• şənbə, 20 Aprel, 18:14
  • Baku Bakı 24°C

Süjetin redaktəsi

03.11.19 11:00 1451
Süjetin redaktəsi
Qərb təcrübəsində redaktə sənəti ayrıca öyrənilir və müstəqil sənət növüdür. Bizdə isə bu işlə yazarlar və jurnalistlər əlavə gəlir mənbəyi kimi məşğul olurlar. Belə olduğu halda hansı peşəkar yanaşmadan söhbət gedə bilər? Əgər ona ikinci növ iş kimi baxılırsa təbii ki, bu da işin keyfiyyətinə öz təsirini göstərəcək. Bu gün yerli nəşriyyatlarda redaktor kimi çalışan şəxslər var. Məncə, onlara maddi baxımdan başqa bir iş təklif olunsa imtina etməzlər.
İndi keçək redaktə işinin vəziyyətinə və keyfiyyətinə. Sovet dövründə peşəkar redaktor məktəbinin olduğu deyilir. Hərçənd ki, keçmiş kitabların və mətnin səviyyəsinə baxanda bu işin elə də yüksək olmadığı nəzərə çarpır. Lakin indi heç o da yox vəziyyətindədir. Çünki, indi redaktə dedikdə daha çox, bir istiqamətli olaraq cümlə quruluşu, söz və ifadələrin redaktəsindən söhbət gedir. İndi əksərən redaktorlar mətndə elementar problemlərin aradan qaldırılmasına çalışırlar ki, mətn oxunanda problem yaranmasın. Əslində isə, redaktə təkcə o problemlərdən ibarət deyil. Məncə, bu cür xırda məsələlər redaktənin son mərhələsində həyata keçirilməlidir.
Ədəbi redaktəyə necə başlamaq lazımdır? Bunun üçün redaktəyə gələn mətnin xüsusiyyətləri nəzərə alınır. Şeir, hekayə, roman, esse və ya reportajdan asılı olaraq, mətnə müstəqil yanaşma tələb olunur. Məsələn, hansısa yazar mətndə xüsusi bir sahəndən olan termindən istifasə edibsə, öncə o termin dəqiqləşdirilməli, mətndəki yerinə və məna ifadəsinə görə müəyyən edilməlidir.
Təcrübə göstərir ki, bu kimi mətnlərdə ya sahəvi redaktorlar olmalıdır, ya da həmin sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmalıdır. Mətn mərhələli şəkildə elmi, ədəbi, texniki və bədii cəhətdən işlənib nəşrə hazırlanmalıdır.
Redaktə prosesində ən vacib mərhələdən biri mətndəki süjetin və ya hadisənin redaktəsidir. Bu proseslə mətnin cümlə quruluşu və ya ifadələrin redaktəsinin aparan şəxs məşğul olmalı deyil. Yenə də Qərb təcrübəsinə arxalansaq deyə bilərik ki, mətnin redaktəsi ilə bir neçə şəxs məşğul olmalıdır. Mətnin və süjetin redaktəsi ayrı-ayrı ixtisaslaşan redaktorlara həvalə edilməlidir.
Süjet redaktə olunarkən, redaktor hadisələrin inkişafına, ardıcıllığına, bir birinə bağlılığına, finalına və s. diqqət edir, məntiq səhvləri aradan qaldırır. Bu proses zamanı redaktor müəlliflə birgə çalışır. Ona süjetlər, obrazlar və hadisələrlə bağlı təkliflərini, ixtisar və əlavələrini bildirir.
Redaktə işi ilə maraqlanan və ya araşdırma aparanlar bilir ki, dünyaca məşhur əsərlərin eləsi var ki, bu cür mərhələli redaktədən sonra çap olunub və uğur qazanıb. Lakin o əsərlər ilkin vəziyyətində çap olunsaydı, indiki qədər oxucu sevgisi qazana bilməzdi. Buna misal kimi Ernest Heminqueyin "Qoca və dəniz” əsərini göstərmək olar. Həmin əsər Heminqueyin böyük bir romanının bir hissəsidir. Redaktor "qılıncından” kənarda qalan mətnlərdə isə biz uzunçuluq, yorucu bölmələr, əsərin mahiyyətinə yad olan hisslərə rast gəlirik. Bəzən hansısa romanı və ya hekayəni oxuyanda düşünürük bu, ideya yaxşıdır, amma qarışıq və yorucu abzaslar mətni ağırlaşdırır, nəticədə əsər qeyr-ciddi təsir bağışlayır.
Mətnin bir redaktoru olduqda isə o daha çox elementar məsələlərlə məşğul olur, süjet, hadisə və dramaturgiyadan uzaqda durmağa üstünlük verir.

Səxavət Sahil
banner

Oxşar Xəbərlər