• çərşənbə axşamı, 19 mart, 12:36
  • Baku Bakı 8°C

Tarixin yaddaşına şəhid qanı ilə yazılan gecə

18.01.20 11:00 3310
Tarixin yaddaşına şəhid qanı ilə yazılan gecə
20 Yanvar elə bir qəhrəmanlıq salnaməsidir ki, hətta istəsən belə, unuda bilməzsən


20 Yanvar faciəsindən artıq 30 il keçir və ötən müddət ərzində bu faciə yaddaşlara qəhrəmanlıq salnaməsi kimi həkk edilib. Bu faciənin baş verdiyi ana qədər Azərbaycanda gedən ictimai-siyasi proseslərə baxışlar dəyişmir. Məhz bu tarixi həqiqət Azərbaycanın müstəqilliyə gedən yolunda cığır açmış oldu. Onu da qeyd etmək yerinə düşər ki, hər yeni nəsil 20 Yanvar faciəsinin nə üçün baş verdiyini yaxşı dərk edir və hər il minlərlə insan bu faciənin qurbanlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edirlər.
20 Yanvar hadisəsinə qədər...
1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSRİ-nin nəzarətindən çıxarmaq istəyən ermənilərə açıq dəstək verməsi və o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın yanında olmaması 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. 20 yanvara qədər isə partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, Yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olub. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbəri Əbdürrəhman Vəzirovun imzası ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunub. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılıb, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılıb, xeyli sayda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülüb, Sovet ordusunun hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülüb. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılıb. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olub.
1990-cı il yanvarın 15-də Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskvada ezamiyyətdə olarkən rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilib.

Qanlı gecə
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman imzaladı. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Hətta yanvarın 19-da saat 19:27- də Azərbaycan Televiziyasının enerji bloku partladılır. Fövqəladə vəziyyətin yanvarın 20-də, gecə 12-də başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən başlayaraq Türkan-Qala tərəfdən şəhərə yeridilir. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edib. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçir. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıdıb. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın insanlara silahlardan aramsız atəş açır, sığınacaqlarda gizlənənlər isə tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləboran edilir. Bakının küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olur. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin köməyə getməsinə mane olurlar. Nəticədə isə Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər şəhid olur, 744 nəfər yaralanır, 400 nəfər həbs edilir, 4 nəfər isə itkin düşür.

İmperiya siyasətinə etiraz
SSRİ-nin Azərbaycanda törətdiyi bu qətliamdan dünyanın xəbər tutmaması üçün atılan addımlar boşa çıxır. Qısa zamanda faciə barədə beynəlxalq ictimaiyyətin xəbərdar olması üçün hər bir azərbaycanlı əlindən gələni əsirgəmir. Heç təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmin dövrlərdə Moskvada siyasi təzyiqlərə baxmayaraq, yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış edir və bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bəyan edir. O, çıxışında 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyev çıxışında qeyd edirdi ki, Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı. Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov bu yüksək vəzifədə olduğu müddətdə Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməyib. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaradıb".
Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq 1994-cü ildə 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilib.
Şəhidlərimizlə qürur duyuruq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 20 Yanvar faciəsi, sadəcə yanvarın 19-dan 20-ə keçən gecə baş verən bir hadisə deyildi: "20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir proses kimi baxmaq lazımdır. O dövrdə Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirilirdi. Bu proses Dağlıq Qarabağda da baş verdi. Məhz Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi”.
H.Hacıyev vurğulayıb ki, bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi: "Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Heydər Əliyev Azərbaycan nümayəndəliyinə getdikdən və orada mətbuat konfransı keçirildikdən sonra beynəlxalq aləmdə fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Ancaq oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Müstəqilliyimizi qorumalıyıq. Bu isə çətin vəzifədir. Müstəqilliyimizinqorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

İmperiyanın törətdiyi cinayətlər
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov bildirdi ki, 20 Yanvar sovet hökuməti tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biridir: "Yəni 70 ildə mövcud olan bu hökumətin ilk cinayətləri Bakı və ətraf ərazilər daxil olmaqla azərbaycanlılara qarşı törədilən soyqırımlardır. İkincisi, Azərbaycanı bütünlüklə nəzarətə götürəndən sonra 1920-ci il aprelin 29-dan 1921-ci ilin avqustun 1-ə qədər 48 min nəfərin güllələnməsi hadisəsidir. Sovet hökumətinin üçüncü cinayəti 1921-ci ilin iyuldan 1929-cu il fevralın 18-ə qədər ümumi sahəsi 20,8 min kvadrat kilometr olan və Zəngəzurun qərb hissəsi də daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistan SSRİ-nin tərkibinə verilməsidir. Dördüncü cinayəti, 30-cu illərdə Azərbaycan xalqının alimlərini, ziyalılarını və digər savadlı adamlarını kütləvi surətdə güllələnməyə məruz qoymasıdır. Hələ kollektivləşmə ilə bağlı Azərbaycan kəndlilərinə tutulan divanı demirəm. Bizim apardığımız tədqiqatlar göstərir ki, 1941-ci il iyulun 1-ə qədər Azərbaycan SSRİ əhalisinin sayı 3 331 018 nəfər olub. Müharibə dövründə ölkə əhalisinin 709503 nəfəri səfərbər olunub ki, bunların da hamısı döyüşə göndərilməyib. Ön cəbhədə vuruşanların böyük hissəsi dil bilmədiklərinə görə ermənilərin əli ilə şovinist zabitlər tərəfindən kütləvi qırğına məruz qalıblar. Sovet hökumətinin növbəti cinayəti isə 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyaya edilməsidir. SSRİ-nin 6-cı cinayəti isə bilavasitə 1988-ci ildən 1991-ci ilin noyabrına qədər uzanır. Onun davamı olaraq, Azərbaycan xalqına qarşı ən ağır zərbəni 1992-ci ilin fevral ayında Xocalı soyqırımını törətməklə bitirdilər. Qeyd edilənlər bilavasitə göstərir ki, 20 Yanvar həmin cinayətlərin ən ağırlarından biridir”.
C.Bəhramov vurğuladı ki, 20 Yanvar elə bir hadisədir ki, Azərbaycan xalqı istəsə belə, unuda bilməz: "Çünki bu qırğınlarda millətin ləyaqətinə təcavüz edilib. Bunu gizlətmək, deməmək özü cinayətdir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər