Ədəbi tənqid- müasir ədəbi proseslə məşğul
olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı
ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir,
ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək
edir. Әdəbiyyat tarixçisindən vənəzəriyyəçisindənfərqli olaraq,
tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında
anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın
öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez
ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi
müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi
tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.
Ədəbi tənqidinədəbiyyat nəzəriyyəsindən ayrı
bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən
fərqli olması mübahisəli məsələdir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi
nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi
əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya
abstrakt ola bilər.
Ədəbi tənqid tez-tez inşa və ya kitab şəklində dərc
olunur. Akademik ədəbi tənqidçilər ədəbiyyat şöbələrində dərs deyirlər və
akademik jurnallarda dərc olunurlar. Məşhur tənqidçilər daha çox "Times Literary Supplement”, "New
York Times Book Review”, "New York Review of Books”, "London Review of Books”, "Nation,
and The New Yorker” kimi nəşrlərdə əsərlərini yayımlayırlar.
Fevral ayında Xalq yazıçısı Elçin Yazıçılar
Birliyindəki məruzəsində "hazırda Azərbaycan ədəbiyyatında tənqidçi qıtlığı var"
xəbərdarlığını etdi: "Janrda təqsir yoxdur - bu baxımdan, bizdə sadəcə,
tənqidçi qıtlığıdır və olsun ki, "tənqidçi qıtlığı" ifadəsi vəziyyəti
tam ehtiva etmir, bu cür desək, elə bilirəm ki, daha dəqiq olar: bizim ədəbi
prosesdə bəsit, diletant, bəzən də xalis qrafoman mülahizələri kəmiyyət
etibarilə professional tənqidçinin fikrini (yəni ictimai fikrin mühüm bir
hissəsini) xeyli dərəcədə üstələyib, "tənqidçi qıtlığı" yox,
professional tənqidçi qıtlığıdır".
Yazıçı "Tənqidçi kimdir və o, özünü necə
təsdiq edir (ya da etməlidir)” sualları əsasında Azərbaycan ədəbi prosesi və
dünya ədəbiyyatşünaslığına nəzər salıb, bu istiqamətdə fikirlərini,
təklif və iradlarını səsləndirdi.
Çağdaş ədəbiyyatımızda tənqid ədəbi mənzərəni necə
əks etdirir? Ümumiyyətlə, ədəbi tənqid ədəbiyyatın ümumi problemlərini necə əks
etdirir?
"Müzakirə”mizdə
iştirak edən ədəbiyyat adamlarının mövzu ilə bağlı fikirləri
birmənalı deyil. Tendensiyaçılıq
və yarımçıqlıq
"Məncə, bu
gün ədəbi tənqid ədəbiyyatın problemlərini qismən işıqlandırır”- deyən yazıçı-publisist Nəriman Əbdülrəhmanlı hesab
edir ki, əsasən ayrı-ayrı kitablara
və əsərlərə yazılan resenziyalara daha çox rast gəlinir: "Xülasə, yaxud müəyyən
bir dövrə həsr olunmuş yazıların əksəriyyətində də tendensiyaçılıq və
yarımçıqlıq hiss olunur. Yəni müəlliflər yalnız tanıdıqları və münasibətdə
olduqları yazıçıların əsərlərini, bir qədər də
ancaq oxuduqlarını qeyd edirlər. Amma istisnalar da
var. Xüsusilə elmi-tədqiqat xarakterli yazılarda və kitablarda xeyli tamlıq
hiss olunur. Məsələn, ötən illərdə AMEA-nın hazırladığı "Azərbaycan
ədəbiyyatı" iki cildliyinə verilmiş məqalələr əhatəli idi. Xüsusən son
illərdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin
"Azərbaycan ədəbiyyatı" üçcildliyinin iki cildi, mühacirət ədəbiyyatı
və milliyyətçiliyin üç formulu ilə bağlı tədqiqatları kifayət qədər
əhatəlidir”. Ümumilikdə öz işini görə
bilir
Tənqidçi Tehran Alışanoğlu hesab edir
ki, bu gün ədəbi tənqid bütövlükdə ədəbiyyatın ümumi mənzərəsini işıqlandırır.
Sadəcə, bunu ilk nəzərdə görmək bir qədər çətindir: "Yaxınlarda yazıçı Elçin
ədəbi tənqidlə bağlı problemləri səsləndirdi. Məsələ budur ki, ümumi problemləri
yalnız bu cür məruzələr səslənərkən hiss edə bilirik”. Tənqidçinin sözlərinə
görə, ədəbi tənqidin inkişafı il bağlı hər il AMEA-nın Ədəbiyyat
İnstitutunda ədəbi ilin yekunları keçirilir:
"Həmin tədbirdə ümumi problemlər daha qabarıq görünür. Bu baxımdan yanaşanda,
görürük ki, ayrı-ayrı tənqidçilərin yazılarında günün mənzərəsi əksini tapır. Sadəcə,
çox müxtəlif problemlər olduğundan bunu ilk baxışdan hiss etmək olmur. Ancaq
elə hesab edirəm ki, bütövlükdə ədəbi tənqid var. Yəni ədəbi tənqid müstəqillik
illərinin ədəbiyyatına nə gətirib, ədəbi proses ortaya nə qoyub, hansı ümumi
tendensiyalar var, ayrı-ayrı mövzular ədəbiyyatda necə əksini tapır və s.
məsələləri ayrı-ayrı tənqidçilərin fəaliyyətində görə bilirik”. T.Alışanoğlu
hesab edir ki, bu gün ədəbi-tənqidi prosesi həm ümumiləşmiş şəkildə «Ədəbiyyat»
qəzeti əks etdirir, həm də ayrı-ayrı mətbu orqanlarda – "Kaspi”, «Ədalət»,
«525» və bir sıra ədəbi saytlarda bu prosesin mövcudluğunu müşahidə edirik. Bu
baxımdan hesab edirəm ki, ədəbi mənzərə kifayət qədər görünür. Yəni problemlər də qaldırılır. Məsələn, Qarabağ
müharibəsi mövzusu ilə bağlı ədəbiyyatın problemləri, Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatına inteqrasiyası ilə bağlı problemlər, tərcümə problemləri və
s. məsələlər müzakirə olunur. Həm də daha çox tənqiddən şikayətlər səslənir və
bu da problem kimi qaldırılır. Elə hesab edirəm ki, ümumilikdə ədəbi tənqid öz
işini görə bilir”. Ürəkaçan deyil
Yazıçı Eyvaz Zeynalov hesab edir
ki, ədəbi mənzərə ilə bağlı tənqidin tutduğu mövqe o qədər də ürəkaçan deyil:
«Düzdür, resenziyalar, rəylər yazılır, üstəlik təqdimatlarda, tədbirlərdə ədəbi
tənqidlə bağlı fikirlər söylənilir. Ancaq bu resenziyalar daha çox dost və
tanışların əsərləri haqqında yazılır. Əvvəllər tənqiddə tərəfkeşlik, yaxın dost
məsələsi yox idi. Tənqidçilər əsərə münasibət bildirəndə ümumi yanaşır, müəllif
tanış oldu-olmadı əsəri götürür, onların haqqında fikir bildirir, oxucunu həmin
əsərlərə yönəldirdi. Və yaxud əsərin hər hansı nöqsanlı cəhətini tənqid edir,
müsbət tərəflərini təbliğ edirdi. Ümumiyyətlə, əsər haqqında maraqlı fikirlər
söylənərdi. Tənqid həmişə yönəldici rol oynayırdı. Ancaq təəssüf ki, bu gün
tənqidçilərimiz bu amili nəzərə almırlar. Ona görə, bu gün vəziyyət tam
fərqlidir. İndi tənqidçilər daha çox dostların, tanışların əsərləri haqqında
rəy yazmağa üstünlük verirlər”. Yazıçının fikrincə, tənqidçilər daha çox da
əsər haqqında müsbət istiqamətdə – yəni tərif yazmaqla fikir bildirirlər: "Sanki
tənqidçilər özlərinə əziyyət vermədən, haqqında tənqidi məqalə yazdıqları
kitabı çox vaxt sona qədər oxumurlar. Hətta bəzən personajların adlarını
qarışdırırlar. Köhnə məqalələrini uyğunlaşdırıb təzə əsərlər haqqında yazırlar
- bu cür faktlara da rast gəlmişəm. Kənarda olan müəlliflərin adı çəkilmir.
Başqa müəlliflərin əsəri oxunmur. Yazıçılar var ki, məsələn, təqaüddədirlər
ancaq yenə də çalışıb əsər yazırlar. Onların həmin əsərlərinə əhəmiyyət verən yoxdur.
Heç kim onların adlarını çəkmir, əsərlərini oxumur. İndi tənqidçilərin o
adamlardan keçəcək bir işi yoxdur, ona görə də onların yaradıcılığı ilə
maraqlanmırlar». Yazıçı hesab edir ki, tənqidçilərin ədəbi tənqidlə bağlı real
mənzərəni əks etdirməmələri ədəbiyyatın inkişafına mənfi təsir edir: "Bu, gələcək
nəsillər üçün yazıçıların adlarını unutdurur. Belə münasibət həmin dövr üçün
nöqsandır. Bu da, təbii ki, ədəbiyyatın ziyanına işləyir - ədəbiyyatı, həmin
dövrü kasıblaşdırır. Eyni zamanda, bu, yazıçıların özlərinə də, oxuculara da
pis təsir edir». Ciddi problem yoxdur
Yazıçı İlqar Fəhminin fikrincə,
səthi yazılan yazılar istisna olmaqla, ədəbi tənqid sahəsində ciddi problem
yoxdur. Belə ki, AMEA-nın Ədəbiyyat İnstitutunda çalışan alimlər tərəfindən, o
cümlədən «Ədəbiyyat» qəzetində ayrı-ayrı tənqidçilərin fəaliyyətinə geniş yer
verilir: "Ümumi ədəbi mənzərəni işıqlandıran çoxlu tənqidçilərimiz var və onlar
buna nail olurlar. Hesab edirəm ki, ədəbi mənzərə ilə bağlı kifayət qədər
materiallar mövcuddur. Bundan əlavə, ədəbi tənqid mövzusunda illik icmalar çap
olunur, mühazirələr deyilir, hesabatlar verilir. Hesab edirəm ki, ədəbiyyatda
məhz ədəbi tənqidlə bağlı məsələdə problem yoxdur».