• cümə, 29 Mart, 03:29
  • Baku Bakı 7°C

Şəffaflıq və optimallaşdırma xərcləri azaldır, əlavə vəsait qazandırır

05.08.20 17:58 2861
Şəffaflıq və optimallaşdırma xərcləri azaldır, əlavə vəsait qazandırır
Əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar gələcəkdə davam etdiriləcək

Pandemiya dövründə neftin qiyməti kəskin şəkildə düşdü. Bu enmə fonunda neft ölkələrinin gəlirlərində ciddi azalmalar müşahidə olunmağa başladı. Təbii ki, bu proseslər Azərbaycana da öz təsirini göstərir. Amma hökumət tərəfindən vaxtında atılan addımlar bu riskləri minimuma endirməyə imkan yaratdı. Bu artıq müxtəlif sferalarda özünü göstərməkdədir.
Bunlardan biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir hissəsində transfertin məbləğinin Fondun maliyyə qənaəti kimi əldə edilmiş 238 mln. manat miqdarında azaldılmasını qeyd etmək olar. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bununla bağlı olaraq DSMF-nin cari ilin əvvəlinə ehtiyat yastığı olan 197,2 mln. manat vəsait ilk dəfə olaraq Fondun gəliri qismində nəzərə alınacaq, Fondun xərclərindən isə 40,8 mln. manat azaldılacaq. Bu, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində əksini tapır.
Son illər DSMF xərclərinin optimallaşdırılması, əsassız pensiya işlərinin dayandırılması və qeyri-qanuni maliyyə yükünün aradan qaldırılması, vəsaitlərin ödənişinə nəzarətin gücləndirilməsi və digər islahat tədbirləri Fondun xərclərində ciddi maliyyə qənaətləri formalaşdırıb. Qeyd edilən 238 mln. manat da 2018-2019-cu illər və 2020-ci ilin 6 ayı ərzində (indeksasiya göstəricisi nəzərə alınmaqla) əsassız vəsait ödənişlərinin qarşısının alınması nəticəsində əldə olunmuş maliyyə qənaətidir. Bununla bərabər, nəzarət-yoxlama tədbirləri nəticəsində həmin dövrdə müavinət xərclərində 23,6 mln. manat həcmində artıq (əsassız) ödəmə aşkar edilərək dayandırılıb. Həmçinin 2018-ci ildə 1055, 2019-cu ildə 2656, 2020-ci ilin birinci yarımilliyində 2603 saxta əlillik işinin aşkar edilərək ləğv edilməsi nəticəsində aylıq 2,4 mln. manat, illik 29 mln. manat təşkil edən əsassız ödənişin qarşısı alınıb. Aktual hesablamalara əsasən müəyyən edilib ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi Fondun büdcəsindən 735 mln. manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi.
Qeyd edilənlər sosial ödənişlərin artımı (bu ilin 6 ayında pensiyaların maliyyələşdirilməsi üçün 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09% çox vəsait sərf edilib) şəraitində Fondun transfert (büdcədən vəsaitin köçürülməsi) asılılığının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir.
Qanun layihəsində, həmçinin aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində nominal pensiya xərclərinin azalması ilə bağlı olaraq, Fondun illik pensiya xərclərinin 26,8 mln. manata yaxın azaldılması və s. təkliflər yer alıb.
Qeyd edək ki, son 1 ildə əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin olunub. Bu, ümumi pensiya təyinatının 80%-ni əhatə edir. Bunu Milli Məclisin dünənki iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, son 2 ildə məhkəmələrdə Fondun əleyhinə qəbul edilən qərarlarda 87% azalma var: "Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manatlıq ehtiyat fondu formalaşdırılıb. Layihədə fondun ehtiyatı olan 197 milyon manat vəsait fondun gəliri kimi götürülür. Ötən il fond tərəfindən 300 milyon manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb”.
DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirdi ki, gələcəkdə də bu istiqamətdə islahatlar davam edəcək: "DSMF-nin gəlir hissəsində transfert məbləğinin bu il 238 mln. manat azaldılması nəzərdə tutulub. Bundan irəli gələrək Fondun büdcəsi üzrə balansın təmin edilməsi üçün, Fondun cari ilin əvvəlinə maliyyə yastığı olan 197.2 milyonmanat vəsait ilk dəfə olaraq Fondun gəliri qismində nəzərə alınır, Fondun xərclərindən isə 2020-ci il üzrə 40.8 milyon manat azaldılır.Əldə olunan ciddi maliyyə qənaətləri Fondun gəlirlərində transfert nisbətinin, yəni Fondun dövlət büdcəsindən transfert asılılığının azalmasına imkan yaradıb. Bu maliyyə qənaətləri isə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təminatı və əsassız xərclərin qarşısının alınması nəticəsində yaranıb. Təbii ki, gələcəkdə də bu istiqamətdə islahatlar davam edəcək. Pensiya, sosial müavinətlərin, təqaüdlərin artımının davam etməsi məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, pensiyaçılarımızın, həssas qrupdan olan vətəndaşların rifah halının yaxşılaşdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti mühüm addım kimi, 2019-cu ildə reallaşdırılan inqilabi sosial paketlər çərçivəsində minimum pensiya72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb (Bununla da Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri (və Gürcüstan) üzrə 1-ci yerə yüksəlib). Əmək haqqı artımı xüsusi şərtlərlə təyin olunmuş pensiyalarda (hərbçilərin, dövlət qulluqçularının və s. pensiyalarında) 31% artımı da təmin edib. Beləliklə, ümumilikdə hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını əhatə edib. Bu ilin əvvəlindən isə 1,2 milyondan çox pensiyaçının pensiyası, indeksasiya nəticəsində 16,6 faiz artırılıb. Eləcə də ötən il sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu artım həssas qruplardan olan vətəndaşlardan ibarət 600 min insanı, o cümlədən 300 minə qədər əlilliyi olan şəxsi əhatə edib. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Təkcə bu ilin 6 ayında pensiyaların maliyyələşdirilməsinə2 mlrd. 250 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox), müavinət və təqaüd maliyyələşdirilməsinə 475 milyon manat(2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox), ünvanlı dövlət sosial yardımlarının maliyyələşdirilməsinə105 mln. manat(2019-cu ilin müvafiq dövrünə nisbətən 40,4 milyon. manat və ya 62 faiz çox) vəsaitin yönəldilməsi də sosial təminat sahəsində daim artan qayğının bir təzahürüdür. Təbii ki, ötən dövrdə sosial sahədə əldə olunan irəliləyişlər bu sahədə qarşıdakı dövrdə də mühüm addımların atılacağını deməyə əsas verir”.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ötən il icra edilən sosial paketlərin davamı olaraq 2020-ci ildə yeni sosial paketlərin açıqlanacağı ehtimalı var idi: "Pensiya və müavinətlərlə bağlı yeni qərarların qəbul ediləcəyi gözlənilirdi. Lakin pandemiya yeni konyuktur formalaşdırıb. Büdcənin gəlirlər hissəsində əhəmiyyətli risklər ortaya çıxıb. Bu da büdcənin xərclərinin icrasında müəyyən çətinliklər yaradır. Digər tərəfdən, DSMF-nin özünün büdcəsindəki artım da transfert həcmi azaldılmasına şərait yaradıb. Belə ki, hazırki şərtlər daxilində qurumun öz büdcəsində də müəyyən artımlar olub. Pandemiya dövründə 3-4 mindən çox əmək müqaviləsi bağlanıb. Bütün bunlar sosial sığorta hesabına daxilolmaların həcmini müəyyən qədər artmasına səbəb olub. Bütün bu faktlar büdcədən transfetrin azalmasını şərtləndirən amillərdir. Əslində qeyd etdiyim kimi, bu il büdcənin gəlirlərində ciddi azalma riskləri ortaya çıxıb. Xərc istiqamətləri də əhəmiyyətli şəkildə dəyişib. Pandemiyanın nəticələrinin aradan qaldırılması üçün məqsədli əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Büdcə gəlirlərinin azalan hissəsinin kompensasiya edilməsi və xərclərin optimallaşdırılması çox mühümdür. Pandemiyanın növbəti dövrlərdə yaradacağı fəsadların aradan qaldırılması istiqamətində müəyyən proqramların qəbulu və icrası baş tuta bilər. Ona görə də büdcə xərclərinə nəzarət etmək vacibdir”.

Şəbnəm
banner

Oxşar Xəbərlər