• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

Sosial siyasətə yönələn iqtisadi güc

20.06.19 19:42 1028
Sosial siyasətə yönələn iqtisadi güc
Azərbaycanda aparılan sosial siyasət uğurla davam etdirilməkdədir. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması daima dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Belə ki, son illər ərzində bu sahədə görülən işlərin nəticəsi göz qabağındadır. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artdıqca, sözügedən sahəyə diqqət daha da artırılır. Hələ ilin əvvəlində minimum əmək haqqının, pensiya və müavinətlərin artırılması ilə bağlı dövlət başçısı sərəncam imzalamışdı. Bu günlərdə isə bu sərəncamın davamı olaraq minimum əmək haqqı yenidən artırılaraq 250 manat məbləğində müəyyən edildi. Təbii ki, bu qərarların qəbulunda ölkə iqtisadiyyatının dinamik inkişafı əsas rol oynayır. Bəs görəsən sosial siyasətin gələcəkdə də davam etdirilməsi üçün iqtisadi sferada daha hansı işlər görülməlidir?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanın hədəfində minimum əməkhaqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması nəzərdə tutulur: "Bundan sonra minimum əməkhaqqı orta aylıq əmək haqqının 45 faizini təşkil edəcək. Yəni minimum əməkhaqqının bir qədər də artırılmasına ehtiyac var. Bu halda dünya standartlarına uyğunlaşa biləcəyik. Orta aylıq əməkhaqqı ilə minimum əməkhaqqı arasındakı disbalansın aradan qaldırılması, sosial ədalətin təmin olunması ilə yanaşı, eyni zamanda, rifah göstəriciləri arasında olan disbalansın aradan qaldırılmasına təsirini göstərəcək. Qəbul edilən qərarlar bir sıra boşluqların aradan qaldırılması baxımından əhəmiyyətli rol oynayır. Çünki ilin əvvəlində minimum əməkhaqqı 130, yaşayış minimumu isə 190 manat idi. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində qəbul edilən qərarlar kifayət qədər əhəmiyyətlidir. Artıq minimum əməkhaqqı 250 manat səviyyəsində olacaq ki, bu da orta hesabla yaşayış minimumundan 25 faiz yüksəkdir. Son 4 ay ərzində imzalanan sərəncamların dövlət büdcəsinin strukturuna təsirini də qiymətləndirmək lazımdır. Dövlət büdcəsinin strukturunda sosial xərclərin payı 2019-cu il üçün 32 faiz idi ki, bu da çox aşağı göstərici idi. Orta hesabla bu göstərici 60 faizə qədər artırıla bilər. Dünya təcrübəsində bu göstərici 80 faizə qədərdir. Qəbul edilən qərarlar sosial xərclərin büdcədən artmasına təsirini göstərəcək. Bütün bunlar Azərbaycanın sosial indikatorlarına pozitiv təsir göstərəcək və bu proses davam etdirilməlidir”.
İqtisadçı deyir ki, iqtisadi sferada görüləsi işlər kifayət qədər çoxdur: "Xüsusilə bu günə qədər qəbul edilən qanunların hüquqi müstəvidə işləkliyinin təmin olunması əsas məsələlərdən biri olmalıdır. "Doing Business” indeksində Azərbaycan öz mövqeyini son iki il ərzində xeyli yaxşılaşdırıb. Amma iqtisadi artım hələlik gözlənilən səviyyədə deyil. Dəyişikliklərin iqtisadiyyata transformasiyası bir qədər ləng gedir. Ona görə də ilk olaraq məhz bu istiqamətdə işlər aparılmalıdır. Bundan başqa, idarəetmənin təkmilləşdirilməsi iqtisadi islahatların əsa prioritetinə çevrilməlidir. Bu, çox əhəmiyyətli məqamdır. Bir sıra hallarda müxtəlif qurumlar iqtisadi islahatları sabotaj etməyə çalışırlar. Bu cür problemlər aradan qaldırılarsa, xarici investorların da marağı artacaq. İqtisadiyyatın liberallaşdırılması ənənələri davam etdirilməli, rəqabət mühiti inkişaf etdirilməlidir. Azərbaycan müxtəlif iqtisadi bloklarda - Dünya Ticarət Təşkilatı, Avropa Birliyi kimi bloklarda təmsil olunaraq öz iqtisadiyyatının inkişafına daha əlverişli imkanlar və bacarıqlar əldə etməlidir. Bunun üçün müəyyən addımlar atılır. Gəlirlərin yenidən bölgüsü istiqamətində sosial siyasət davam etdirilir. Minimum əməkhaqqının, dövlət strukturunda çalışanların əmək haqqının artırılması ilə bağlı qəbul edilən qərarlar, həmçinin, pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi gəlirlərin yenidən bölgüsü prinsipinin sosial əsaslarının daha da möhkəmləndirilməsinə şərait yaradıb. Düşünürəm ki, bu proses gələcəkdə də davam etdirilməlidir”.
İqtisadçı millət vəkili Azər Badamov dövlət başçısının imzaladığı sərəncamları inqilabi qərarlar kimi qiymətləndirdi: "Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından, bu sərəncamlar yüksək qiymətləndirilməlidir. Bu sərəncamlar ölkə əhalisinin gəlirlərini kifayət qədər artırmış olacaq. Yaşayış səviyyəsi və rifahına ciddi təsir edəcək. Minimum əmək haqlarının və pensiyaların artırılması haqda bir neçə ay əvvəl qərar qəbul edilmişdi. Hər bir sərəncamın imzalanması ölkənin iqtisadi gücündən xəbər verir. Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir və möhkəmlənir. Ölkə başçısının əsas siyasəti artan iqtisadi gücü sosial siyasətə yönəltməkdir. Prezidentin siyasətinin təməlində insan faktoru dayanır. Sərəncamlar da məhz bu məqsədlə qəbul edilir. Onu da qeyd edim ki, bu kimi sərəncamların dayanıqlılığı və davamlılığı gələcəkdə də təmin olunacaq. Görülən işlər onu deməyə əsas verir ki, bu siyasət davamlı şəkildə həyata keçiriləcək. Bu mənada belə qərarların gələcəkdə də qəbul edilməsi istisna edilmir. Çünki ölkə iqtisadiyyatında iqtisadi sabitlik təmin olunur. İqtisadi artım templəri qorunub saxlanılmaqdadır. Həmçinin qeyri-neft sektoru inkişaf dövrünü yaşayır. Bu sahədən büdcəyə gələn gəlirlər gün-gündən artmaqdadır. Bütün bunlar isə sosial xərcləri artırmağa kifayət qədər imkan yaradır. Ölkə iqtisadiyyatı yaxın gələcəkdə də böyük uğurlara imza atacaq. Biz daha böyük uğurların şahidi olacağıq. Ölkə vətəndaşlarının sosial vəziyyəti ölkənin inkişafı ilə paralel olaraq gücləndirilir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər