AZE | RUS | ENG |

Sevməmək mümkünsüz olan musiqi

Sevməmək mümkünsüz olan musiqi
“Bu, danılmaz bir həqiqətdir ki, muğam irsimizin bütün dünyada tanıdılmasında Mehriban xanımın inanılmaz əməyi var”

Muğam özündə mürəkkəb ideyaları, dərin emosiyaları əks etdirən, insanın ruhunu oxşayan musiqi janrıdır. Bu janr ta qədim zamanlardan inkişaf etmiş, formalaşmış və bugünkü tariximizdə də özünəməxsus ənənələri  qoruyub saxlamışdır. 2008-ci ildən Azərbaycan muğamları UNESCO-nun "Qeyri-maddi mədəni irsi”nə daxil edilib.  Sevindirici haldır ki, hazırda Azərbaycan muğamı inkişaf edir və digər musiqi janrları ilə sintez olunur. Avqustun 26-da Beynəlxalq Azərbaycan Muğamı Günü idi. Ömrünü bu sənətə həsr edən xanəndələri, sənətkarları təbrik edib, onlardan muğam sənətinin keçmişini, bu gününü xəbər aldıq. 
 
 

Görkəmli muğam ifaçısı, Xalq artisti Mələkxanım Əyyubova bizimlə söhbətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi və bu sənətin gələcəyinə daha çox ümidlər bəslədiyini bildirdi: "Artıq bir neçə ildir ki, biz sənət adamları muğam bayramını qeyd edirik. Muğamımızın beynəlxalq arenada təbliğ olunmasında dövlətimizin, xüsusilə, Mehriban xanımın çox böyük rolu var. Bildiyiniz kimi, bu il yeddinci dəfə Muğam Müsabiqəsi keçirildi. Orada iştirak edən bir çox gənclərimiz var ki,  bu gün onların bir çoxu fəxri adlara layiq görülüb və dəyərli sənət adamlarına  çevriliblər. Bütün bu uğurların hər birinə görə Mehriban xanıma borcluyuq. O, Beynəlxalq Muğam Mərkəzinin tikilməsinə təşəbbüs göstərib və muğamımızın dünyada tanıdılmasında çox böyük əməyi var. Nəinki paytaxtda, bölgələrimizdə də muğam evləri vətəndaşların ixtiyarına verilib. Hər bölgədən istedadlı gənclər toplanaraq muğam müsabiqəsinə cəlb olunur. Və bu müsabiqələr bütün  dünyada izlənilir”.
 


Müsahibim qeyd etdi ki, bu sahədə fəaliyyət göstərən gənclərimiz özlərini  daim inkişaf etdirirlər və onların gələcəyinə ümidlər böyükdür: "Bir müəllim kimi, bu sahədə yetişən  gəncləri, gələcəyin gözəl sənətkarları olaraq görürəm. Düzdür, bu sahədə püxtələşmək üçün gənclərimizə iradlarımızı da bildiririk, tövsiyələrimizi də veririk. Biz də çox istəyirik ki, onlar daha da diqqətli olmağı, zəhmət çəkməyi və bu sənətin incəliklərinə yiyələnməyi bacarsınlar. Hər bir gəncə tövsiyə edirəm ki, öz isedadlarını boş yerə xərcləməsinlər, onlara göstərilən qayğının nəticəsində daha da uğurlu işlərə imza atsınlar. Muğam müsabiqələri də bunun ən bariz nümunəsidir. Biz müsabiqədə iştirak edən gənclərin seçiminə  məsuliyyətlə və diqqətlə yanaşırdıq. Çünki onlar bizim gələcəyimizdir və bizdən sonra muğam sənətini yaşadan xanəndələrdir. Bugünkü gənc, sabahın tarixində özünəməxsus iz qoyan bir sənətkar olacaq. Səhv etmək ixtiyarımız yoxdur. Eybi yoxdur, kimlərsə mənə müəyyən iradlar tuta bilər, amma bütün bu iradlara baxmayaraq, sabah sevinəcəyəm ki, həmin seçilən gənc ifaçı, muğamımızı yaşadacaq və çalışacaq ki, heç bir səhvə yol verməsin. Biz də məhz  bunun üçün çalışırıq”. 
 


Xalq artisti muğam günündə muğama böyük qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın da doğum günü olduğunu xatırlatdı: "Bu münasibətlə birinci xanımı təbrik edirik.  Bu, danılmaz bir həqiqətdir ki, muğam irsimizin bütün dünyada tanıdılmasında Mehriban xanımın inanılmaz əməyi var. Bir daha xalqımızı və bu sahədə canını fəda edən dəyərli sənətkarlarımızı  muğam bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. İşlərində yeni-yeni uğurlar arzulayıram”.
 
