• cümə, 29 Mart, 03:42
  • Baku Bakı 7°C

Şərab alkoqollu içki sayılmazsa...

02.09.19 19:25 1733
Şərab alkoqollu içki sayılmazsa...
Bir neçə gün öncə ölkəmizdə I Üzüm və Şərab Festivalı keçirildi. Bir neçə gün ərzində diqqətləri Şamaxı şəhərinə çəkən festival ərəfəsində şərabçılıqla bağlı bir sıra maraqlı fikirlər də irəli sürüldü. Onlardan biri də Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklifi idi. "AzQranata” zavodunun direktoru Vüqar Mikayılov festival çərçivəsində təşkil edilən "Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada bu təkliflə çıxış edib.
"Əgər həqiqətən də üzümçülüyü inkişaf etdirmək istəyiriksə, üzümdən hazırlanan məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu kimi ortaya qoymalıyıq. Niyə görə Azərbaycanda şərab alkoqollu içki sayılır, qida məhsulu sayılmır? Niyə saat 11-ə qədər şərabları reklam etmək olmaz?” – deyə V.Mikayılov bildirib.
Maraqlıdır, söhbət bütün şərablardan gedir? Vüqar Mikayılov "Kaspi”yə açıqlamasında bildirdi ki, onun təklifi təbii şərablarla bağlıdır: "Bir var təbii şərablar, bir də var xüsusi şərablar. Mən təklifi təbii şərablarla bağlı vermişəm. Bu iki qruplaşdırmanın fərqini izah edim. Təbii şərablar hazırlanarkən içərisinə kənardan spirt tökülmür, o, üzümün öz suyunun qıcqırması nəticəsində əmələ gəlir. Xüsusi şərablar hazırlanarkən üzümün suyu qıcqıranda üzərinə 96 faizlik spirt və ya konyak spirti əlavə edirlər. Onlar xüsusi şərablar olur və onlara aksiz markasının verilməsi təbiidir. Ancaq özü qıcqıran, hazırlanmasında heç bir kənar müdaxiləyə yol verilməyən, üstəlik çox böyük müalicəvi əhəmiyyəti olan təbii şərablarla bağlı bunu doğru hesab etmirəm”.
V.Mikayılov qeyd etdi ki, təbii şərablar orqanizmin sağlamlığı üçün böyük əhəmiyyətə malikdir və bu səbəbdən onlar qida məhsulu hesab edilməlidir: "Fransada xəstəxanalar var ki, orda yatan xəstələr şərabla müalicə olunurlar. Tibdə buna enoterapiya deyirlər. Ümumiyyətlə, şərabların hər birinin insan orqanizmində mühüm əhəmiyyəti var. Bunun səbəbi nədir? Meyvə olaraq üzümün tərkibində 400-ə qədər kimyəvi maddə olduğu halda, təbii üzüm şəraba çevriləndə tərkibini yoxlayanda 800 komponent əmələ gəlir. İki dəfə artır. Bu qədər komponent bədənə daxil olanda orqanizmi zənginləşdirir. İnsanın bir çox bəlalardan qurtarmasına səbəb olur. Son vaxtlar dünya ölkələrindən belə fikirlər eşidirik ki, bir bakal qırmızı şərab bir saatlıq idmanı əvəz edir. Burda məqsəd nədir? Söhbət kökəlmək, arıqlamaqdan getmir. Şərab həzm prosesini sürətləndirir, xolesterinin miqdarını azaldır, bədəndə olan radikalları insan orqanizmindən uzaqlaşdırır. Bütün dərman preparatlarından dəyərli maddə olan şərabı alkoqollu içki adlandırmaq, məncə, düzgün deyil. Bu, bir çox ölkələrdə də belədir. Son vaxtlar Moldovada da bu barədə iş gedir. Təbii şərabları artıq qida məhsulu kimi qələmə verdilər”.
Qida mütəxəssisi İsa Əliyev deyir ki, Avropa təcrübəsində içkilər 4 kateqoriyaya ayrılır: "Bir qrup içəcəklər və meyvə sularıdır. Bunlar eyni şeylər deyil. Meyvə suyudursa, 100 faiz meyvənin suyu olmalıdır. Digər qrup nektarinlərdir, yəni aromalarla və nektarlarla sulandırılmış sular. Bir kateqoriyanı rəngləndirici və qaz vurulmuş sular - məşrubat təşkil edir. 4-cü qrup isə alkoqollu içkilərdir. Avropa təcrübəsini götürsək, bu 4 kateqoriyanın hamısı qida məhsulları gedir. Yəni alkoqollu qrupu qida məhsullarından ayırmırlar. Heç yerdə belə bir şey yoxdur”.
İ.Əliyev deyir ki, şərabın alkoqollu içkilər sırasından çıxarılmasını bir marketinq taktikası da hesab etmək olar: "Alkoqollu içki deyildiyində, bu məhsulların reklamı verilmir, bu cəhətdən onları bir az kölgədə saxlayırlar, "18+” kimi götürülür. Bu kimi hallar var. Amma biz məhsulumuzun daha çox satılmasını, daha geniş bir əhatə dairəsində yayılmasını istəyiriksə, məcburuq ki, onu qida məhsulları qrupuna daxil edək, "alkoqollu” deyib ayırmayaq. Belə olan halda satışımız daha da çoxalacaq. Brend olaraq tanınmağımız üçün də bunun rolu böyükdür. Azərbaycan şərabının xaricdə tanınması ölkə üçün önəmli məsələdir”.
Marketinq mütəxəssisi Fərid Hacıyev deyir ki, əgər məhsul keyfiyyətli hazırlansa, bu dəyişiklik Azərbaycan şərablarının həm reklamında, həm də satışında yaxşı nəticələr əldə etməyə imkan verə bilər: "Burda da biz keyfiyyət məsələsini önə çəkməliyik. Təbii şərabların qida məhsulu kimi təsnifat edilməsinin yaxşı nəticə verməsi üçün gərək keyfiyyətə diqqət edilsin. O şərablar istehsal qaydalarına uyğun olacaqsa, müəyyən texniki şərtlərə cavab verəcəksə, bu addım həmin məhsulların həm tanınmasına, həm satışına kifayət qədər yaxşı dəstək göstərə bilər. Çünki o şərablar alkoqollu içki kimi getdiyi üçün istehsalçılar məhsulların reklamını istədikləri kimi apara bilmirlər, bu da brendlərin tanınması, satışının artırılması cəhətdən müəyyən problemlər yaratmış olur. Bu, alkoqollu içki sayılmayacaqsa, istehsalçılar məhsulların reklamında daha sərbəst olacaqlar, müəyyən məhdudiyyətlər qarşısında qalmayacaqlar. Bununla satışları kifayət qədər arta bilər, həm də şərab brendlərimizin daha çox insan tərəfindən tanınmasına gətirib çıxarar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər