• cümə axşamı, 25 aprel, 03:10
  • Baku Bakı 19°C

Sevgi notları

11.11.19 11:30 1662
Sevgi notları
"Bir qadına” kitabı haqqında qeydlər
Əbülfət Mədətoğlu. Öncə sözünü, sonra özünü tanıdığım, şeirlərində fərqli bir ruh, fərqli bir rəng, fərqli bir dünya gördüyüm şair. Əlbəttə, şairin özəlliyi, fərqliliyi elə onun əsas parametrləridir. Fərqli olmaq, həm də yeniliyə, müasirliyə bir səsləyişdir. Alman filosofu Feyerbax şairləri "Başqa bir dünyanın sakinləri” adlandırdı. İzahında isə qeyd edirdi ki, "şair bu dünyanın adamı ola bilməz. Onun dünyası başqadı. O bu dünyada o dünyanı yaşayandır...”
Bu yaxınlarda Əbülfət Mədətoğlunun yeni çap olunmuş kitabını oxudum. "Bir Qadına” adlanan kitab ilk baxışdan sakit, bir qədər kövrək görünür, amma elə deyil. Kitabda yer alan şeirlər fırtına kimidir, hiss və duyğuların fırtınası müşahidə olunur. Bu şeirlərdə şairin ürəyi, arzuları və xatirələri yer alıb. Həm də bu şeirlərdə bir ağrı, bir itki, yoxluq və varlığın amansız mübarizəsi var. Şair ruhunun narahatlığını sevgi ilə birləşdirir:

Seçdiyim yolu geyindim –
Ümid adına, adına...
Öz dərdlərimdən deyindim –
Mən bir qadına, qadına...

Deyindim başı ağrıdı
Gördü ki, daşı ağırdı...
Gözünün yaşı axırdı –
Yetməz dadına, dadına...

Deyindim huşu da getdi...
Baharı , qışı da getdi...
Bir sevgi boşuna getdi –
Düşməz yadına, yadına!..

Şair ruhunun narahatlığına qarşı sanki üzür. Bu məqam onun daxili hiss və həyəcanına, kədərinə, ayrılıq iztirabına qarışır. O, öz sevgisini həm də bununla qorumağa çalışır.
Əbülfət Mədətoğlu şeirinin poetikasında önəmli cizgilərdən biri sentimentallığın reallığa, bədiiliyin həyata bağlı olmasıdır. Bəzən olur ki, ağac budaqlarının qırıldığı kimi, şeirdə də bir tərkolunma, ayrılma olur. Bu oxucunu daim bir nöqtədə saxlayır. Aşağıdakı şeirə diqqət edək:

Qu tükündən yumuşaq,
Bir beşikdi ürəyim.
Sığışa bilmədiyin –
ev-eşikdi ürəyim...
Batıb aha, günaha,
Əlin açıb Allaha!
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.

Şeirin birinci misrasına diqqət yetirin, - Qu tükündən yumuşaq - burada canlı bir təsvir var, incə bir bənzətmə var, həm də həssas bir müşahidə var. Şeirdə hər misra rəngdən-rəngə düşür, formalaşır və şeir sanki cilalanır.

Sönür içimdəki şam...
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...
Çeşidləmək istəyim -
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır – yaş olur...
Acıların dadını...
Dil-damağım hiss edir...
Nəmdi deyə günahlar -
Yanmır ürək! - his edir...

Günah və tövbə anlayışları şairin poeziyasında bir paralellik təşkil edir. Bu paralel forma şeirdə yeni bir mənanı ehtiva edir. "Bağışlamaq və bağışlanmaq” arzusu... Bu arzu şairin həm də öz içində gedən proseslərin lap əvvəlidir. Əgər bu belə olmasaydı, yanğı, həsrət, nisgil bu qədər aydın və canlı hiss olunmazdı.
Şairin üslubunun özəlliyi sanki hamıdan xəlvəti, heç kimin görmədiyi bir guşəyə çəkilib yazdığı şeirlərdədir. Məsələn,

Mən indi
başımı
söykəmişəm
tənhalığın
çiyninə...
Kədər və xatirələr
Nimdaş olsa da
Kip oturub əynimə...


