• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

Startapların inkişafı üçün fond yaradılarsa...

15.05.20 09:45 1223
Startapların inkişafı üçün fond yaradılarsa...
Bu bazarı inkişaf etdirmək üçün ali təhsil sistemi təkmilləşdirilməli və tədqiqat mühiti gücləndirilməlidir
"İnnovasiyalar istənilən ölkənin dayanıqlı iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan da iqtisadi inkişaf üzrə prioritet tapşırıqlar paketinə innovasiyaların hazırlanması və tətbiqini daxil edib”. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "World Net Summit” onlayn konfransı çərçivəsində keçirilən "Hökumətə müraciət” tədbirində deyib. Nazir müavini bildirib ki, Azərbaycan İT sahəsini, o cümlədən innovasiyaları fəal inkişaf etdirir: "Biz İT və innovasiyalar sahəsinə investorların cəlb olunması, o cümlədən öz startaplarımızın təkmilləşdirilməsi üçün şərait yaratmağa çalışırıq. Bizim bu sahədə dəqiq müəyyən edilmiş hədəflərimiz, eləcə də bu istiqamətdə fondun yaradılması ilə bağlı planlarımız var. Bu fond startapçılar və onların layihələri üçün böyük imkanlar yaradacaq”.
Belə bir fondun yaradılmasının startap bazarına necə təsir edəcəyini və ümumiyyətlə, bu sahəni genişləndirmək, gənclərin marağını cəlb etmək üçün hansı işlərin görülməli olduğunu mütəxəssislərlə müzakirə etdik.
"Yeni Fikir” startap müsabiqəsinin təsisçisi İsa Qasımovun sözlərinə görə, belə bir fondun yaradılmasını, ümumiyyətlə, startap layihələrinin maliyyə resurslarına çıxışla bağlı atılan bütün addımları müsbət qiymətləndirmək olar: "Startap biznes fəaliyyətidir və sadəcə dövlət dəstəyi ilə yox, özəl sektor dəstəyi ilə inkişaf edə bilər. Yəni bazarda özəl sektorun maraqlarını əks etdirən startaplar olmalıdır. Xüsusi olaraq qeyd etmək istədiyim məqam budur ki, startap a-dan z-yə araşdırmadır. Startap layihələri araşdırma olmadan inkişaf edə bilməz. Hər kəsə məlumdur ki, ölkəmizdə bu bazarı genişləndirmək üçün ideyalar ortaya qoyulsa da, həmin ideyaların həyata keçirilməsi üçün komanda problemi var. Yəni kifayət qədər araşdırmaçı, biznes təşəbbüskarı yoxdur. Olanlar da yaxşı maaşla yaxşı vəzifədə çalışırlar. Dolayısı ilə startap sahəsində fəaliyyətə maraq göstərmirlər. Lakin kütləviləşmə olarsa, maraq yarana bilər. Bu isə akademik müstəqilliyi təmin edilmiş ali təhsil sisteminə elmi tədqiqatlar üçün maliyyə resurslarının ayrılması ilə bağlıdır. Əgər bu, baş verərsə, universitetdəki müəllim elmi tədqiqatlarda maraqlı olacaq. Həmin müəllim üçün elə bir təklif vermək lazımdır ki, o, dosent, professor olmaqla yanaşı, sənaye əhəmiyyətli elmi tədqiqatlar aparsın. Çünki anlamalıdır ki, apardığı tədqiqatların nəticəsi bazarda öz əksini tapmalı, hansısa ehtiyacı qarşılamalı, innovasiyaya, biznesə çevrilə bilməlidir. Belə tədqiqatçı müəllimin yetişdirdiyi tələbə də yaxşı startapçı olacaq. Yəni vurğulamaq istədiyim məqam budur ki, startapları inkişaf etdirmək istəyiriksə, ali təhsil sistemini mütərəqqi metodlarla təkmilləşdirməli və tədqiqat mühitini gücləndirməliyik”.
İnformasiya telekommunikasiya üzrə ekspert Cəlil Qasımbəyli qeyd edir ki, müasir dövrdə cəmiyyətin inkişafı üçün startap dediyimiz layihələrə beynəlxalq, dövlət və qeyri-hökumət qurumları tərəfindən müxtəlif vasitələrlə imkanlar yaradılmaqda və dəstək verilməkdədir: "Aparıcı dünya ölkələri kimi Azərbaycan da startapların inkişafına bu və ya digər şəkildə dəstək olmaq üçün işlər aparmaqdadır. Ölkəmizin bugünkü iqtisadi vəziyyəti tam olaraq imkan verir ki, bu işlərdə qabaqcıl ölkələrin birinə çevrilək. Lakin iqtisadi maliyyə vəziyyəti ilə yanaşı, eyni zamanda qanunvericilik sistemində də bu inkişaf üçün müəyyən imtiyazlar nəzərdə tutulmalıdır. Paralel olaraq ölkəmizdə fəaliyyət göstərən texnoloji institutlar da bu kimi layihələrin araşdırılmasında, öyrənilməsində və tətbiqində öz imkanlarını səfərbər etməlidir. Mövcud bazar iqtisadiyyatına uyğun olaraq, ölkə iqtisadiyyatını tənzimləyən nəzarətedici orqanlar, yuxarıda söz açdığımız dəyişikliklər əsasında startaplarla münasibətdə fərqlilik göstərməlidirlər.
İnnovativ startapların inkişafı üçün qabaqcıl ölkələrin təcrübəsində xüsusi fondlar, şura və institutların yaradılması var. Bütün bunların yaradılmasında məqsəd, startaplar üçün münbit biznes mühitin formalaşdırılması və daimi inkişaf etdirilməsidir. Bu fondlar, adətən dövlət vəsaiti hesabına formalaşdırılır və müəyyən müsabiqələr əsasında startaplara qrant şəklində birdəfəlik yardım verilir. Bu müsabiqələr özü-özlüyündə bir neçə mərhələdən ibarət olmaqla, mürəkkəb tərkibə malik, müstəqil ekspertlərin nəzarəti ilə keçirilir. Ümumilikdə nəzərə alaq ki, bu layihələrin az bir hissəsi özünü doğruldur. Lakin gənc mütəxəssislərin məşğulluğu və vaxtlarını daha səmərəli keçirməsi baxımından dövlətin onlara diqqəti və qayğısı prioritet təşkil etməlidir. Bu yolla nəinki ölkəmizdə, hətta xaricdə yaşayan mütəxəssisləri belə ölkəmizdə startap etməyə cəlb edə bilərik. Bu da Azərbaycanın bu sahədə də beynəlxalq arenadakı imicinə öz müsbət töhfəsini verəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər