• cümə, 26 Aprel, 12:38
  • Baku Bakı 23°C

SƏNƏTİN DÜŞÜNDÜRMƏK GÜCÜ

02.04.18 14:00 2147
SƏNƏTİN DÜŞÜNDÜRMƏK GÜCÜ
Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Bayram Hacızadənin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilməsi xəbərin aldıq. Bu xoş müjdənin önəmli cəhəti Azərbaycan sənətkarının bu nüfuzlu elmi-yaradıcı quruma xarici ölkələrdən seçilən ilk karikaturaçı-rəssam olması idi. Qənaətimizcə, 160 illik mövcudluğu ərzində bilavasitə klassik sənət sahələri təmsilçilərinin fəaliyyətini dəyərləndirməyə üstünlük verən akademiyanın bu dəfə öz sıralarına satirik rəsm-karikatura ustasını qəbul etməsi ilk növbədə Bayram Hacızadənin öz yaradıcılığında klassik karikaturaya onun yeni bədii-estetik nəfəs verməsi ilə bağlı olmuşdur. Doğrudan da, əsərlərində Azərbaycan milli klassik karikaturasının banisi Əzim Əzimzadənin (1880-1943) yaratdığı bədii ənənəni uğurla davam etdirən, karikaturanı fəlsəfi tutuma bələməyə, onun təzadlarla dolu olan cəmiyyətə "ayna”ya çevirməyə nail olması ilə həm də özünün yaradıcı-vətəndaş mövqeyini sərgiləyən Bayram Hacızadə bu gün haqlı olaraq onun milli məkanda lideri kimi tanınır. Əsərlərinin bu günə kimi çoxsaylı Beynəlxalq müsabiqələrin mükafatına layiq görülməsi isə həm də rəssamın Azərbaycan təsviri sənətinin təbliğinə layiqli töhfəsi sayılır. Bayram Hacızadənin karikatura janrının yenidən və hərtərəfli öyrənilməsi ilə bağlı apardığı davamlı tədqiqatların sanballı dissertasiyada və çoxsaylı kitablarda öz əksini tapması da Azərbaycan sənətşünaslıq tarixinə əvəzolunmaz elmi xidmətdir...
Bu il tanınmış karikatura ustasının anadan olmasının 50 illiyi tamam olur. İndiki halda bu yaşın yaradıcı üçün az, yaxud da çox olduğuna aydınlıq gətirməkdən uzaq olmaqla, yalnız onu xatırlatmaq istəyirik bu yaş ona inamla geri baxmağa mənəvi hüquq verən tutuma malikdir. Qənaətimizcə, Bayram Hacızadənin geri baxmağa-bir yaradıcı kimi ərsəyə gətirdiklərinə sərraf gözü ilə baxmağa haqqı çatır. Belə ki, onun karikaturaçı-rəssam, tədqiqatçı-alim və pedaqoq kimi fəaliyyəti səmərəli və qürurverici olmuşdur. Gəlin bu yola birlikdə nəzər salmağa və onu dəyərləndirməyə çalışaq...