Kədər və xatirələr. Bir libas kimi əyninə almaq, onu daşımaq və bununla barışmaq... İngilis filosofu Con Lokk öz fəlsəfəsində kədəri libas kimi əyninə geyinib, şeir yazmağın ən böyük fəlsəfə olduğunu yazırdı. İndi Əbülfət Mədətoğlu həm də bir filosof kimi, şeirlərində həyatın, ölümün, dünyanın və ən əsası insanın portretini çəkməyə çalışır...

Ruhumu Cənnətdə gördüm...
O, pəncərədən baxırdı...
İlahi, mən içdən öldüm –
Bu nə uğursuz axırdı?!

Həmişə əllərim göydə
Torpaq öpür dizim yerdə...
İstədim ki, ölüm göydə -
Amma qalsın izim Yerdə!..

Alınmadı, bu arzum da...
Asi oldu ruhum cismə...
Mən sahibsiz dəfn olundum –
Buna görə məndən küsmə!...



Bu misralar sanki şairin özündən xəbərsiz doğulan misralardı. Bu misralar şairin ruhu ilə, ovqatı ilə vəhdət təşkil edir. Bu dünyanın faniliyini, əbədiyyətin ölümdən keçdiyini yaxşı bilən şairin köks ötürməsi az qala hər misrada duyulur. Və bu həm də onun ədəbi ezamiyyətinin məkan və zaman etibari ilə naməlum olduğunu göstərir...

Kükrədi, daşdı – dedim
Ürəyə daşdı!- dedim
Min dəfə kaşkı, dedim-
Sən məni sevməyəydin...

Xəyalım bulud üstə
Can yerdə, bulud, üstə...
Bir çınqı, umud üstə-
Sən məni sevməyəydin...

Yuxumu atlandırıb,
Atı qanadlandırıb...
Ruhumdan qan aldırıb-
Sən məni sevməyəydin...

Könlün aldanıb, seçib
Bir işdi olub, keçib...
Tay mənim odum keçib-
Kaş məni sevməyəydin!



Sevgi bir çıxış yolu kimi nümayiş olunur sanki. Şeirin əsas xətti sevgi və bu sevginin gücü üzərində qurulub. Bu şeirdə qəribə bir ovqat var. Peşmanlıq, təəssüf hissinin ümidsizlik və bədbinlik tonundan uzaq, bir az da gələcəklə bağlı yaxşı nələrinsə olacağına inam var. Bu hələ şeirin zahiri fonudur. Daxili qatlar isə daha fərqlidir...
Əbülfət Mətədoğlu digər şairlər kimi nələrisə, hansısa bir məqsədi və ya hədəfi göstərmir, o bunu oxucunun ixtiyarına verir. Oxucunun ixtiyarı var ki, şairin şeirlərindən özü nəticə çıxara bilsin. Həqiqəti özü müəyyən etsin. Bununla da şübhə hissində uzaq olsunlar. Həyatın sürrealist ovqatını bütün yönləri ilə oxucu ilə bölüşmək, şairin ruhundan, xarakterindən xəbər verir. O həssas, həssas olduğu qədər də kövrəkdi...

Tanrım ağrı böləndə
Qoymadı heç dinəm də!
Tapmadı yer sinəmdə -
Tikdi çiyinlərimə!..


Öz şeirləri ilə oxucalara qərar vermək, nəticə çıxarmaq imkanı yaradan tək-tük şairlərdən olan Əbülfət Mədətoğlunun yaradıcılığı güzgü effekti verir, oxucuya özünü görməsi üçün imkanlar yaradır. Bu məqamdan, bu imkandan istifadə edən oxucular həm öz şairlərini həm də özlərini bir daha tanımış olur. Bu tanışlıq isə unudulmaz və xoş hisslərlə yadda qalır. Şair üçün bundan gözəl nə ola bilər ki?!
"Bir qadına” kitabını oxuduqca düşündüm. Düşündüm və düşündüklərimi özüm də bilmədən qələmə aldım. İndi dərindən nəfəsimi dərib ağlımdan getməyən misralarla baş-başa qalıb, yazıya burada nöqtə qoyuram.

Tural Cəfərli
banner

Oxşar Xəbərlər