Seçicinin seçmək, dəyərləndirmək imkanı var
Siyasi partiya sədrləri seçki prosesinin indiyə qədərki
dövrünü müsbət qiymətləndirirlər
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar
parlament seçkisinə cəmiyyətdə böyük maraq var. Buna misal olaraq, seçkidə
iştirak etmək üçün namizədliyi qeydə alınan şəxslərin sayını göstərmək olar.
125 seçki dairəsinin hər birində millət vəkili seçilmək uğrunda ən azı 10 namizəd
mübarizə aparır. Maraqlı məqam həm də burasıdır ki, müstəqil namizədlərlə
yanaşı, siyasi partiya üzvü olan namizədlər də budəfəki parlament seçkisində
çoxluq təşkil edir. Mərkəzi Seçki Komissiyasında (MSK) Vətəndaş və İnkişaf,
Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan
Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal, Demokrat, Ana Vətən, Təkamül,
Müsavat, Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Liberal Demokrat,
Demokratik Maarifçilik, Müasir Müsavat və sair partiyalarının səlahiyyətli
nümayəndələri xeyli vaxt bundan əvvəl qeydə alınıb. Sözügedən partiya rəhbərlərinin
bir qismi arasında sorğu keçirərək, seçki prosesinin indiyə qədərki dövrü ilə
bağlı fikirlərini öyrəndik.
Vətəndaş Həmrəyliyi
Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, indiyə
qədər heç bir seçkidə indi olduğu qədər kütləvilik, vətəndaşların sərbəst şəkildə
namizədliklərini irəli sürməsi müşahidə olunmayıb. Partiya sədrinin sözlərinə
görə, namizədliyin irəli sürülməsi, qeydiyyata alınması və yanvarın 17-dən
başlanan təşviqat mərhələsində hələlik hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib:
"Ayrı-ayrı siyasi partiyaların qeydiyyatı, yaxud imza toplaması mərhələsində bəlkə
də xırda maneələrə rast gəlinib. Ümumən ölkədə bunu izləyə bilməmişəm. Ancaq ümumən
vətəndaşlar indiyə qədər olan prosesdən razıdır. Namizədliyimin qeydə alındığı
dairədə, rayonda digər dairə seçki komissiyalarında olduğu kimi ideal şərait
yaranıb. Bizim dairə seçki komissiyasında 14 namizəd qeydə alınıb, onlardan
biri də mənəm. Onların hamısı vaxtlı-vaxtında müraciət edib, imza vərəqi
götürüb, təhvil veriblər. Hazırda da hər hansı maneə olmadan təbliğatlarını
aparmaqdadırlar. Hər bir namizəd azad və sərbəst şəkildə kəndləri gəzir,
seçicilərlə görüşürlər. O baxımdan, təəssüratım son dərəcə yaxşıdır. Bizim
partiyadan ümumilikdə 14 nəfər namizəd kimi mübarizəsini davam etdirir. Hər gün
seçicilərlə görüşürəm. Vətəndaşlar da sevinirlər ki, proses bu cür şəffaf,
demokratik şəkildə cərəyan edir. Sosial medianın imkanlarından geniş istifadə edilir.
Hər kəs keçirdiyi görüşlər barədə təəssüratını bölüşür, sözünü açıq şəkildə
deyir. Alternativ fikirlər, rəy müxtəlifliyi var. Seçicinin seçmək, dəyərləndirmək
imkanı və şansı var”.
Böyük Quruluş
Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib ki, seçki prosesinə start veriləndən indiyə
qədər ciddi qanun pozuntusuna, hər hansı maneəyə rast gəlinməyib. Onun fikrincə,
hər bir namizəd əvvəlcədən ayrılmış yerdə rahat şəkildə təbliğat-təşviqat
kampaniyasını aparır: "Seçicilərlə görüşümüzə hər hansı əngəl yaratma deyilən
bir hal qeydə alınmayıb. Mənim namizəd olduğum dairədə də belə hala rast gəlməmişəm.
Hər kəs sərbəst şəkildə öz funksiyasını həyata keçirir, rahatlıqla seçicilərlə
təmas qurur. Şübhə etmirəm ki, beləcə də davam edəcək. Hər hansı xoş olmayan
sürpriz gözləmirəm. İnanıram ki, seçki demokratik, şəffaf məcrada davam etdiriləcək.
Bizim partiyadan 65 nəfərin namizədliyi irəli sürülmüşdü. Onlardan müəyyən bir
qismi qeydiyyatdan keçə bilmədi. Bəzisi isə şansının az olduğunu hiss edərək
namizədliyini geri götürdü. Faktiki olaraq partiyamızın 6 üzvü qeydiyyatdan
keçib və onlar mübarizəni davam etdirirlər. Onlar tərəfdən partiyaya proseslə
bağlı hər hansı narazılıq, şikayət daxil olmayıb”.
Milli Dirçəliş Hərəkatı
Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev seçki prosesinin normal getdiyini vurğulayıb:
"Bizim partiya olaraq öz təkliflərimiz, təşəbbüslərimiz var idi. İstəyirdik ki,
ölkədə proporsional seçki sistemi tətbiq olunsun. Belə olardısa, bəzi xarici
ölkələrin əlində oyuncağa, alətə çevrilənlər özlərini təbliğ etmək imkanından məhrum
olacaqdılar. Onlar seçkiyə qoşulacaqdılar və hər kəsin, ümumilikdə cəmiyyətin
özlərinə qarşı münasibətini görəcəkdilər. Lakin bu, olmadı. Hazırkı seçkinin
gedişinə gəlincə, prosesə start verildiyi andan indiyə qədər bütün mərhələlər
normal keçib. Bizim partiya 31 namizədlə seçkiyə qatılıb. Hər hansı narahatlıq
yoxdur. ATƏT-in nümayəndələri ilə danışıqlarda onlara yeganə irad kimi
bildirdim ki, Azərbaycan dövlətinin və seçicisinin iradəsindən asılı olmayaraq,
bir çox dairələrdən namizədlərimizi geri çəkdik. Onlar bunun səbəbini
soruşdular və izah etdim ki, məcburi köçkün və qaçqın vətəndaşlarımızın
rayonlarından namizədlər irəli sürmüşük. Lakin qaçqın və məcburi köçkünlər Azərbaycanın
60 rayonuna səpələndiyi üçün namizədliyi qeydə alınan şəxsin həmin seçicilərlə
görüşmək, onların üzləşdiyi problemləri ümumiləşdirmək imkanı yoxdur. Xahiş
etdim ki, ATƏT nümayəndələri öz məruzələrində bunu xüsusi olaraq qeyd etsinlər:
Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda seçilən və seçən vətəndaşların
hüquqlarını da pozur. Məhz bu baxımdan, bir çox namizədlərimizi geri çəkməli
olmuşuq. Yerdə qalan digər dairələrdən namizədliyi qeydə alınan partiya üzvləri
təşviqat prosesini uğurla davam etdirirlər. Ümid edirik ki, fevralın 9-da
demokratik seçki keçiriləcək, Azərbaycan xalqı öz iradəsini ifadə edəcək”.
"AĞ” Partiya (Vahid
Azərbaycan Partiyası) sədri Tural Abbaslı da qəzetimizə açıqlamasında deyib ki, indiyə qədər
olan proses tam normal keçib. O bildirib ki, partiya xətti ilə 13 nəfərin namizədliyi
irəli sürülüb, 12 nəfərin namizədliyi qeydə alınıb: "Namizədliyin irəli sürülməsi,
imzatoplama kampaniyası dövründə hər hansı problem ortaya çıxmayıb. Sadəcə, bəzi
dairə sədrlərinin məlumatsızlığı, özfəaliyyəti, bir sıra hallarda yerli icra
qurumlarının yersiz müdaxilə cəhdləri səbəbindən xırda-para problemlərimiz
olub. Nisbətən də dairə seçki komissiyaları ilə banklar arasında olan əlaqəsizlik
problem yaradıb. Ümumən götürdükdə ciddi qanun pozuntusu sayılacaq problem
yaşanmayıb. Proses indiyə qədər normal keçib, bundan sonra olacaqları əvvəlcədən
proqnozlaşdırmaq mümkün deyil. Hazırda təbliğat-təşviqat mərhələsidir. Namizədlərimiz
Ağcabədi, Kürdəmir, Göyçay, Naxçıvan, Bakı və sair bölgələrdə təbliğatlarını
aparırlar. Hələlik hər şey qaydasında gedir, vəziyyəti müsbət qiymətləndirirəm.
Güman edirəm ki, seçki günü də proses bu cür olacaq”.
Növbədənkənar parlament seçkilərində kütləviliyə gəlincə,
partiya sədri hesab edir ki, bu qədər namizədin prosesə qatılması Prezident
İlham Əliyevin çıxışı ilə bağlıdır: "Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb
ki, yeniliklər olacaq, islahatlar gedəcək, gəncləşmə prosesi baş verəcək. Vətəndaşların
bir qismi məhz bu fikirlərdən ruhlanaraq namizədliyini irəli sürüb. 19 siyasi
partiyadan cəmi 460 namizəd var. Yerdə qalan digər namizədlərin hamısı öz təşəbbüsü
ilə namizədliyini irəli sürüb. 2005-ci ildən indiyə qədər keçirilən parlament
seçkilərində ən çox namizəd məhz budəfəki seçkidə qeydə alınıb. Ona görə də hətta
seçkini boykot etmək anlayışından da söhbət gedə bilməz. Seçkidə kütləvi
iştirak, xalqın prosesdə iştirakı boykot anlayışını ikinci plana atıb. Heç bu
barədə danışılmır. Tam demokratik seçki keçirilərsə, bu mənzərəni
demokratiyanın göstəricisi saymaq olar”.
Ərturan İSMAYIL