• çərşənbə, 17 Aprel, 02:17
  • Baku Bakı 14°C

Təbiətə qayıtmağın zamanı...

26.04.20 16:15 1383
Təbiətə qayıtmağın zamanı...
Karantin şəraiti elan olunan gündən kənddəyəm. İndi bağ mövsümünün başlanğıcıdı. Kartof, lobya əkilib, ağaclar budanıb, artezian quyuları işləyir, kəndlilər növbə ilə məhəllələri suvarır. Demək olar, bütün ağaclar çiçəkləyib, yarpaqlarından təzə ətir gəlir. Arada xırdaca yağış yağır, elə bil xəlbirdən tökülür. Torpağın iyi uzun zaman burnundan getmir. Yoncanın yaşılının tünd vaxtıdı indi, yığıb doğrayırlar, yumurtadan təzə çıxmış cücələrə yem hazırlayırlar. Təbiətin oyanışını damarlarındakı qan kimi hiss eləyirsən. Günəş torpağı bir az qızdırdımı, qarışqalar səpələnir bütün həyətə. Çiçəklərin üstündə arılar bal yığır, bəzisi pətəklərinə, bəzisi də əmimin hazırladığı taxta evlərə doluşur. Kol dibindən kərtənkələ sürətlə çıxıb ayağının üstündən keçir. Qurbağaların səsi gəlir çay qırağından. Külək "mənə də bir şey düşsün” ağırlığında əsir. Gecələr göy üzü açıq olur, bir az Ayın qabağında bulud gördükmü, bilirik ki, ya sabah külək güclü əsəcək, ya da yağış olacaq. Torpaq çoxdan şumlanıb, hiss edirsən ki, rahatca nəfəs alır. Evlərdən təzə çörəyin qoxusu əksik olmur. Kənd yerinin pendiri, şoru, qaymaqlı qatığı da dadından bilinəndi. Göy-göyərtini doğrayıb kükü bişirirlər. Bu fəsildə ən populyar yemək odu. Bir də təzə keşniş-şüyütdən dovğa.
Məhəllədə telefonu açıb təzə xəbərləri oxuyanda, ölüm-itim manşetləri kefini pozanda ağacların təzə yarpaqları, torpaqdan çatlayıb çıxan toxumlar göz vurur. Yadıma ilin əvvəlində Avstraliyada başlayan yanğınlar düşür. İndi o yanğında yanan ağacların kömür gövdəsindən yaşıl pöhrələr çıxıb. Duyuq düşüb qaçan heyvanlar yenə qayıdıb həmin yerlərə. Təbiətlə insan arasındakı müharibədə əvvəl-axır yenə təbiət udur. Yenə sübut edir ki, üzərində dayandığın torpaq da, söykəndiyin ağac da, yığdığın çiçəklər də, şəklini çəkdiyin arılar da mənimdi. Utanırsan, aciz qalırsan. Olmazdımı ki, elə əvvəldən dostlaşaydıq torpaqla.
Koronavirusun pessimist dalğası əvvəl-əvvəl kənddə hiss olunmurdu. Adamlar işində-gücündə. Həyat necə var idi, eləcə də davam edirdi. Hər kəsin başı təsərrüfata qarışmışdı. Sonra yollar bağlandı, postlar quruldu. Elə bir fərq yenə sezilmədi. Onsuz da burada hər kəsin yediyi, içdiyi öz bağından, öz quyusundandı. Sonra evdən icazəli çıxmaq məsələsi qaldırıldı. Xəbərlərdə də daha qorxuducu süjetlər hazırlandı. Kəndin adamları da qeybəti bir kənara qoyub başladılar virusdan danışmağa. Elə o söhbətlər gözəlim kəndlinin pozitiv ruhunu qaramatladı. O mehriban söhbətlər, qeybətlər, gəliş-gedişlər azaldı. Ömür boyu torpağa qulluq edən adamlar, ağac əkib meyvəsini yeyən adamlar nə bilsin ki, dost olduğu təbiət onları zəhərləyər?!
Şəhərdə olanda günüm gəzməklə, dost-tanışla görüşməklə keçirdi deyə kənddə darıxırdım. Ancaq torpağın ruhunu ki hiss etdim, yenidən zövq almağa başladım, mən də hədsiz səbr və sevgi yarandı. Virus dalğası keçib gedəcək, əlbəttə, yenə bu adamlar torpaqla, ağaclarla, çayla dostlaşacaq, nə təbiət bu adamlardan, nə də bu adamlar təbiətdən incik düşəcək. Şəhərlər, meqapolislər isə öz xislətlərində, öz sənaye yarışlarında bu günləri də tarixə çevirəcək. Təbiətə dönməyin, onun bir hissəsi olmağın, ona yad kimi rəftar etməməyin zamanı gəlib.

Rəvan Cavid
banner

Oxşar Xəbərlər