 
 
Xalq artisti Nəzakət Teymurova Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn muğam haqqında hazırlanmış dərsliklərdən bəhs etdi. Bu dərsliklərin gənc ifaçılara böyük töhfə olduğunu bildirdi: "Muğama göstərdiyi qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Deyərdim ki, bu günə qədər muğam sahəsində çox böyük işlər görülüb. Bu sahənin inkişafında,  sənətkarlarımıza bu cür diqqət ayrılmasında və muğamımızın dünya səviyyəsində təmsil olunmasında Mehriban xanımın çox böyük rolu var. Bu gün muğamlarımız bir çox ölkələrdə istedadlı və dəyərli sənətçilərimiz tərəfindən təmsil olunur. Fizulidə, Ağdamda  və bu kimi digər rayonlarda muğam evlərinin yaradılması, paytaxt Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi və digər bir çox layihələr buna sübutdur. Onu da qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam dərslikləri yazılıb və o dərslikləri yazan sənətkarlar içərisində mən də yer almışam. Bu dərsliklər  audio və video şəklində musiqi sahəsində təhsil alan gənclərimizə təqdim olunur”. 
 


Xalq artisti muğam sənətinin inkişafı ilə bağlı bir çox  müsabiqələr təşkil olunduğunu və bu müsabiqələrdə bir-birindən istedadlı gənclərin tanındığını qeyd etdi: "Həmin gənclərdən kimlər ki bu yükün ağırlığına tab gətirə bilir, bu sənətin ağırlığını çiyinlərində daşıya bilir, onlar da bu sənəti yaşadıb və inkişaf etdirirlər. Biz hər zaman gənclərimizə dəstək olub, ustadlarımızın da bizlərə öyrətdiklərini onlara ötürməliyik. Muğamlarımız bizim ana laylamızdır. Öz tələbələrimə də deyirəm, bu, bizim öz milli musiqimizdir və bu musiqini sevməmək mümkün deyil. Əminliklə sizə deyə bilərəm ki, bu zəngin musiqimizi gənclərimiz gələcək nəsillərə də ötürəcək”. 
 

 
Xalq artisti Gülyanaq Məmmədova bildirdi ki, bu gün muğamımız dünya musiqi tarixində layiqli yerlərdən birini  tutur: "Hörmətli Mehriban xanımın bu sahəyə göstərdiyi diqqət də  göz önündədir. Beynəlxalq muğam müsabiqələri və  yerli muğam müsabiqələrinin  bu sahənin inkişaf etdirilməsində çox böyük rolu var. Siz tamaşaçılar da görürsünüz ki, gənclərimizin gün-gündən muğama olan marağı artır. Bu sahəyə marağın artmasında təbii ki, biz müəllimlərin də rolu çox böyükdür. Mən bir pedaqoq kimi həmişə çalışıram ki, tələbələrimə dəstək olum. Bəzən deyirlər ki, bayağı musiqilər səhnədə daha çox yer alır. Mən heç də elə düşünmürəm. Dediyimiz o yad musiqilər hər biri muğam üstündə köklənir. Bütün dünya musiqiləri bizim muğamlarımız üstündə yaranıb və bizim istedadlı  gənclərimiz muğamı çox gözəl şəkildə  bildikləri üçün xarici musiqiləri  çox yaxşı ifa edirlər. İlk olaraq Azərbaycanda industrial muğamı – yəni muğamın 7 növünü pop musiqisi ilə birləşdirərək Gülyaz xanımla mən ifa etmişəm. Muğamımızın bünövrəsi hər zaman olduğu kimi qalır, sadəcə olaraq bura bir qədər yeniliklər etmək heç də pis hal kimi qarşılanmır. Hazırda caz, pop musiqisi muğam janrı ilə  sintez olunur və bu musiqini dinlədikcə, sanki yeni bir musiqi kəşf etmiş olursan”.
 
 

Xalq artisti muğam sənətinə yeni gələn gənclərin gələcəyini çox parlaq gördüyünü bildirdi: "Muğam sənətinə gənclər arasında tələbat çoxdur. Özümün və  həmkarlarımın dərs dediyi  tələbələr arasında  bunun şahidi oluram. Gənclər həmçinin muğamın dərinliklərinə yiyələnirlər. Estrada sahəsində oxuyan tələbələrə də muğamın sirləri öyrədilir və  biz çalışırıq ki, gənclərimiz  eyni zamanda  muğamdan da xəbərdar olsunlar. Universitetimizdə onlar üçün xüsusi dərslik proqramı da hazırlanıb. Bu gün muğamımızın inkişafı hər birimizi  sevindirir və bununla bir muğam ifaçısı kimi  qürur duyuram. Azərbaycan xalqı üçün bu, böyük bir töhfədir. Ta qədimdən bu günə qədər dəyərli, bu sahədə sözünü demiş ustad sənətkarlarımız tərəfindən muğamımız ifa olunubsa,  ölməyibsə, yaşayırsa, bundan sonra da ölməyəcək, yaşayacaq”. 
 
Fidan Salmanova
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873