Sənət və psixologiya
Uyğunlaşdırma
Yaradıcı adamlar üçün ən çox istifadə olunan
cümlələr hansılardır? Birini mən deyim: "Onun öz dünyası var...” Nədir "onun öz
dünyası?” Bu sual sənətin də nə olduğu sualının təməl cavablarından biridir,
əslində. Davamlı şəkildə özünü təkrarlayan və bundan mozaxistcəsinə həzz alan
bizlərin həyatında yaradıcılıq sıradan bir hadisə kimi qiymətləndirilmir.
Qədimdə şair olanlar lənətlilər kimi qiymətləndirilir və yandırılırdılar. Onlar
özlərini tanrıyla bərabər tutmaqda ittiham edir və lənətli cümlələrlə –
şeirlərlə xalqı yoldan çıxarmaqla günüahlandırılırdılar. Sənət insan üçün çox
gec aydınlandı. Mahiyyətində eqoizm olan adəm oğlunun özünü daim sorğulayan
sənəti başa düşməsi və qəbul etməsi çox qurbanlar tələb edirdi. Çünki sənət
tanrının verdiyi (ya da yazdığı) həyata alternativlər axtarırdı, o həyatları
bəzən şərin timsalında, bəzən də xeyir mələklərinin hədiyyəsi kimi təqdim edir,
insan məişətində nəyin doğru, nəyin yanlış olduğuna bir növ qərar verməyə
çalışırdı. Sənət insan münasibətlərinin aliləşməsinə, insana heyvani cinsdən
çıxıb ruhi mahiyyətinə və əsas xüsusiyyətlərinə geri qayıtmağa kömək etdi. İlk
əhvalatların, ya da rəsmlərin necə yaranması ilə bağlı həm mifoloji mətnlərdə,
həm də qədim yazılı abidələr yüzlərlə fərziyyələrə rast gəlirik. Maya
miflərində insanın gəldiyi yerə (cənnətə) qayıtmasına mane olan iki kəşfdən söz
açılır. Birincisi, alov, ikincisi, rəsm. Bu iki nəsnənin kəşfi insanın Yer
üzündəki komfortunu təmin etdi və yalnız bu iki kəşfdən sonra insan özünü yaşamağa
məcbur bildi.
Dəyişən həyatın şəkilləridir. Bir vəziyyətdən başqa
vəziyyətə deformasiya edən həyatımız monoton təkrarlarla sərhədlənir. Sənət
insanı bu monotonluqdan azad etməyin tək yolu idi. Yaradıcı şəxslər "öz
dünyasında” tapdığı əhvalatları
danışdıqca bunun digərləri üçün də maraqlı olduğunu gördülər. Bu yolla
insanlara kütlələrə bölmək, onları idarə etmək daha rahat idi. Nağıllar ilkin
dini cərəyanların əsası oldu. Din isə ilk cəmiyyətlərin formalaşma alqoritmini
yaradan bir sistem idi. Bu sistemin bir parçası olan sənətin "vəzifələri”
arasında dominantlığı inandırmaq məqsədi tutdu. İnandırmağın ilk şərti isə
inanmaq idi. Uydurulmuş, bəzədilmiş bir əhvalata öncə onu danışan inanmalı idi.
Bu isə artıq insan beynin alt qatlarına həllini tapacaq məsələlər idi. Şübhəsiz
sənətin inkişaf modelləri artdıqca insanın beyin yarımkürələrinin də işləmə
mexanizminə təsir göstərdi. Hətta Freydin nəzəriyyəsinə görə insanının öz
yaradıcı potensialını kəşf etməsi onun beyin formasını dəyişən və genetikasında
vacib kodların yaranması üçün münbit şərait yaradan səbəb idi. Daha sərt
şəkildə ifadə etməyə ehtiyac duysaq bu ifadəni işlətməyə ehtiyac var: İnsan
özünü aldatmağa məcburdur. Sənət şəxsi kimliyini gizlədən, bu detektiv
oyunundan yeni obrazlar quran və ən vacibi istədiyi həyatı təqdim edən, ondan
danışmağın bütün yollarını kəşf etmək istəyənlərin toplandığı bir müstəvi oldu.
Sənət insanı öz dünyasından xilas edən yaradıcı kimliyini ortaya qoydu. Bu,
şəxsiyyət ikiləşməsindən, şəxsiyyət pozuntusundan ciddi dəyişiklik idi.
