infeksionist vurğulayır ki, koronavirus insan həyatı üçün təhlükəlidir. Onun sözlərinə görə, bu xəstəliklə zarafat etmək olmaz, insan xəstəlikdən ölməsə də, orqanizmi ilə bağlı mənfi fəsadlar yaranır: "Bu gün insanlarımızın özünü virusdan qoruma tədbirləri mütəxəssisləri qane etmir. Həmçinin, yoluxan insanlar həkimə müraciət etməkdənsə, özləri özlərini müalicəyə üstünlük verirlər. Bu isə doğru deyil. Koronavirus xəstəsi mütləq həkim nəzarətində olmalı, həkimin göstərişləri ilə müalicə olunmalıdır”.

"Qrip peyvəndlərinin tətbiqi vəziyyətin nisbətən yaxşılaşmasına xidmət edəcək”

Həkim Reyhan Tağıyeva deyir ki, COVİD-19-un ölkə ərazisində sürətlə yayılmasının səbəbi havaların soyuq olması ilə bağlıdır: "Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də COVİD-19 infeksiyası yenidən çox sürətlə yayılmağa başlayıb. Səbəb havanın soyuq olması,  insanların  kafe və restoranlar kimi yerlərdə toplanmasıdır.  Son günlər ərzində qeydə olunan yüksək yoluxma sayı, əlbəttə, bizi narahat edir. Ümid edirəm ki, tarixin şanlı səhifələrini yazan dövlətimiz müharibənin bitməsi ilə əlaqədar olan şəraitə baxmayaraq, lazımi qərarlar vasitəsilə yoluxma sayının artmasının qarşısını alacaq və hətta bu sayın azalmasına nail olacaq. Burada əsas vurğulanmalı məqamlardan biri yoluxmuş şəxslərdən yüngül simptomlu keçirənlər və yaşı daha gənc olanların ev şəraitində izolyasiyası, müşahidə və müalicəsini düzgün şəkildə təşkil edilməsidir. Belə olan halda xəstəxanalardakı çarpayıların, yaşlı və risk faktoru olan xəstələr üçün daha səmərəli istifadəsinə şərait yaradılır.  Ötən aylara nisbətən, xəstəliyin daha aqressiv olmasının əsas səbəbi, fikrimcə, yanaşı respirator virus infeksiyaları ilə birlikdə müşahidə edilməsidir”. 

Həmsöhbətimiz vurğulayır ki, qrip peyvəndlərinin tətbiqi vəziyyətin nisbətən yaxşılaşmasına xidmət edəcək: "Qrip peyvəndlərinin tətbiqi həm cəmiyyət üçün vəziyyətin nisbətən yüngülləşdirilməsinə səbəb olacaq, həm də sırf qrip infeksiyası keçirərək tez-tez xəstələnən sağlamlıq qrupuna daxil olan insanlarda immunitetin zəiflənməsi fonunda COVİD-19 xəstəliyinə yoluxma ehtimalını azaldacaq. Xəstəliyi keçirmiş insanlarda dünya üzrə yenidən yoluxma hallarının müşahidəsi onu göstərir ki, bu xəstəlikdən sonra yaranan immunitet dayanıqlı deyil və müəyyən müddət hələ bu infeksiyanın davam etməsi də istisna edilmir. Dünya tarixində rast gəlinən pandemiyalar və sonradan müvafiq peyvəndlərin tətbiq olunması ilə yer üzündən tamamilə silinən infeksion xəstəliklərin olduğu məlumdur. Ümid və arzu edirəm ki, COVİD-19 pandemiyası də bu xəstəliklər siyahısına daxil olacaq. Hələlik isə maskalı və məsafəli həyata davam etmək məcburiyyətindəyik və bunu yaxınlarımız və doğmalarımızın sağlamlığı və təhlükəsizliyi üçün mütləq şəkildə etməliyik. Hər bir Azərbaycan vətəndaşı tələb olunan qaydalara ciddi riayət etməklə dövlətin əsas maddi gücünü və tibbi personalını COVİD-19 pandemiyası ilə mübarizəyə deyil, müharibədən sonrakı dövrdə ordumuza və yaralı əsgərlərimizə yönəltməyə imkan yaratmalıdır. Burada iş, tək həkimin, dövlətin, insanların üzərinə düşmür. İş birlikdə, uzlaşmış şəkildə olmalıdır. İnsanları səbirli olmağa, qaydalara əməl etməyə çağırıram. Güc birlikdədir. Birlikdə bu virusun qarşısını almağa çalışmalıyıq. İlk növbədə düzgün qidalanma və yuxu rejimi immunitetin artırılmasında rol oynayır. Bununla yanaşı, gigiyena qaydalarına riayət edərək, fiziki məsafəni qoruyub, maskadan istifadə etməklə sığortalana bilərik”.

"Ürək-damar xəstəlikləri olan insanlar üçün risk yüksəkdir”

Mütəxəssislər hesab edir ki, yeni növ koronavirus digər orqanlarda da qalıcı fəsadlar yarada bilir. Təsadüfi deyil ki, COVİD-19 infarkt hallarını da artırıb.
Kardioloq həkim Rüfət Zeynalov deyir ki, COVID-19-un fərqləndirici xüsusiyyəti sürətli yoluxma, ağciyərin ağır zədələnməsi və qan laxtalanmasının pozulmasıdır: " Bu xəstəlik yeni və nisbətən az bilinəndir. Qanın laxtalanma sisteminin pozulması infarkt, insultla nəticələnir, həmçinin, dərin venaların trombozu və tromboembolizmin inkişafına səbəb olur. Anlamaq lazımdır ki, ürək-damar xəstəlikləri olan insanların əlillik və ölüm riski yüksəkdir. Müşahidələrimiz və dünyadakı həmkarlarımızın çoxsaylı məlumatları göstərir ki, COVID-19 bu riskləri artırır”.

Həkim vurğulayıb ki, belə halların qarşısını almaq üçün ən təsirli tədbir ilk gündən bəhs edilən əsas təhlükəsizlik tədbirlərinə riayət etməkdir: "Ən əsası, insanlar mümkün qədər özlərini təcrid etməlidirlər. İctimai yerləri ziyarət etməyi məhdudlaşdırmalı, sosial məsafəyə və gigiyena qaydalarına riayət etməlidirlər. Bu qaydalar hər kəsə aiddir”.

"Qorunmasaq, dəhşətli nəticələrə səbəb ola bilər”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Turanə Rəsulova da bizimlə söhbətində yeni növ koronavirusun yaratdığı yanaşı xəstəliklərdən danışdı. Həkimin sözlərinə görə, xəstəlik beyin qişalarını zədələyir: "Yəni koronavirusun müalicəsində orqanizmin hansı orqanı zədələnirsə, o orqanı qorumağa çalışırıq. Laxtalanma sistemini pozur, qanı durultmağa çalışırıq. Damarların daxili intima qişasını pozur, damar fəsadı yaradır, bu, ürək çatışmazlığına gətirib çıxara bilir. Çünki ürəyin özünü qidalandıran damarlar da zədələnir. Böyrəkləri zədələyir, xəstə  böyrək çatışmazlığı yaşayır. Əvvəl heç bir şəkər xəstəliyi ilə bağlı şikayəti olmayan xəstə, COVİD-19-a tutulduqdan sonra bu xəstəliyə yaxalanır. Beyin qişalarını zədələyir. Virus damarın içində, qan sistemində ciddi problemlər yaratdığı üçün qanın getdiyi bütün orqanlarda özünəməxsus fəsadlar  qoyur. Məlum məsələdir ki, ağciyər toxuması sıradan çıxır. Hətta gənclərdə belə, bu virusu keçirib qurtarandan sonra tənəffüs problemləri qalmaqda davam edir. Demək istədiyim odur ki, COVİD-19 davam edir və daha kritik ola bilər. Qorunmasaq, bundan da pik həddə, dəhşətli nəticələrə səbəb ola bilər”.

 "Guardian”-nın verdiyi məlumata görə, hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib ki, qış fəslinin gəlişi ilə gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə, xəstəxanaya müraciətlərin və ölüm hallarının sayı artacaq. Hans Kluqe gənclərə çağırış edib ki,  heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir.

Aygün ƏZİZ