• şənbə, 20 Aprel, 00:48
  • Baku Bakı 15°C

Torbörn Yaqlandın ikiüzlülüyü

05.11.14 10:05 1314
Torbörn Yaqlandın ikiüzlülüyü
Avropa Şurasının baş katibinin son açıqlamaları Avropa institutlarının Azərbaycanla bağlı məsələlərdə səmimi olmadıqlarını bir daha sübut edir

Avropa Şurasının baş katibi Torbörn Yaqland Böyük Britaniyanın “Qardian” qəzetində Azərbaycanda insan haqlarının durumu ilə bağlı subyektiv fikirlər səsləndirib. Onun bu fikirləri Azərbaycan ictimaiyyətində, o cümlədən hüquq müdafiəçilərində də narazılıq doğurub.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı bununla bağlı fikirlərini bölüşərkən deyib ki, Avropa Şurasının baş katibi bu fikirləri söyləyərkən bir qədər tələskənliyə yol verib. S.Bənənyarlı hesab edir ki, əslində, İşçi Qrupun fəaliyyətini gözləmək lazım idi: “Təəssüf ki, belə fikirlər səslənib. İmkan vermək lazım idi ki, İşçi Qrupu bir az fəaliyyət göstərsin, özünü doğrultsun. Amma təəssüflər olsun ki, Azərbaycanın "dostları" bu səpkidə fəaliyyətlərini davam etdirirlər, çox təəssüf ki, bu gün əsasən xaricdəki lobbi bu işləri aparır”.
Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində lazımi addımlar atır, Avropanın tövsiyələrini nəzərə alır: “Ancaq İşçi Qrupunun yaradılmasından bir neçə gün sonra Torbörn Yaqlandın Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikir səsləndirməsi doğru addım deyil”.
Göründüyü kimi, avropalılar bu kimi məsələlərdə heç cür obyektiv ola bilmirlər. Diqqət yetirin, həmin bu Torbörn Yaqland “Qardian” qəzetindəki məqaləsindən öncə Avropa Şurasının rəsmi saytına açıqlamasında Azərbaycanda insan haqlarının qorunması sahəsində aparılan işləri dəstəkləmişdi. O qeyd etmişdi ki, insan hüquqları üzrə birgə İşçi Qrupun oktyabrın 22-də Bakıda keçirilən ilk iclası Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addımdır. Baş katib Azərbaycan hökumətinin əfv sərəncamını da alqışlamışdı.
Amma cəmi bir gün sonra xüsusi məqalə ilə çıxış edən Torbörn Yaqland bu dəfə tənqidi fikirlərə üstünlük verib.
Halbuki Azərbaycan hökumətinin bu sahədəki gördüyü işlər kifayət qədərdir. Baş katibin özünün də qeyd etdiyi kimi, Azərbaycanda insan hüquqları üzrə İşçi Qrupunun fəaliyyəti bərpa edilib, onun artıq ilk iclası da keçirilib, təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib. Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
Bu isə göstərir ki, Avropa institutları ancaq öz maraqlarını düşünürlər. Bilmirsən, Azərbaycanda iki-üç nəfərin əslində pozulmamış hüquqlarının dalınca düşən Avropanın məqsədi nədir? Amma bir o məlumdur ki, bunların dərdləri insan hüquqları deyil. Onlar ancaq daha böyük məsələlərlə bağlı istədiklərini ala bilməyəndə insan hüquqları məsələsini ortaya atırlar. Belə olmasaydı Avropa Şurası kimi bir təşkilatın baş katibi ən azından öz təşəbbüsü ilə fəaliyyətini bərpa etmiş İşçi Qrupun fəaliyyətinin nəticələrini gözləyərdi. Amma o, bunu etmədi. Birbaşa tənqidə keçdi. Demək ki, kimlərəsə belə lazım imiş.
Bu, bir daha onu göstərir ki, Avropa institutları Azərbaycanla bağlı səmimi deyil, heç vaxt da olmayıblar. İşləri-gücləri ancaq Azərbaycanda iki-üç agentinin hüquqlarını müdafiə etməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan çox qaçqın və məcburi köçkün kimi problemi qalıb bir qıraqda, Avropa elə hey yapışıb vətənə xəyanət edən, Azərbaycanda sabitliyi pozan, xarici təşkilatlara işləyən bir neçə saxta hüquq müdafiəçisindən.
“Trend” agentliyinin eksperti Elçin Mehdiyev də qeyd etdiyi kimi, hələ ermənilərin Kəlbəcərdə öz doğma torpaqlarına getdiklərinə görə girov götürdükləri azərbaycanlıları demirik: “Görün, Avropa institutları səslərini çıxarırmı? İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Görün, heç Torbörn Yaqland ağzını açıb bu barədə bir kəlmə deyibmi? Bəzi Avropa institutları, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasəti kölgə altına almağa çalışırlar. Necə olur ki, bu gün regionda Azərbaycandan çox insan hüquqları sahəsində Avropa ilə əməkdaşlıq edən yoxdur, Azərbaycandan çox Avropa institutlarının tövsiyələrini nəzərə alan yoxdur, amma Avropanın ağzı düzəlmir ki, düzəlmir. Heç düzəlməyəcək də, çünki onlar əslində Azərbaycanın xeyrini deyil, öz maraqlarını güdürlər. Torbörn Yaqland kimiləri Azərbaycanı hörümçək toru kimi tələyə salıb öz istəklərini həyata keçirməyə çalışırlar. Ancaq buna nail olmayacaqlar. Artıq Azərbaycan o Azərbaycan deyil ki, onu tora sala biləsən. Azərbaycan kiməsə görə öz milli maraqlarını qurban verən deyil”.

Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər