• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

Son 30 ildə ilk dəfə

24.02.20 18:28 1513
Son 30 ildə ilk dəfə
Moldova Dnestryanı bölgəni iflic vəziyyətinə salıb
Moldovadan ayrıldığını elan edən Dnestryanı bölgədə vəziyyət yenidən gərginləşib. Separatçı bölgəni nəzarətə almağa çalışan rəsmi Kişinyov bu istiqamətdə istənilən addımı atmağa hazırdır. Maraqlıdır ki, separatçı qurum gərginlikdə Moldova prezidenti İqor Dodonu günahlandırır. Rusiya və Moldova nəşrlərinin yaydıqları məlumata görə, son 30 ildə ilk dəfə Moldova Respublikasının bankları Dnestryanı bölgədə yerləşən müəssisələrdən və onların bank hesablarından ödəmələri qəbul etməkdən imtina ediblər. Onların arasında Moldova Su Elektrik Stansiyası da var. Bu stansiya isə Rusiyanın "İnter” ASC şirkətinin mülkiyyətindədir. Dnestryanı bölgənin əsas banklarından hesab edilən "Dnestryanı Respublika Bankı”nın sədr müavini Aleksey Melnik bildirib ki, vəziyyət kritik həddə çatıb. Rusiyaya rəğbətini gizlətməyən Moldova Sosial-Demokrat Partiyasının sədri Viktor Şelin isə bildirib ki, bu, Moldova hakimiyyət orqanlarının Dnestryanı bölgənin lideri Vadim Krasnoselskinin Moldova prezidenti İqor Dodonun və Sosialist Partiyasının ünvanına səsləndirdiyi tənqidə cavabdır. Bu ittihamlar Rusiyanın Moldovadakı səfirinin iştirak etdiyi tədbirdə səslənib. V.Şelin hesab edir ki, məhz Krasnoselskinin Dodon barəsində həqiqəti səsləndirmək istəyi və onun Moskvada kiməsə xoş gəldiyini deməsindən sonra Dnestryanı bölgənin bank hesabları dondurulub. Gərginlik Dnestryanı bölgədə qoyulan iki sülhməramlı postun ləğv edilməsi barədə Moldovanın tələbi fonunda bir az da artıb. Məhz həmin iki postda da vaxtilə ilk silahlı münaqişə baş vermişdi, bir neçə il bundan əvvəl isə həmin postlara hücum olmuşdu. Qeyd edək ki, bu postlarda rusiyalı sülhməramlılar xidmət çəkir. Postlarda hər iki tərəfdən nəzarət-buraxılış məntəqələri quraşdırılıb. Moldova və tanınmamış Dnestryanı bölgənin əsgərləri ilə yanaşı burada rus əsgərləri də xidmət çəkir.
Tanınmamış qurumun XİN rəhbəri Vitali İqnatyev hesab edir ki, Moldova hakimiyyət orqanlarının Vadul-luy-Vode yaxınlığında iki postun götürülməsi çağırışları onu deməyə əsas verir ki, rəsmi Kişinyov qəti addımlar atmağa hazırlaşır. O, TSV telekanalına müsahibəsində bildirib ki, hədələr və mümkün təxribatlar son vaxtlar Kişinyovun siyasətinin əsas xəttinə çevrilib. Onun sözlərinə görə, hədələr Tiraspol və Kişinyov arasında qarşılıqlı münasibətlərin bütün müstəvilərində
yaşanan deqrodasiyadan xəbər verir. Separatçılar Kişinyovu əvvəllər əldə olunan razılaşmaları kobud şəkildə pozmaqda ittiham edirlər. Tanınmamış qurumun XİN rəhbəri onu da deyib ki, problemin həlli ilə məşğul olan işçi qrupların fəaliyyəti sıfıra düşüb. Əlavə edib ki, Dnestryanı bölgə danışıqlar prosesi çərçivəsində bütün mexanizmlərin işə salınmasına çalışacaq, təhlükəsizlik zonasında təxribatların baş verməsinə yol verməyəcək.
Rəsmi Kişinyov isə Kişinyov və Tiraspol arasında fikir ayrılıqlarının yaranmasında tanınmamış Dnestryanı bölgənin elitasını ittiham edir. Prezident İ.Dodon isə Rusiya nəşrlərinə müsahibəsində bildirib ki, onunla tanınmamış qurumun rəhbəri Vadim Krasnoselski arasında danışıqlar hələ davam edir. Buna baxmayaraq, tərəflər arasında problemin həlli üzrə danışıqlar tormozlanıb.
Moldovalı siyasətçi Viktor Şelin hesab edir ki, Dnestryanı bölgə hər an partlaya biləcək mina təsiri bağışlayır. O, danışıqların dalana dirənməsində Kişinyovun irəli sürdüyü şərtləri əsas görür. Bu şərtlər Dnestryanı bölgənin vergi sisteminin Moldovanın mövcud sisteminə uyğunlaşdırılmasını nəzərədə tutur. Tiraspolda hesab edirlər ki, bu, mümkün deyil, yəni, onların öz qanunları var.
Münasibətlər sistemində vergilərlə yanaşı, maliyyə sahəsində də problemlər yaranıb. Əvvəllər Moldova bankları Dnestryanı bölgənin valyutadəyişmə məntəqələrini qeydiyyata almaqdan imtina edirdilər, indi isə bu agentlər mal və məhsullara görə ödəmələr edə bilmirlər. Qeyd edək ki, Dnestryanı bölgə ilə Moldova arasında ticarət dövriyyəsi ötən il 369 milyon dollar təşkil edib. Bunun 120 mln. dollarını ixrac təşkil edib. Müsbət saldo Dnestryanı bölgənin xeyrinədir - 135 mln dollar. Dnestryanı bölgənin 182 müəssisəsi öz məhsullarını Moldovaya ixrac edirlər. Moldova ilə ticarətdə əsas müəssisələr Moldova metallurgiya zavodu və Moldova SES-dir.
Beləliklə, bölgədə qəribə durum yaranıb. Çoxları hesab edirdilər ki, Dodon hakimiyyəti möhkəmləndikdən sonra Dnestryanı bölgədə vəziyyət yaxşılaşacaq. Yəni bölgəyə qarşı müəyyən yumşalma siyasəti aparılacaq. Lakin görünən odur ki, Dodon da əvvəlki siyasəti davam etdirəcək.

Azər
banner

Oxşar Xəbərlər