Bayram Hacızadənin bir qərinəni əhatə edən yaradıcılığında çoxsaylı mövzuların səmimi, tamaşaçısını tam inandıra biləcək bədii-satirik yozumunu görmək olar. Bu da rəssamın sənətə gəlişində və sahə seçimində yaradıcı insan kimi onu gələcəkdə nələrin gözlədiyinə hazır olmasını sübut edir. Elə bu səbəbdən də Bayram Hacızadənin davamlı yaradıcılıq axtarışlarını vaxtaşırı dövri mətbuatda – "Kirpi” satirik jurnalında, "Kommunist”, "Ədəbiyyat və İncəsənət”, "Sovet kəndi”, "Azərbaycan gəncləri”, "Bakı”, "Kolxozçu”, "Bilik”, "Azərbaycan” və digər qəzetlərinin səhifələrində izləmək mümkündür. Satiranın başlıca məqsədinin həyat həqiqətlərini söyləmək, rəssamın özünün təbirincə desək, "tənqid və ifşa” olduğunu nəzərə alsaq, onda Bayram Hacızadənin əhatə olunduğumuz mühitin əksər sahələrinə tutduğu "bədii güzgü”nün kifayət qədər reallığa söykəndiyini söyləyə bilərik. Onun mövzu seçimində süniliyə və uydurma motivlərə meyl duyulmur. Həyatımızın ən müxtəlif sahələrində "cücərməyə” başlayan xoşagəlməz hallara, ziyanlı vərdişlərə vətəndaş mövqeyi sərgiləyən rəssamın cəmiyyəti xəbərdar etmək istəyi güclüdür. Rəssamın tənqid hədəfinə tuş gələn ən müxtəlif peşə adamlarının əməllərinin bədiiləşdirilməsindən qaynaqlanan orijinal baxışı, dərin məna-məzmun tutumu, etiraf edək ki, əksər hallarda həsədaparıcıdır. Bayram Hacızadənin satirasında hadisə və obrazların komik şişirtmə və nisbi qrotesk prizmasından keçirilməsini, təsvir etdiklərinin acı gülüş hədəfinə çevrilməsini aydın görmək olar. Bununla belə, rəssamın fırçasından çıxan və tamaşaçıda gülüşlü, düşündürücü ovqat yaradan satirik ruhlu bədii təsvirləri mahiyyətinə görə gerçəkliyin daşıyıcısı, təqdimi və bədii həllinə görə isə sadə və həyatidir.
Bayram Hacızadənin yaradıcılığında xalqımızın malik olduğu mənəvi dəyərlərin daşıyıcılarından sayılan dahi şəxsiyyətlərə – Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və Üzeyir Hacıbəyliyə həsr olunmuş əsərlərin mövcudluğu da təbii və məntiqlidir. Onun M.Ə.Sabirin "Hophopnamə”sinə çəkdiyi satirik təsvirlərində yeni münasibətə, şairin çoxqatlı poeziyasına dərin nüfuzetməyə rast gəlirik. Qənaətimizcə, yüz il əvvəl "Hophopnamə”nin dərdə bələnmiş misralarına bədii əyanilik gətirmiş Əzim Əzimzadə çəkdiklərində oxucularından "Görəsən, Sabir nə vaxta kimi müasir qalacaq?” sualına cavab gözləyirdisə, bu gün onun xələfi Bayram Hacızadə də oxşar sualı soydaşlarına təkrar-təkrar ünvanlamaq məcburiyyətindədir. Rəssamın nigaranlığına nə vaxt son qoyulacağını biz bilmirik, deyəsən, onun özü də...
Adı dünyanın tanınmış karikatura ustaları ilə yanaşı çəkilən Bayram Hacızadənin sənəti həsədaparıcı dərəcədə insanidir desək, həqiqəti söyləmiş olarıq. Rəssamın incə müşahidə qabiliyyətindən xəbər verən çoxsaylı karikaturalarında onun baş verənlərə, insanların davranışlarına çox diqqətli – nüfuzedici şəkildə göz qoyduğu aydın duyulur. Bu yanaşmada o, təkcə rəssam və ya tənqidçi kimi çıxış etmir. O, çox vaxt cəmiyyətin sosial durumundan qaynaqlanan təzadlara "Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşamağa üstünlük verən bəzi soydaşlarını özlərinə və özgə hesab elədikləri həmyerlilərinə qarşı diqqətli olmağa səsləyir. O, şəxsi müşahidələrinin bədiiləşdirilməsində qroteskdən tez-tez istifadə etsə də, satirik əsərlərində sünilikdən və uydurma obrazlar yaratmaqdan uzaq olduğunu təsdiqləyir.
Bayram Hacızadə yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən biri də əsərlərinin dərin beynəlmiləl bədii-estetik və mənəvi-psixoloji tutuma malik olmasıdır. Müraciət etdiyi və bədiiləşdirdiyi ən müxtəlif mövzuların aktuallığına və müasir bədii yozumuna görə hər bir ölkədə izahatsız anlaşılması da onun əsərlərinin məkansız və zamansız olmasının nəticəsidir desək, yanılmarıq. Bu önəmli bədii məziyyətin hər bir yaradıcı insan üçün duyulası önəm kəsb etdiyini vurğulamaqla əlavə etmək istərdik ki, Bayram Hacızadənin ən nüfuzlu beynəlxalq müsabiqələrdə ən yüksək mükafatlara layiq görülməsi də əsərlərinin sözsüz başa düşülməsi ilə izah olunur. Rəssamın əsərləri ABŞ, Kuba, Çin, Koreya, Türkiyə, Rusiya, Ukrayna, Suriya, İran, İsrail, Fransa, Polşa, Serbiya, Bolqariya, Ruminya və digər ölkələrdə təşkil olunmuş beynəlxalq müsabiqələrdə qızıl, gümüş, bürünc medallara, xüsusi mükafatlara və diplomlara layiq görülmüşdür. Beynəlxalq müsabiqələrdə və festivallarda otuzdan artıq mükafat qazanmış Bayram Hacızadənin yüzdən artıq əsəri müxtəlif kataloqlarda, albom və kitablarda dərc olunmuşdur.
Onun yaradıcılıqla yanaşı səmərəli təşkilatçılıq fəaliyyətinin nəticəsidir ki, onun təsis etdiyi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO) tamhüquqlu üzvü olmaqla milli incəsənətimizin dünya ölkələrində tanıdılmasında xeyli işlər görmüşdür.
Hər bir rəssamın bədii-texniki vasitələrin tətbiqi ilə formalaşmış dəst-xəttinin ilk baxışdan tanınması yaxşı hal olduğundan belə bir yaradıcı "mən” ifadəsinin yaranması və tədricən cilalanması da Bayram Hacızadə üçün önəmli məsələlərdəndir. Bayram Hacızadənin tamaşaçısını güldürən və düşündürən əsərləri əksər hallarda təqdim etdiyi maraqlı mövzu və məzmununa görə çox cəlbedicidir. Rəssam əsərlərinin hansı bədii forma və vasitələrlə ifadə olunduğunu ikinci plana keçirsə də, onları ənənəviləşdirməklə həm də özünün kamilləşən qrafik yozumuna sadiq qalır. Qrafikanın bədii-texniki ifadə imkanlarına bələdçiliyini hər bir əsərində nümayiş etdirən Bayram Hacızadənin satirik lövhələrində istər cizgi "oyunları”, istərsə də rənglərin rəmz daşıyıcılığı ilə əyaniləşdirməsində nəhayətsiz estetik çalarlara rast gəlmək mümkündür. Əksər əsərlərində tünd xətlərə əlavə olunan və təsvirin psixoloji çoxqatlılığının üzə çıxarılmasında yardımçı olan incə cizgilərin mövcudluğu rəssamın özünəməxsus bədii tapıntılarındandır.
Bayram Hacızadənin 2008-ci ildə "Azərbaycanda karikaturanın inkişafı” mövzusunda uğurla dissertasiya müdafiə edib "Sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almasını da onun bu sahənin davamlı tədqiq etməsinin məntiqi nəticəsi saymaq olar. Elə həmin ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Karikatura tarixi” fənnini tədris edən rəssam hazırda həmin təhsil ocağının professorudur. Onun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsi isə rəssamın milli incəsənətimizin inkişafına verdiyi töhfələrə görə rəsmi dəyərləndirilməsidir. Qənaətimizcə, bu, 19 monoqrafiyanın, 70-ə yaxın elmi və publisistik məqalənin, tədris vəsaitləri və proqramlarının müəllifinin yaradıcı-pedaqoji fəaliyyətinə verilən qiymətdir...
Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər