XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı üçün
zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və
çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini
daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə«Molla Nəsrəddin»jurnalı
idi. Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman
dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər
nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və
ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər
cəmiyyətdəki kəsirləri açıb göstərməklə, xalqın ictimai-siyasi şüurunu inkişaf
etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq
istəyirdilər.
«Molla Nəsrəddin» jurnalı 25 il ərzində müəyyən
fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü
1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci
illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə
"Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan
istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə, bu hadisənin
əhəmiyyətini qiymətləndirərək yazırdı ki, «Molla Nəsrəddin» jurnalını təbiətin
özü yaratdı. C.Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi
münasibəti ilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar
aldı. Redaktor bu təbriklərə aprelin 12-də "Na povorote” qəzeti, aprelin 14-də
isə "Kaspi” qəzeti vasitəsi ilə təşəkkürlərini bildirdi.
Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap
olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin” populyarlaşdı. "İrşad”
qəzetinin 16 aprel 1906-cı il sayında Əhməd bəy Ağaoğlu bu barədə yazırdı: "Baxın
"Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl,
zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən
mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər”.
Jurnalın birinci nömrəsinin üz qabığında verilən
şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik
ağsaqqalı Molla Nəsrəddin yatanların yanında durub onları oyatmaq istəyir. Bu
karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerling çəkmişdi. İkinci
səhifəsi "Sizi deyib gəlmişəm” məqaləsi ilə açılır. Sonrakı səhifələrində
satirik xəbərlər, teleqramlar, atalar sözləri, "Dəllək" hekayəsi,
"Lisan bəlası” felyetonu və dörd karikatura çap olunub. "Sizi deyib
gəlmişəm” məqaləsi bu sözlərlə başlayır:”Sizi deyib gəlmişəm, ey mənim
müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb,
bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it
boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ
vacib əməllərə. Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq
vermirlər”.
O dövrün feodal-patriarxal mühitinə meydan oxuyan
bu sözlər, xalqın oyanışını istəməyən qüvvələri narahat etməyə başladı.
Jurnalda zahirən ciddi təsir bağışlayan teleqramlar, atalar sözləri, hesab
məsələləri də kinayəli ruhda - gah satirik, gah yumoristik tərzdə təqdim
edilirdi. Buna görə də, jurnal elə birinci nömrəsindən hücumlara məruz qaldı,
bəzən bu səbəbdən, bəzən də maddi səbəblərə görə dəfələrlə öz fəaliyyətini
dayandırmalı oldu.
Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan
dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Zaman keçir,
ancaq "Molla Nəsrəddin” jurnalı əhəmiyyətini və aktuallığını bütün dövrlər üçün
qoruyub saxlayır.
"Müzakirə”mizdə iştirak edən ədəbiyyatçılar Mirzə
Cəlil dühasının və "Molla Nəsrəddin”in aktuallığının ölçüyəgəlməz olduğunu
bildirirlər.
Aktuallığını qoruyan jurnal
Ədəbiyyatşünas alim
Bədirxan Əhmədovun fikrincə, XX yüzilliyin ən böyük ədəbi hadisələrindən
biri "Molla Nəsrəddin” jurnalının dərc edilməsidir: "Jurnalın yaranması ədəbi,
ictimai fikirdə bir fırtına effekti yaratdı və satirik publisistika ənənəsini
qoydu. Bu jurnal və ədəbi mühit həm də M.Ə.Sabir fenomenini üzə çıxardı. "Molla
Nəsrəddin” jurnalının təkcə tarix üçün deyil, bu gün üçün də əhəmiyyəti
böyükdür. Bu gün Azərbaycan mətbuatında ən çox çatışmayan cəhət tənqidin
olmamasıdır. Zaman-zaman indiki dövrdə tənqidin yoxa çıxması barədə şikayətlər
eşidirik. Əslində "Molla Nəsrəddin” jurnalı elə buna görə də aktuallığını
qoruyub saxlayır. Elə bir çağdaş problem yoxdur ki, "Molla Nəsrəddin”də bu və
ya digər dərəcədə ifadə olunmasın”. Alimin fikrincə, bir neçə səbəbdən jurnalın
əhəmiyyəti var: həyatdakı və cəmiyyətdəki nöqsanları görmək, üzə çıxarmaq və
satira neştəri ilə tənqid etmək; xalqa, topluma özünə kənardan baxmanı təmin
etmək; satirik bədii düşüncənin hüdudlarını genişləndirmək; dövrün mahiyyətini
və xarakterini açmaq; yeni Şeyx Nəsrullahları, siyasi dəllalları üzə çıxarmaq;
erməni faşizminin iç üzünü açmaq; zülmət qaranlıqlara işıq tutmaq; sənət
əllaməçilərinə, "Şeir bülbülləri”nə yerini göstərmək; Qarabağ məsələsində
beynəlxalq güclərin ikili standartlarını ifşa etmək; bir sözlə, həyatın bütün
sahələrində, ictimai fikirdəki, düşüncədəki boşluqları doldurmaq və s.
baxımından əhəmiyyətlidir. Ancaq bunlarla yanaşı, həm də gərək Cəlil
Məmməquluzadə -Molla Nəsrəddin və onun vicdanlı qələm yoldaşları olsun”.
Mirzə Cəlilin qüdrəti
Yazıçı publisist Nəriman
Əbdülrəhmanlı hesab edir ki,
elə milli dəyərlər var ki, onlara hörmətlə yanaşmaq, mövcud olduğu zamanın
prizmasından baxmaq, dəyişən dünyanın tələblərini həmin dəyərlərə şamil
eləməmək lazımdır: "Məndən ötrü bir çox klassiklərimiz, ədəbi abidələrimiz, o
cümlədən də Mirzə Cəlil və "Molla Nəsrəddin” jurnalı belə dəyərlərdəndir. Ötən
əsrin əvvəllərində nəşr olunmuş "Molla Nəsrəddin” zəmanəsinin güzgüsü idi, hər
şeyi olduğu kimi, amma kəskin tərzdə əks etdirirdi. Bu gün jurnaldakı yazıları
oxuyanda konkret məqamların vaxtı ötdüyünü hiss etsən də, bütövlükdə, tənqid hədəflərinin
indi də, təbii ki, dəyişmiş, modernləşmiş şəkildə qaldığını görürük. Deməli,
Mirzə Cəlilin qüdrəti də elə bundadır”.
Sadəlikdə dahiliyin
nümunəsi
Tənqidçi Əsəd Cahangir hesab edir
ki, «Molla Nəsrəddin» jurnalı Azərbaycan tarixində özəl mövqeyə, təkrarsız rola
malik olub. Həmçinin ictimai-siyasi məsələləri əks etdirmə, həm də öz ətrafına
istedadlı şair və yazıçıları, qələm adamlarını yığıb yeni bir ədəbi məktəb,
yeni bir axın və cərəyan yaratmaq baxımından əhəmiyyətli olub: "Bu jurnal
yarandığı vaxtdan etibarən beynəlxalq xarakter daşıyıb. Məsələn, jurnalın
Türkiyədə, İranda ofisləri olub. Bu gün də «Molla Nəsrəddin» məcmuəsinin önəmi
qalmaqdadır. Bu məcmuə hər bir jurnalist və qələm adamına ictimai həyatdan
mədəni və siyasi həyata ayıq nəzərlə baxmağın və obyektiv dəyər verməyin ən
gözəl örnəyi sayıla bilər. Mirzə Cəlilin məşhur bir sözü var: «Qələmin vəzifəsi
həqiqəti yazmaqdır, bu gərək ola hər qələm sahibinin amalı». Mənə elə gəlir ki,
bu sözlər bugünkü qələm adamlarının hər birinin kredosuna, amalına çevrilə
bilər”. Tənqidçi hesab edir ki, jurnalistlərimiz «Molla Nəsrəddin» məcmuəsindən
cəsarəti, obyektivliyi, ictimai-siyasi, əxlaqi, mənəvi və mədəni hadisələrə
dərhal və operativ reaksiya verməyi örnək götürə bilərlər. Bundan əlavə, öz
yazı üslubu etibarilə məcmuə bir örnək ola bilər: "Çünki orada ən mürəkkəb
məsələlər haqqında ən sadə və hamının başa düşəcəyi bir dillə yazılar gedirdi.
Ümumiyyətlə, «Molla Nəsrəddin» məcmuəsi xalq qəhrəmanı Molla Nəsrəddin kimi sadəlikdə
dahiliyin nümunəsi idi. Bu nöqteyi-nəzərdən də məcmuə bu gün də aktualdır”. Bu
gün çağdaş mediamızda "Molla Nəsrəddin” tipli jurnalların olmamasına gəlincə,
tənqidçi hesab edir ki, sovet
hakimiyyəti dövründə bizim «Kirpi» jurnalımız olub: "Əslində o jurnal "Molla
Nəsrəddin” ənənəsini müəyyən mənada davam etdirirdi. Sovet hakimiyyəti
devriləndən sonra da uzun müddət çap olundu. O cümlədən, satirik qəzetlər də
dərc olunurdu. Görünür ki, bu gün Mirzə Cəlil, Sabir olmaq, «Molla Nəsrəddin»
dərc etmək o qədər də asan məsələ deyil. Çünki bu gün bizdə senzura yoxdur, söz
azadlığı var, demokratik, açıq cəmiyyətdə yaşayırıq. Sadəcə olaraq, görünür,
həm də bu missiyanı öz üzərinə götürən qələm adamlarına ehtiyac var».