• cümə axşamı, 25 aprel, 21:33
  • Baku Bakı 21°C

Şeir təhlili necə olmalı?

30.12.19 11:30 7833
Şeir təhlili necə olmalı?
Ədəbi janrların təhlili məxsus olduğu janra uyğun olaraq aparılır. Təhlil fərqli aparılsa da burada əsas qaydalar var ki, onlara əməl etmək peşəkarlıq göstəricisidir. Yəni nəzərdə tutulan formada təhlilin əsas meyarları mütləqdir. Lakin təhlil aparan şəxsdən asılı olaraq əsas meyarlar saxlanımaqla əlavələr də ola bilər. Bu yazımda şeir təhlilindən bəhs edəcəm. Çünki nəsrlə müqayisədə ikinci plana keçsə də şeirin də təhlili peşəkar yanaşma tələb edir.
Klassik şeir təhlilində iki əsas istiqamət mövcuddur: forma və məzmun. Əvvəlcə forma cəhətdən təhlilə baxaq. Burda şeirin nəzm forması müəyyən edilir, onun qəzəl, qəsidə, qoşma, məsnəvi, sərbəst şeir və s. kimi formalara aid olduğu göstərilir. Bunun ardınca şeirin nəzm ölçüsü aydınlaşdırılır, misra, beyt, dördlük, beşlik və s. olduğunu müəyyən olunur. Sonra şeirin vəzni araşdırılır, əruz, heca və ya sərbəst vəzndə olması müəyyən edilir, rədifi qafiyəsi və ritmi diqqətə alınır. Ritm təhlil olunarkən səslənmə, ahəng, misraların və sözlərin heca ölçüsü, bunların bir-birinə uyğunluğu təhlil edilir, daxili və xarici qafiyələr, qafiyəli şeir olmayanda isə, səslənmə və uyarlılıq yönündən araşdırılır.
Məzmun cəhətdən isə şeir aşağıdakı qaydada araşdırılır.
Şeirin mövzusu. Bu yöndə aparılan araşdırmada zamanı şeirin ümumi mənası, hər bölmənin və ya bəndin mənası, hər misranın mənası və hər sözün anlamı ayrı-ayrılıqda təhlil edilir. Müəllifin sözdə, misrada, bənddə, bölünən hissədə və ümumilikdə şeirdə ortaya qoyduğu fikir, düşüncə araşdırılır, mövzusu müəyyən edilir. Şairin demək istədiyi və oxucuya çatdırdığı mesaj bəzən açıq, bəzən də qapalı, yəni sətiraltı olur. Buna baxmayaraq şairin düşüncəsi açıq şəkildə təhlil olunaraq göstərilməlidir. Məsələn, hansısa misrada və ya sətirdən olan sözlərin daşıdığı məna ortaya çıxarılır, şairin demək istədiyi fikir göstərilir. Şeirlə mövzusunun necə əlaqlənməsi, bu əlaqənin olub-olmaması müəyyən edilməlidir.
Şeirin dil və üslub xüsusiyyətləri. Şerin dili aydın, anlaşılan, sadə, ola bilər, ilk baxışda mürəkkəb təsir yarada bilər. Təhlilçi bunları da müəyyən etməlidir.
Bundan başqa şeirdə istifadə olunan bənzətmə, kiçiltmə, epitet kimi formalardan istifadə olunması konkret göstərilməli, müəllifin bundan istifadə etməsinin səbəbləri müəyyən edilməli, bu istifadənin hansı dərəcədə uğurlu olub-olmaması faktlarla göstərilməlidir.
Şeirin mənsub olduğu ədəbi məktəb və ya ənənəvi bağlılıq yönü də araşdırılmalıdır. Burada təhlilçi şeirin hansı ədəbi məktəbə və ya hansı ənənəyə uyğun yazıldığını araşdırır, özündən əvvəlki hansı şairinin təsirindən olduğunu da diqqətə çatdırır, bunu misallar gətirməklə fakta çevirir. Həmçinin şeirin hansı dövrdə yazıldığı, dövrlə necə bağlantı təşkil etdiyi, qoyulan mövzunun dövrlə necə əlaqləndiyi də araşdırmalıdır.
Obrazlar. Obraz şeirdə əsas elementlərdən biridir. Təhlilçi obrazları müəyyən etməli onların yaranma səbəblərini, müəllifin onu hansı zərurətdən meydana çıxarmasının izah etməlidir. Obrazların şeirlə və şeirin mövzusu ilə nə qədər bağlana bildiyini araşdırmalıdır.
Təsvir də obraz kimi təhlil olunmalıdır. Əvvəlcə təsvirlər müəyyən olunur, onların meydana çıxma zərurəti göstərilir, sonra təsvirin mövzu ilə, şeir ilə əlaqəsi izah olunur, müəllifin buna nail olub-olmaması təhlil edilir.
Misal olaraq Aşıq Ələsgərin "Dağlar" qoşmasından aşağıdakı bəndin ilkin təhlilinə baxaq:

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Yuxarıda yazıldığı kimi şeir qoşma formasındadır və onbirlik ölçüsündə yazılıb. Təhlilə cəlb etdiyimiz hissə 4 misradan ibarətdir, qafiyə sistemi aaab formasında qurulub. Heca vəznindədədir, qafiyə sistemi xarici qafiyədir, bölgüsü isə qoşmaya xas olan altı-beş formasındadır. Oxuduğunuz bənddən aydın olur ki, şeir mövzu olaraq dağlardan, onların əzəmət və qüdrətindən, yenilməzliyindən bəhs edir. Lakin bu ümumi yanaşmadır. Dağların əzəmətindən, qüdrətindən və yenilməzliyindən bəhs olunmasını konkret faktlara göstərmək lazımdır. Bunu üçün əvvəlcə sözləri sonra isə misraları təhlil etmək lazımdır. Birinci misrada "ağ xələt” ifadəsi dağların qarla örtüldüyünü bildirir. Bu eyni zamanda sadəlik və təmizlik rəmzidir. Çünki misranın sonrakı sözlərində bunun əksi olan bənzətmə yer alıb. "Bürünmək” sözü isə tamamilə əhatə olunmaq deməkdir ki, bu da dağların başdan-ayağa təmizlik, saflıq mənasında təsvir olunması və mənanın qüvvətləndirilməsi üçün stifadə olunub.
Misranın sonrakı ifadəsi "zərnişan” sözü dəbdəbə və bəzənmək mənasına işlənib. "Geyməz” sözü lazımsız, gərəksiz mənasında "zərnişan” sözü ilə birləşərək dağların zərnişana, dəb-dəbəyə, bər-bəzəyə ehtiyacı olmadığnı göstərir. Misranı bütövlükdə təhlil edərək bu qənaətə gəlirik ki, dağların əzəməti eyni zamanda onun sadəliyi, təmizliyi və təbii olmasındadadır. Sonrakı misraları da bu formada təhlil etməklə hər sözün və misranın mənasını açmış olarıq, müəllifin demək istədiyi fikri, düşüncəni müəyyən edə bilərik.
Şeirdə məna sözlərin işlənmə vəziyyətinə görə həm açıq həm də qapalı olaraq qəbul edilməklə təhlil edilə bilər. Açıq olaraq dağların zahiri görünüşü, əlçatmaz, əzəmətli, yenilməz qala kimi və s olması təhlil edilə bilər. Qapalı olaraq isə dağların bunlarla yanaşı eyni zamanda əyilməzlik, qəhrəmanlıq, təmizlik, saflıq və s. rəmzi olduğunu da göstərə bilərik.
Şeirin dili aydın və sadədir, xalq dilinə yaxındır, istifadə olunan sözlər əsasən qısa hecalı olduğundan axıcılıq yaradır, oxucu üçün qeyr-müəyyənlik yoxdur, əlavə izahlara ehtiyac yaranmır.
Şeirdə bənəztmədən istifadə edilib. İfadələr yerinə uyğun olaraq rela və irreal formaya düşür. "Ağ xələt” və "zərnişan” ifadələrini bunlara misal gətirmək olar.
Təhlilə cəlb olunan şeir ənənəvi qoşma formasındadır, milli şeir ənənəsində yazılıb. Həm təsvir həm də bənzətmə klassik yöndə verilib. Qurbani, Xətai, Xəstə Qasım kimi sənətkarların təsiri hiss olunmaqdadır.
Şeirdə qoyulan mövzu dövrə uyğundur. Burada xalq və zülmkar hakimlər ideyası azadlıq və əsarət obrazları ilə simvollaşdırılıb, dağların sadəliyi onun sadə xalq kütləsi ilə eyniləşdirir, və zər-zibalı, dəbdəbəli həyatı olan zülmkarlara qarşı olduğunu göstərir.
Obrazlar baxımından deyə bilərik ki, müəllif burada maraqlı obrazlar sistemi yaradıb. Bir-birinin əksi olan ifadələrlə öz düşüncəsini ortaya qoyub, "ağ xələt və "zərnişan” sözləri bir birinə əks olan obrazları tamamilə ifadə edir.
Təsvir baxımından da şeir zəngindir. Və bu təsvirlə yuxarıda yazdığım nüanslarala daha da zənginləşərək bitkinlik yaradır. Təsvir burda həm obraza çevrilir, həm bənzətməyə çevrilir, həm də müəllifin düşüncəsini ifadə edərək ideyanın oxucuya çatmasını təmin edir.
Kiçik bir məqalədə hərtərəfli əhatə etmək çətin olsa da, şeir təhlili yuxrıda göstərilən əsas qaydalarla təhlil edilir. Lakin burda təhlilçinin özünəməxsus əlavə yanaşmaları da meydana gələ bilər və təhlil daha çox istiqaməti özündə birləşdirər.

Səxavət Sahil
banner

Oxşar Xəbərlər