AZE | RUS | ENG |

Şeirin Tanrı tərəfi

Şeirin Tanrı tərəfi
Yoxdan var
 
Bəlkə də, şeir yazmağın, ən insafsız tərəfi aldanışla bağlılığı, hətta deyərdim,  iç-içə, əl-ələ olmasıdır. İstedadsızlığını gizlətmək imkanından məhkum olmuşlar – "şairlər” daim belə düşünürlər ki, onların yazdıqları hər nə varsa İlahidən gəlir, bir başa Tanrıyla, qeyblə bağlıdır. Şeirin göylərlə əlaqələndirilməsini əksərən "şairlər” belə izah edirlər: "Yazmağa başlayana qədər bilmirəm ki, nə yazacağam, hər şey öz-özünə baş verir və bir də görürəm ki, misralar səhifələrə düzülüb”. Düşünmək lazımdır ki, təkcə şeirdə yox, əksər yaradıcılıq növlərində ruhi vəziyyət oxşardır. Yaradıcılıq zamanı yaranan çox nəsnənin mahiyyətində "yoxdan var olmaq” gücü var. Əksi olsaydı, onda təbii yaradıcılıqdan söhbət gedə bilməzdi və sənət başdan sona idarə edilən bir nəsnəyə çevrilərdi və möhtəşəm əsər yazmaq nəsibi çoxlarının qismətinə yazılardı. Əsas olan şeirin (hər hansı yaradıcılıq nümunəsinin) enerjisinin müəllifin varlığında necə toplanmasını anlamaqdır. Bəs "yaradıcı enerji” necə  yaranır?
 
Enerjinin doğuluşu
 
Yaradıcı insan özünü düşünməyə "sövq edəndən” sonra onun ruhunda bir gərginlik yaranır.  Həmin daxili gərginlik enerjiyə çevrilir və yaradıcı adam o enerjidən müəyyən qədər xəbərsizdir. Sonra həmin enerji təfəkkürdə və onun yaratdığı ovqatda öz ifadəsini tapır. Bu qədər sadə prosesi sırf ilahi ilə bağlamaq "hər nə varsa göydən gəlir” təsəllisi, yaxud düşüncə məhdudiyyətidir. Saysız-hesabsız istedadsız, məzmunca təkrar, yaxud yenilik adına sırıdıqları gərəksiz şeir müəllifləri var ki, onlar istedadsızlıqlarına, yaxud "şeir istehsalına” Allahı da şərik etmək istəyirlər. Allahın bu qədər istedadsız, yaxud "istehsalçı” şairlə ortaqlığına inanmaq çətindir. Əgər belə bir proses məhz onların dediyi kimi varsa, onu daha çox Nizami, Füzuli, Nəsimi kimi şairlərin (yaxud müasir dövrün müstəsna istedadlarının) yazdıqlarına şamil etmək daha məntiqli olar. Müasir dövrdə isə əksərən hər şair yalnız bir neçə dəfə oxşar ruhi məqamı yaşaya, o ovqata köklən bilər, əksi ya özünü "özünə” inandırmadır, ya da başqalarının qulağından əriştə asmaq xəyalına qapılmaq...
 
Toplanmaq
 
Şeirlər həm də yuxu kimidir, onlar gündəlik yaşantıların, bildiklərinin, gördüklərinin, düşündüklərinin cəmindən yaranır. Yaşantıların cəmindən formalaşanlar həyati, öyrəndiklərimizin nəticəsitək meydana çıxanlar isə daha çox intellektual yaradıcılıq nümunəsi kimi meydana çıxır. İnsan qəlbi hər iki halda "meydan” rolunu oynayır. Füzulinin dediyi "Yoxdan varı söz” fikrinin "kənar rakurs”u, çox güman, budur.
 
Təqlid qanunu
 
Yaradıcı proses həm də sövq-təbii sürətdə, bir qədər də təqlidlə bağlıdır. İnsan yazmaqla – hətta öz həyatını qələmə almaqla belə, öz yaşantılarını "təqlid edir”. Təqlidin ifrat forması arzuladığını ötməkdir. Buna "yaradıcı təqlid” də  deyirlər. Yəni "idealının vurğunluğu”ndan aşır və prosesin özünün təqlidçisinə çevrilirsən və bu da öz növbəsində "müəllifə” daha böyük yaradıcı həzz verir. Çox şeir yazmaq şeir yazmaq prosesinin təqlidçiliyinə çevrilməkdir. Və bu cür prosesdən həzz almaq prosesi – şeir yazmağı müəllifin qələmə aldıqlarını Tanrıyla bağlamasına sövq edir. Çünki təqlid, zamanla təbiilik duyumunun özünü belə yamsılamağa gətirib çıxarır. Orta əsrlərdə şövqlə vuruşanlar hesab edirdilər ki, onların yerinə Allah vuruşur, yaxud Yaradan onlar tərəfdən döyüşür. Məsələn, döyüşçü nə qədər güclü zərbə endirsə, Allah da qarşı tərəfi daha zərblə vuracaq. Oxşar vəziyyət yaradıcılıqda da (özünü inandırma kontesktində) bu və ya başqa şəkildə haradasa duyulmaqdadır.
 
Bağlılıq
 
Şeir yazmaq və yazdıqlarının hər birinin gərəkliliyinə inanmaq şairi poeziyaya qara parça arxasından baxmağa sövq edir. Şeirin Tanrı tərəfi, çox güman, göylərlə bağlılığı olmamış deyil, amma bu proseslə – şeirin yazılması ilə bağlı məsələ də deyil, şeirin gəlib çıxdığı nöqtəyə qədərki proseslə əlaqəlidir və yalnız müstəsnalara, nadir istedadlara, seçilmiş söz adamlarına nəsibdir. Şairin ən böyük bədbəxtliklərindən biri özünü "Allahla aldatması”dır. Belə etməklə – yazdıqlarını göylərlə bağlamaqla şairlər bir sıra hallarda şeirin insan tərəfindən saf-çürük edilməsinin, şərhinin qarşısını almağa çalışırlar. Sonuncu dinlə peyğəmbərlik məqamı yekunlaşdı, sonuncu şair isə hər bəşəri şeirlə doğulur...
 
Fərid Hüseyn

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287