• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

Siandan gələn qatarın iqtisadi perspektivi

08.07.19 19:10 4317
Siandan gələn qatarın iqtisadi perspektivi
Bu günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb. Belə ki, iyulun 6-da Abşeron Logistika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib. Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər. Layihə bu ilin aprelində Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Forumunda "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət cari ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Mərasimdə çıxış edən iqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin "Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vurğulayıb. O, cari ilin 6 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əlverişli coğrafi mövqeyə malik, "Böyük İpək Yolu”nun üzərində yerləşən Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. O, ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.
Sian şəhəri Xalq hökumətinin vitse-meri Q.Qao isə Sian-Bakı blok qatarının Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcəyini deyib: "Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”.
Sian-Bakı qatar yolu Azərbaycan biznesmenlərinə hansı üstünlükləri yarada bilər? Ümumiyyətlə, Çinlə iqtisadi əlaqələr hansı perspektiv vəd edir? Bu suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik.
Millət vəkili Aydın Musayev bildirdi ki, Azərbaycanla Çin arasında iqtisadi münasibətlər gələcəkdə daha da genişlənəcək: "Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində iqtisadi sferanı əhatə edən ikitərəfli müqavilə imzalanıb. Bundan başqa Çinin "Bir kəmər, bir yol” layihəsinə dəstək verən əsas ölkələrdən biri Azərbaycandır. Əlbəttə, bu, heç də təsadüfi deyil. Çünki Azərbaycan Asiya ilə Avropanı birləşdirən «İpək yolu»nun üzərində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə Çinin ideyasını tamamlamış oldu. Çin özü də Azərbaycandan keçərək Avropaya yüklərin daşınmasının iqtisadi baxımından daha effektli olduğunu etiraf edir. Beləliklə, Çindən Avropaya qədər gəmi və digər alternativ yollarla müqayisədə, daşınma iki dəfə tez həyata keçirilir. Daşınmaların qısa müddətdə həyata keçirilməsi sahibkarlar üçün mühüm rol oynayır. Çünki belə olduğu təqdirdə onlar daha çox gəlir əldə etmiş olur. Həmçinin, təhlükəsizlik məsələlərini də nəzərə almaq lazımdır. Şübhəsiz ki, Azərbaycanla Çin arasındakı iqtisadi əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Xüsusilə tranzit və yükdaşıma sahəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, Çinlə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq bir neçə aspektdən qiymətləndirilə bilər: "İlk növbədə Azərbaycanın müvafiq infrastrukturunun olması və əlverişli geosiyasi mövqedə yerləşməsi gələcəkdə tranzit gəlirlərinin daha da artması üçün şərtlər formalaşdırır. Azərbaycan hökuməti bu imkanlardan yararlanmaq üçün müəyyən cəhdlər edir. Daşınmaların dəmiryolu xətti ilə həyata keçirilməsi, bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Bu mənada Azərbaycanla Çin arasındakı iqtisadi əməkdaşlıq böyük perspektiv vəd edir. Xüsusilə daşınma sürətinin artırılması kontekstindən yanaşsaq, tranzit daşımalarının Azərbaycan vasitəsilə həyata keçirilməsi rəqabətliliyi artırır. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi üçün indidən işlər görülür. Bundan başqa Çin çox böyük bir bazardır. Azərbaycan məhsullarının bu bazarlara ixracı üçün yeni imkanlar yaranır. Məhsullarımızın Çin bazarlarında özünə mövqe tutma imkanları formalaşarsa, onların daşınması daha az xərclə başa gələcək və qısa bir müddətdə çatdırılacaq. Bu isə öz növbəsində yerli istehsalın inkişafına öz təsirini göstərəcək. Azərbaycan orta və aşağı istehlak gücü olan ölkə kimi, Çin məhsullarının əsas istehlakçılarından biridir. İl ərzində Çindən Azərbaycana 1,5 milyard dollar mal və xidmətlər idxal olunur. İnfrastrukturun əlverişliliyi məhsulların Azərbaycana gətirilməsi üçün şərtləri daha da uyğun edir və xərcləri azaldır. Ola bilsin ki, növbəti dövrlərdə rəqabətli bazar şərtləri formalaşarsa, Çindən Azərbaycana idxal olunan məhsulların daha aşağı qiymətə alınması üçün şərait yaranar. Hazırda bu istiqamətlər üzrə işlər daha da genişləndirilməlidir. Başqa bir məsələ investisiya məsələsidir. Azərbaycanda müvafiq infrastrukturun olması Çin investorlarının Azərbaycanda iqtisadiyyatın müəyyən sahələrinə investisiya yatırmasına və istehsalla məşğul olmasına çağırış formalaşdırır. Gələcəkdə çinli sahibkarlar Azərbaycana böyük həcmdə investisiya yatırımı edə bilərlər. Çin dünya iqtisadiyyatının ən böyük güclərindəndir. Azərbaycan da öz növbəsində Çin iqtisadiyyatının gücündən maksimum yararlanmalıdır”.
Şəbnəm




banner

Oxşar Xəbərlər