Bütün sahələrin eyni müstəvidə kəsişdiyi bir
dünyada sənət və psixologiya ən yaxşı yola gedən və heç vaxt bir-birini tam
çözə bilməyən yoldaşlar olaraq qalacaq. Psixologiya sənətin mahiyyətini aça
bilmir, çünki sənət kontursuz bir sonsuzluqdur və onun sərhədləndirilmək kimi
bir dərdi də yoxdur. Psixologiya isə (elm kimi) dəqiqliyə can atan və özünə
düsturlar hazırlayan bir hala gəldi. Şüurun idarə edilməsi yollarını axtararkən
özünü tamamilə çəpərləyən psixologiya psixo-analizin kəşfinə qədər ruhi
xəstələrin və ya şəxsiyyət problemləri yaşayan adamların problemlərini həll
etməkdən daha faydalı heç nə etmirdi. Ta ki bu problemlərin cərgəsinə yaradıcı
adamların narahatlıqları girdi. Sənət və bu incə elm arasında əlaqələri tapmaq
lazım gəldi.
Yunqun
fərziyələri
İnsan və sənət arasında münasibətləri araşdıran
Karl Qustav Yunq psixologiyanın, ümumiyyətlə, heç bir elmin insanın yaradıcı
kimliyini üzə çıxarmağı bacarmadığını izah edir. Tarixin ən saf dönəmində belə,
psixologiyanın, şeirin, siyasətin bir-birinə uşaq beynində olduğu kimi saf,
təmiz əlaqələri zamanı belə bu sahələrin bir-biri üçün həmişə gizli qaldığını
vurğulayır. Yunq psixologiyanın sənətin insana təsir edə biləcək qatına qədər
endiyini, əsas mahiyyətindən həmişə uzaq qaldığını deyir. Bunun əsas
göstəricisi kimi psixologiyanın özünü məhdudlaşdırdığını əsas gətirir. Din və
sənət ruhun yaddaşında gizlidir. Sənət yaradıcı eqonun meydana gətirdiyi
iddiaların cəmidir. Bu eqo həm də tanrıya məxsusdur. Belə deyək, insanın öz
sənət tərəfini tapması metafizik mənada onu yaradana da sərf edir. Sənət dinin
alternativi olaraq meydana çıxır. Bu tərif isə sənət cərəyanlarının yaranmasına
və inkişafına əsas qol verən iddiadır. Öncə mərkəzdə tanrının, sonra insanın,
sonra isə əsərin durduğu piramidaların işıq düşməyən tərəfində əsl mahiyyət
gizlidir. Psixologiya bu piramidaların yalnız gözlə görülə bilən yanlarında
fırlanır. Psixologiya sənət və din anlayışlarını bütünlüklə izah edə bilmir. O,
yaranan əhvalın və şəxs üzərindəki təsirin konturlarını müəyyən edə bilir. Bu
baxımdan heç elm də sənət və inanc kəlmələrinin haqqını vermir. Çünki sənətin
və bütün anlamıyla dinin qanunauyğunluğu, sərhədləri, əsasları yoxdur. Belə
olsaydı, biz onlardan elə psixologiyanın bir sahəsi kimi danışardıq.
Sənət əsərinin yaranma müddəti, yaradıcı kəsin
mətbəxi və mövzu axtarışları psixoloji yozuma əsas verən şərtlərdir. Məsələn,
bir şairin həyatından çıxış edərək onun şeirlərini təhlil etmək və ya yaşadığı
coğrafiyada gedən proseslərə güzgü tutmaq istəyi və sair. Elm sənətin bu
qədərini izah edə bilir. Bir şeirin əsas özəyi bunlar deyil təbii ki. Müəllifin
bioqrafiq detalları onun oynadığı oyunun açıq kartlarıdır. Hələ müasir ədəbi
tendensiyaları da nəzərə alsaq, sənət və psixologiya Yunqun nəzəriyyələrini bir
az daha gerçək kimi göstərir. Karnaval dövrünün mətnləri özündə fəlsəfəni,
siyasəti, psixlogiyanı, sosial elmləri birləşdirdikcə əsasdan bir az da
uzaqlaşırıq. Sənətin məişət praqmatikliyi onu yaradan ilkin ehtimalları daha
dərinə basdırır. Freydin təcrübələrindən sonra psixologiyada olduğu kimi
ədəbiyyatda da fərdə münasibət dəyişdi. Və fərd əsas xarakterləri ilə roman
sənətində, şeirdə şüurunda gedən prosesləri özü danışmağa başladı. Yəni, bu gün
psixoloji nəticə kimi göstərilən bütün detallar sənətin özünün verdiyi ip
uclarıdır.
Sənət bir iradə azadlığıdır və psixologiya zehin
azadlığının tərəfində duran elm olduğu üçün ruhun təməlinə enə bilmir. Əsər
sadəcə öz zamanında aktual olmaya bilər, hətta ən ciddi nümunələr min illər
sonraya belə mesaj verəcək qədər önəmli sayılır. Məsələn, Dante. Psixoloqlar,
daha dəqiq desək, psixo-analtiklər fərdin yaşadığı zamanı, ona təsir edən
ictimai-siyasi səbəbləri və gen yaddaşındakı (ailədən gələn) ənənələri
araşdırır. Yunq Hötedən misal çəkir və "Faust”un hansı səviyyədə təhlil
olunacağı barədə ən kiçik nümunə belə çəkə bilmədiyini yazır. Öz zamanını
qabaqlayan əsərlərin təməlində yalnız sənət üçün məlum olan, bizə və hətta
sənətçiyə naməlum qalan detallar var.
Sənətçi
Freyd sənət və psixologiya münasibətlərini
araşdırarkən yaradıcılığın əsas özülündə dayanan sənətçini də təhlil etməyə
çalışır və bunun üçün onun şəxsi xəstəliklərinə və narahatlıqlarına nəzər
yetirir. Yaradıcılığı nevrozun bir forması kimi qiymətləndirən Freyd ümumi
anlamda şəxsiyyət ikiləşməsindən söz açmır. Yəni, yaranan yeni sənət növü bir
şəxsiyyətin fərqli ruh halını xarakterizə etmir. Sənət ruhun kənara
sarpmasıdır. Şəxsiyyət problemləri kimi o da bir başa beyinlə bağlıdır. Şəxsi
xəstəliklərin sənətə təsiri danılmazdır. Freyddən sonra Rank və Stekel də eyni
təcrübələri apardılar və demək olar ki, eyni nəticələrə gəlib çıxdılar. Lakin
bu xəstəliklər yaradıcı kəsin mətbəxində olur, yəni sənət əsərinin yaranmasına
şərait yaradan nəsnələrdən sadəcə biri olaraq qalır. Sənət nümunəsinin xarakterində
hiss olunacaq qədər vacib bir mövhum olsa da, bu belə onun əsl mahiyyətini
açıqlaya bilmir. Əslində, ruhi xəstələri sənət yolu sağaltmağa çalışan
psixoloqlar bu fərziyyələr üzərindən iş görürlər. Tərs məntiq. Yəni, sənət
əsərinin yaranmasına lüzum yaradan xəstəliklər elə onların müalicəsində də
diaqnozu bəlli edə bilər. Psixoloqun yanına gedərkən bizə müxtəlif qarışıq
rəsmlər göstərməsinin səbəbi budur. Həmin rəsmlərin kökündə dayanan məna bizim
əziyyət çəkdiyimiz depressiya ilə bir başa əlaqədar ola bilər. Həmin rəsmi
hazırlayan sənətçilərlə və ya elə psixoloqların öz alt şüurları ilə bizim
xəstəliyimiz hardasa kəsişir və o nöqtə həmin rəsmlərdə nə gördüyümüzlə bağlı
olur.
Bütün yaradıcı fərdlərin ruhu ya ikilidir, ya da
bir neçə ruhun sintezidir. Ona görə bir sənət əsərinin təhlili zamanı onun
yaradıcısının fərdi qənaətlərini deyil, daha çox "ikinci ruhu”nun, yəni
yaradıcı ruhunun nəticələrini araşdırmaq lazım gəlir. Yaradıcı şəxslərin
digərlərindən fərqi təkcə bununla yekunlaşmır. Onlar eyni anda bu şəxsiyyətləri
idarə etməyi də bacarırlar. Məsələn, kafedə kofe sifariş edib şeir yazan biri
eyni anda həm fərdi kimliyini, həm də yaradıcı kimliyini daşıyır. Bunlardan
biri idarə olunmayanda nevroza və ya şizofreniyaya gətirib çıxarır. Əlbəttə,
bunlar sənətçinin düşünəcəyi şeylər deyil, çünki hansı ruhda olması onun
iradəsi xaricindədir.
Rəvan Cavid